Bacısını şantaj edən qardaşın filmi: "Şanxay-Bakı"

Bacısını şantaj edən qardaşın filmi: <span style="color:red;">"Şanxay-Bakı"
27 fevral 2019
# 17:38

Kulis.az kinoşünas Aygün Aslanlının "Şanxay - Bakı" cəmiyyətin güzgüsü kimi" məqaləsini təqdim edir

Uşaqlı-böyüklü on milyona yaxın əhalisi olan Azərbaycanda kinematoqrafiya gəlirli sahə sayılmır. Bunun birinci səbəbi ölkədə kino bazarının olmamasıdırsa, ikinci və ən əsas səbəbi dövlətin, incəsənətin bu növünü nhisarda saxlamasıdı. Azərbaycan kinosunun yeganə maliyyə mənbəyi dövlət büdcəsidi. Yəni burda texniki baxımdan keyfiyyətli film çəkilməsinə, müəllifin öz fikirlərini yüksək səviyyədə həyata keçirməsinə imkan verən vəsait yalnız dövlət büdcəsində var. Dövlət isə, bir qayda olaraq, özünün müəyyənləşdirdiyi çərçivələrdən çıxmayan, ideologiyasına uyğun layihələri maliyyələşdirməyə üstünlük verir, qaydaları pozanlara qadağalar tətbiq olunur və dövlət sifarişi ilə çəkilən filmlərin əksəriyyəti ölkə sərhədlərindən kənara çıxmır.

Ancaq Azərbaycanda da nəyin bahasına olur-olsun, qaydalara tabe olmaq istəməyən, çox kiçik büdcə ilə olsa da, öz kinosunu yaratmağa və beynəlxalq arenaya çıxartmağa çalışan müəlliflər var. Onlardan biri də prodüser və rejissor Teymur Hacıyevdi.

Kinoda fəaliyyətinə prodüser kimi başlayan və hələlik qısametrajlı filmlərə üstünlük verən T. Hacıyevin prodüseri olduğu “Ayrı-ayrı” filmi (2014 cü il, rejissorlar Elmar İmanov, Engin Kundag) 2014-cü ildə Kann festivalında “Rejissorların iki həftəliyi” (bölməsində, həm rejissoru, həm də prodüseri olduğu “Yara” (2014) isə Amerikada keçirilən “Palm Spring İnternational Film Festival”-ında nümayiş olunub, “Şanxay-Bakı” qısametrajlı bədii filmi iyirmiyə yaxın beynəlxalq festivalda iştirak edib, Let'CEE Film Festivalı münsiflər heyətinin xüsusi mükafatına, Tbilisi Kinoforumunda rejissor işinə görə mükafata layiq görülüb. Rejissorun “Duz və istiot zövqə görə” adlı sonuncu qısametrajlı bədii filmi isə fevralın əvvəllərində Rotterdam Beynəlxalq Kinofestivalında nümayiş olunub.

“Şanxay-Bakı” qısametrajı bədii filmində Teymur Hacıyev, filmin həm rejissor, həm prodüser, həm də ssenari müəlliflərindən biridi (ikinci ssenarist İsmayıl İmanovdur).

Filmin süjeti Azərbaycan cəmiyyəti üçün adi hala çevrilmiş bir hadisə üzərində qurulub: kamera həvəskarı olan yeniyetmə Samir (Mir-Mövsüm Mirzəzadə) tamamilə təsadüfən (kameranı açıq qoyub otaqdan çıxır) bacısı Rozanın sevgilisiylə öpüşməsini çəkir. Yaşadığı cəmiyyətdə subay qızın yad kişi ilə hər hansı şəkildə münasibətdə olmağının necə ağır nəticələnə biləcəyini çox yaxşı anlayan Samir bacısını şantaj eləməyə başlayır.

“Şanxay-Bakı” filminin qəhrəmanları orta statistik azərbaycanlılardı.

Rasim (Rasim Cəfər) öz vətənində iş tapmayan, bir tikə çörək dalınca Rusiyaya yollanan minlərlə gəncdən biridi. Bu gənclərin həyatları Rusiya-Azərbaycan arasında keçir. Demək olar ki, əksəriyyətinin həm Rusiyada, həm də Azərbaycanda ailələri var. Rasimdə də hər şey “standartdı”. Filmin sonlarına doğru, bir telefon söhbətindən onun Moskvada da sevgilisi olduğunu öyrənəcəyik.

Roza (Roza İbadova) orta məktəbi bitirib evdə oturan, valideynlərindən asılı yaşayan, işləməyə icazəsi olmayan minlərlə savadsız gənc qızlardan biridi. Onun yaşadığı cəmiyyətdə subay qızın ərə getməmiş kiminləsə münasibət qurması, bakirəliyini itirməsi bir yana, hətta öpüşməsi belə namussuzluq sayılır və faciə ilə nəticələnə bilər. Onun yaşadığı cəmiyyətdə qadınlar yalnız ərə gedib uşaq doğandan sonra tamhüquqlu insan statusu qazanırlar. Ona görə də Roza üçün ailə əsarətindən, ata yumruğundan qurtulmağın yeganə yolu ərə getməkdi.

Bütün filmboyu Roza məhkum olduğu taleyə bircə dəfə üsyan edir – o da Şanxaydan çıxanda. Dümdüz, hamar yollarda, hündür binaların arasında olanda. Ancaq bu üsyan ötəri qığılcım xarakteri daşıyır və Şanxaya qayıdan kimi sönür. Çünki o hamar yollar, hündür binalar, təmiz şəhər illüziyadı. Ora turistlər - başqaları üçün nəzərdə tutulan Bakıdı. Gerçəklik – Şanxaydadı. Şanxay Bakının astar üzüdü.

Filmdə hadisələrin cərəyan elədiyi Şanxay məhəlləsi bir müddət əvvələ qədər müəllif fantaziyasının məhsulu yox, real məkan idi. O, bütün dünyaya neft və miyonlar səltənəti kimi təqdim olunan Bakının göbəyində, hündür göydələnlərin arasında yerləşən yoxsullar məhəlləsiydi. Məhləyə icazəsiz, pərakəndə halda, az qala, bir-birinin içində tikilmiş evlərinə, daxmalarına görə Şanxay adı verilmişdi. Məhlənin içindən, evlərin düz kandarına yaxın dəmir yolu keçirdi. Və bu məhəllə öz koloritli sakinləri, bir-iki kilometr aralıdakı şəhərlə kontrast yaratmasıyla Bakıya gələn turistlərin, beynəlxalq media orqanlarının, rejissorların diqqətini daha çox çəkirdi, nəinki məşhur Alov qüllələri. Yəqin, elə buna görə də yox edildi.

Teymur Hacıyev öz qəhrəmanlarını Bakının bu məşhur məhəlləsinə yerləşdirməklə və təhkiyə üsulu olaraq reportaj tərzini, qırıq, “çirkli” montajı seçməklə hadisələri adi məşiət problemi çərçivəsindən çıxardıb, ölkədə baş verən sosial-ictimai problemlərlə paralelləşdirərək qloballaşdırıb.

“Şanxay-Bakı” filminin bir qəhrəmanı da var- kamera. Operator Kirill Qerranın kamerası cəmiyyətin gözü rolunu oynayır. Bu göz hər yerdə qəhrəmanları izləyir – toyda, Samirin əlindəki həvəskar kamera kimi evdə, parkda - polisin müşahidə kameraları, avtomobildə - təhlükəsizlik kamerası və s... (Filmin çəkilişlərində fərqli kameralardan - Blackmagic pocket cinema camera, Panasonic GH4, GoPro 4, iPhone 5s, RED Scarlett, Canon Mark III – istifadə olunub).

Qəhrəmanlar hər yerdə total nəzarət altındadı. Rasimlə Roza evlənməyə qərar verəndə - cəmiyyətin qaydalarına boyun əyərək – Samirin kamerasını söndürürlər. Ancaq o, toyda yenidən peyda olur. Bu nəzarət artıq onların həyatının bir parçasıdı və onun varlığı ilə barışıblar. O qədər ki, artıq həyatlarını onun üçün yaşayırlar – başqaları üçün və “başqaları nə deyər” prinsipi ilə. /azlogos.az/

# 5968 dəfə oxunub

Oxşar xəbərlər

"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

15:00 10 aprel 2026
50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər