“Maqbet”in teatr taleyi - Türkan Cəfərli

“Maqbet”in teatr taleyi - Türkan Cəfərli
20 may 2025
# 11:55

Kulis.az Türkan Cəfərlinin "“Maqbet”in teatr taleyi" yazısını təqdim edir.

Dünya ədəbiyyatının incilərindən biri olan və mənim ən çox sevdiyim, haqqında danışmaqdan yorulmadığım və dəfələrlə üzərinə qayıtdığım əsərlərdən biri olan “Maqbet”i ilk dəfə idi ki, tamaşaçı kimi izləmək imkanım oldu. Əsərdə mənə tanış olan obrazları teatr səhnəsində görməyin həyəcanını yaşamaq ayrı bir hissdir.

Qeyd edim ki, “Maqbet” əsasında ilk film hələ XX əsrin əvvəllərində, daha dəqiq desək, 1916-cı ildə Con Emerson tərəfindən çəkilib. Müasir dövrümüzə qədər bu möhtəşəm əsər haqqında həm rejissorlar, həm də teatr xadimləri tərəfindən müxtəlif yanaşmalara, təhlillərə rast gəlmək olar.

Bu yaxınlarda Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşasını izlədim. Düzü, əsərin teatr taleyi ilə bağlı aydın bir fikrə sahib deyildim. Ona görə də bir qədər qərarsız idim. Səbirsizliklə tamaşanın başlanmasını gözləyirdim. Xalq artisti Bəsti Cəfərovanın bir neçə rolunu izləmişdim. Və məndə belə bir təəssürat yaranmışdı ki, tamaşa gözlədiyimdən fərqli və maraqlı olacaq.

Öncə tamaşanın yaradıcı heyəti ilə maraqlandım. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Xalq artisti Bəsti Cəfərova, əməkdar artist Elşən Rüstəmov, Xalq artisti Sabir Məmmədov, Əməkdar artist Məsmə Aslanqızı, aktrisa İlahə Həsənova, aktyor Elnur Qədirov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmlinin rol aldığı tamaşaya maraq kifayət qədər idi.

Hadisələr o qədər gərgin və sürətli şəkildə cərəyan edir ki, bir anlıq özünü səhnədə hiss edirsən. Bu da aktyorların istedadından və işlərinin öhdəsindən necə ustalıqla gəldiklərindən xəbər verir.

Rejissor Nicat Kazımov U. Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi, tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.

Səhnə əsərində teatr dekoru, qrim, geyim dizaynı diqqətimi çəkir. Həqiqətən tamaşaya böyük diqqət və əmək sərf olunub. Bu da teatrımızın inkişafından, beynəlxalq təcrübəyə əsaslanan modern yanaşmadan xəbər verir. Sevindirici haldır ki, tamaşaçıların əksəriyyəti gənclərdən ibarət idi. Qayıdaq tamaşaya: Xalq artisti Bəsti Cəfərovanın səsindən vahiməyə düşməmək olmur. Bəli, güclü qadın obrazı oynamaq və tamaşaçını vahimədə saxlamaq asan məsələ deyil. Bu vahimə həm də insan xislətinin necə mürəkkəb və dolaşıq olduğunu göstərmiş olur...

Xalq artisti Sabir Məmmədovun doğma səsini səhnədə eşitmək isə ayrı bir məsələdir. Dialoqlarındakı səbr, təmkin və inamı bütün varlığınla hiss edirsən. Bu da tamaşaya rəng qatmış olur. Gənc aktyorlar da rollarının öhdəsindən bacarıqla gəlirlər. Səhnədə işıqlar qaranlığı, qaranlıq isə işığı izlədiyi kimi, aktyorlar da bir-birilərini dəqiqliklə izləməyi bacarırlar. Xüsusən də əməkdar artist Elşən Rüstəmovun aktyorluq bacarığını qeyd etmək istərdim.

Həyəcan ən üst səviyyədədir... Düzü, bu qədər də gözləmirdim. Pərdə enir... Ancaq tamaşaçını hadisələrin gedişatından ayırmaq olmur. Bunu tamaşanı izləyənlərin gözlərindən sezmək olur. Alqışlar... Və daha gurultulu alqışlar... “Ledi Maqbet”in teatr taleyinə ancaq sevinmək olar.

# 2429 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

13:40 20 aprel 2026
Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

12:00 17 aprel 2026
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

10:40 17 aprel 2026
“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

16:14 16 aprel 2026
ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam”  tamaşası nümayiş edildi

ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam” tamaşası nümayiş edildi

11:58 16 aprel 2026
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

17:00 14 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər