Yaylıqlarını yelləndirən qocalmış qızların duyğuları - Güneydən şeirlər

Yaylıqlarını yelləndirən qocalmış qızların duyğuları - Güneydən şeirlər
29 iyul 2023
# 15:00

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Əli Nurvəşin (Çağla) yeni şeirlərini təqdim edir.

Sınıq ayna

Qaranlığa qapıldım ümidsiz xəyallarımla
Ürəyim sıxıldı həbsxananın divarları kimi,
Depremdən törənən səsim titrədi.
Və dünya getdikcə uzanan yollara döndü.

Göyün sonsuzluğunda izlədiyim ulduzlar
başımın üstündən uzaqlaşdılar sayrışaraq.
Yenidən birləşmələri üçün dartınan sınıq aynanın parçaları kimi
Ulduzların bir daha birləşməyəcəklərini anladım.

Göy üzünü ay və yer üstünü şəhərdəki işıq dirəkləri işıqlandırsa da,
Qaranlığı axtarıram...
Küçələrin bucağında ağzı köpüklənən qardaşın yanında,
Bacının həyətdə “şərit”ə sərdiyi sütyeninə baxan
Qonşuların parıltılı gözlərində axtarıram qaranlığı.
Ananın məhkəmədə dodağının üstündə
Göllənən burun suyuna qarışmış göz yaşlarında
Və atanın...
Atanın qabar əllərindəki göm-göy pullarda axtarıram...

Yer kürəsini “Müsbət fikirləşək” adlı kitablar qurtarsa da
bu sınıq aynanın cinsindəki ailəni birləşdirə bilməyəcək.
İtsəm də qarışıq nizamın içində,
əsarətin zincirini qırmağa çalışmağımı
sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim.

Yenə də ümidimin alovları közərir içimdə
adımı çığıra-çığıra səsləyən o qızın səsini xatırlayıram.
Psixologiya həkimi alzeymer tutacağımı desə də,
o qızın simasını xatırlamağa çalışıram.
Hə... Düşdü yadıma “duvağı dağılmış” köpəyin qızı.
Qaranlığı doldurun içimə, bu qızı tanımıram bəlkə də.
Ağarmamışdı saçları, məni çığıra-çığıra səsləyən qızın,
heç zaman da inana bilməzdim ağaracağına.
Üzünə çopur, alnına şeir qazmamışdı təcrübələr
yaşıl yaylığını yelləndirərdi, o olsaydı.
Silin bu səhnəni beynimdən, silin...

Ümid adlı bir işığın böyüklüyü
kiçik amma güclü qaranlığa məğlubdur.
Ey mənə azadlığı öyrədən sərhəd kənarındakı quşlar,
sizin kimi qanadlandıracağam,
bacıların dumanda yolunu azan istəklərini.
Qardaşların ürəyindəki istismar diləklərini
və yaylıqlarını yelləndirən qocalmış qızların duyğularını.

***

Ləpə dənəsi

Göz işlədikcə boş Rub-əl-Xali səhrasındayam
hay vururam, səsim özümə dönür.
Boş təpələrin torpağı
udmaq istəsə də məni, qorxmuram.
Darıxıram səni canımdan çıxartmağa.

Dişimin arasında qalmış ləpə dənəsisən.
dartınıram özümlə,
göynəyir dilimin ucu.
Oyub çıxartmaq istəyirəm səni
çöpsüz, ağacsız,
Ərəb səhrasında.

***

Azadlıq kölgəsi

Azadlığa bir addım qaldıqda,
Boya çatıb dirçəldi dustaq ağacı.
Kölgəsində mehləndilər insanlar
ürəklərinin damarından axsa da ədalət
edirdilər ayaqlarındakı qandalları ibadət.
Azadlığın kölgəsində gözlədikləri ölümün qıfılı
və boyunlarından asdıqları qandalların açarı.
Ayaqlarındakı qandalları çığırdırdılar
Milyon-milyon insanlar.
Gözlərindəki yumurlanmış yaşları ilə
Günəşi tuşlayırdılar
və kəsilmiş dillərini bağırırdılar “Abrəsan”dan “Şəhnaz”a qədər...

Otağın qapısı cırıldamağa başladı,
etiraz edənlərin işkəncə altındakı səsləri kimi.
Atası içəri keçib aldı əlindən
köhnə toz basmış kitabla fənəri.
Fənər divarın qucağında parçalansa da,
həyətin ortasında tarix kitabının külü qaralırdı
içində milyon-milyon dilsizlər od tutub alovlanırdılar.
- Yat oğlum, atan bu gecə sərxoş qayıdıb.



# 3368 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər