Duyğu istismarı, qadının hikkəsi, fasiləsiz bağırma – Sevda Sultanova “Zəhər tuluğu”ndan yazır...

“Zəhər tuluğu” filmindən kadr

“Zəhər tuluğu” filmindən kadr

30 dekabr 2021
# 15:00

Bu yaxınlarda prokata çıxan “Zəhər tuluğu” (rejissor Orxan Mərdan, Taleh Yüzbəyov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşir, operator İman İmanov ) bədii filminin kommersiya kinosunda yeni mərhələ olacağına ümidliyəm. 2010-cu ilin əvvəllərindən başlamış kommersiya kinosu dalğasında bu günədək, daha çox gəlir əldə etməsi səbəbindən komediyalar üstünlük təşkil edir, komediyadan alternativ janrlara isə keçid baş tutmur. Ara-sıra çəkilən dram, melodram, horror janrında filmlər komediya məhsulları kimi nə səs-küy doğurub, nə böyük gəlir əldə edib. Səbəblər çeşidlidir, mövzuya dair, gələn il çap olunacaq “Fokus” kinojurnalnda geniş məqaləm olduğundan, üzərində xüsusi dayanmaq istəmirəm. Hərçənd, bu kontekstdə bəzi qeydləri deməyi zəruri bilirəm.

Kommersiya kinosunda alternativ janrın, məsələn, dramın uğur qazanmamasının bir səbəbini istehsalçılar, tamaşaçını kinoteatra çağıran populyar simanın-dram aktyorunun olmamasında görürlər. İki komediya (“Xoxan”, “Naxox”) ilə əhəmiyyətli uğur qazanan, kommersiya kinosunun dirçəlməsinə yol açanlardan biri, prodüser, rejissor Orxan Mərdan sonrakı fəaliyyətinə “Qaragöz” melodramı, “İkinci pərdə” dramları ilə davam elədi. Sözügedən filmlər, prokatda maliyyə itkisiylə üzləşsə də Orxan Mərdan kinosiyasətində ardıcıllığını pozmadı və növbəti dəfə yenə dram janrının üzərində dayandı. “Zəhər tuluğu” prokata çıxdığı gündən əhəmiyyətli tamaşaçı toplayırsa, deməli, bəzi kommersiya istehsalçılarının pessimist proqnozlarına rəğmən, Orxan Mərdanın Yutub platformasında çoxsaylı izləyici toplayan Taleh Yüzbəyovun analoji hekayəsini böyük ekrana daşıması doğru qərarmış. Onların əminliklə vurğuladığı “Yutub tamaşaçısı kinoteatr kontingentindən fərqlidir (yəni Yutub tamaşaçısı kinoteatra getməyəcək)” fikri hələki indiki situasiyada özünü doğrultmur. Ümid edirəm, sonra da təsdiqini tapmayacaq.

...“Zəhər tuluğu”na getdiyim axşam seansında zal doluydu, tamaşaçılardan filmə ümumən müsbət reaksiyalar gəlirdi. Belə davam etdiyi təqdirdə, “Zəhər tuluğu” böyük tamaşaçı kütləsi toplayacaqsa (bizim şərtlərdə nə qədər mümkündürsə təbii) və film kommersiya kinosunda yeni mərhələnin yaranmasına təsir göstərəcəksə, bu hadisənin əsas qəhrəmanı heç şübhəsiz Orxan Mərdan olacaq. Orxan Mərdana bu mənada qəhrəman olmağı arzulayaraq, filmə keçirəm...

İstehsalçıların spoyler sarıdan narahatlığını nəzərə alaraq, oxuculara filmin süjeti haqda vikipediyadan məlumat almağı məsləhət görürəm.

“Zəhər tuluğu” iki paralel süjet xətt (keçmiş və indi) üzərində qurulur. Adilin (Taleh Yüzbəyov) keçmişinin fleşbeklə ekrana gətirilməsindən gözləntim bu idi ki, qəhrəmanın zəhər tuluğuna çevrilməsinin, sinizminin səbəbləri çözülüb aydınlaşacaq. Əslində isə o aydınlaşır ki, Adil təbiətən zəhər tuluğuymuş, cəmiyyətdəki ədalətsizliklər, xüsusən, kiçik yaşlı qızı Şəmsin (Nəzakət Heydərova) vaxtsız ölümü onun qeyri-adekvat davranışını dərinləşdirib. Bununla da müəlliflər Adil obrazını şəffaflaşdıraraq mizantrop xarakterinə bəraət verirlər.

İndiki dövrdə baş verən hadisələr isə Adili nisbətən arxa plana atır, fokus ondan yayınır. Çünki filmin ikinci xətti hamilə Leylanın (Ləman Mərrih) hekayəsidir. Leylanın təyinatı konkretdir, onun məqsədi bətnindəki körpəsinin sağ qalmasından ötrü apardığı mübarizədir ki, sonda buna nail olur. Dramaturgiyanın qanunlarına görə, müəyyən proseslərdən keçən qəhrəman dəyişməlidir. İkinci süjetin qəhrəmanı həm də ona görə Adil deyil ki, o, sonadək dəyişmir. Hətta Adilin, Leylanı əri Ziya (Cavidan Novruz) ilə xəstəxanada əlbəyaxa döyüşü, didaktik ritorikası sayəsində Ziyanı həqiqətləri görməyə çağırması belə onun başqalaşmasına dəlalət eləmir. Çünki onun əzilənin yanında olması, həqiqətləri qarşısındakının üzünə sərt şəkildə çırpması Yutub bölümlərində (misalçün, şirkət nümayəndələrinin hicablı qadına ayrı seçkiliyə qarşı motivi kimi) də var. Başqa sözlə, Adilin acıdilliyi, sərtliyi cəmiyyətdəki qüsurları göstərməyin sadəcə, vasitəsinə çevrilir, o, bu əhvalatda qəhrəmandan çox, hadisələrin dəyişməsinə zorən təkan verən qüvvədir. Və biz burda yeni bir Adili kəşf eləmirik.

Nə qədər qəribə olsa da, ikinci hekayənin əsas qəhrəmanı əslində Leyladan çox, məhz onun əri Ziyadır. Əhvalata gec daxil olan, qız doğacağı üçün arvadını aborta məcbur edən, sonra onun başqa kişiylə qaçdığını öyrənərək öldürmək istəyən Ziya Adillə əlbəyaxa döyüşdən, onun fakt qarşısında qoyan mətnindən, yaşadığı emosional şokdan yenilənir, həyata baxış bucağını dəyişir. Və Cavidan Novruz dəyişilmə prosesini psixoloji planda uyğun ardıcıllıqla, inandıraraq verir. Üstəlik, konflikt birinci xətdə Adillə cəmiyyət arasındadırsa, ikincidə daha çox Ziya ilə Leylanın düşüncəsi arasında baş verir.

Və Ziyanın düşüncəsindəki sıçrayış vacib, ciddi mesaj ötürür. Xəbər saytlarına Leylanın əhvalatını informasiya formasını belə qurmaq olar: hamilə qadın ərini ataraq, başqa kişiylə qaçdı. Əslində müəlliflər filmdə hadisənin sosial media ekvivalentini uğurla yaradırlar. Sosial media, saytlar Leylanın əhvalatının səthi, informativ qatını göstərir. Film isə hadisənin içini, real üzünü, həqiqətin bir tərəfli olmadığını göstərməklə tamaşaçıya təsir edir (kino zalındakı müşahidələrimə əsasən deyirəm). Toplumun basqısı ilə yaşayan, cinayətə əl atmaq istəyən fərdə çox vacib mesaj verilir: öz həyatını yaşa, ən əsası azad düşünməyi öyrən. Təkcə elə bu mənada “Zəhər tuluğu”nu öz məqsədinə çatmış hesab etmək olar.

Ayrı-ayrı epizodlarda yer alan, gündəlik həyatımızın digər vacib problemləri - polis və həkim etinasızlığı, müəllimin rüşvətə bulaşması, selektiv abort məsələsi əsas süjet xəttinin içində həll olunur. Daha vacibi odur ki, əksər komediyalarda süjetə daxil ola bilməyən fizioloji seksual zarafatlar burda yoxdur, ssenaristlər məhz dramaturji, ağrını daşıya biləcək yumorla işləyiblər. Bəzən, gerçəkliklər plakat estetikasında alınsa belə, ümumi bədii atmosferin, obrazların enerjisində bu qüsur dərin nəzərə çarpmır. Musiqi təsviri boğmur, peripetiyalar hadisəni diri saxlayır, düzgün seçilmiş zamanlanma sayəsində fleşbek səhnələri ikinci təhkiyədə nəzərəçarpan qırılmalar yaratmır.

Hərçənd, Adilin qızına çox ağlamasına (mənə daha çox, aktyorun kameraya ağlaması kimi gəldi), duyğu istismarı təəssüratı yaradan sözlərinə ehtiyac yoxuydu. Çünki bir baxış, bir duruş ağrını göz yaşından daha dolğun ifadə edir.

Bir az serial estetikasında çəkilən xəstəxana (Ziya ilə Adilin əlbəyaxa səhnəsini nəzərdə tuturam) epizodunun alınmamasına yazılarda tutulan iradlar haqlıydı.

Müəyyən boşluqlar olsa da, aktyorlarla rejissorların əməkdaşlığı alınıb. Hərçənd, Leylanın əmisi arvadı rolunun ifaçısı Hüsniyyə Mürvətovanın oyununda müəyyən isterik, gərəksiz məqamları yığışdırmaq olardı. Qadının hikkəsini, həyasızlığını göstərmək üçün illah da ki, onun fasiləsiz bağırmasına gərək yoxdu, nəhayət ki, bunun üçün başqa ifadə vasitələri tapılmalıdır. Zülfiyyə Qurbanova Yutub versiyasındakı Rəna obrazının xəttini dramaturji arıdıcıllığını filmdə saxlayaraq, inkişaf etdirir. Öncəki həyatından qurtulmağa qərar verən, Adillə ciddi münasibət istəyən Rənanın yenilənməsi geyimində, duruşunda, baxışında, səsində ifadə olunur.

“Zəhər tuluğu” Ləman Mərrhin ilk kino işidir. Ləman teatr tamaşalarındakı plasltikasını, çevikliyini, obrazına hakimliyini filmdə də saxlayır. Əhvalındakı qəfil dəyişkənliyi, hamilə qadının gözlənilməz, qarışıq reaksiyalarını orqanik çatdırır.

Əlixan Rəcəbovun Cəmo obrazına gəlincə, əhvalatda onun hansı funksionallığı daşıdığını anlamadım. Amma yəqin ki, əsas tapşırığı Ziyaya Leylanın yerini deməkdən ibarət idi. Ə. Rəcəbov əksər səhnələrdə üzdən oynayır, klişe, özəl cizgiləri tapılmayan dəli obrazı yaradıb. Hərçənd, bəzi məqamları (həkimi qorxutması, final səhnələri ) nisbətən uğurlu alınmışdı.

Bütün hallarda “Zəhər tuluğu”na zövqlə baxdım, düzgün əhvalat tapılıb qurulursa, istənilən janrda çəkiləcək film tamaşaçı tərəfindən “yeyiləcək”. Yadımdan çıxmamış bu amili də qeyd edim. Uzun müddətdir konflikt yaşayan iki kinoteatr şəbəkəsi arasında (Cinema Plus və Park Sinema) nəhayət ki, razılşama əldə edilib və film onların tabeliyində fəaliyyət göstərən bütün kinoteatrlarda nümayiş olunur.

“Zəhər tuluğu”na gedin, baxın və dəstək olun.

# 3786 dəfə oxunub

Oxşar xəbərlər

# # #