#

Mədəniyyət eşqdən, texnosivilizasiya seksdən... - Rahid Ulusel

Mədəniyyət eşqdən, texnosivilizasiya seksdən... - Rahid Ulusel
23 avqust 2024
# 17:00

Kulis.az Rahid Uluselin "Mədəniyyət və Texnosivilizasiya" yazısını təqdim edir.

Çağımız mədəniyyətlə texnosivilizasiyanın daha kəskincə toqquşduğu duruma gəlməkdədir. Tarixən də sivilizasiyanın hərəkətverici qüvvəsi kimi inkişaf edən mədəniyyət onun texnogen çılğınlığını cilovlamağa çalışırdı. Modern və postmodern epoxa isə mənəviyyattəməlli yaradıcı potensialın tükənməz qaynağı kimi bəslənilən mədəniyyəti getdikcə daha çox öz “qınına” sıxışdırır, tərəqqinin az qala bütün cinahlarında texnosivilizasiyaya qol-qanad verərək irəlilədir. Robot “utanıb-qızarmadan” İnsanı tapdalayaraq onun önünə keçir. İndi İdeyanın Beyindən qovulub Bədənə ötürüldüyü, oradan da ayaqlar altına atıldığı çağı yaşayırıq...

Sivilizasiya mehvərində mədəniyyətin özülünü daim bərkitməkdə olan ədəbiyyatın, bütövlükdə incəsənətin psixologiyasındakı patoloji halətlər, yazar və sənətçilərin nala-mıxa vurması, guya dərinliyə gedib oralarda itib-batması, hətta bəzən dərinlik və diblərin bataqlıq olduğunu manifestə, kredoya çevirməsi, yəqin ki, bundandır. Bakının mərkəzində başın beyin hissəsinin oturacağa çevrildiyini simvollaşdıran mərmər fiqurun üzərində adamların əyləşməsi buna əyani sübutdur: adamlar baş qoyulan yerə indi dallarını qoyurlar...

Çox zaman eyni mənalarda işlədilən, ancaq fərqlilikləri nəzərdən qaçırılmayan “mədəniyyət” və “sivilizasiya” anlayışlarına son yüzil düşünərlərinin yanaş­maşı da, əlbəttə, alabəzək olub. Sivilizasiyanın yeni layında – Texnosi­vi­lizasiya çağında yaşayan bizlərin, şübhəsiz, görünməz rəqabət meydanı heç zaman qapanmayacaq bu zəngin fenomenlərə bir daha dalmağı gərək.

Sivilizasiyaların tarixi təkamülündə yetişərək onların nüvəsini təşkil edən mədəniyyətlər bəşəriyyətin ruhu, universal dili, əsas ideyalarının bəliri, dəyərlər panteonudur. Sivilizasiyanın bütün şəhdi-şirəsi onun Mədəniyyət nüvəsinə süzülür. Sivili­zasiyanın Mədəniyyət mayası nə qədər saf və güclü olursa, onun ömrü də uzun və mənalı olur. Mədəniyyət toxumu çürüyən Sivilizasiya erkən öləziyib sönür. İlahi enerji planet üzərində, adətən, Mədəniyyət nüvələrində toplandığından, o, demək olar ki, sarsılmır, ardıcıl reaksiyalarla – örnək kül­çələrlə düha və istedad münbitliyində nəsilbənəsil ötürülür. Azərbaycan mədəniyyətinin Bayatı, Saz və Muğam özəyi sarsılmadığı kimi. Alman mədəniyyətində fəlsəfi ideya monumentallığının cəmiyyət və dövlət quruculuğuna saçıl­dı­ğı kimi. Çin, ingilis, italyan ... mədəniyyətlərinin onların hər bir seçkin təmsilçisinin maneralarında sezildiyi kimi. İran musiqisinin hətta Avesta yaddaşını közərdib yaşatdığı kimi.

Bəşəriyyətin texnoloji tərəqqiyə təşnə meyli, divanə həddə komforta canatımı XX əsrin ortalarından bəri Mədəniyyətlə Texnosivilizasiya arasındakı çatı daha da böyüdüb. İndi onların arasındakı ayrıntı klassik rəqslərin plastikası ilə pop­-mu­siqiçilərin robot hərəkətləri arasındakı fərqdən daha qaba­rıqdır. Planeti saran nəhəng meqapolislər – Texnosivili­zasiya cəngəlliyidir. Texnosivilizasiyanın dinozavr ləpirləri altın­da Mədəniyyət çəmənlikləri, pöhrəlikləri tapdanır. Miqyası bilinməyən modernləşmə stixiyasının hansı həddə bəs deməsi hələ bəlli deyil. Texnosivilizasiya üçün “Qızıl Orta” istehza doğu­ran əsgi bir nəsnədir. O, “yorulmuş atları güllələyib” yeni alaca ayğırları yəhərləmək, nəfəsi kəsilincəyədək çapmaq əzmindədir. Arıtmadan ki, atlar qırılandan sonra tısbağa da tapılmayacaq...

Kütlələrin Meqa­polisə – Texnosivi­li­zasiya Atəşböcəyinə toplaşması, konservləşməsi, yabanı, vul­qar əxlaqın xanalarında qaynaşması daha doyulmazdır. Eko-əxlaqdan da imtina etmək sıldırımına çatan dünya sanki yalnız alt paltarında görünməyə, buzlaqları əriyən Arktika və Antarktidanı az qala soyuducu şəklində təsəvvür etməyə alışır. Bu düşüncələrimdə mən nə idilliya xiffəti çəkənəm, nə sentimentali qanadlarındayam. Ancaq qəlbi yaşıllığı görüncə titrəyən hər kəs Mədəniyyətlə Texnosivilizasiya arasında genələn çatı sezməyə bilməz.

Mədəniyyət – yaradır, Texnosivilizasiya – qurur.

Mədəniyyətin yaratdığı – Orqanizmdir, Texnosivilizasiya­nın qurduğu – Mexanizm.

Mədəniyyət – dalğavari sferalarla, Texnosivilizasiya– iç-içə kvadratlarla yayılır.

Mədəniyyət – dərininə, Texnosivilizasiya – eninə inkişaf edir.

Mədəniyyət – estetika ilə buğumlanır, Texnosivilizasiya – ideologiyalarla.

Mədəniyyət – Klassikadan yoğrulur, Texnosivilizasiya – Formalizmdən.

Mədəniyyət – seçir, Texnosivilizasiya – yanaşı qoyur.

Texnosivilizasiya – baxır, Mədəniyyət – görür.

Mədəniyyət – Biokosmosun ali improvizasiyası, mənəviyyatın oksigeni, Texnosivilizasiya – biotəkamüldə sapma, ifrata­var­ma­dır. Mədəniyyətlər sivilizasiyaların qucağında, onun qəhqəhələri altında ölür...

Mədəniyyəti – xalq, Texnosivilizasiyanı – kütlə yetişdirir.

Mədəniyyət – siyasi dərinliyini nookratiyada, Texnosivilizasiya – demokratiyada tapır.

Siyasətin əbədi opponenti – Mədəniyyət, əbədi müttəfiqi isə – Texnosivilizasiyadır. Ona görə də bu gün dominant iradəyə malik olan Dünya Siyasəti Mədəniyyətin meydanını daraltmaqda, Texnosivilizasiyanın meydanını genəltməkdə maraqlıdır.

Mədəniyyət – öz gələcəyini “yaşıl fəlsəfədə” görür, Texnosivili­za­si­ya isə – Siyasətin matador döyüşlərində.

Mədəniyyətin mayasını – Sənətkarlıq, Texnosivilizasiyanın mayasını – Peşəkarlıq təşkil edir.

Mədəniyyət insanın daxiləyönlü fəaliyyəti ilə, Texnosivi­li­za­siya isə xaricəyönlü fəaliyyəti ilə tikilir. Ol səbəbdən Mədə­niy­yətin ana fəlsəfəsi – Özünükamilləşdirmə, Texnosivili­za­si­ya­nın son fəlsəfəsi isə – Bazar Münasibətləridir.

Mədəniyyət – Dəyər, Texnosivili­za­si­ya – Kapital üzərində yüksəlir.

Mədəniyyət – Düşüncə dünyasını yaradır, Texnosivili­za­si­ya – Maraq dünyasını.

Mədəniyyətin peyğəmbəri – ideya daşıyan Filosofdur, Texnosivili­za­si­ya­nın peyğəmbəri – xəbər daşıyan Jurnalist.

Mədəniyyət üçün zaman – Tarixdir, Texnosivili­za­si­ya üçün – Proses.

Mədəniyyət – Fenomen törədir, Texnosivili­za­si­ya – Hadisə.

Mədəniyyət – yerişdir, Texnosivili­za­si­ya – qaçış.

Mədəniyyət – Tap­maca ilə, Texnosivilizasiya – Krossvordla başını qarış­dı­rır. Mədəniyyət – seçilib-seçkinləşməkdən, Texnosivilizasiya – qarışıb-boğanaqlaşmaqdan həzz alır.

Mədəniyyət – doyurur, Texnosivili­za­si­ya – doyğunluğunu aşırır.

Mədəniyyət – heyrətə gətirir, Texnosivilizasiya – mat qoyur.

Mədəniyyət – Eşqdən, Texnosivilizasiya – Seksdən doğu­lur.

Texnosivilizasiyanın yəqin ən parlaq simvolu – əlində ətir səpilmiş sintetik gül tutan boyalı maneken, Mədəniyyətinki isə – sadəcə... sinəsinə təbii çiçək taxılan alyanaqlı xatındır. İndi Texnosivilizasiya cəngəlliyində, Mədəniyyət adalarında yaşayan bəşəriyyət seçməlidir – qısır manekeni, ya da doğar xatını.

# 1273 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #