Odlanarsan, qurban olum, uzaqda dur, yaxşımı? - Səbinə Xasıyevanın şeirləri

Odlanarsan, qurban olum, uzaqda dur, yaxşımı? - Səbinə Xasıyevanın şeirləri
7 mart 2026
# 15:00

Kulis.az Səbinə Xasıyevanın şeirlərini təqdim edir.

Kağız


​Köhnə pencəyimin cırıq cibində ,
İllərdir yuxuya dalıb bu kağız.
Bir küncü qatlanıb, rəngi saralıb,
Mənim tək kimsəsiz qalıb bu kağız.

​Üstündə bir ünvan, bir neçə rəqəm,
Bəlkə bir ümiddir, bəlkə bir vida.
O vaxt bu sözləri yazan əllərim,
İndi bədənimdə çevrilib yada .

​Nə qədər küçələr, şəhərlər keçib,
Bu kağız bir gizli sirr kimi gəlib.
Gənclik illərimin həsrətidir bu,
Kədərdən bükülüb, dərddən köhnəlib.

Əlim də gəlmədi uzadam sənə,
Deyəm ki bu məktub sənindir, buyur
İllərdir cavabsız qalan sözlərin,
Nəfəsi kəsilir, dili quruyur...

​Bir parça kağıza bükülüb ömrüm ,
Titrəyir kağızın buz qucağında .
Gör neçə "mən" ölüb bu illər boyu,
Bir pencək cibinin künc-bucağında...


Naməlum "x"

Sən bir aksiomdun ömrümdə mənim,
Tərəddüd etmədim, şübhə duymadım.
Sonradan çevrildin sərt teoremə ,
Sübutsuz heç nəyə sanki uymadın...

Yüksəltdim mən eşqi sonsuz mislinə,
Nədənsə sən elə yerində durdun .
Bir-bir topladığım ümidlərimi,
Elə getdiyin gün sıfıra vurdun...

Bölündük, bölündük bəlkə min yerə,
Bölünən mən idim, bölən sən idin.
Qismətdə can çəkən o qalıqları,
Harda basdırmısan görəsən indi?

Həyat funksiyamı nədən dəyişdin?
Qəlbimdə yer edən naməlum "x"!...
Arqument olaraq nədir cavabın ,
Sonumuz nə oldu, sadəcə eks?...

Soldan da, sağdan da ümidi kəsdim
Bərabər olmadı eh, kənar hədlər.
Biz indi səninlə sonsuza qədər,
Eyni müstəvidə paralel xətlər...


Üzgəc

Neçə ağır burulğana düşmüşəm,
Yazıq ürək sütunundan titrəyib.
Xəyallarım, ümidlərim, dağılıb
Topla-topla bitməyib ki bitməyib...

Fırtınalar qamarlayıb ömrümü
Qaranlığa qərq olub e bu ürək .
Həsrətini üfürmüşəm səmaya ,
Yeri-göyü dağıdacaq bu külək.

Ağlayıram için-için bu gecə,
Gur damlalar ürəyini döyəcək .
Xatırlasan bu sevdalı adamı,
Salamımı qulağına deyəcək...

Həyatdır da sevinci nə, qəmi nə
Qarışmısan gözlərimin nəminə,
Bu dənizdə batacağıq, əminəm !
Kirpiklərim üzgəcindir, yaxşımı?


Bietibar olur

Mənim xərabə qəlb evim səninlə bərqərar olur.
Cəfayə qərq olan könül səninlə bəxtiyar olur.

Gəlir xəyalın hər gecə qonur bu qəmli gözlərə,
Yuxumda parlayan günəş səninlə zər-nigar olur.

​Gələn gəlir, gedən gedir, bu dövranın ədasıdır,
Gedənlərin kədərləri ürəkdə yadigar olur.

Səninlə parlayan gözüm, sən olmayanda yaş tökür,
Səbəb soruşma, yox cavab, olan bi-ixtiyar olur.

Səbinə, hər gözəlliyin sonunda ayrılıq olur,
Qalan kədərlə can çəkir, gedən bietibar olur...


Yaxşımı?..

Gecə-gündüz kirimir ki, ruhumdakı ağrılar ,
Taleyimdə bilirsənmi neçə qanlı sarğı var ,
Bu adamın iztirabdan alovlanan bağrı var!
Odlanarsan, qurban olum, uzaqda dur, yaxşımı?

Gözlərimdə kədər rəsmi, qəm yeməkdən doymuşam,
Öz adımı bu sevdanın qurbanlığı qoymuşam,
Sevinc adlı bir libası mən əynimdən soymuşam,
Sən özünə xoşbəxtlikdən imarət qur, yaxşımı?

Qış yaraşmır, buz yaraşmır gül çiçəkli taxtına,
İstəmirəm zərrə qədər kölgə düşə baxtına,
Heyif düşdün taleyimin ən nataraz vaxtına,
Nəfəs kəsən zülmətimə get, olma nur, yaxşımı?


Darıxmaq

Darıxmaq -
Nyutonun cazibə qanununa edilən ən böyük etirazdır.
Cisimlər bir-birini kütlələri qədər cəzb etməliydi axı...
Bəs niyə sənin "yoxluğun",
Bütün planetlərin "varlığından" daha ağır gəlir ruhuma?
Bu, fizikanın iflasıdır, əzizim...
Maddənin antimaddəyə məğlubiyyəti,
Və boşluğun ən yüksək sıxlığa çatmasıdır.
​Bax, neyronlarımda sinaptik əlaqələr qırılır,
Yaddaşımın arxivi sən adlı virusa yoluxub sanki.

Darıxmaq -
Bioloji bir ritm pozğunluğudur;
Ürəyin sistolası ilə diastolası arasına girən,
O sonsuz sükut müddətidir.
Oksigenin ciyərlərə deyil,
Birbaşa xatirələrə diffuziya etməsidir.
Zaman?
O, artıq xətti axmır mənim üçün.
Eynşteyn haqlıydı, zaman nisbidir...
Sənsizlikdə saniyələr elə genişlənir ki,
Hər an bir əsr qədər uzanır,
Və mən o zamanın içində "statik" bir nöqtəyə çevrilirəm.
Bu, termodinamikanın entrpiyasıdır —
Sən yoxsan deyə, kainatım nizamsızlığa sürüyür məni.

Darıxmaq —
Asanlıqla həlli tapılmayan transsendent tənlikdir.
Bütün məlumları, sabitləri yerinə qoysan da,
Cavab həmişə eyni çıxır: "Sonsuzluq"..

# 2057 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər