Əri başqası ilə evləndi, intim təklifə görə rejissora şillə vurdu, meymundan qorxub xəstəliyə tutuldu... - Xalq artisti haqqında maraqlı faktlar

Əri başqası ilə evləndi, intim təklifə görə rejissora şillə vurdu, meymundan qorxub xəstəliyə tutuldu... - Xalq artisti haqqında maraqlı faktlar
27 iyul 2023
# 15:00

Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Ancaq qardaşı Ruhulla Axundov tutulandan sonra Xoşsima xanımın da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.


Xalq artisti Nəcibə Məlikova

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.

***

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edir. Nəcibə Məlikova isə məcburiyyətdən, könülsüz aktrisalığı seçir. 10-cu sinfi qurtarandan sonra sənədlərini Teatr İnstitutuna verir və Fatma Qədrinin sinfinə qəbul olunur.


"Ögey ana" filmindən kadr

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. “Yaşar” tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.

***

Elə Gəncədə işlədiyi zaman ailəli olub ayrılmış, bir oğlu olan Nüsrəddin adlı imkanlı kişi ilə tanış olur. Nəcibə xanım ilk gündən Nüsrəddinə bağlanır və onun evlilik təklifinə razılıq verir, evlənirlər.


Aktrisa gənclik illərində

Həmin vaxt gənc aktrisa Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır.

***

Sənət dərslərini gözəl mənimsəyir, ali təhsil alır, Milli Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Aydın”ında Böyükxanım, “Sevil”də Edilya kimi fərqli, mürəkkəb xarakterli obrazlar yaradır.

Komediya janrı Nəcibə Məlikovanın yaradıcılığında bir xətt kimi keçir. “Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında Yasəmən, Şıxəli Qurbanovun “Əcəb işə düşdük” pyesində Məlahət, M. F. Axundzadənin “Lənkəran xanının vəziri”ndə Şölə kimi obrazları canlandırıb.


Soldan: Xalq artisti Barat Şəkinskaya və Nəcibə Məlikova

Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Nəcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Onun ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə onu qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.

***

Fuad Əsədov Nəcibə xanımın ölümündən uzun müddət verdiyi müsahibəsində deyir: “Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, əvvəl onu ana kimi qəbul edə bilmirdim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”.


"Topal Teymur" tamaşasından

Aktrisanın qayınanası xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Ümumiyyətlə, Nəcibə xanım qayınana sarıdan çox əziyyətlər çəkib. Hətta bir gün onlara qonaq gələn Ədil İsgəndərov Nəcibə xanımın qaynanasının hərəkətlərinə dözmür, yeməyini yarımçıq qoyub durur, qapıdan çıxanda deyir ki, Xanım xala, səndən kino çəkəcəm.

Onun həyat yoldaşı həqiqətən, yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. "Ögey ana" filmindəki İsmayıl obrazının prototipi oğulluğu Fuaddır, Cəmilə isə Saqibin obrazıdır.

Bu dəyişikliklərlə, görünür, tamaşaçını həqiqətdən yayındırmağa çalışıblar.

***

Aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də sadə insan olub.

Məşhur rejissorlardan biri Nəcibə xanıma rol qarşılığında arzuolunmaz təklif edir. Əsəbiləşən aktrisa rejissora sillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü danışarmış.


Nəcibə Məlikova, Firəngiz Mütəllimova

Ancaq ailədə təəssüf ki, nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş.

***

Bir gün Nusrəddin başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb gedir. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəvi şəkildə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.


Soldan: Nəcibə Məlikova, Əlabbas Qədirov və Amaliya Pənahova "Büllur sarayda" tamaşasından...

Yaşar Nuri deyir: “O dövrün bütün uşaqları kimi mən də İsmayıl və Dilarəni həyatda görüb tanımaq arzusunda idim. Tale elə gətirdi ki, hər ikisi ilə həyatda dostlaşdıq. Nəcibə xanımla bir səhnəni bölüşdük, tərəf müqabili olduq. Bir dəfə söhbət əsnasında dedim ki, Buzovnanı görməmişəm. Məşqdən çıxdıq, məni oturtdu maşına birbaş Buzovnaya, “Yekə kişidir, hələ Buzovnanı görməyib”, - dedi. Çox gözəl qadın, gözəl insan, əvəzsiz aktrisa idi”.

***

Teatrda qazandığı uğurlar çox keçmədi kinoda da onu izləməyə başladı. Dilarə onun kino yaradıcılığının şah obrazıdır. “Arşın mal alan”da bəyzadə Cahan, “Əhməd haradadır?”da qoçaq Nərgiz, “Leyli və Məcnun”da şahanə duruşu ilə “Qızsan, ucuz olma, qədrini bil”, - deyən ana...

Əxlaqlı, xeyirxah, cazibədar qadın obrazları... - bunların hamısı Nəcibə xanımın özünə xas olan xüsusiyyətlərdir.


Nəcibə Məlikova Xurşudbanu Natavan rolunda

Tərəf müqabili Elxan Qasımov: “Əhməd haradadır?” filmində rəqs səhnəmiz vardı, rəqs müəllimı gəlib çıxmadı özümüz oynamalı olduq. Çox gözəl rəqs etməyi vardı. Maşını qaçırdığı səhnədə isə həqiqətən də saxlaya bilmirdi, mən əyləci basmışdım və Nəcibə xanımın ayağını da möhkəm tapdamışdım, çəkilişə görə səsini çıxartmamışdı. Çox amiranə qadın idi, əsl ana idi, həyatda da, kinoda da. Ədil İskəndərov onu fərqli obrazlara çəkmişdi. “Qanun naminə”də Zərrintac hara, Nərgiz xala hara?! Yaxşı nərd oynayardı, bir dəfə kinostudiyada nərddə hamını udan bir kişi xeylağına qələbə çaldı. Hamı yığışıb oyuna baxırdı, işıqçı Əliqulu o atan nərdin daşını atdı”.

***

Ömrünün sonuna qədər Dram Teatrında və “Azərbaycanfilm” kinostudiyasında çalışır. SSRİ xalq artisti fəxri adına layiq görülür.

Hindistanda qastrol zamanı üstünə meymun atılır, qorxudan şəkər xəstəliyinə tutulur.

Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” – deyib, arzusuna çatmaq üçün gözlərini həmişəlik yumur.

# 44150 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #