Doğru adamlarla sevişməliyik – Ulucay Akifdən yeni şeirlər

Doğru adamlarla sevişməliyik – Ulucay Akifdən yeni şeirlər
27 iyul 2016
# 15:21

Kulis.Az Ulucay Akifin şeirlərini təqdim edir.

İnsanları dinlər yox, dillər ayırdı

(terrora və müharibələrə qarşı həsr edilmiş şeir)

İnsanları dinlər yox, dillər ayırdı...

Mən öz dilimdə dedim,

Sən öz dilində eşitdin.

İnsanları dinlər yox, dillər ayırdı...

Mən öz dilimdə salamlaşdım,

Sən öz dilində sağollaşdın.

Nə atom bombası var idi onda,

Nə də gilyotini kəşf etmişdi insanlar.

Hələ ucaltmamışdı Çin səddini adamlar,

Hələ yox idi aramızda sərhədlər.

Gəmirmirdi torpağı neft buruqları,

Qusmurdu insanların üzünə torpaq qapqara neft.

Misir fironları da fironluq etmirdi hələ.

Əlimizdə rəngli parçalarla qaçmırdıq hərblərə.

Təzəcə baş açmağa başlamışdıq təbiətdən,

Təzəcə qovulmuşdu Adəm cənnətdən.

Hələ etməmişdi ən böyük səhvi insanlar,

Hələ etməmişdi ən qəddar kəşfi insanlar.

İndi kimi günahkar saymalıyıq düşüb izə,

Lənətləməliyik eramızdan əvvəl neçənci min ili?

Görəsən kim etdi bu qəddarlığı bizə,

Görəsən kim yaratdı, kim yaratdı ikinci dili?

Cənazə marşı

Bomba və mərmi səsləri...

Amerikada,

Avropada,

Afrikada,

Asiyada,

Avstraliyada.

Aramsız və ritmlə...

Bomba və mərmi səsləri

İnsanlıq üçün cənazə marşı çalır.

***

İndi əllərimiz qana bata-bata

Ölkələrin arasından tikanlı məftilləri,

Evlərin arasından hasarları sökməliyik.

İndi dünyanı daha da gözəl etməliyik.

Doyunca içməliyik dostlarımızla

Soyuq qış gecələrində isti çaxırı

Doğru adamlarla sevişməliyik

İsti yay gecələrində hər günün axırı.

Günəş uşaqlığımızdakı rənginə qayıtmalı,

Dənizlər həmişəkindən daha mavi olmalıdı.

Əlimizdəki son mərmiləri də,

dostumuzun toyunda havaya sıxmalıyıq.

***

Ən yüksək zirvələri fəth etdikcə

görürsən ki,

Hələ də özündən aşağıdasan,

Hələ də özündən geri qalırsan,

Hələ çatmamısan özün özünə.

Bir ölümlük uzaqdasan zirvəyə,

Bir ölümlük geridəsən özündən,

Bir ölümlük uduzursan zamana,

Bir ölümlük...

Bir ömürlük yəni ki....

# 4537 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #