Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə
13 aprel 2024
# 10:00

Kulis.az Zahid Sarıtorpağın "Qaranquş səsli sevgili" adlı povestinin dördüncü hissəsini təqdim edir.

Üçüncü hissə burada

Səhər-səhər Kubinkadakı qutabxanada çay içə-içə düşünürdü: “nə yaxşı ki, taksavatlığa başlamışam. Heç kimdən asılı deyiləm – ən vacibi budur. Öz əlimdir, öz başım. Az qazananda da özümündür, çox qazananda da. Yoxsa, mühafizəçi iş yoldaşın səninlə bir cür davranır, müdir sənə qaranquş yuvası uçurtmağı əmr edir, nə bilim, mühasib qaş-qabağını elə tökür ki, elə bil dədəsinə borclusan. Şükür qurtuldum onlardan. Azadlıq gözəl şeydir! Bəs Pəri? Off! Pəri! Gəlirəm! Vallah, indicə durub gələcəm! Ağına-bozuna baxan deyiləm!..”

Pərinin xoşladığı ayın-oyunlardan alıb iki salafan kisəni ağzınacan doldurdu və yola düzəldi. Amma yenə qəfildən ayılan kimi oldu: “Bəs görüşmək istədiyimi orada necə bildirəcəm? Cikkildəyəcəm?” Sonra da həmişəki kimi ağlından keçdi ki, “cəhənnəmə, nə olacaq olacaq!..”

Mühafizəçiyə laldili nə istədiyini başa saldı. “Kimdir?”– soruşdu. Pərinin adını telefona yazıb göstərdi. “Nəyisən?” – dedi. Özünü itirməyib: “Yoldaşıyam!” – yazdı dərhal. Bir azdan dəqiq cavab verəcəyini söylədi. Görüşə gələnlər çox deyildi. On beş qədiqədən sonra, nəfəslikdən başını çıxartdı, onu içəri çağırıb bir otağa saldı, “burda gözlə, indi gəlir” – dedi, ürəyi şiddətlə döyünməyə başladı. Gicgahlarında dəhşətli bir gubbultu vardı, ruhu özündə deyildi. O, içəri girincə özündən ixtiyarsız var gücüylə: “Pəə-riii!!!” – bağırdı. Elə bağırdı, elə bağırdı, mühafizəçi cəld qapını açıb heyrətlə üzünə baxdı. Onları qucaqlaşmış görüb tez də qapını örtdü. Necə bağırmışdısa, əməlli-başlı dili açılmışdı! Açılmışdı dili! Pərini görüb ona sarılmaq sevinci bir yandan, bir yandan da dilinin belə qəfil açılması ağlını almışdı başından... “Pəri... Pəri...” – deyə-deyə qalmışdı. Pəriylə görüşdüyünü anlayırdı, amma dilinin açılmasına hələ də inana bilmirdi...

Pəridə dəlilikdən əsər-əlamət yox idi. Yanaşı oturub xeyli dərdləşdilər. Başlarına gələnləri bir-birlərinə danışdılar. Pəri onu buraya dayısının saldırdığını dedi. Simran şar məsələsilə bağlı heç nə soruşmadı. Özü üstüörtülü bəzi şeylər danışdı.

– Hə, Sanço, danmıram, o işi tutanda, dərddən başıma yüngülcə hava gəlmişdi deyəsən. Şarı qarnıma bağlayıb boylu olduğumu uydurmuşdum... Sənə qovuşmaqdan ötrü çıxış yolu axtarırdım, neyləyəydim? Belə bir iş tutduğumdan dayım rüsvay olurdu guya. Pul basıb məni dəlixanaya saldırdı. Çıxart məni burdan, sənə qurban, Sanço, acıqlar acığına, çıxart...

– Tezliklə... Tezliklə, Pəri. Səbirli ol. Var gücümlə çalışacam. Qurtaracam səni burdan.

O, yenə Simranın boynuna sarıldı. Doğma qoxudan onun içində nələr dirildi, ilahi, nələr...

Belə məqamlarla üzləşənlər yəqin bu cür fikirləşir: kaş içindəkiləri çəkib göstərən elə bir şey ixtira ediləydi ki, yeri gələndə, yaşantılarını köçürüb ortalığa qoymaq və “di gəlin, baxın, görün nələr yaşayıram, nələr!..” demək mümkün olaydı.

2.

Aradan çox keçmədi, Simran bir gün Salehlə görüşüb, bütün başına gələnləri açıb-tökdü, eyni zamanda, bir dost kimi ondan imdad dilədi. O, xeyli təsirləndi. Sonra da səhiyyə nazirliyindəki bəzi adamlarla atasının yaxşı əlaqələri olduğunu dedi. Onların köməkliyilə Pərini oradan çıxarmağın mümkünlüyünü söyləyəndə, Simran elə bildi ki, dünyanı ona bağışladılar.

– Amma sən hələ heç kimə heç nə demə. Özüm atamla danışacam, görüm nə deyir.

– Yaxşı, Saleh. Ümidim sənədir. Gör neynirsən...

Ondan ayrılandan sonra, qayıdıb həyətdə xeyli gəzişdi. Fikirləşib-fikirləşib, dərindən bir ah da çəkdi. Dərhal da qaranquşlar civildəşdi, içinə işıq doldu, elə bil. “Salam olsun, gözəllərim, salam olsun sizlərə” – pıçıldadı, quşların cikkiltisi bir daha aləmi götürdü başına.

Uzun müddət Salehdən bir xəbər çıxmadı. Simran canını dişinə tutub gözləyirdi, vaxtınsa ayağına daş bağlamışdılar elə bil, – keçmirdi ki, keçmirdi.

O, həmişə deyirdi ki, ürəyi böyüklük ayrı şeydir. Saleh həqiqətən də ürəyi böyük oğlan idi. Günlərin birində zəng vurub təcili Pərinin soyadını, atasının adını soruşdu. Simran elə bildi, ona ilahi bir dildə diqtə elədilər ki, “sənə bir cüt qanad verildi, uça bilərsən...”

Ardınca da Saleh:

– Fikir eləmə, Simran, tezliklə o iş düzələcək, – deyəndə elə bildi, artıq uçur, qonacağı budaq güzgüdəki əksi qədər yaxınlıqdadır...

Maşını saxlayıb alnını sükana söykədi. Uzun müddət beləcə qaldı. Həm kövrəldi, həm də içini dəhşətli hisslər bürüdü. Elə bil, ömrü bir yuxuya, bir qarabasmaya bənzəyirdi – gah elə olurdu, gah belə, baş aça bilmirdi. İçi həm ümidlə dolu, həm də təzadlı bir çırpıntıdaydı: “Doğrudanmı, indi xoşbəxt olacam? Doğrudanmı, Pəri ömrümə rəng qatıb gözəlləşdirəcək? Yəni, o da xoşbəxt olacaq, mən də? Mümkündümü? Bəs o rəng nə rəngidir elə?.. Yaxşı, bəs anam? Bəs Həsənağa? Bəs el-oba? Lənət sənə kor şeytan! Yenə dünyam daralır deyəsən, daralır dünyam... Məni danlayanda, axırda kövrəlib: “sən doğulanda, elə bilirdim şahzadəyəm... amma indi... indi sənin ucbatından hər şeyi yağmalanmış uçuq bir imarətin içində şahzadə-zad yox ee, yetim bir nökərçə kimiyəm...” – deyərdi atam. Hə, bəs atamın ruhu? Bəs mənim ucbatımdan ömrü-günü çürüməkdə olan biçarə anam? Yox, Pəri, yox, ya sən, ya ölüm – ikisindən biri olmalıdır! Uzun müddət qaranquşa dönüb cikkildədim, təzədən nəsə olsa, bu dəfə qarğa kimi qarıldayacam! Yox!!! Ayrı yolum yoxdur! Yazım budur! Budur alın yazım! Başıma güllə də çaxsalar, səndən əl çəkən deyiləm!”

Yaxşı ki, bir müştəri yaxınlaşdı və o, fikirdən ayıldı.

O gün evə tez qayıtdı.

Qaranquş balaları yuvada sarıca dimdiklərini qapayaraq, cərgələmə oturub bir-birinə qısılmışdı. Bircə ağız: “Salam...” – dedi, cikkiltiləri aləmi bürüdü. Onların səsindən elə bil ürəyinə su çilənirdi... Atası demişkən, “Allahın möcüzələri bitib-tükənməzdir. Görənə, duyana minnət...”

O gün gecəni səhərəcən yatmadı, çünki Pəri ilə “söz-söhbəti”, “sorğu-sualı” sabahacan çəkdi.

Çarpayısı təkadamlıq, darısqal olsa da elə bilirdi o, böyrünə qısılıb, özü kimi gözlərini dikib tavana.

“– Hə, deməli, belə... deməli, belə... Deməli, biz qovuşuruq, Pəri... ”

“– Hə, Sanço, hə...”

“– Gör biz hardan gəlib, hara çıxdıq... Heç inanardın?”

“– Yox, inanmazdım... Ancaq hərdənbir ağlıma gəlirdi ki, haçansa mütləq tapışacağıq...”

“– Sən məni sındırdın, Pəri, o şar məsələsində. Gərək, etməyəydin...”

“– Offf, Sanço, Offf!.. Sussan yaxşıdı...”

“– Hə, gərək etməyəydin o rüsvayçılığı...”

“– Offf... Ağlım olmadı, neynim... Amma qoy bir şey soruşum. Düzünü de, axır nəfəsiməcən məni atmayacaqsan ki?”

“– Dəlisən, Pəri? Bu nə sualdı?”

“ – Yox, dəli deyiləm... dəli deyiləm, vallah... Sadəcə, ürəyimə gəlir, ona görə soruşuram...”

“– Deməli, sən hələ də Sançonu yaxşı tanımırsan...”

“– Sənə qurban olum... ”

“– ...”

“– Bilirəm, ürəyin dağ boydadı...”

“–...”

“– Biz xoşbəxt olacağıq, Sanço, biz xoşbəxt olacağıq... Noolsun yaşımız fərqlidi. Ürəyimiz birdi. Hələ... hələ bilmək olmaz... bir də gördün bəbəşimiz də gəldi dünyaya... Şar yox ee, əsl bəbəş... İnanıram... inanıram o günə, vallah...”

“– Elə mən də... İstəyirəm... lap çox istəyirəm ata olmağı. Bəlkə, anam da, qardaşım da yumşalar onda... O körpənin xatirinə yumşalarlar mənə qarşı...”

“– Hə... bizim qaranquş balamızın xatirinə...”

“– Bəs niyə qaranquş?!.. Qaranquş niyə? Onu hardan tapıb çıxartdın? O hardan gəldi ağlına?”

“– Qaranquş yazın müjdəçisidi, o da bizim xoşbəxtliyimizin xəbərgətirəni olacaq...”

“– Həə... Qaranquş... müjdə... Lap o rayondakı dostum var ee, Kamil müəllim, yazıçı, ədəbiyyatçı... sən lap onun kimi danışdın, lap onun kimi anlatdın... Yaxşı ki, anlatdın. Ağlım çaşmışdı yoxsa... başım çönmüşdü durduğum yerdə...”

“– Niyə?”

“– Soruşma! Soruşma!.. Həə... Niyəsini demərəm! Başıma güllə də vursalar, demərəm!..”

“– Yaxşı, qaranquşu qoyaq bir qırağa, sənin o yazıçı dostun, o qaraqabaq müəllim də dəlixanaya girsəydi nətəər olardı görən?”

“– Niyə elə danışırsan. Allah eləməsin. O qaraqabaq müəllim məni ciddi, həm də soyuqqanlı olduğuma görə çox istəyir. Özü deyib. O bir dəryadı, Pəri, dəryadı... Yəqin dükanına gəlib, görmüsən onu”.

“– Hə, tanıyıram, gəlib dükanıma. Dərya olub neyləyib axı? Sənin o dəryan dükanımdan körpəsi üçün paltar alanda yığdı məni boğaza. İyirmi saat çək-çevir elədi, axırda da getdi, iki gündən sonra gəlib bir zülümlə, minnət qoya-qoya, qiymətini öldürüb aldı...”

“– Bilmirəm... Axrıncı dəfə görüşəndə mənə bilirsən nə qədər dərs keçdi, bilirsən nə qədər şeylər anlatdı? Pəri, heç nəyi qabaqcadan görə bilməməyimi, hiss etməməyimi başa düşüb bunları dərd eləməməyi məsləhət gördü. Dedi ki, nəyisə qabaqcadan görmək, bilmək üçün bəsirət gözü deyirlər haa, o boş şeydi”.

“– Rəhmətlik atam-anam da o sözü hərdən işlədərdi, Sanço. Amma mənasını bu günəcən bilmirəm...”

“– Hə, qəliz məsələdi... Mənim də heç dərin anlayışım yoxdu. Kamil axırıncı dəfə dedi ki, bəsirət dediyin bilirsən nədir, Sanço? Dedim: nədi? Dedi ki, ən böyük bəla elə odur! Həmişə üzünə baxanda astarı görünən adamlara görə, hər kəsin təkcə özünə yazığı gəməlidir, Sanço, özünə... Güzgü sənə baxanda nə görürsə, sən də ona baxanda eyni şeyi görürsən. Daha bu uydurmalar nəyə gərəkdir? Belədə, axı niyə çaşmalıdır adam, niyə? Ətin - ət, sümüyün də sümük olmasını sübut eləməkçün mütləq gərək nəsə uydurasan? Adicə, süləy bir it olmaq da kifayət eləyər - əti yeyərsən sümük qalar, hər şey də beləcə faş olar, vəssalam...

“– İndi nə deyirsən? Başımıza nə gələcəklərini bilmək üçün dönüb süləy it olaq? Başı xarabdı sənin o dostunun... Bəlkə mən bəbəşimizi qaranquş kimi görməyimdə səhv eləyirəm, hə?”

“– Qaranquş söhbətini qurtar, Pəri, qurtar!!! Bir də o söhbətə qayıtma!.. Qarğa de, qartal de, lap elə sağsağan de, amma qaranquş adını çəkmə!!!”

“– Niyə axı, niyə?”

...Simran cavab əvəzinə hirsindən çarpayının yanındakı, üstünə paltarlarını soyunub yığdığı kətilə necə yumruq ilişdirdisə, taqqıltıyla aşdı... elə özü də bu yuxufason “dialoqdun” qəfil zərbəsindən yumbalanıb guppultuyla dəydi səhərin qucağına və ayıldı... Pərini düşündü: “görəsən, indi dəlixanada neyləyir? o da ayılıbmı?” Sonra Kamil müəllim gəldi gözü önünə. Onun son görüşdə danışdıqlarını bir-bir xatırlamağa başladı. Evlənməyini yenə məsləhət görürdü. Ancaq sevərək evlənməyini yeridirdi beyninə: “Mən ölü, sən diri, Sanço, mən ölü, sən diri... Vaxt gələcək, görəcəksən, sürdüyümüz ömürdə yaşa dolmaqdan savayı heç nə dəyişməyəcək.... Bir də sevməkdən savayı heç nə... Əsas da sevməkdir. Sevmək, sevmək, sevmək!.. Axırda da “sevmək” sözündən "sev"i çıxıb yerinə "öl"ü qoyacağıq və canımız dincələcək... Anlayacağıq ki, sevginin əzabını çəkib, axırda da ölümun şirinliyini yaşamaqdan ötrü gəlmişik bu çürük dünyaya... Qalan nə varsa, içindən ölüsü götürülmüş tabut kimi yüngül və boşdur... Unutma ki, ölmək hər şeylə mümkündür, hər şeylə, Sanço – sapand daşıyla da ölmək olar, tir tüfənginin gülləsiylə də, atom bombasıyla da... Amma sevmək təkcə ürəklə mümkündür, Sanço, təkcə ürəklə mümkündür sevmək, unutma...”

İxtiyarsız əlini ürəyinin üstünə qoydu. Çırpınırdı. “Deməli sevirəm... Sevirəm, Kamil, sevirəm... Deyəsən, lap onu dəli kimi sevirəm...”

Həyat onun üçün, daha doğrusu, o, həyat üçün sapand daşıydı – hara tullasaydı, ora da düşüb qalasıydı. Heç kim də onunla maraqlanmayacaqdı. Yer üzü doludu sapand daşıyla, daha doğrusu sapanda yarayası daşla. Guya hamısını atırlar? Yox!

Bu fikirlərə qapılıb, beyni dumanlı-dumanlı, öz içində “var-gəl” edirdi. Bir şeyə görə xoşbəxt idi ki, kənar diqtə yoxuydu. Öz əli, öz başı, bir də öz dünyası idi. Daha doğrusu, öz şüuru, öz ürəyi və... və... öz sevgisi! Hə, bu sözü qorxmadan ürəyindən, beynindən, ruhundan keçirirdi: Sevgi! – vəssalam.

Qutabxananın ofisiantı gözünü onun üzünə zilləyib durmuşdu.

– Qərdeş, nəsə olub?

Başını yellədi ki, “yox”.

– Nə bilim, nəsə gözümə alayı cür dəydin ee...

Onda bildi ki, gecə sabahacan Pəri ilə etdiyi “söhbətin” əlamətləri üzünə yansıyıb.

O gün beş-on manat pul qazanandan sonra evə qayıtdı, başnı atıb elə yatdı ki, gözünü açanda artıq günəş batmaq üzrəydi.

Vaxt keçirdi. Simran axır günlər Pərinin qurtulmağı üçün Salehin başını xarab eləmişdi.

Bir gün Saleh zəng elədi:

– Gəl görüşək.

Simran:

– Bu saat, – dedi.

Həyəcandan yolda az qala qəza törədəcəkdi, Allah saxladı. Nə isə...

Salehin atası işi düzüb-qoşmuşdu.

...Həmin gün hiss elədi ki, qaranquşların da səsi tamam başqa cür dəyir qulağna...

* * *

Gerçəkdən də o, nə özünü dünyanın ən pak insanı sayırdı, nə də gördüklərini, duyduqlarını və yaşadıqlarını fövqəladə bir şey...

Təbii ki, Kamil can-ciyəri demişkən, “insan fərd olaraq o qədər özəl bir varlıqdır ki, adtığı addımı çaldığı qanada bənzətmək olar, çaldığı qanadı da atdığı addıma. Ancaq başdankütlər bunu heç vaxt ayırd edə bilməz. Çünki dənizin səsi hikkəsini heç vaxt ört-basdır etməyə qadir olmur. Yəni, özünü həlak eləməyə dəyməz, adamın kimliyi ağzını açanda bəlli olur”. Bir sözlə, Simranın əziz dostu demişkən: “xoruzun pipiyi mişar dişinə bənzəsə də heç vaxt kəsmir, çünki yup-yumuşaq olur”, vəssalam...

...Simran Salehin atasının üzünü də görmədi. Amma səsinin cod olduğunu duydu. Çünki kəsərli idi. Bir günün içində Pərinin bütün sənədlərini düzəldib azadlığa buraxdılar...

Narınc nənənin yanına Salehlə getdilər. O, başa saldı ki, guya bu adamlar vaxtilə evli olub. Sadəcə, övladları olmadığına görə ayrılıblar. Amma bir-birini istədiklərinə görə bu vəziyyətə düşüblər. Narınc nənə evində qalmaqlarına etiraz etmədi. Əksinə sevindiyini bildirdi. Elə bil nəsə tapmışdı, bu hekayəti dinləyən nənə qəribə bir görkəm almışdı. Simran yayda ayağına konki geyən, quru torpaqda yüyürüb sürüşmək istəyən balaca uşaqlar kimi bir duruma düşmüşdü – ha çırpınıb-çabalasa da heç nə alınmırdı, yıxılırdı. İndi isə, baxt üzünə gülmüşdü deyəsən...

Birinci gecəni Pərilə necə keçirdiyi öz yerində.... Səhərisi yüz ilin kişisi kimi çörək qazanmağa getmək üçün ayağa durdu, çayını, çörəyini hazır görüncə ürəyi dağa döndü, kövrəlmiş kimi oldu. “Hə, bax, budur qadın deyilən şey...” – düşündü. Kandarda bir də onu öpdü və maşını işə salmaqdan ötrü həyətə endi. Qaranquşlar civildəşdi, Pəri gülümsündü, Simranın içi işıqla doldu...

Telefonuna zəng gələndə, elə bildi kosmosdan yer kürəsinə indicə enib. Müştərilərindən biriydi, onu sehirli aləmindən qopardı:

– Gəl, məni Alatavaya apar...

– Gəldim.

Son günlər artıq bu üçüncü müştərisi idi ki, Alatavada eyni ünvana gedirdi. Nəsə, orta yaşlı, kifayət qədər salxarlı görünən müştərisini aparanda özünü saxlaya bilməyib soruşdu:

– Orada nə yerləşir? İdarə? Ya başqa şey?

Müştəri boyuna-buxununa yaraşmayan bir şitliklə, lap bir uşaqcasına:

– Hi-hi-hi-hi... – eləyib güldü. – Orda baxıcı yaşayır, – dedi. – Çinli... Adı Bao-zhidir. Qiyamətdi ee, qiyamət! Bilmədiyi şey yoxdu... Əlini adamın bağrının başına qoyanda, bağırsağında da nələr var bilir, qarnının üstə qoysa, ürəyindəkiləri sadalayır... Əlini alınına yapışdırıb – dünənində olanları, peysərinə qoyub – sabahındakıları bircə-bircə deyir. Hamısı da düppədüz...

Maraq Simranı bürüdü. Adətən belə şeylərə bir az inamsız idi, ancaq eşitdiklərinə də biganə qalmağa bəzən gücü çatmırdı. Nə isə...

Müştərini həmin ünvana aparıb düşürtdü, o gözləməyi xahiş elədi. Amma darvazadan içəri girməsilə qayıtmağı bir oldu, pulunu ödəyib:

– Sən get, – dedi. – Adam çoxdur. Bao-zhi bu gün qan eləyir.

Oradan yenicə aralanmışdı ki, filoloq Sahildən Vatsapına mesaj gəldi. O da yazdı ki, bəs “dilim açılıb, danışa bilərik”. Maşını saxlayıb xeyli dərdləşdi. Onunla əlaqə quranda həmişə yüngülləşir, deyə bu dəfə də söhbəti uzatdı, özü də yazışma yoluyla deyil, canlı danışıqla. Filoloq çox sevindi. Son vaxtlar başına gələnləri də bildirdi, dostu məmnun qaldı, çoxlu xeyir-dualar verib, alxışlar yağdırdı ünvanına. Axırda da bildirdi ki, “Simran, sabah bizə gəlsəydin, yaxşı olardı”. O da: “İmkan daxilində mütləq” – söylədi.

Həmin gün anasıyla zəngləşib hal-əhval tutdu. O, övladının taksi sürdüyünü bilmirdi. Elə bilirdi yenə mühasib işləyir. Xeyli söhbətləşdilər. Nədənsə, evlənmək barədə bir kəlmə də demədi. Deyəsən Həsənağa o məsələni bir də ağartmamağı başa salmışdı. Ancaq axırda bir onu dedi ki, “deyirlər Pəri dəlixanadan çıxıb, özünü gözlə haa...” Simran susub heç nə demədi, sağollaşdı. Əhvalı bir qədər dəyişdi. Axşam evə qayıdanda Pəridən psixatriyadan çıxması barədə rayonda kimə xəbər çatdırdığını soruşdu, o da: “heç kimə” – dedi. Simran: “Artıq rayonda bilirlər” – söylədi. Pəri də: “Pah atonnan, yerin də qulağı varmış...” – deyib başını yırğaladı.

...Həyətin qaranquşları uçub getmişdi. Yuva açıla qalmış ovuc kimi bomboş idi... Simran öz-özünə: “Salam olsun!” pıçıldadı, amma yenə də qulağına cikkilti səsi gəldi, özü də necə lazımdı. Yenə bədəni gizildədi...

Narınc nənə Pəri ilə kandarın yanındakı balaca skamyada oturub söhbət edirdi. Simranın gəldiyini görüncə xudahafizləşib getdi. Gedərəkdə onunla da görüşüb hal-əhval tutdu. Simran: “Şükür, dolanırıq”, – dedi. O isə gülümsündü: “Hər şey yaxşı olacaq”.

Pəri Narınc nənəni ötürüb evə qayıdan kimi sevgilisinin boynuna sarıldı, sevindiyindən uçurdu.

– Noolub?

– Narınc nənə dedi ki, dərdimin əlacı var. Müalicə alsam, uşağım olacaq.

Biçarə Simran bircə anlığa gözləri önünə qucağı körpəli Pərini gətirdi. Fikirləşdi ki, bu dəqiqə dünyada ondan məsum ikinci bir varlıq ola bilməz...

* * *

– Heç nə ölüm qədər yaxınlıqda deyil, dostum, heç nə... Özün də bilmirsən, düz bir ömür əlin onun ovcunda necə titrəyir. O qədər öyrəşirsən ki, onunla canbirqəlbdə olursan. Ondan ayrı yaşamaq ağlının ucundan keçmir heç. Təkcə adı gələndə diksinirsən... Hə, diksinirsən, həm də bilmirsən niyə... Bu doğmalıq buz kimi soyuq olsa da isti-isti yaşadıqlarının fövqündə durur həmişə. Unutma ki, güləndə də ölür adam, ağlayanda da, amma xəbəri olmur...

O axşam Simranı evlərinə qonaq çağıran filoloq Sahil müəllim bu sözləri üçüncü badəni içəndən sonra qəribə bir tərzdə gülümsəyə-gülümsəyə, onun üzünə qarşı pıçıldadı. Bir qədər nəfəsini dərdi, bu dəfə başqa bir tərzdə aşağıdakı sözləri yeritdi canına:

Sən ha de ki, "dünya, dağıl!" Sən ha de ki, "dünya, boğul!" Bundan ötrü nə başda ağıl, nə yaddaşda nağıl, nə də cibdə noğul olmasına ehtiyac yoxdu. Yaşamaq lazımdı sadəcə, dostum, yaşamaq. Hər şeyə dözmək üçün, sadəcə, oğul olmalısan, oğul!..

Yaxşı ki, sükanda olduğuna görə o axşam içmədi. Səhərisi Sahil müəllim ona yenidən zəng vurub axşam xətrinə dəyib-dəymədiyini soruşdu, dediklərini xatırlamadığını, qəlbinə toxunan sözlər deyibsə, dönə-dönə üzr istədiyini bildirdi. Ardınca da xoş bir xəbər verdi:

– Simran, sənin üçün iş yeri düzəldəcəyəm. Qardaşım oğlu yeni şirkət açır, demişəm mühasib səni götürsün. Taksavatlığa son qoyarsan birdəfəlik.

Simrana bu təklif bir az inandırıcı gəlmədi:

– Hər şey qaydasındadır, narahat olmayın, – dedi.

Simranın fikri-zikri Pərinin müalicəsi üçün necə pul qazanacağında ilişib qalmışdı. Neyləyəcək, necə eləyəcəK? – bilmirdi...

Əslində, taksavatlıq nə qədər çətin və bel bağlayası bir iş olmasa da dolanışığıqları pis deyildi. Əziyyətli də olsa, gündəlik çörəkpulunu qazanırdı. Üstəlik arxaya da qəpik-quruş atırdı. Çünki pula ehtiyacı vardı, maşını köhnəydi, tez-tez təmir etdirirdi. Belə götürəndə, Simran heç vaxt “dünya, dağıl!”, “dünya, boğul!” demirdi, bu gününə şükür eləyirdi.

Heç onu, necə deyərlər, dövrün, günün “güllü tumanı” da maraqlandırıb özünə çəkmirdi, yəni hər gün ixtiyarsız içindən keçib adladığı əlli cür yüngül yaşam tərzinə də biganəydi.

Ancaq çox qəribədir, həm Pəri gələndən, həm də dili açılandan sonra anasından ötrü burnunun ucu göynəyirdi, ondan ötrü dəli-divanəyid...

Getdi. Özü də necə! Heç kimə demədən, heç kəsə bildirmədən...

Ardı var...

# 2242 dəfə oxunub

Oxşar xəbərlər

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
# # #