Daşgələndə bir qəmli toy - Vaqif Nəsibin hekayəsi

Daşgələndə bir qəmli toy - Vaqif Nəsibin hekayəsi
14 noyabr 2023
# 10:17

Kulis.az Vaqif Nəsibin "Daşgələndə bir qəmli toy" hekayəsini təqdim edir.

Lap bu günlərdə Daşgələndə, hələ də ər evinin qapısında qoyun-quzuya bənzəyən beş-altı, on-on beş daş yatışan o kənddə bir mahnı içinə düşmək, bir türkünü köynək kimi geyinmək, bir nəğmə ömür yaşamaq mənə nəsib oldu.

...Dedilər ki, Fəti bəy həmin mahnını oxusun. Üstünə zaman yağıb qocaltmış, sinə gərib təbəssümünü, ümidini, qürurunu cavan saxlaya bilmiş (bunu gözləri göstərə bilərdi) Fəti bəy bir az xəyala daldı. Elə bil bu sükut ona mütləq lazım idi. Həmin illərə, həmin yerlərə gedib çatmaq üçün. Sonra həmin mahnını... Fəti bəyin kədərli səsinin bələdçiliyi ilə eşitdim. Bu mahnı boyunca eşitdiyim bir əhvalata səyahətə çıxdım. Yox, həmin əhvalatı gözlərimlə gördüm.

İndi eşitdiiyim yox, o gördüyüm, yaşadığım ömrü sizə danışmaq istəyirəm. Fəti bəyin oxuduğu mahnının ilk misrasının müşayiəti ilə:

“Bu dağlarda qalıb səni gözlərəm...”

Qaşıqar dağının ən axar-baxarlı, günlü-güneyli bir ətəyinə sığınmış İsagöy elatının ən ağır, ən hörmətli adamı olan Cahad bəy gecəyarısı dirriyinə çıxan zaman gözü bir qaraltı çaldı. Bu qaraltı birdən-birə vahiməyə dönüb ürəyinə qara-qorxu saldı. Tərs kimi ay da buludların arasında idi. Vahimədən dizi əsən Cahad bəy özünü saxlaya bilməyib sözünü əks-səda kimi eşitdirdi:

– Allah, sən özün saxla...

Sonra bir kənarda durub göyə tamaşa elədi ki, görsün gözü alacalanıb, ya ağlına gətirdiyi həmin quş doğrudan da bu həndəvərdə dövrə vurur. Beləcə ayağı yerdə, gözü göydə, əli allahda durub qaldı.

Bir azdan lap aydınca gördü ki; gözü alacalanmayıb, canına qara-qorxu salan həmin quş doğrudan da bu həndəvərdə dövrə vurur. Bir müddət yerindən tərpənə bilməyib, ürəyinin döyüntüsünü eşidə-eşidə quşa göz qoydu. Sonra ayağını tilsimdən qurtarırmış kimi sıçrayıb evə götürüldü. Əlində aynalı dübarə bayaq durduğu yerə qayıtdı. Gedib qayıtması ani olsa da quş yoxa çıxmışdı.

Birdən yazıq Cahad bəyin gözü öz evinin kəlləçarxının quşqununda qaraltıya sataşdı və bütün bədəni keyləşən kimi oldu.

Üç evin üstə dövrə vuran bu quşu bir dama caynaq toxundurmamış göydə vurmaq istəmişdi Cahad bəy.

Birdən Cahad bəyi, bayaqdan içinə qor dolan bədbəxti elə bil ildırım vurdu. Çünki, özünü rahatlayandan sonra ulamağa başlamışdı bayquş. Bu yaşına kimi ayıdan, canavardan, ildırımdan, doludan, seldən, gözdən, qarğışdan qorxmayan Cahad bəy əlində aynalı tir-tir əsirdi.

Malı, sürüsü az qala arandan-yaylağa çatan, adı-sanı dörd dövrənin elatına şaxələnən, yerişi, duruşu, oturuşu, sözü, əməli, mərdliyi, əliaçıqlılığı, çörəkliliyi ilə bir elatın ağsaqqalı olmuş Cahad bəyin ömrünün yoxuşunu qurtarıb düzünə çatan vaxtı baxtına bayquş ulayırdı.

Bu yay gecəsində Cahad bəyin – iki oğul, iki qız atasının ocağında bayquş ulayır, o da titrəyə-titrəyə baxır, özünü ələ alıb, tüfəngi tarazlayıb tətiyi çəkə bilmirdi. Ərlik qızlarını – Əslini, Ağcanı gözü qabağına gətirdi Cahad bəy. Bu dəfə ancaq dodaqları tərpəndi. Pıçıltısını eşidə bilmədi yay gecəsi. Özü eşitdi ki, belə deyir:
– Allah qız uşağından namus dağı çəkməsin sinəmə.

Növbə bığ yeri tərləyən on dörd, on altı yaşlı oğullarına çatdı. Onları gözü önünə gətirəndə az qaldı sinəsindən ah qopa. Bu dəfə özü də başa düşmədi ki, içini xəncər kimi yaran həmin sözləri niyə deyə bilmədi.
– Oğul dağı görməyim, ay allah.

Malı, qoyunu, atı-ilxısı, varı-dövləti gözü önünə gəldi. Elə bil özünü yüngülləşdirmək üçün həmin sözləri fikirləşdi (deməyə halı yox idi).
– Malım-dövlətim hamısı sadağa olsun. Hər şeyi qazanaram. Balalarıma dəymə, allah...

Bundan sonra doğrudan da bir az yüngülləşən kimi oldu. Bir anlığa canının əsməsi kəsdi. Gözünün işığı artdı. Həmən çağı əldən buraxmayıb, tüfəngi tuşlayıb tətiyi çəkdi.

Bayquş tappıltı ilə yerə düşdü.

Güllə səsinə heç kəs çıxmadı evdən. Çünki yaylaqda idi bütün külfəti. Ona şükür elədi ki, nə yaxşı arvad-uşaq yaxında deyil. Yoxsa bir vay-növsə qaldırardılar ki, gəl görəsən.

Özünə gəlib tamam yüngülləşmişdi Cahad bəy. Qara-qorxu, əsmə, boğma canından, boğazından uçub getmişdi.

Tələsik irəli yeriyib evinin üstə bir dəfə ulamağa fürsət tapmış bayquşu götürdü. Aparıb çətənlə dövrələnmiş kalafaya tulladı, ürəyi soyumadığından üstünə də bir yekə çay daşı atdı.

İndi ürək ağrısı ilə qəzavü-qədəri gözləyirdi Cahad bəy. İndi hər şeyə əl atıb bu bəlanı evinin, övladlarının başı üstən keçirməli idi. Malından, dövlətindən kasıb-kusuba əl tutmalı, ocaqları, ziyarətgahları gəzməli, nəzir-niyaz verməli, xeyirxah iş görməli idi. “Yiyəsiz qəbirlərin hamısının üstünü götürəcəyəm. Arançıdakı yarğanın üstə körpü saldıracağam...”

Şenliyə qayıdanda ara-sıra xoruzlar banlayırdı. Amma qaranlıq hələ görünməmişdi. Yerinə qayıdıb bir az çimir almaq fikrinə düşmədi. Yaylaq üçün axşamdan rahladığı xurcunu atın belinə möhkəmləndirdi, sıçrayıb ömründə birinci dəfə gecənin bu vaxtında yola çıxdı. Özünü yaylağa çatdırana, dəyələrinə baş çəkənə kimi ürəyi rahatlana bilmirdi. Yol boyu hər bulaqdan əyilib su içsə də, sinəsinin yanğısını söndürə bilməmişdi.

Hələ yuxu bişirən qızlarına, oğlanlarına baxıb sakitləşdi, Zəhrəbəyimin bir-iki sualına yanpörtü cavab verib özünü yuxunun pəncəsinə saldı. Gecənin hayıfını canından çıxarmaq istəyirdi.

Zəhrəbəyim ərinin gözündə neçə illərdən bəri birinci dəfədir ki, təşviş görmüşdü. Nə qədər fikirləşdisə bunu bir tərəfə yozub çıxara bilməmişdi. İndiyə kimi onların nə bir qoyununa, quzusuna daş atılmış, nə tayasına od çatılmışdı. Hamıyla halal çörək kəsilmiş, halal sövdə edilmişdi.
– Nə olub, ağam? Özündə deyilsən.
– Gecəni diri qalmışam.
– Gözün bulanıq kimidi, könlündə...
– Yox əşşi, yuxusuzluqdu.

Zəhrəbəyim uzanmağı ilə xorna çəkməsi bir olan ərinin o üzü, bu üzü üstə çevrilməsindən də şəkləndi. Səhərin sazağı ürəyini üşüdən kimi oldu. Sağına getməmişdən sərnici yerə qoyub əlini allaha qaldırdı. Səhərin apaydın, tərtəmiz vaxtında:
– Allah, özün kömək ol bizlərə! – dedi.

Cahad bəy oyananda Zəhrəbəyim onun gözlərinə bir də baxdı. Doğrudan da, elə bil, ağrısı-acısı yuxuya qarışıb yoxa çıxmışdı. Arvadın ürəyi özünə gəldi.

O gündən bir az keçəndən sonra Cahad bəy özü də arxayınlaşdı. Özünü inandırdı ki, gördüyü yuxu kimi bir şey imiş. Amma pay-püş, nəzir-niyaz, xeyirxahlıq vədləri hamısı yadında idi. Hələlik qurbanlıq bir qoç kəsməsə də, peşkəşi bir damazlıq verməsə də, birinə bir tay un göndərməsə də ürəyi rahatlanmışdı. Arxayın idi ki, bunları əsirgəməyəcək, arana ayaq basan kimi dediklərini eləyəcəkdi.

Amma sən saydığını say...

Çibinlidən qara xəbər gətirdilər: “Uğurun əlində tüfəng açılıb...” Xəbərin ilk kəlmələri həmin gecənin vahiməsinə dönüb kişinin canına yağı kəsildi yenə.

Başladı canına qor dolmağa, gözünə evi üstə dövrə vuran bayquş görünməyə. Xəbər gətirən Cahad bəyin gözlərinə baxıb qorxdu, xəbərini ordaca xırp kəsib qaldı. Amma sözləri dərələrdəki əks-sədaya dönüb hələ də Cahad bəyin qulaqlarında səslənirdi.
– Uğurun əlində tüfəng açılıb.

Uğurun... Musagöylü Əhəd bəyin oğlu Uğurun.

Qaşıqar dağının ətəyində, ən axarlı, baxarlı yerlərində nə müddətdi ki, iki qohum şenlik köçünü salmışdı. İsagöy və Musagöy. Nəsil-nəsil hər iki şenliyin adamları eşidib öyrənirdilər ki, bu obalara qoymuş İsayla Musa doğma qardaş olublar, ona görə də kəndlərin adamları hamısı əmiuşağı düşür. Buna görə də, həmin şenliklər bir-birilərinə doğma baxır, biri od olanda, o biri su, biri ocağa dönəndə o biri bulaq olur.

İsagöyün ağsaqqalı Cahad bəy, Musagöyünkü Əhəd bəy idi. Hər ikisi sözün əslində el atası, el anası idi ki, elat başlarını and yeri eləmişdi.

Əhəd bəyin iki oğlu var idi ki, böyük balası Oğuzla Cahad bəyin ilki Əslini deyikli eləmişdi hər iki ağsaqqal, ovqatlarının günlü, günəşli bir vaxtında. Nə müddət idi ki, qız evində Əsli adına xalılar, fərməşlər, xurcunlar toxunurdu. Oğlan evi Əsli deyib üzüklər, bilərziklər, kəmərlər bəyənirdi.

Əhəd bəyin kiçik oğlu Uğur idi, on beş yaşına təzə girmişdi. İndi əlində güllə açılan Uğur...

Həmin bəd xəbərin sonrasını Cahad bəy özü ürəyindən keçirdi:
–...Həmən güllə Cahad bəyin oğlu Alaya dəyib...

Belə də var idi. Bütün şenlikdə bu sözlər əks-səda verirdi: “Əhəd bəyin oğlu Uğurun əlində tüfəng açılıb Cahad bəyin oğlu Alayın çırağını keçirib”.

