Yalnız bir nəfərə işləyən nəşriyyat, məşhur yazıçının əvəzinə avtoqraf yazan şair, iyirmi-otuz kitab alan millət vəkili – Sərgidən reportaj

Yalnız bir nəfərə işləyən nəşriyyat, məşhur yazıçının əvəzinə avtoqraf yazan şair, iyirmi-otuz kitab alan millət vəkili – Sərgidən reportaj
1 oktyabr 2021
# 15:15

Kulis.az Ulucay Akifin Bakı Milli Kitab Satış-Sərgisindən reportajını təqdim edir.

Pandemiyanın yaratdığı vəziyyətə görə, uzun müddətdən sonra Bakı İdman Salonunda, keçmiş Əl Oyunları Sarayında ilk kitab sərgisi açıldı: Milli Kitab Satış-Sərgisi...

Belə böyük fasilədən sonra kitablarla və ən əsası kitab oxuyan insanlarla dolu bir məkana ayaq basmaq adamı çox sevindirir.

Bu tədbirin bir özəlliyi də odur ki, Azərbaycanda ilk dəfə dövlət qurumlarının iştirakı olmadan nəşriyyatlar özləri satış-sərgi təşkil eləyiblər.

Elə bu səbəbdən ilk olaraq yarmarkanın təşkilatçısı Şahbaz Xuduoğlu ilə söhbətləşirəm. Deyir, son illər insanlar arasında kitaba maraq artıb, ona görə bu qədər çox kitab çap olunur və satılır. Bugünkü sərgidə də 20-yə yaxın nəşriyyat öz kitablarını təqdim edir.

50 mindən çox kitab!

Yavaş-yavaş sərgidəki insanların sayı artmağa başlayır.

Xalq yazıçısı Mövlud Süleymanlını görüb yaxınlaşıram. Mövlud bəy bir az ədəbi mühitin boş səs-küyündən gileylənir, amma Vətən müharibəsi şəhidlərinin Anım gününün ruhumuzu təmizləyəcəyinə inandığını deyir. Gözündəki problemə görə də artıq bir neçə ildir yazı yaza bilmədiyini də əlavə edir.

“Mücrü” nəşriyyatının stendində dostları görürəm: Cəlil Cavanşir, Müşfiq Xan, Rövşən Danyeri, Nihat Pir...

Dostlarla söhbət edə-edə kitablara baxıram. Tərslikdən hansı kitaba əlimi atıram, müəllifin Cəlil Cavanşir olduğunu görürəm. Cəlilə ilişirəm:

- Cəlil, deyəsən, Müşfiq Xan “Mücrü” nəşriyyatını sənin kitablarını çap eləyib satmaq üçün yaradıb.

Dediklərimi eşidən Müşfiq Xan gülür. Bu məqamda Nihat Pir qolumdan tutub silkələməyə başlayır:

- Kitab al e, Ulucay! Kitab al! Xeyir ver!

“Vibrasiya” verən telefonlar kimi iki-üç saniyə titrəyib özümə gəlirəm.

- Nihat, Allah haqqı, qalan puluma üç kitab almışam, başqası yoxdur, - əlimdəki kitabları göstərib deyirəm.

Nihat son ümid kimi Ayxan Ayvazın kitablarından birini mənə uzadır:

- Deeee, heç olmasa Ayxanın kitabın al! Elə Ayxanın özünə hədiyyə eləyərsən! (gülür) Yalandan kitablara baxıb qoyursan yerinə! Almırsansa, əl vurma! Düşər-düşməzi olur...

Cəlil məni müdafiə eləyir:

- Qoy əl vursun. Şair əli düşərli olur. Özümdən bilirəm, əlim dəyən qızların hamısının bəxti açıldı, axırda tək qaldım, - üzündəki təbəssümlə yanaşı məşhur və məşum kədər də öz yerini alır.

Cəlil Cavanşir melanxoliyası başlamamış tez özümü Nihatdan xilas eləyib aradan sivişirəm.

Digər stendlərdən birinin qarşısından keçəndə gözüm gözəl bir xanım satıcıya sataşır, ayaq saxlayıram. Özümü elə aparıram, guya kitab almaq fikrim var. Xanımın diqqətini çəkmək üçün asta-asta kitabları əlimə alıb o üz-bu üz çevirirəm, səhifələyib içinə baxıram, bütün cəhdlərimin boş olduğunun fərqinə varıram. Son bir cəhd kimi maskamı aşağı endirib soruşuram:

- Xanım, sizdə Ulucay Akifin kitabı var?

