Qara yaylıqlı Məryəm - Siyəzəni Dəvəçidən ayıran deputat

Qara yaylıqlı Məryəm - Siyəzəni Dəvəçidən ayıran deputat
29 iyul 2024
# 12:00

Milli Məclisin sabiq üzvü, istiqlalçı millət vəkili Məryəm Həsənovanın anım günüdür.

Kulis.az Ömər Xəyyamın tərtib etdiyi "Qara yaylıqlı Məryəm" adlı məqaləni təqdim edir.




Məryəm Həsənova. Qara yaylıqlı aydın. “43-lər”dən biri...

1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin 300-dək deputatı “SSRİ-də qalaq, qalmayaq?” sualına ikiəlli “qalaq” cavabını verəndə, yaxud hələ tərəddüd eləyəndə, həmin 43 nəfər Azərbaycanın azadlıq haqqını öz səsləri ilə bəyan etmişdilər.

Məryəm Həsənova da o “43-lər”dən biri idi.
O siyahıda cəmi iki qadın olub. Biri Dilarə Əliyeva, biri də qara yaylıqlı Məryəm xanım.



SSRİ-nin saxlanılması ilə bağlı referendum prosesini Məryəm xanım belə xatırlayırdı:

“…camaat Milli Məclisi dövrələmişdi, vəziyyət gərgin idi. Hətta mən dəhlizə çıxanda şüşəni döyüb dedilər ki, əgər biz istəyən nəticə çıxmasa, sizi öldürəcəyik. Onsuz da Demokratik Blokun 25 üzvü müstəqilliyə səs verəcəkdi, yerdə qalanlardan isə SSRİ-nin saxlanmasına səs verənlər də oldu, əksini edənlər də...”



Məryəm xanımın uşaqlığı Bakıda, “Sovetski”də keçib.
Orta təhsilini 190 saylı məktəbdə alıb.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.

Onu 1982-ci ildə əvvəllər Dəvəçi (indiki Şabran) rayonu tərkibində olan Siyəzən-Zarat kənd məktəbinə direktor göndəriblər.
Hərəkat başlayandan sonra mitinqlərdə aktiv iştirak etməyə başlayıb.

Onun təşəbbüsüylə direktor olduğu məktəbin şagirdləri, xidmətçiləri də bu prosesə qoşulub.
O vaxt hətta Biləcəriyə qədər yürüş ediblər.
Milli Ordunun yaradılması tələbiylə.

Ömrünün sonunadək yaşadığı Siyəzən rayonunun yaradılmasında Məryəm xanımın xüsusi rolu olub.

Təbii ki, cəsarətli qadını hamı sevirdi.
Seçkilər ərəfəsində bircə şərt qoyublar ki, Siyəzəni Dəvəçidən ayırmalısan, bu barədə platformanda qeyd etməlisən.
O da seçicilərinə söz verib və seçilib.

Beləcə, 1992-ci ilin aprelində Siyəzən Dəvəçidən ayrılıb.

Məryəm Həsənova 1990-cı ildən qara yaylıq bağlamağa başlayır.

Fikirləşirdim ki, yəqin, 20 yanvar hadisələrindən sonra… simvolik olaraq…
Sonra oxudum ki, deputat seçiləndən bir həftə sonra…

“30 sentyabrda deputat seçildim...
Oktyabrın 6-da isə yol qəzasında dörd əzizim öldü. Qardaşım, qardaşımın yoldaşı, bacım və oğlu. Buna kim dözərdi? Səbəbi hələ indiyədək məlum deyil ki, bu qəza təşkil olunmuşdu, yoxsa...Anam rəhmətlik o vaxt məsələnin üstünə getməyə qoymadı.
Dedi, bir bu qədər əzizim əlimdən çıxıb, qalanlarını da itirməyim.
Görünür, nəsə məlumatı varmış.
Mən də onun sözünə baxıb ardınca getmədim. Ancaq elə o vaxtdan qara yaylıq mənim sirdaşım oldu...”

Çoxunun bu barədə məlumatı yoxdur, fəqət Məryəm Həsənova həm də şair idi…
Onun bir neçə kitabı da dərc olunub. 1969-cu ildə “Səhər”, 1996-cı ildə “Yaralı quşun nəğməsi” və sonuncu kitabı “Söz zəmisi”.
Bir növ, Məryəm xanım özü də yaradıcı kimliyini, istedadını, ədəbi bacarığını gizlədirdi.



O, anasının təkidi ilə ailə həyatı qursa da, övladı olmayıb, həyatı yoldaşı isə 2009-da vəfat edib.

Məryəm Həsənova 2018-də, müstəqilliyimizin 100 yüz illiyində vəfat edib.
Təəssüf ki, o, torpaqlarımızın işğaldan azad edildiyi günləri görmədi.

Əminəm ki, onun ruhu indi şaddır.

Yaşasa idi, başındakı qara yaylığı da açacaqdı…

# 6132 dəfə oxunub

Oxşar xəbərlər

Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?

Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?

12:00 30 dekabr 2025
Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən  Xalq artisti  - Qardaşı niyə onu baltalamaq istəmişdi?

Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti - Qardaşı niyə onu baltalamaq istəmişdi?

12:00 27 dekabr 2025
NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər