Nizaminin "Xəmsə"sində Novruz bayramının izləri

Nizami Gəncəvi

Nizami Gəncəvi

24 mart 2023
# 12:00

Kulis.az Vüsal Hicranın "Nizaminin "Xəmsə"sində Novruz bayramının izləri" adlı yazısını təqdim edir.

Nizami Gəncəvi yaradıcılığının fikir və ideya qaynaqlarını araşdıran tədqiqatçılar şairin müxtəlif, tarixi, elmi mənbələrə müraciət etdiyini, Azərbaycan folklorundan yetərincə qaynaqlandığını qeyd etmişlər. Eləcə də “Xəmsə” və ”Avesta” arasında oxşar süjetlərin, ortaq ideya və qənaətlərin varlığına dair kifayət qədər qiymətli araşdırmalar aparılıb. Ümumbəşəri sənətkar təsvir etdiyi xalqları, tayfa və qövmləri, müxtəlif təbəqəyə və zamanlara aid obrazları ümumiləşdirərkən onların məişət, əxlaq, yaşam qaydalarını da ustalıqla təqdim edir.

”İskəndərnamə” poemasının birinci hissəsi “Şərəfnamə”də “novruz” adından iki məqamda istifadə olunur:

Birinci: şair “İskəndərin Nüşabə ilə məclisdə oturması” bölümündə bu bayramın adını təntənə, fəxr və qürür hissi ilə çəkir və sanki doğma vətəni Azərbaycanın ayrılmaz parçası olan Bərdədə Novruz şənliyinə bərabər bir unudulmaz, yaddaqalan, ömrə yazılmağa layiq gün haqqında danışır. Milli kimliyinə hər zaman ehtiramla yanaşan böyük Azərbaycan şairi Nizami İskəndərin Nüşabə ilə görüşünə qəlbən sevinir və bu sevinc hissini qiymətli sətirlərə çevirir:

Firidun şənliyi, Cəmin novruzu,
Üzlərdən silmişdi kədəri, tozu.


Bu yanaşma Nizaminin digər əsərlərində də nəzərə çarpır:

“Sirlər xəzinəsi”ndə oxuyuruq:

Koca an ədl o an ensafsazi,
Ke ba fərzənd əz inan rəft bazi.
Cəhan ze atəşpərəsti şod çenan gərm
Ke bad əz in mosəlmani tora şərm.


(Hanı o ədalət və o insaflı rəftar
Ki, bunlar öz oğlu ilə o cür davrana.
Cahan atəşpərəstlikdən o cür isindi
Ki, səni bu müsəlmanlıq qoy utandırsın).

Yaxud “Yeddi gözəl” poemasında şair yazır:


Dirin name ra ço zənd-e məcus,
Celve zan dadeəm be həft ərus.

(Məcus Zəndi kimi qədim dastanı
Yeddi gəlinlə cilvələndirmişəm.)

İkinci: “İskəndərin İran atəşkədələrini dağıtması” bölümündə isə şairin başqa bir münasibəti ortaya qoyur. Zərdüştilikdən kifayət qədər qaynaqlanan, bütün poemalarında sevimli qəhrəmanlarını “zənd”, ”cəmşid”, ”atəşpərəst” kimi ifadələrlə oxşayan, hətta bəzən “ atəşpərəsti” nümunə göstərən sənətkar bu bölümdə tamamilə ayrı bir mövqedən çıxış edərək iran atəşpərəstlərini nifrət və qəzəblə qarşılayır. Şair “novruz” sözündən xoşa gəlməycək bir tərzdə və məkanda istifadə edir. Burada “İranlılar” dediyi xalqın Novruz və Səddə bayramlarında yüngül əxlaq və həyat qanunlarını, daha doğrusu qanunsuzluqlarını kəskin şəkildə tənqid edir.

Görəsən, Azərbaycan şairi Nizami niyə məhz “İranlılar” dediyi qövmün inancını, qədim bayramını ələ salırdı? Özü də burada bayramın qeyd olunduğu yer məlumdur. Şair bu mənəviyyata ləkə saydığı qanunlar dünyasını İskəndərin əli İlə yıxandan dərhal sonra qəhrəmanını oradan uzaqlaşdırır və ağıllı nədimlərin tədbiri ilə Azərbaycana gətirir. Burada isə sadəcə müxtəlif yerlərdə gördüyü atəşləri söndürərək İsfahana gedir:

وز آنجا به تدبیر آزادگان
درآمد سوی آذر آبادگان


(Vəz anca be tədbir azadqan
Dər aməd suyi AZƏRABADQAN)
Aqillər məsləhət gördülər ona,
Oradan tərpənsin Azərbaycana.

Həmin bölümün başlanğıcında oxuyuruq:


سپندی بیار ای جهان‌دیده پیر
بر آتش فشان در شبستان میر


(Ey dünyagörmüş qoca,
Əmirin yataq otağındakı atəşə sən…)
(Şərəfnamədən təhlilə cəlb dilən nümunələrin filoloji tərcüməsi, prof. Qəzənfər Əliyevə, bədii tərcüməsi isə Abdulla Şaiqə məxsusdur).

Bədii tərcümə:
Şahanə məclisdə ey sınaqlı pir,
Odda yandırmağa üzərlik gətir.


Maraqlıdır ki, atəşkədələrin dağıdıllmasına, atəşin sonməsinə həsr olunan bölümün əvvəlində belə, atəşə inam hissi hakimliyini qoruyur. Burada şair bədnəzərə gəlməmək üçün üzərlik yandırmaq haqqında kultdan danışır.

Deməli, şair bu bölümdə müdriklik, ədalət rəmzi olan Zərdüştü, onun dünyanı xilas edəcək işığa inancını,bu inancı yaşadan Avestanı tənqid etmir, əksinə bu mənbədən yeri gəldikcə ustalıqla istifadə edir:

ولیکن چو میسوزم از دل سپند
به من چشم بد چون رساند گزند


(Lakin ürəyim üzərliktək yanarsa
Mənə bədnəzər xətər yetirərmi?)
Könlüm üzərliktək yanarsa əgər,
Üstümə düşərmi, söylə, bir nəfər?


Həmişə olduğu kimi, burada da şair təhkiyəyə başlamazdan öncə folklor-dastan ənənəsinə sadiq qalır:


گزارنده داستانهای پیش
چنین گوید از پیش عهدان خویش


(Köhnə dastanlardan xəbər verən
Özündən qabaq yaşamışlardan belə xəbər verir.)
Köhnə dastanları rəvayət edən,
Belə nəql eləyir uzaq keçmişdən.

سکندر بفرمود که ایرانیان
گشایند از آتش پرستی میان


(İskəndər əmr etdi ki, iranlılar
Atəşə pərəstişdən əl çəksinlər.)
İrana əmr etdi böyük İskəndər,
Atəşpərəstlikdən etsinlər həzər.

چنان بود رسم اندران روزگار
که باشد در آتشگه آموزگار


(O vaxtlar belə qayda var idi,
Müəllim atəşgahlarda oturardı.)
Iranda adətdir keşmişdən bəri,
Atəşkədə idi alimlər yeri.

Nizami yazır:

هر آتشکده خانهٔ گنج بود


Hər atəşgəde xane gənc bud
(Hər bir atəşgah xəzinələrlə dolu idi)

سکندر چو کرد آن بناها خراب
روان کرد گنجی چو دریای آب

Onları kökündən yıxdı İskəndər,
Xəzinə axıtdı bir dəniz qədər.


Beytin bədii tərcüməsi ilə orijinal mətn arasında kiçik bir uyğunsuzluq var.
Tərcüməyə görə İsgəndər atəşgədələri kökündən yıxır və dəniz qədər xəzinə axıdır, əslində isə “xəzinə su kimi axırdı”şəklində uğurlu filoloji tərcümədəndə görünür ki, müqayisə deyil, bənzətmə əsas götürülməli idi.

بر آتش‌گهی کو گذر داشتی
بنا کندی آن گنج برداشتی

Hər atəşgədənin keçsə yanından,
Yıxaraq xəzinə yığardı ondan.

(Hər atəşgaha ki,güzəri düşsəydi,
Uçurub xəzinəni götürürdü).

دگر عادت آن بود کاتش پرست
(Degər adət an bud ke atəşpərəst..)
همه ساله با نوعروسان نشست
(Həme sale ba nov ərusan neşəst).

Muğlarda belə bir azar da vardı..
Beytin birinci misrasına diqqət edildikdə görürük ki, burada “atəşpərəst” sözü “muğlar” kimi bədii tərcümə olunub.”
Hər il başında təzə bir gəlinlə oturardı, -filoloji tərcümə ilə
Hər ilin başında bir qız alardı, -bədii tərcümə arasındakı fərq də aydın hiss olunur.

به نوروز جمشید و جشن سده
که نو گشتی آیین آتشکده


(Cəmşidin novruzunda, Sədə bayramlarında
Onda ki atəşkədələrdə ayinlər yenidən başlardı..)
Novruz ilə Səddə bayramlarında,
Ayinlər yenidən olurdu bərpa.

2007-ci ildə üç cilddə çap olunan “Azərbaycan etnoqrafiyası” kitabında oxuyuruq:

“Səddə bayramı da insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır. Xalqımız Səddə deyimini yanvarın son günü, iki çillə arasındakı sərhəddə, Böyük çilləni əvəzləyən Kiçik çillənin sərt şaxtalarının qarşısını almaqdan ötrü çəkilən böyük maneə, odlu-alovlu bənd, yaxud sədd kimi mənalandırıb. Bayramın bütün tədbir və ayinləri də məhz bu məqsədə xidmət etmişdir.

Novruza nə az, nə çox, düz əlli gün qaldığını bildirmək üçün icra olunan Səddə bayramında insanlar axın-axın gəlib təyin olunmuş meydana toplaşır. Meydanda böyük bir tonqal yandırılır. Toplaşanlar əl-ələ tutub tonqalın çevrəsinə dolanır, "əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi" sözlərilə başlanan mahnı oxuyur, şənlik keçirir, rəqs edib əyləncəli tamaşalar göstərirlər”.

Görünür, qədim tarixi olan bayramların məzmunu dəyişmiş,bu bayramların əyləncəyə çevrilməsi şairi hiddətləndirmişdir. Əl-Biruni Novruzu təbiətin yenidən dirilişi kimi qiymətləndirirdi. Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından ürəkdolusu ilə danışır. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye”, Mahmud Kaşğarlının “Divanü lüğət-it Türk”, Balasaqunlu Yusif Xas Hacibin “Qutadqu biliK”, Ömər Xəyyamın “Novruznamə” və b. əsərlərində rast gəlirik.

Əl Biruniyə görə Novruzun yaranmasını Azərbaycanla bağlıdır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Cəmşidin üzünə gün doğmasını bayram kimi, yeni gün kimi qeyd edirlər.
Axı təkcə”Şərəfnamə”də 15 məqamda “Cəmşid” adına rast gəlirik.

Cəmşiddən bir qılınc, taxt Firidundan,
Camı Keyxsorovdan qalmış yadigar.


Və ya:
Günəşin taxtını çevirə bilməz,
Cəmşidin yerini o verə bilməz.

Başqa bir nümunəyə diqqət edək:

Haqqındır Cəmşidin taxtı, xəracı,
Öpər ayağını şahların tacı.


“İskəndərin İran atəşkədələrini dağıtması” bölümündə oxuyuruq:

ز هر سو عروسان نادیده شوی
ز خانه برون تاختندی به کوی

Ər üzü görməmiş gəlinlər, qızlar,
Evindən sevinclə dışarı çıxar.

Üzləri bəzəkli, əlləri naxışlı gəlinlər, qızlar bu bayram günlərdində hər tərəfdən sevinclə axışırlar, Müğlərin adəti üzrə üzrə şərab qaldırırlar, onların şərəfinə boyunlarını dik tuturlar:

مغانه می لعل برداشته
به باد مغان گردن افراشته
Önündə al şərab hər üzü lalə,
Muğlarla üz-üzə vurar piyalə.


İkinci misrada söhbət “üz-üzə piyalə vurmaq”dan yox, filoloji tərcümədə olduğu kimi” onların sağlığına boyunlarını dik tutmaq”dan gedir.

برآورده دودی به چرخ بلند
(Bər avərde dudi be çərx bolənd...)
Uca fələyə tüstü qaldırırdılar.

جز افسون چراغی نیفروختند
جز افسانه چیزی نیاموختند


Şair əfsundan özgə bir çıraq yandıra bilməyən, əfsanədən qeyri bir əməl tanımayan iran atəşpərəstlərinin həyat tərzini, yandırılandan sonra “iranlılar” adlı qövm tərəfindən məzmunu dəyişdirilən, əxlaqsızlıq yuvasına çevrilən atəşkədələri kəskin şəkildə tənqid edir. Tellərini qıvrım-qıvrım tökərək ayaqlarını yerə döyən,əl çalan,keyf-işrət məclislərinə rəvac verən qızların yüngül həyat tərzi ilə İskəndərin ağıllı tədbiri qarşı-qarşıya qoyulur. Vəfalı, sədaqətli, ismətli gözəl obrazları yaradan şairin ”XƏmsə”sində
bu cür yüngül xarakterli, əyləncəli həyat tərzi keçirən qadınlar məclisinə başqa bir məqamda rast gəlmək mümkün deyil. Əlbəttə, şairin haqqında danışdığı Novruzla indiki Novruz arasında kəskin fərqlər vardır.

Nizami sözügedən məkanda qədim bayramların gerçək acı simasını əks etdirmişdir, ola bilsin ki, zaman keçdikcə İranda bu bayramlar öz simasını dəyişmiş, yetkinləşmiş, islam əxlaq kodekslərinə zahirən də olsa tabe olaraq müəyyən bir inkişaf yolu keçmişdir.


فرو هشته گیسو شکن در شکن
یکی پای‌کوب و یکی دست‌زن


Hər bir qıvrım saçlı, gəlişi gözəl,
Ayaq yerə döyər, şappıldadar əl.

یکی روزشان بودی از کوه و کاخ
به کام دل خویش میدان فراخ


Hər il qızlar bu gün axır hər yandan,
Verirlər bu geniş işrətə meydan.


Şair hərc-mərcliyin at oynatdığı bu məkanı incəliyinə qədər təsvir edir:

جدا هر یکی بزمی آراستی
وز آنجابسی فته برخاستی

Hər kəs ayrı-ayrı məclis qururdu,
Hər məclis olurdu yüz fitnə yurdu.


Və ya:
Yüz şah olmaqdansa, xoşdur bir nəfər,
Yağış çox yağarsa,ziyanlıq verər.

چنان داد فرمان شه نیک رای
که رسم مغان کس نیارد بجای


Ağıllı İskəndər vermişdi fərman,
Muğların ayini qalxsın ortadan.


Muğların Midiyada məskən salan tayfa olması ilə bağlı mənbələrdə natamam məlumatlar vardır. Ahuraməzdanın dini təlimlərinə qarşı çıxan, bu dinin məzmununu dəyişməyə meyilli olan muğlar ilə Avestanın təbliğ edən atəşpərəstləri eyniləşdirilmək olmaz. Nizami də onların köhnə dini ayinləri necə dəyişdiyinə işarə edərək yazır:

Dünyadan sildi hər bulanıq dini
Saxladı ən doğru dini-ayini.

گرامی عروسان پوشیده روی
به مادر نمایند رخ یا به شوی


İsmətli,örtülü hər gəlin, hər qız,
Üzünü ərinə göstərsin yalnız.


Şairin bu misraları ilə bir daha milliyyətcə fars olmadığını sübut edir.
Türk qadın obrazlarını yaradarkən Nizami belə bir nəsihətdən istifadə etmir, çünki ismət, ləyaqət o qadınların varlığında, ruhunda olur.

همه نقش نیرنگها پاره کرد
مغان را ز میخانه آواره کرد

İskəndər əmr etdi: Bu ölkə, torpaq,
Tanrıya pərəstiş eyləsin ancaq.


Bütün bəşəri çağırışları, böyük arzu və dünyəvi ideyaları ilə Nizami bu gün də milli ədəbi-bədii düşüncəmizdə etalon olaraq qalır.

# 3331 dəfə oxunub

Oxşar xəbərlər

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

14:58 17 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

11:58 15 iyul 2024
Həftənin ən yaxşı yazıları - TOP 10

Həftənin ən yaxşı yazıları - TOP 10

21:00 14 iyul 2024
Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi

09:00 13 iyul 2024
"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
#
#
# # #