Həkimin başına gələn qeyri-adi hadisə - Novella

Həkimin başına gələn qeyri-adi hadisə - Novella
20 noyabr 2021
# 16:01

Kulis.az Vüqar Əmrahın “Şəkidə bir gün, yaxud KTİB söhbətləri” novellasını təqdim edir.

Zəngli saatımın ucbatından səhər işə tez gəlmişdim. Xəstəxanamızın qabağındakı küçədə kanalizasiya xəttini tamamlamaq üzrəydilər. Tamamladılar. Üstünü də torpaqladılar. Sonra da asfalt döşədilər. Daha sonra KTİB işçiləri gəldi. Yolun kənarındakı arxları təmizlədilər. Çıxan zir-zibili asfaltın kənarına yığdılar. Zir-zibilin rəngarəngliyi heç də “Goodvil”in çeşidlərindən az deyildi. Nə istəsən tapardın – köhnə pencək, darbalaq, pampers, allı-güllü kapron şüşələr – bir sözlə, məşhur filmdə deyildiyi kimi – “iynədən tutmuş ingilis plömyotunacan”. Əgər bizim qadın turistlər həmin asfaltın kənarını görsəydilər, onlar üçün “Barselona mall” dan heç də az maraqlı olmazdı. Əlqərəz, keçək mətləbə:

- Ağız (ay qız söz birləşməsinin guya ki, folklor forması), sizdən bir küçə yuxarıda, Beton Raziyəgilin qapısı ağzında nə palatkadır elə? – Braqanzanın köynəyinə oxşayan qırmızı, nimdaş xalatlı tosux arvad bir əli belində ədayla dilləndi.

- Nə Raziyədi, aaz (bu da həmin folklorun təxminən xalası qızıdır)? – “Barselona mall”ın ekspeditoru kimi arxın içində eşələnən digər arvad Zebulon Stamp demişkən “kələm şitili əkən bostançı vəziyyəti” alaraq, altdan yuxarı çəpəki baxdı.

– Aaz, Reksona Məmmədiyənin qonşusunu deyirəm daa!

Burda məni əvvəlcə gülmək tutdu. Gülmək də var, gülmək də. Cavid demişkən “həp dəli gülüşlərim ağladı başımda”. Gözlərim yaşardı. Amma bilmədim nataraz ləqəblərdən, yoxsa nadanlığın yüksəltdiyi endorfinlərdən yaşardı... Cin təpəmə vurdu. İstədim “Barselona mall”dan çıxan darbalaqları onlara zorla geyindirim, pampersləri ağızlarına, allı-güllü kapron şüşələri də dallarına soxum. Lənət şeytana deyib, dayandım. (Bilmirəm “şeytan”ı balaca, yoxsa böyük hərflə yazım. Əslinə qalsa, orfoqrafiya qaydalarına görə şeytan xüsusi isim olduğu üçün böyük hərflə yazılmalıdır. Amma, Allaha xoş getsin deyə bütün qayda-qanunlara tüpürüb balaca hərflə yazıram. Onsuz da hamı qayda-qanuna tüpürməklə məşğuldur. Soruşursuz məsələn necə? Misal çəkməyə başlasam Le Klezionun “Səhra” romanı mənim uzunçuluğum yanında muştuluq olacaq). Yaxşı ki, endorfinlər “lənət şeytana” frazeoloji birləşməsindən sonra tez metobolizə olunan neyrotransmitterlərdir. Arvadlarsa mənim hormonlarımla oynamağa davam edirdilər.

- Həə, deşik Kazımın kürəkənini deyirsən? Onun boyunu yerə soxum! Bilirsən Rusiyetdə nağayrıf? (Deyəsən rəhmətlik palatkasıyla bir yerdə tezliklə ofsaytda qalacaqdı).

- Nağayrıf?

Utandığımdan qapı kandarında çox dayana bilmədim. Bu səbəbdən deşik Kazımın kürəkəninin “rusiyetdə” nə qələt elədiyini də eşitmədim. Ləqəblərsə məni ağuşuna almışdı. Beton, reksona kimi ləqəbləri haradasa başa düşürdüm. Amma deşik Kazım? Yaxşı ki, ölüb. Allah rəhmət eləsin! Ağlıma Baydenin LQBT-lərindən (andıra qalmış sözü tələffüz etməyə dilimin artikulyasiya imkanları da bəs eləmir) tutmuş Samir Bağırovun “yaradıcılığına” qədər çeşid-çeşid axmaq fikirlər gəlirdi. Həmin gün ömrümün ən maraqlı iş günü oldu. Gecə də yata bilmədim. Elə hey deşik Kazımım kürəkəninin Rusiyetdə hansı qələtləri edə biləcəyi versiyaları üzərində işlədim. Əgər maraqlanan olsa həmin versiyalar məndə fontan verir. Bəlkə, kiməsə köməyi dəydi. Hacı Zamin demişkən: “Krısa toje myaso!”

Səhər xəstələrimdən biri başılovlu içəri girdi:

- Doxtur, mənim reseptim kiminkiyləsə səhv düşüb! – salam-kalamsız resepti qabağıma qoydu.

Baxdım və məni üşütmə tutdu. Xəstənin adı və soyadı yerinə Deşik Kazım yazmışdım...

Нет описания.

# 5175 dəfə oxunub

Oxşar xəbərlər

"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..."  - Conatan Svift

"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..." - Conatan Svift

17:00 19 oktyabr 2026
"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

11:00 18 oktyabr 2026
"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

15:30 17 oktyabr 2026
"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

14:00 17 oktyabr 2026
Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

10:00 17 oktyabr 2026
"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

10:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər