Bu gecə bir fahişəni öpdüm – Cəlil Cavanşirin yeni şeirləri

Cəlil Cavanşir, şair

Cəlil Cavanşir, şair

27 mart 2023
# 17:00

Kulis.az şair Cəlil Cavanşirin yeni minimalist şeirlərini və haykularını təqdim edir.

Minimalist şeirlər

*
o qədər uzaqdın ki,
bu gecə bir fahişəni öpdüm
dodaqlarından.

*
bir mərhəmət ümidiylə açmışdım yaralarımı,
bir qatil ədasıyla oturdun qarşımda.

*
bu sonsuz kainatı yaradan gücün,
bizdən daha böyük dərdi olmalıydı...

*
qolumdakı çapıqların
və içimdəki yaraların sağalmaz izləriylə,
oturub gözlərinə baxıram
bir təbəssüm qonsa dodaqlarına
alnım toxunacaq səcdəyə.

*
köksümə saplanan ağrının adısan,
buz parçasıdır əllərin
qan qırmızı güllər açır əllərimdə.
buz dövrünün şaxtası var canımızda.
biləklərimdə küt ülgücün sızıltısı,
sənə doğru sürünürəm
və ölüm var aramızda...

*
ölümlə evlənirəm, sevgilim
qanımı yax əllərinə,
xına kimi...


Haykular

1.
Laqeyid ulduzlar altında,
Təkcə qurbağalar oyaqdı.
Gölməçə susuzdur.

2.
Siçanlar gəmirir döşəməni
Zülmətdə bomboz görünən,
Qonşumun tərkedilmiş evində.

3.
Geri dönmə artıq.
Tənhalığımın
İlk dolusu da düşdü...

4.
Ay aman!
Sevgiləri yalan dünyada
Hələ də çobanyastığı çiçəkləyir.

5.
Yağışın yağmağı azmış kimi,
Qızılgüllər də ləçəklərini tökür,
Quşları susmuş bağçada.

6.
Ayrılıq əzabı,
İztirablı yay gecəsində,
Nəğməsi susmuş dağ çayının.

7.
Əl saxladı dilənçi,
Qoparmadı,
Çobanyastığının son ləçəyini.

8.
Tənhalıq eynidir hər yerdə,
Külək əsəndə,
Qapıya qaçırsan.

9.
Dolu yağdı,
Yerdə,
Alça çiçəkləri açdı.

10.
Qızım çələng hörür çiçəklərdən
Külək,
Saçlarını dağıdır.

11.
İndi yanağımdan düşən göz yaşı
Bəlkə, on il sonra,
Yağacaq məzarımdakı çiçəklərin üstünə.
12.
Yağdı yaz yağışı,
Yudu yol kənarındakı,
Ağacın tozlu yarpaqlarını.

13.
Heç vaxt olmadığın bu bağçada
Çiçəklər
Ölümə bənzəyir.

14.
Quşlar hay-küy salır,
Alma çiçəklərini üşüdür,
Yaz qarı.

15.
Sən heç bilirsənmi, külək
Bu boş evdə,
Necə səs salır?

16.
Sükut və gecə
Ay boylanır,
Budaqların arasından.

17.
Ovçu tətiyi çəkdi.
Cüyür hürkdü,
Üç-beş damcı qan çiləndi kəklikotunun üstünə.

18.
Qızım üzünü turşudur,
Yanağından süzülür,
Quzuqulağı şirəsi.

19.
Payızdı
Boş qalmış bu evin,
Zivələrində quşlar yellənir.

20.
Palıdın budaqlarında,
Titrədi iki yarpaq,
Qucağını açdı torpaq.

21.
Əvvəlcə bir dəstə çobanyastığı
Sonra
Ürəyini vermişdi mənə.

22.
Yağışdan islanmış sərçə balası,
Ac pişikdən gizlənir
İslaq kolun dibində.

23.
Cücələr,
Bölüşə bilmir cücünü.
Otların dibinə sürünür soxulcan.

24.
Biçilmiş zəmidə,
Son nəğməsini oxudu torağay
Qəfil yağış başladı.

25.
Uşaqlar arzu tutub,
Yolur çobanyastığının yarpaqlarını,
Kəpənək kədərlə vurnuxur.

26.
Elə ki unutmağa çalışıram,
Başlayır yaz yağışı,
Torpaq qoxusu dolur evimə.

27.
İtlər hürüşüb susdu.
Kimsə,
Sabah namazına tələsir küçədə.

28.
Bir at kişnəyir yamacda,
Yovşan qoxuyur nəfəsi,
Çidarını qırır...
29.
Gün batır,
Qaranquş vurnuxur eyvanda,
Balaları ağzını açıb.

30.
Ay əriyir,
Qaranlığı soyunur gecə,
Günəşlə sevişəcək.

31.
Çay kənarında atılmış,
Uşaq ayaqqabısına qonur kəpənək.
Göz yaşını silir qadın.

32.
Azan səsi pozur gecənin sükutunu,
Köpəklər hürüşür,
Ulduz axır.

34.
Duman çəkilir dağdan,
Maral böyürür,
Palçıqlı yaylaq yolunda.

35.
Arılar çiçəyə qonur,
Masanın altındakı qəndə,
qarışqalar daraşıb.

36.
Yaydır,
Otu biçilmiş bağçada
Daş üstündə günəşlənir kərtənkələ.

37.
Mən iztirab çəkirəm,
Çiçəklər açanda da
Hətta onda da...

2012-2023


# 4724 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər