"Hər şey bu dünyada gecikir..." - Vağzalda anamı yola salarkən

"Hər şey bu dünyada gecikir..." - Vağzalda anamı yola salarkən
4 yanvar 2024
# 12:00

Yevgeni Rezniçenkonun yaradıcılığı öz metoforik dərinliyi, dramatizmi, bütün şərtiliklərdən azad yazı tərzi və üslubu ilə seçilir.
Onun şeirlərinin zahiri sadəliyi arxasında əsərin tamamilə orijinal fəlsəfi yükü olan mürəkkəb strukturunu görməmək mümkün deyil.
Şair yaşadığı zamanın və məkanın ritmik obrazını yaradır; şeirlərdə qəribə bir səmimiyyət, bənzərsiz harmoniya var.


Kulis.az çağdaş rus poeziyasının nümayəndəsi Yevgeni Rezniçenkonun şeirlərini təqdim edir.

VAĞZALDA ANAMI YOLA SALARKƏN

Hər şey bu dünyada gecikir, hər şey:
qatarlar da hey gecikir, gecikir,
adamlar da hey yubanır, təntiyir;
Milislər gec gəlir dava yerinə,
hakimin də hökmü hərdən ləngiyir.

Hər şey bu dünyada gecikir, hər şey:
tabutlar gecikir müharibəyə,
fənərlər – gecəni aydınlatmağa;
Vaxtında yetişən təkcə vaxt olur,
bir də ölüm gəlir vaxtından qabaq.

HƏYAT NƏĞMƏSİ

Qocalıb ürəyim, yaşlanıb yaman,
qıc olub, yumağa dönüb sinəmdə.
Bilmirəm, neynim amma:
geyinimmi ağ köynəyi əynimə,
yoxsa, bir az gözləyimmi bu dəmdə?

Yalan-doğru, deyirlər belə vaxtda
hamının könlündən oxumaq keçir.
İnanmaq da olar, inanmamaq da –
nə biləsən, əlamətlər necədir?

Axı necə qarşılayaq ölümü –
görən varmı onu bu vaxta kimi?

Qadın gülüşündən titrəsə ürək –
demək qorxuya da yoxdu bir gərək.
Qərəz, sönməyibsə oxumaq eşqin
ölüm deyilən şey yada da düşmür.

Onda heç ürək də yaşlı görünmür,
nəğməyə bənzəyir – ölməz, təzətər.
Elə şövqlə titrədirsən hər simi
pərdələr qarışır istər-istəməz!..

“Mahnı” yaxşı vaxtdır – oxu ürəkdən!
Görəcəksən onda:
göz qırpımında
uçub getdi bütün qorxu-hürkülər.

Görəcəksən axır deyil, son deyil –
yaşamaq həvəsin hələ sönməyib.

...Amma çox da güvənib ürəyinə
yaxanı biryolluq kənara dartma;
Yenicə yuyulmuş ağ köynəyinə
düymələr tikməyi yaddan çıxartma.

İÇKİ

“…içməyə başlayacam.
Pis olmaz bir it alsam”

İ. Bunin

Yaxşı olar içkiyə tövbə deyib, yox deyib,
yalnız şeir yazasan əbədi şeylər haqda.
“Səbirli ol” sözündən dinclik tapıb, toxtayıb,
ən adi mətləbləri düşünəsən həyatda.

İt-pişik də alasan başını qatmaq üçün,
baxmaq üçün onların əbədi qovğasına.
Kağızları atasan gur alovun içinə,
baxasan vərəqlərin sobada yanmasına.

Gündüzlər işə yollan, axşam qayıt gəl evə,
beləcə, qat başını gündəlik qayğılarla.
Şirin dilinə salıb “Əzizim” deyə-deyə
könül bağla bir qıza ən sıcaq duyğularla.

Lap evlənib ata ol, yiyə dur uşağına,
övladların evlənib səni baba da edər.
Nahar vaxtı yığarsan nəvələri başına,
bir az deyingən, bir az simic olmağın yetər.

Sonra toy da edərsən o şıltaq nəvələrə –
əsas odur ki heç kim küsməsin, cırnamasın.
İşini elə düz-qoş, elə yerbəyer elə
heç vədə heç kəs səni heç nədə qınamasın.

Sonra yenə hər şeyi özbaşına buraxıb
təzədən əvvəlkitək qurşanasan içkiyə.
Sərxoş, dumanlı başla qəfil bir küncdən çıxıb
cumasan adamlara “Olum, ya ölüm?!” – deyə.


* * *

Bizlər –
qısqanc ərə çevriləcəyik,
onlar – sevən arvada.
Biz araq gillədəcək,
kryuşon içəcəyik,
arvadlarımız amma
seçib ayıracaq xoreyi yambdan.

Beləcə,
ötəcək bir neçə il də –
olacaqlar olub, baş verib artıq.
Daha indən belə biz daha bir də
ağrı duymarıq.

...Çünki ağrımağa
nə vaxtımız var,
nə də bircə tikə güc qalıb daha.


* * *

Önümdə – ağ vərəq. Ağarır yenə.
Əlimdə – karandaş. Yenə titrəyir.
Qaynaşır başımda neçə qafiyə.
Sanki məclis qurub cinlər bu axşam,
gecə yığnağıdır ifritələrin.

Başlanır mərəkə. Bax elə bu vaxt
İki əcinnənin sözü çəpləşir.
Biri cəld tərpənib yortur bıçağı.
Beləcə, titrəyən karandaşımdan
ağaran vərəqə ilk misra düşür.

* * *

Üçümüz çəkərik bir «Prima»nı,
Bir arağı dördümüzə içərik.
Naşirlə bölərik gözəl romanı,
Gözəl qızı – dostumuza keçərik.

Qoşun bada getdi, günakar hamı –
Komandirlə birgə hamımız şərik.
Qardaşımla basdırarıq anamı.
Hər birimiz tək-tək ölüb gedərik.


* * *

İt hürürdü, pişiksə siçan tuturdu bu vaxt.
Qar yağırdı və kimsə addımlayırdı qarda.
Kimisə döyürdülər qapı ağzında, ancaq
Yuxusunda bit-birə –
bir əsgər şirin-şirin yatırdı kazarmada.

Üç milyard qadın-kişi gecə yatağa girdi –
kimisi tək uyudu, kimisi kiminləsə.
Bir adam o birinə içməyi öyrədirdi.
Köhnə maqnitofonda
çığırırdı müğənni xırıltılı səsiylə.

Qızılgüllər soluxdu gecənin yarısında.
Körpə, südəmər uşaq ağladı yuxusunda.
Reklamlar çoxdan sönüb, fənərlər yanır hələ
zülmətin yaxasında.
Çörəyi bölürdülər,
gedirdi suyun üstdə Məsih də asta-asta.

ALBALI BAĞININ NƏĞMƏSİ

Yenə şirin yuxuma haram qatıb bu səslər,
qorxmuram, pəncərəyə təlaşla baxmıram da;
Hər gecə sübhə qədər əlibaltalı kimsə
gəzir mənim qəlbimin albalı bağlarında.

Yadımdadır, kimisə sevdiyim yadımdadır,
Dostlarım vardı, qapım açıq idi taybatay.
Getdin – kimsə haqlıdır, kiminsə haqqı çatır,
Getdilər – dostluğun da sona çatan vaxtı var.

Susmaq bilmir bu balta,
Bu səsdən hara qaçım?
Sükutu gözləməyə qalıb yalnız əlacım.

Qonşum sinirə bilmir arvad xəyanətini –
divarın o üzündə içir yazıq, neyləsin?
Və hardasa, uzaqda
bağlanır açılmayan bir qapının cəftəsi.

* * *

Qadın...
ah, dərdimdən ölən o qadın…
Önümdə bir qədəh konyak
və bir də
içimi bürüyən bu xiffət andır!

Saatın kəfkiri nə xatırladır?
Hə, qadın nə vaxtsa olmuşdu, vardı.
Hər şey ötdü-keçdi, bitdi, qurtardı!

Hər şey var:
maşınım, arvadım, qızım,
hər şənbə dostlarla kart da qarışdır;

Yayda Soçi,
qışda boğaz ağrısı,
içmək olmaz – qalan hər şey yaxşıdır.

Kəfkir çıqqıldayır:
olmuşdu, vardı!
Önümdə –
bir qədəh konyak,
İçimdə –
köhnə fotoların xiffəti qaldı.

Nə qədər uzaqdı,
nə qədər yaxın –
o qadın... o məni sevirdi axı!

“QULAQ AS, QOCA” ADLI NƏĞMƏ

Qulaq as, qoca: orda alışıb-yanan nədir?
Siqaret yandırdılar, ya ocaqmı çatdılar?
Qulaq as, qoca: bəlkə, bu bizə işarədir,
Axı daim kimisə gözləyirlər adamlar.

Doğmaca qardaşıntək inan mənə hər zaman,
Səni xilas edərəm hər dərddən, hər bəladan.
Lap nə qədər istəsən yer üzündə inanc var –
Yetər biz cavanlara, hələ artıq da qalar.


Bəlkə, bir az köntöyəm: sevirdim qadınları,
Mavi gözlərdən ötrü ölürdüm, yadındamı?
Lap nə qədər istəsən yer üzündə dodaq var –
Yetər biz cavanlara, hələ artıq da qalar.

Yadındamı, yanırdım qəzəbimdən, kinimdən,
Davaya getməmişdim ölkənin dar günündə.
Nə çoxdu yer üzündə mən gedəsi davalar,
Yetər biz cavanlara, hələ artıq da qalar.

Qocalıq da yalandır, yaş da boş şeydir, qoca,
Elə bil dərsə gedən şagirdəm bu yaşdaca.
Kefin istəyən qədər qarşıda ay var, il var –
Yetər biz cavanlara, hələ artıq da qalar.


Sənsə, ay tuhaf adam, hey gözləyir, baxırdın,
O qızıl çovdarlıqda uçurum axtarırdın.
Bir bax göy qübbəsinə, qırmızıdır gör necə –
Gör yaşamaq nə gözəl, necə gözəldir, qoca!

Çevirəni Mahir N.Qarayev

# 883 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #