Sevgilisinə qovuşmaq istəyən əsgər, müharibədə döyüşən aktyor, "Qarabağ Azərbaycandır" deyən erməni əsiri - Reportaj

Sevgilisinə qovuşmaq istəyən əsgər, müharibədə döyüşən aktyor, "Qarabağ Azərbaycandır" deyən erməni əsiri - Reportaj
17 fevral 2023
# 09:00

Kulis.az Samirə Əşrəfin “Balaca kişilər” tamaşasının məşqindən hazırladığı reportajı təqdim edir.

Pillələri düşüb dolanbac, qaranlıq yollardan keçirəm. Bu yollar məni səhnəyə aparmalıdır. Ya da səhnənin arxasına. Burnuma spesifik qoxular gəlir, rütubət iyinə qarışmış o qədər də bahalı olmayan ətir qoxularını uzaqdan hiss edirəm.

Qaranlığın düz ortasında dayanmışam... Həm də səhnənin bir neçə metr arxasında. Burdan o tərəfə səhnədir. Ordan üzü bəri həyat. Əslində, hər ikisi həyatdır. Ancaq fərqli həyatlar…

Ömürlərini teatra həsr edən, talelərini bura bağlayan aktyorlar səhnəyə, kitablardakı, yazılardakı həyata, keçəndə, başqa, özlərinin olmayan, amma özlərinkiləşdirdikləri obrazlara can verirlər. Müxtəlif xasiyyətlərə, əhvala bürünürlər. Bir neçə saniyəlik, dəqiqəlik, saatlıq həmin insanların həyatını yaşamalı, başqalaşmalı olurlar. Əslində, yaşayırlar da. Kim nə qədər istedadlıdırsa, bir o qədər başqasının ömrünü yaşaya, hiss edə, duya bilir.

Sonra alqış səsləri ucalır. Hər kəs büründüyü qlafdan çıxır, səhnənin arxasına, indicə mənim dayandığım yerə dönməli olur. Aktyorların hamısının yolu bax burdan, mənim ayaqlarımı cütləyib dayandığım bu dəhlizdən ötüb keçir.

Bundan sonra hər kəs bu dünyadakı ömrünü yenidən əyninə geyinməli, alnının, kürəyinin tərini, üz-gözünün qrimini, boyasını silib yaşantısına qaldığı yerdən davam etməlidir. Baxmayaraq ki, səhnədə yaşadıqları da onların həqiqi ömrünün bir parçasıdır. Amma səhnə qalıcı, daimi deyil. Gec-tez hər kəs o səhnədən aşağı enməli olur. Bütün bunlar sirli, izah olunmaz məsələlərdi. Çox dərinə getməklə kələfin ucunu itirməkdən ehtiyat edirəm...

İndi isə səhnədə tamaşa yox, məşq gedir. Aktyorlar yarı öz, yarı qəhrəmanlarının həyatlarındadırlar. Kvant fizikası, deyəsən, bunu deyirdi. Əgər bir insan öz həyatında xoşbəxtdirsə, kvant qanunlarına görə digər bizim gözümüzə görünməyən paralel dünyalarda əksidir. Yəni bədbəxtdir. Əslində, səhnə, teatr bir az da bizə Kvant fizikasını xatırladır.

Arxadan gələn səsə fikirdən ayılıram. Mühafizəçi istiqamət verırək deyir, Samirə xanım, gəlin, bu tərəfdən keçin, yol sizi zala aparacaq. Həmişə adamlarla dolu olan, indi isə sakitliyin hökmranlıq etdiyi foyeyə daxil oluram. Öz həyatlarından boylanan aktyorların foyenin divarlarına vurulan şəkillərinin yanından ötüb keçirəm. Qapı açılır, zala daxil oluram. Səhnədə məşq gedir. Adamların həmişə dolu olduğu oturacaqlar boşdur. Keçib birində sakitcə əyləşirəm. Heç kim tövrünü pozmur. Hərə öz rolunu ifa edir.

İçimi qəribə rahatlıq bürüyür. Teatrın sözlə ifadə edilə bilməyən atmosferini, sevdiyim, rahat olduğum məkanda olduğumu bütün qəlbimlə hiss edirəm.

Nə zaman yarandı teatr sevgim? Tezcənək öz-özümə sual verirəm. Uşaq vaxtı? Yooox. Uşaq vaxtı teatrda olmamışam axı heç. Bakıdan 279 km uzaqlıqda, Araz çayına yaxın rayonda doğulmuşam. Bəlkə, atamın nağılları yaradıb bu sevgini? Məlikməmmədin qızıl alma dalınca getməsi, anasına dirilik suyu gətirməsi, dilənçi olub sevgilisini axtarması. Hansı birini deyim axı? Həmin nağıllar mənim teatr, kino, ədəbiyyat sevgimi yaratdı? Bəs Koroğlunun Nigarı, oğlu Eyvazın durna telinin ardınca getməsi, Qıratı, Düratı? Bəlkə, bütün bunlar səbəb oldu?

Bəzən gecə yarısına kimi danışdığı Məlikməmmədin, Daşdəmirin, Cırtdanın nağılları buna təkan olub yəqin. İlahi, div nə qədər xəlbiri götürüb suya gedər, nə qədər xəlbirə su doldurar, doldurar, amma xəlbir dolmaz ki, dolmaz. Həmişə Cırtdan gecə yarı dostlarını götürüb divin yanından qaçmaq istəyəndə, az qalırdım ki, nağılın içərisinə girim, Cırtdanı dostları ilə bərabər tez çayın o tərəfinə keçirim, xəlbiri də divdən alıb onun başına çırpım, deyim, axı sən divsən, özünü niyə div kimi yox, axmaq kimi aparırsan? Heç olmasa, xəlbir əvəzinə bir saxsı qab götürərdin, sonra da ayağın daşa ilişərdi, yıxılardın, saxsı qab da daşa dəyib çiliklənərdi. Beləcə saxsı qabın sınması, sənin yıxılmağın vaxtı uzadar, Cırtdan da dostlarına qoşulub xilas olardı. İndi sən boyda divi biz necə axmaq adlandıraq? Axı nağıllardan qopub gələn enerjinin gücü idi ki, sonralar hamımızın məftunu olduğumuz Nazim Hikmət də özünə ithafən “Mavi gözlü bir dev” adlı şeir yazacaqdı...

O mavi gözlü bir devdi,

Minnacık bir kadın sevdi.

Kadının hayali minnacık bir evdi,

bahçesinde ebruliii

hanımeli

açan bir ev…

Bir gün, necəsə həmin nağıllar mənim uşaqlığımla birgə yoxa çıxdılar. Nazim Hikmetin şeirindəki “minnacık evimiz” kimi evimizi qoyub ondan uzaqlaşmalı, qaçmalı olduq.

Müharibə bütün nağılların, real həyatların, yaşantıların üzərindən bizim gözlə görə bilmədiyimiz xətti çəkdi. Birinci Qarabağ müharibəsi başlandı... Hamımızın həyatında. Mənim, sənin, o birisinin, bax, o səhnədəki aktyorların da, o əsəri yazan yazıçının da, tamaşaya can verən rejissorun da, bir sözlə hamımızın həyatından Qarabağ müharibəsi qırmızı bir xətt kimi gəlib keçdi...

Uşaq idim... O xətt o vaxtı mənim gözümə görünmürdü. Amma yaxınlarımın, qohumlarımın, qonşularımın, evlərinə oğul, ər, qardaş, əmi, dayı cənazəsi, şəhid tabutu gələn ailələrin gözünə o xətt qırmızı, qan rəngində əl əlbət göründü.

Qarabağ müharibəsi hamımızın həyatından “Şəhidlər xiyabanı”nda sıralanan şəhid məzarlarının sırası kimi gəldi keçdi. Sonra o xətt evindən didərgin salınan insanların sığındığı çadır şəhərciklərinin sırası kimi uzanıb, getdi. O, xətt 30 il boyunca davam etdi düz 2020-ci ildə başlanan ikinci Qarabağ müharibəmizə qədər gəlib çıxdı. Və 30 ildə itirdiklərimizi o xətlə yürüyərək 44 günün içərisinə özümüzə geri qaytardıq. Yenə qırmızı rəng gözümüzə göründü. Birinci Qarabağ müharibəsi zamanı verdiyimiz 30 min şəhidlərimizin sırasına 3 mini də qarışdı...

Özüm qəsdən, bilərəkdən də bu mətnin içərisində rəqəmlərlə danışıram. Rəqəmlər göz yaddaşıdır. Qazandıqlarımızı da, itirdiklərimizi də göz yaddaşı ilə yadda saxlamağımızı istəyirəm.

Səhnədən isə güllə boran səsi gəlir. Uşaqlığın, nağılların, xatirələrin içərisindən, keçmişdən çıxıb indiki zamanıma, öz həyatıma qayıdıram. Müharibədən otuz il ötürən, yola salan, saçı ağaran, gözlərinin altı yavaş-yavaş qırışan həyatıma. Axı burda da müharibədir. Uşaqlıqda başımın üstündən yaşıl, narıncı alovlarla yanaraq yanaraq ötüb keçən mərmi səslərini indi də eşidirəm.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsindən gəlir bu səslər. Yazıçı İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında hazırlanan tamaşanın məşqindəyəm. Əsər İkinci Qarabağ müharibəsindən bəhs edir.

Əsərdəki hadisələr Şuşa ətrafında gedən döyüşlərdən baş verir. Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri tərəfindən azad olunan ərazilər gənc əsgərlərə həvalə olunur. Müharibə görməyən bu gənclər həm də sözün məcazi mənasında balaca kişilər hesab olunurlar. Ancaq baş verən gözlənilməzliklər hadisələrin təyinatını dəyişir, insanların həyatlarına təsir göstərir. Həyat şərtləri müharibə, qan-qada balaca kişiləri böyüdür.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov səhnədə, üzü səhnəyə tərəf əyləşib. Tez-tez ayağa qalxır aktyorlara tapşırıqlar verir. Hər kəsin rolunu bir-bir ifa edir, hərdən yaralı hərbçi olur, hərdən erməni əsiri, hərdən azərbaycanlı zabit, hərdən sevgilisi ilə danışmağa can atan, onunla evlənəcəyi günün xəyalını quran əsgər, hərdən İbrahimxəlil xan, sonra Cavad xan. Qəhrəmanlar qalereyası davam etdikcə, Nicat bəy də, yorulmadan rolları ifa edir. Sonra yerinə əyləşir:

– İndi sizə göstərdiklərimi mənə qaytarın görüm. Deyib aktyorlara səslənir.

Səhnənin mərkəzində dayanan gənclər, həm də əsərin qəhrəmanları “Balaca kişilər”i yenidən rollarını ifa edirlər.

Rejissor gərginləşir yenidən ayağa qalxır:

– Yox, belə yox... Axı mən bayaq göstərdim nə etmək lazımdır.

Yaralı əsgəri canlandıran aktyor yarıuzanılı vəziyyətdə səslənir:

– Mənim başım yerindədir? Ölmüşəm, ya sağam?

– Ölməmisən, allaha şükür, salamatsan. Amma yaralısan.

Digər əsgər ona cavab verir.

Erməni əsiri rolunu ifa edən Əməkdar artist Şövqü Hüseynov divarın bir küncündə oturub. Qaltanlı, aydın səsini çıxarmayana qədər onu tanımıram. Səs isə hər şey aydınlaşdırır.

O, Azərbaycan bayrağını öpür. “Qarabağ Azərbaycandır” sözlərini deyir. Dəfələrlə təkrar edir. Səhnəyə xüsusi ovqat, ab-hava yayılır.

Şövqü bəy rolunu ifa edəndən sonra zala enir. Oturacaqların birində əyləşir. Sakitcə ona yaxınlaşıram:

– Dağ və Məhəmməd misalını eşitməmiş olmazsınız (gülüşürük).

– Bəli, bəli. Buyurun, xoş gəlmisiniz.

– Əsərdə erməni əsirini canlandırırsınız. Nə düşünürsünüz rolunuz barədə?

– Razıyam sizinlə. Yeni rol ifa etmək obrazdan asılı olmayaraq mənim üçün sevindiricidir. İndiki halda isə erməni əsirini ifa edirəm. İlqar Fəhmi maraqlı süjetlə erməni obrazını əsərdə qeyd edir. Çox böyük məmnuniyyətlə işləyirik və ümid edirəm ortaya yaxşı tamaşa ilə çıxacağıq. Məqsədimiz düşmənimizin törətdikləri vəhşilikləri tamaşa vasitəsi ilə göstərməkdir. Səhnəyə yeni düşmüşük, məşqlərə yeni başlamışıq.

– Filmlərimizdə, tamaşalarımızda müxtəlif erməni obrazları olub. Təcrübə kimi siz hardan istifadə edirsiniz?

– İndiyə qədər olub bəli. Amma mən çalışacam obraz özümünkü olsun, öz yanaşmamı, nifrətimi göstərim. Düzdür, ifa etdiyin rola nifrət etsən, onu oynaya bilməzsən. Amma Nicat müəllimlə gənc aktyorlarla bərabər öz ideyamızla, rollarımızla bu yolda gedirik.