Xanım üzümə baxır. Tanıma ehtimalını nəzərə alıb gülümsəyirəm. Səd-əfsus! Bütün təsəlliləri ciblərimə doldurub stenddən aralanıram.

Ağlım hələ də həmin satıcı qızda qalsa da, işimə fokuslanmağa çalışıram. Bir azdan redaktor zəng eləyib material istəyəcək.

Əlimi cəld tutmalıyam!

Stendlərin qarşısı artıq tanış simalar, dostlar, qələm adamları ilə dolmağa başlayır.

Rəşad Məcidi görürəm. Yenə yanında bir xanım...

Amma bu dəfə xanım Rəşad müəllimə kitablar haqqında məlumat verir.

Fürsət tapıb qısa söhbət eləyirik. Deyir, ən xoşuna gələn məqam Şahbaz Xuduoğlunun küçədə insanlara sərginin reklam elanlarını paylamağı olub. Ölkənin ən böyük nəşriyyatının direktorunun bu addımı kitab barəsində bizi daha da ümidləndirir.

Şair Qəşəm Nəcəfzadə də həmişəki kimi səliqəli geyimində sərgiyə təşrif buyurub. Onunla hal-əhval tuturuq. Xoş ovqatlı görünür.

Çoxdandı görmədiyim adamların hər biri ilə söhbət etməyə can atıram. Qulu Məhərrəmli ilə də üç-beş sözün belini qırırıq.

Kitabı yeni çap olunmuş Əsəd Qaraqaplanı görürəm. Qarşısında dörd kitabı, bir masa arxasında əyləşib oxucularını gözləyir. Cəlil Cavanşir də burdadır.

Bayaq söhbəti yarımçıq qalan Cəlil mənə tərs-tərs baxır.

Ah, gözəl Cəlil, əziz Cəlil, kədərli Cəlil!

Heç saqqal darağı da əksik olmayan Əsəd Qaraqaplanla söhbətləşirik. Düz yanında Kəramət Böyükçölün kitablarını görürəm. Onun üçün də yer ayrılıb. Dörd kitabını masaya düzüb, amma özü ortada yoxdur. Kitablarından birinin adı vəziyyəti əla ifadə edir: “Məni kim tapa bilər?”

- Kəramət hanı, ay Əsəd?

- Bilmirəm. Burda idi, harasa getdi. Bayaq bir nəfər kitablarına baxırdı, yaxınlaşdım, dedim, buyurun, nə lazımdır? Elə bildi Kəramətəm, kitabı aldı, imzaladım, şəkil də çəkdirdi, getdi. Axırda da dedi ki, amma efirdə tamam fərqli görsənirsiz.

Gülüşürük.

“Alatoran” nəşriyyatı da burdadı. Rasim Qaraca stendin arxasında dayanıb kitablar haqqında məlumat verir. Şairin misraları keçir ağlımdan:

Balıqlar bizdən daha kamil,
Onlar hər şeyi danışıb qutarıblar...

Bu misralara görə Rasim bəylə danışmaq istəmirəm. Bundan gözəl nə danışasan? Sadəcə salamlaşıb yanından keçirəm. O da təbəssümlə salamıma qarşılıq verir.

Sərginin ilk tədbiri tanınmış yazar Əlisa Nicatla görüşdür. Onun yanında yazıçı, şairlərimizdən Sabir Rüstəmxanlı, Natiq Rəsulzadəni, Azər Qisməti, Nazim Əhmədlini görürəm. Sabir bəylə ayaqüstü söhbət eləməyə imkan tapdım. O, bu cür kitab sərgisinin keçirilməsinə əməlli-başlı sevinir.

Yarmarkada ikinci dövrəni vuranda Millət vəkili Fazil Mustafanı stendlərdən birinin arxasında kitab seçərkən görürəm. Xeyli kitab alır. Kitab oxuyan, kitab alan bir millət vəkili görməyimə sevinirəm. İyirmiyə yaxın kitab alan Fazil bəy daha çox fəlsəfi, düşüncə kitablarına üstünlük verdiyini deyir. O, kitab oxumağı insanların, xüsusən də gənclərin yaşam tərzinə çevirməyinin çox vacib olduğunu deyir.

Fazil bəylə söhbət edərkən, yuxarıda sərginin açılışında çıxış edən yazıçı Seyran Səxavətin sözlərini eşidirik:

- Bu ölkədə bütün “xana”ların sayını artırırlar, təkcə kitabxanaların sayını azaldırlar.

İkimiz də Seyran Səxavətin bu sözünü eşidib susuruq.

Aldığım kitabları da götürüb sərgidən çıxıram.

# 7974 dəfə oxunub

Müəllifin son yazıları

# # #