Nicat bəyin başı məşqə qarışıq olduğundan onu söhbətə tuta bilmirəm. Fasiləni gözləməli oluram. Səhnədə isə gərgin məşq gedir. Bayaqdan oturacaqların arasında var-gəl edən aktyor, Əməkdar artist tamaşada İbrahimxəlil xan rolunu ifa edən Elnur Bəhramxan səhəyə qalxır. Səhnədki ağacın yanından keçərək deyir:

– Allaha şükür, hələ ölməmisən. Sənin ağlın işləyir, başın da yerindədi. O mən idim ağlım işləmirdi, başım da yerində deyildi. Yoxsa, bu alçaqlara üz verib başımıza çıxarmazdıq.

Nicat bəy yerdən deyir:

– Elnur, bir az sürətli.

Aktyor sürəti artırır:

– Biz hardan bilərdik ki, onların iştahı diş altındadır.

Hüseynqulu xan rolunun ifaçısı Anar Seyfullayev tərəf müqabilinin sözlərinə cavab verir:

– Bakı xanlığında onların izi-tozu da olmadı. Bakını ələ keçirmək üçün onlar çarın dabanlarını yalayırdılar. Mən onları yaxşı tanıyırdım.

İfaların fonunda davam edən musiqinin tempi artır. Amma rejissor yenə narazılıq edir. Ayağa qalxır, istiqamət verir, obrazların ifa tərzini yenidən aktyorlara daha vurucu, daha qalıcı şəkildə göstərir. Masasına geri qayıdanada, mənim diqqətlə baxdığımı görüb deyir:

– Görürüsünüz, iynəylə gor qazmaqdır teatr sənəti...

Mən saata baxıram, fasilənin vaxtını soruşuram. Beş dəqiqədən sonra Nicat bəylə ayaqüstü söhbət edirik.

– Nicat müharibə mövzularında ən qorxulu məqam pafosdur. Hiss edirəm ki, məşqdə siz də pafosdan uzaq durmağa çalışırsınız.

– Bəli. Haqlısınız. Əsərdə hadisə əslində indi başladı. Bomba düşdü və başlandı.

– Hadisələr Şuşada baş verir?

– Şuşaya çatmamış. Əslində mərkəzdə dayanan gənc aktyorlar əsərdə qabağa gedən döyüşçülər deyil. Bunlar əsgərliyə gələn gənclərdi. Onları burda saxlayırlar ki, təmizlik işləri görsünlər. Bunlar döyüşməli deyillər. Əsərin, tamaşanın tamaşaçıya çatdırmaq istədiyi əsas məqam yəni həyatda çox vaxt gözləmədiyimiz adamlar qəhrəmanlıq göstərirlər, qəhrəmana çevrilirlər. Bura qədər aktyorlar pafosla danışırlar, hərəkət edirlər. Bu normaldı. Təki bundan sonra olmasın. Çünki bundan sonra artıq real hadisələr başlanır.

– Bu əsərə müraciət necə yarandı?

– İlqar Fəhmi İkinci Qarabağ müharibəsi gedən vaxtı əsəri əvvəlcə poema şəklində yazmışdı. Sonra həmin poemanı səsləndirdim. Teatrımız və Mədəniyyət TV poema əsasında layihə şəklində klip hazırladıq. Bundan sonra İlqarla məsləhətləşdik və belə qərara gəldik ki, pyes şəklində əsəri hazırlayaq. Əsərə tarixi qəhrəmanlar əlavə etdik. Əsər isə teatrımızın elan etdiyi müsabiqədə qalib gəldi.

– Əslində bu da bir az qorxulu məqamdır. Yəni tarixi qəhrəmanları müasir dövrə, hadisələrin içərisinə gətirmək...

– Qorxulu deyil, amma müəyyən mənada haqlısınız... İndi görək necə alıncaq.

Tamaşada qadın obraz yoxdur. Açığı bunu biləndə niyəsə məyus oldum. Mənə görə qadının olmadığı məkan, məqam maraqsız və rəngsizdir. Bu narahatlığımı dilə gətirirəm:

– Heç olmasa əsərə bir qadın obraz əlavə etmək olmazdı?

– Yox. Əsərin adı “Balaca kişilər”di.

– Maraqsız olmasından ehtiyat etmirsiniz?

– Yox. Maraqsız olmayacaq! Ola bilməz. Çünki burda sarı sim məsələləri çoxdur. Əsərdə baş verən hadisələrin çoxu real həyatdan götürülüb. Nə baş verir versin, mən bədiilikdən qaça bilmərəm. Teatrın gücü onun bədiiliyindədir. İşimizin çətinliyi gənclərlə işləməkdədir.

– Şövqü Hüseynov, Elnur Kərimov, Rəşad Səfərov, Rasim Cəfər və digər peşəkar aktyorlarla məsələ belə deyək də məlumdur. Bəs gənclərlə iş?

– Əksəriyyəti cavandır aktyorların. Amma əsərin özü gənc aktyorlar, yaşı az olan gənclər tələb edir. Cavanların da təcrübəsi azdır, ümid edirəm ki, düzələcək.

Nicat bəy yenidən səhnəyə aktyorların yanına qayıdır. Fotoqrafımız Əlini çağırıram, birlikdə şəkillərə baxırıq. Səhnədə Rəşad Səfərovla Rasim Cəfər görsənirlər. Onlar bir-biri ilə söhbətləşir, mən isə ehmalca səhnənin kənarına yanaşıram. Rasim bəyə müraciət edirəm:

– Rasim bəy siz və Rəşad bəy zabit rollarını ifa edirsiniz. Bəlkə bir az məlumat verəsiniz?

Rasim bəy düzəliş edir:

- Mən gizir, Rəşad zabit. Bizim tamaşadakı rolumuz o qədər çox deyil. Tamaşada əsasən cavanlar iştirak edir. Biz postu ermənilərdən alıb əsgərlərə təhvil verib gedirik.

– Mən silah səslərini, güllə-boranı eşidəndə, müharibə atmosferini hiss etdim. Siz necə?

Rəşad Səfərov söhbətə qoşulur:

– Biz vaxtıykən canlı yaşamışıq müharibəni.

– İkinci Qrabağ müharibəsində?

– Yox, birinci müharibədə.

Xeyli təəccüblənirəm. Nədənsə mənə elə gəlir ki, I Qarabağ müharibəsinin üzərindən otuz il yox, daha çox zaman keçib və bu müharibənin iştirakçıları xeyli yaşlı, başlı insanlar olublar. Ona görə də Rəşad bəyin otuz il əvvəl döyüşçü olması təəccübümə səbəb olur.

– Siz döyüşmüsünüz?

– Mən o vaxt hərbi qulluqda idim. Füzulidə qulluq edirdim. Ermənilərlə aramızda məsafə çox az idi. Ona görə də istər istəməz müharibənin ən qaynar vaxtına düşmüşəm. Müharibənin nə demək olduğunu bilirəm.

Təyin olunan fasilə bitir. Gənc aktyorlar yenidən səhnəyə qayıdırlar. Rejissor masasına əyləşir. Yorulduğumu hiss edirəm. Həm də artıq reportaj üçün lazım olan bütün materialları götürmənin rahatlığını duyuram. Ona görə də zalda işimi bitmiş hesab edib yaradıcı heyətlə sağollaşıram. Zalın ağır dəmir qapısını örtüb müharibəni gurultu səslərini, aktyorları, bir sözlə səhnə həyatını qapının ardında qoyub mən də öz həyatıma qayıdıram. Pillələri düşə-düşə küçəyə, işığa çıxıram. Reportajımın ilk cümlələrini düşüncələrimdə yaza-yaza evə tələsirəm.

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşanın premyerası olub

Şuşada “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşanın premyerası olub

16:45 19 iyul 2024
Kukla Teatrı cari mövsümünü başa vurdu

Kukla Teatrı cari mövsümünü başa vurdu

10:18 19 iyul 2024
Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümü başa vurdu

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümü başa vurdu

10:29 18 iyul 2024
Qazax Dövlət Dram Teatrı 86-cı mövsümü başa vurdu

Qazax Dövlət Dram Teatrı 86-cı mövsümü başa vurdu

14:30 17 iyul 2024
“Paris Notr-Dama ithaf”  növbəti dəfə səhnədə

“Paris Notr-Dama ithaf” növbəti dəfə səhnədə

14:00 16 iyul 2024
Ağdam Dövlət Dram Teatrında "Mübariz" tamaşası göstəriləcək

Ağdam Dövlət Dram Teatrında "Mübariz" tamaşası göstəriləcək

12:22 16 iyul 2024
# # #