Bu dağ, nə hala saldı Zəhrəbəyimi, Cahadı, bacıları, qardaşı, qohumu, qonşunu. Ayılan kimi bir də özündən gedirdi Zəhrəbəyim. Bütün sifəti gümüşə çəkildi Cahad bəyin. Balasının başı üstə tunca dönüb qaldı. Amma özünü ələ ala bilir, ələ aldıqca da daşlaşırdı. Kişilər də ona baxıb eləcə donub qalmışdılar. Nəhayət, bir ağsaqqal onun qulağına əyildi:
– Musagöydən gəlsinlər, gəlməsinlər?

Həmin sözə qədər gözlərində bayquş dövrə vururdu Cahad bəyin. Bütün bu fəlakəti həmin bayquşda görürdü. Onu havadac vurub yerə sərmədiyinə yanıb yaxılırdı. Musagöylü Əhəd oğlu Uğurun, Uğura görə o şenliyin bu işdə günahı barədə heç fikirləşmirdi də. İndicə cavab verməlidi. İki şenlik çətinə düşüb qalıb. Uşağı torpağa tapşırmağın da vaxtı çatıb. Nə desin yazıq Cahad bəy? Axı bircə o bilir ki, bu işdə Uğurun günahı yoxdu. Bütün işlər bayquşdan keçib. Dırnaqla, dişlə didib parçalamazmı gəlinlər, analar Əhəd bəyi, adamlarını. Neyləsin yazıq Cahad bəy?
– Gəlməsinlər...
Alayı torpağa tapşırdılar...

Cahad bəyin qulaqları o ki var ana-bacı vay-şüəni eşitdi. Gözü bircə bayquşu gördü ancaq. Sonra belə sözlər də eşitdi qulağı:
– Uğur da gəzməsin bu işıqlı dünyada!

Sonralar bunu hər gün eşitdi Cahad bəy.
– Ya Uğur da gəzməməlidi bu işıqlı dünyada, ya da köçüb gedin...

...Musagöy şenliyində Əhəd bəyin ocağına toplaşmışdı elatın əli iş tutan, sözü ötkəm kişiləri. Əhəd bəy başını qaldıra bilmirdi hələlik, fikirlərin ağırlığından. Nəhayət, bir təhər dikəldi. Birtəhər ətrafındakılara üzünü, gözünü göstərə bildi.
–...simarıc eləyib Cahad bəy. Onu da deyim ki, söz sizin olacaq. Gərək bir ağız olub qərar çıxaraq. Nə desəniz, edəcəyəm. Uğuru qurban desəniz, verəcəyəm, köç desəniz, köçəcəyəm.

Heç kəs başını qaldırmadı. Heç kəs sözünü saldırmadı. Sonbeşik balasını ürəkdən, candan istəmişdi Əhəd bəy. Bunu bütün şenlik bilirdi. Hamı üçün gün kimi apaydın idi ki, Uğursuz beli sınacaq Əhəd bəyin. Gözünü yumub Uğuru uşaqlığından indikinə kimi görürdü Əhəd bəy. Nə qəribə oğlan idi bu Uğur.

Elə hey əlindən tutur, elə hey üzündən öpürdü...

Birdən heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Bədbəxt hadisədən sonra heç kəsin üzünü görmədiyi Uğur içəri girdi. Onun sifəti, gözləri bir-iki günün içində necə də dəyişmişdi. Sifəti xoşagəlməz çəhrayı bir rəng almış, gözlərinin səmimi uşaq parıltısını bir məşum işartı əvəz eləmişdi. Hamının ürəyindən bir fikir keçdi:

“Qan tutub bu kökə salıb uşağı”.

Əhəd bəy başda bardaş qurmuşdu. Dövrəsində də Musagöy şenliyinin camaatı. Onlar kənardan zəncirə bənzəyirdilər. Bir nəfərin əsəbi davam gətirməsəydi, bu zəncirin bir həlqəsi qırılar, zəncir parçalanardı. Bu adamlara görə özünü ürəkli, dirəkli tuta bilirdi yazıq Əhəd bəy.

Birdən Uğur başını qaldırdı. Birdən onun, ehtizaza gəlmiş bütün damarlarının, bütün varlığının fəryadı eşidildi:
– Vermə məni, baba, aparıb vermə. Qurban olum, baba, ölmək istəmirəm. Axı nə gəzmişəm, nə görmüşəm ki...

Göz yaşları bu fəryadı boğdu. Sonra titrəmə düşdü Uğurun canına. Daha ayaq üstə dura bilməyib başını atasının dizi üstə qoydu.

Yox, daha dözə bilməzdi Əhəd bəy. İnsan dözümünün həddi, hüdudu var. İstəyir qaya kimi möhkəmi, istəyir təpə kimi yumşağı olsun. Daha dözə bilmədiyindən gözləri nəmləndi, bütün varlığı kövrək bir buluda döndü. Göz yaşını görməsinlər, hönkürtüsünü eşitməsinlər deyin tezcə başını balasının başına söykəyib onun fəryadına, hönkürtüsünə, selinə, suyuna tıxamaq istədi. Amma hamı eşitdi atanın boğuq hönkürtüsünü, hamı görən kimi oldu onun selini, suyunu.

Əhəd bəyin ürəyi para-para olacaqdı bəlkə, nə yaxşı arvadlar ley kimi uşağın üstünü aldılar. Kişilərdən çəkinib vaynəvsə qaldırmaqdan onu tezcə götürüb apardılar. Üz-gözünü kədərlə yumuş Əhəd bəy uşağın arxasınca baxırdı. Birdən Uğur geri dönüb dedi:
– Bax, məni vermə ha, ata, yoxsa küsəcəyəm.

Bu kəlmələr elə yandırdı, elə alışdırdı ki, Əhəd bəyi. Daha heç kəsdən çəkinmədən hönkürməyə başladı. Bu kəlmələri beş yaşından indiyənəcən Uğurun bütün uşaqlıq dünyası deyirdi. Onun hər yaşında bu kəlmələri eşitmişdi yazıq Əhəd bəy.
– Bax küsərəm ha... küsərəm ha...

Bu səsdə, bu sədada qayğısız, sevimli bir uşağın ataya güvənci, inamı, ümidi vardı. Bütün bunları özü üçün aydınlaşdırdı Əhəd bəy. Bir elin ağsaqqalı, həmən an öz ömrünün sonunu gördü. Apaydın gördü ki, əgər Uğurun taleyinin öz əlilə kor qoysa, bu həyat deyilən köç yolunun sonunu o daha gedə bilməz. Odur ki, hönkürtüsünü kəsib üzünü elinə-obasına tutdu. Əvvəlcə bir bayatı çəkdi. Elə yanıqlı söylədi ki, çəkdiyi bayatıya yox, ağıya bənzədi:

Mən aşiq bala qalsın,
Şanılar bala qalsın,
Alırsan al canımı
Mən ölüm, bala qalsın.

Adamların hamısının sifətini gicişdirdi bu kəlmələr. Hamının üzünün tükləri tikan-tikan oldu həmən an.
– Oğlumu aparıb verən deyiləm. Bəlkə, aparsam da, Cahad bəy heç başından bir tük də əskik eləməyəcək. Yenə də verə bilmərəm. Özümə görə sizi də dağa-daşa salmaq istəmirəm. Mənə görə niyə bir şenlik isti yerini soyutsun. O başdan köçümü çəkib gedirəm Qaşıqarın quzey yönünə. Gedib orda salacağam binəmi. Bilirəm, ayaz yerdə od qalamaq, çıraq yandırmaq çətindi, çölüm olmayacaq, dölüm olmayacaq, ziyan yox, birtəhər cəngləşərəm yellə-quzla, qarla-buzla sinnimin bu vaxtında. Kim izimlə gəlmək istəyir, özü bilər. Mən gedər oldum...

Camaat dağılışdı. Arvadı, bacıları Əhəd bəyin qərarını eşidəndə çiyinlərindən dağlar götürüldü. O saatca fərməşləri ortaya tökdülər. O saatca köç səfərinə hazırlaşdılar.

Musagöyün üstünə səhər alatoranı qonanda Əhəd bəyin köçü üzü Qaşıqar dağına xeyli mənzil keçmişdi. Bir azdan hər yer işıqlandı. Tək qəbir ətrafındakı qaşa çatanda köç dayandı. Burda nəfəs dərməyi əvvəldən qərarlaşdırmışdılar. Əhəd bəy öküzlərin boyunduruğunu yenicə açmışdı ki, böyük oğlu Oğuzun səsini eşitdi.
– Baba, bir aşağı ətəklərə bax.

Bu qaşdan onların keçib gəldiyi yol əl içi kimi görünürdü. Şenliyin köçü yolda qatara düzülmüşdü. Musagöy öz ağsaqqalını tək buraxmayıb isti yerini soyutmağa razı olmuşdu. Əhəd bəyi ağlamaq tutdu. Özü də üzü gülür, gözü yaş əyirirdi. Bu, dağların çobanaldadan yağışına bənzəyirdi. Birdən-birə oğluna baxdı, köçü göstərib dilədi:
– Bəkir dədənin mahnısını bilirsənsə, oxu.

Bu qəribə diləkdən Oğuz diksinən kimi oldu. Amma köç onu da ürəkləndirmiş, onu da qəhərləndirmişdi. Bu iş olandan həm duz kimi yaladığı qardaşına yanıb yaxılır, həm də İsagöy elatındakı deyiklisinə görə od alıb alovlanırdı. Uğurun əlindən çıxan xəta onun deyiklisi Əslinin qardaşı Alaya gedib dəymişdi. Musagöydən çıxandan sonra da arabanın arxasında oturub Əsli deyə-deyə qubarlanmışdı. İndi onun özünün də ehtiyacından qopurdu Bəkir dədənin oxusu:

Bu dağlarda qalıb səni gözlərəm,
Ürəyimi alovlaram gözlərəm,
Gəlib çatmaz sənsiz alım, yaşılım
Sarı-sarı çiçəklərəm, yazlaram.

Əhəd bəy mat-mat oğluna baxdı. Necə də ürəkdən, necə də yanıqlı oxuyurdu balası. Belə məlahətli səsi olduğunu heç bilmirdi. Elə bu da yükünün üstə bir şələyə çevrildi. Oğluna baxıb mahnını yada salıb düşündü ki, elə bundan sonra onlar əldən-ayaqdan uzaq bir yerdə qalacaqlar. Bundan sonra həmin mahnı bütün şenliyin, onun hər adamının boynuna biçiləcək:
Bu dağlarda qalıb səni gözlərəm...

Oğlunun yanğısını da başa düşdü bu dünyanı canına, qanına hopdurmuş el ağsaqqalı. Əslisindən ayrı düşmüşdü yazıq balası. Onun qubarı hələ təzə yurda çatmamışdan ney kimi dil açmışdı.

Musagöyün köçü Tək qəbrin qaşına gəlib çatdı. Boyunduruqlar açıldı, heyvanlar otluğa buraxıldı. Adamlar illər ayrısı kimi Əhəd bəylə qucaqlaşıb öpüşməyə başladı. Hər doğma adamın görüşü Əhəd bəyin qəlbini kövrəldib gözündən bir damcı qopartdı.

...Səhəri Cahad bəyə dedilər ki, Musagöyün nə bir qapısında it hürür, nə də bir bacasından tüstü çıxır. Bu da qanını qaraltdı sinəsi oğul dağlı kişinin. Fikrindən keçirtdi: Bayquşun işinə bax, bir öyü də eləcə viran qoydu. Kökün kəsilsin, bayquş, kökün.

Sonra atını Musagöyə çapdı. Bayquşun xaraba qoyduğu evlərə baxıb qubarlandı. İsagöyə at çapdırıb Bəkir dədəni, İsagöylə Musagöyün sazlı, sözlü ozanını gətirtdi. Hər iki şenliyin bütün toylarında ortada saz çalmış dədə də yetim yurda baxdı. Əvvəlcə gözünü quruladı. Sonra sazını köynəkdən çıxardı.

Bu elatlarda aşığa demək yox, göstərmək lazım idi. Bu elatların hər mərasimə, hər ovqata havaları, havacatları çatırdı. Çəmənlərinin gülü xalılarının butaları kimi rəngarəng, al-əlvan oxuları. Bəkir dədə sazı köynəkdən çıxarıb gərdiş eləyə-eləyə “Yurd yeri”ni çalmağa başladı. Söz demədi Bəkir dədə, sözə ehtiyac yox idi axı. O çaldıqca Musagöyün boş evlərinin damları, daşları ağlaşırdı. Qara geyimli arvadlar kimi ağlama mərəkəsi qururdu boş yurdun evləri. Bunu aydınca eşidirdi saz çalan dədə də, Cahad bəy də, dövrəsindəkilər də. Amma Cahad bəy onlardan əlavə bayquş ulaması da eşidirdi. Bütün bu ağlaşmanı həmin bayquşun səsi tamamlayırdı.

Tazyana yerinə girəndə hamı gözünü quruladı. Cahad bəy adamlara baxıb bu sözləri deməyi lazım bildi:
– Vaxt gələr, yara qaysaq tutar, simarıc eləyib geri gətirərik şenliyi.

Bu sözləri elə həzin, elə qəmli dedi ki, elə bil söyləmədi, oxudu. Özü də “Yurd yeri” üstündə. Sonra birdən-birə bu boş yurd yerində qızı Əsli gəlib durdu gözünün qabağında. Qardaşı üstündə saç yolub bayquşdan xəbəri olmaya-olmaya dil deyən qızı.
– Bəxtimizə niyə bayquş uladı, can qardaşım.

İndi bildi ki, Əslinin də baxtına düşüb o bayquşun ulamasıdan. Deyiklisi Oğuzun da yolları kəsilib, qara, borana düşüb. Bu dəfə öz-özünə pıçıldadı, üzünü qızının bəxtinə tutub.
– Vaxt gələr, allah bunu da yoluna qoyar.

***
Təzə yurdun yerini tez seçdilər. Amma təzə yurda gec alışıb, gec köçdülər. Üzləri, gözləri, ürəkləri Musagöy tərəfdə qaldı.
Bir azdan da qar yağıb yolu-izi kəsdi. Mal-qara, qoyun, quzu üçün uzun tövlələr tikmişdilər. Qışı çıxara biləcəkdi un, taxıl saxlancı. Ancaq bir gün gəlib Əhəd bəyə dedilər:
– Daş duzumuz qurtarıb, mal-qaranın dili duz axtarıb bir qarış eşiyə çıxır.
– Davaqdan da pis xəstəlik tapar allahın heyvanları.

İsagöydən idi duz üçün gedən yollar. Həmişə Cahad bəy gətirirdi onların ayın-oyununu. Əhəd bəyin tamam yadından çıxmışdı duz ehtiyatı.
– Bizdə bir az var. Suğraya deyərəm, eşiyə tökər, bir yeri duzlaq eləyib hamının heyvanını dadandırın. Görək sonrası nə olur.
– İstəsəniz mən Alapaça dağı tərəfdən yol tapıb gedərəm. İki xurcun gözü tapıb gətirərəm.

Bunu Binnət deyirdi, hamının ən birinci ovuc tanıdığı Keçəloğlu, cəldliyi, zirəkliyi bütün şenliyə bəlli idi.
– Nə olar, bir o tərəflərdə hərlən gör. Amma özünü çox elə bərkə salma. İndi adam düz yerdə yıxılıb sürüşür. Qayadan, dağdan uçub, qurda, quşa yem olmaq nəyə lazım.

Bir azdan bütün şenliyə iki şey bəlli oldu. Biri o ki, Əhəd bəyin böyük oğlu Oğuza dədəlik verilib. Hərdən çöldə, talada tək olanda yaxşı-yaxşı çalıb-çağırır.

Bir də onu eşitdilər ki, əli xatalı Uğur sayıqlama tapıb, hərdənbir havalı kimi olur. Bax buna görə qəmə batdılar. Uşaq üçün alxış elədilər. Axı ona görə o boyda yurdu qoyub gəlmişdilər. Uğurun əhvalında baş verənlər yavaş-yavaş qor olub dolurdu Əhəd bəyin canına, qanına, yorğanına. Belini əyir, gözünə tor, ayağına gor olurdu yazıq atanın.

Gecələr atası ilə bir dəyədə yatırdı Uğur. Gecələr sayıqlayır, yerindən dik atılır, köməyə çağırır, ağlayır, sısqalayırdı. Bütün bunlara daş da, qaya da dözməzdi ki, tablayırdı yazıq Əhəd bəy... Hərdən süst düşüb mışıl-mışıl yatan oğluna baxır yanır, yaxılırdı.
– Günahım nəydi, a tanrım? Niyə bunu əli xatalı eləyib bu hala saldın? Mənimlə qəsdin vardı, dəhrəni elə vuraydın ki, biryolluq kəsiləydi ipim.

Ayaqlarımı uzadıb öləydim. Yoxsa göz dağı verib əritməyin nədi belə?

...O gecə Uğur erkən yatmışdı. Özü də hələlik sayıqlamırdı. Bəlkə də buna görə Əhəd bəy özünü aldadıb yuxuya verə bildi. Bir də onueşitdi ki, səs gəlir. Gözünü açıb gördü ki, Uğur ayaq üstə dəyənin küncünə qısılıb qışqırır:
– Tüfəngi o yana tut! O yana tut!

Ata əvvəl tərpənməyib onun sakitləşməsini gözlədi. Oğlu get-gedə xırıldayır, təngnəfəs olurdu. Sıçrayıb biləyindən yapışdı.
– Toxtasana, atam, anam.
– Ata qoyma, qoyma onu.
– Kimi dərdin alım?
– Görmürsəmi dəyənin qapısındakı əli tüfəngli saqqalı kişini.
– ...
– Ata, tüfəngi mənə tuşlayıb, qoyma al əlindən.
– Özünü ələ al, malım, payım, heç kəs yoxdur.
Uğur lap həyəcanlandı. Atasının arxasında gizlənib əlilə göstərdi.
– Ata, aydınca görürəm. Özü də Binnətə oxşayır. Mənə tüfəng atmağı öyrədən Keçəloğluna. Qoyma, odlayacaq sinəmi.

Əhəd bəy barmağını dişlədi. Uzun gecələrin səksəkələri, qorxuları, sayıqlamaları axırını gətirib bura çıxarmışdı. Uğurun gözünə qara-qura görünürdü.

Cindarın yeri idi, qorxudub, hürküdüb uçura canındakıları. Cindar Nənəqız İsagöydə qalmışdı. Yolları bağlı İsagöydə...

Atasının əllərindən bərk-bərk yapışıb titrəyə-titrəyə nəhayət yuxuya getdi Uğur.

Səhəri ayağnı cindar Nənəqızın qızının evinə qoydu. İsagöydən Musagöyə keçən gəlinlərdən idi o.
– Cijim, bacım, anandan bir şey görüb götürmüsənmi? Vergisindən deyirəm.
– Ağlımda qalıb bəziləri.
– Uğuru qara basır. Neyləyirdi Nənəqız gözü azanlara?
– Dağ basırdı, baba. Nəsə söyləyə-söyləyə dağ basırdı. Söylədiklərini mən bilmirəm.
Uğuru dağ basıb diksindirməyə razı olmadı. Bircə əlini tanrıya qaldıra bildi. Bircə yalvarışlarını artırdı Əhəd bəy. Qocalarla məsləhətləşdi, hər ağız bir söz dedi:
– Qoy əvvəlki kimi yaşasın. Çıxsın çölə, çayıra.
– Tay-tuşuna qoşulub oynasın.
– At sürsün, mal qovsun, ot çalsın.

Bunların hamısına çalışdı, əl atdı. Amma bir yola sala bilmədi oğlunu. Çölə-çəmənə çıxmağa qorxdu. Çıxıb uşaqlara qaynayıb qarışmadı. Elə küncü-bucağı göstərib xoflandı:
– Qoymayın, orda əli tüfəngli var.
– Gülləni ayağa verdi, qoymayın.

Hər dəfə də yıxılır, titrəyir, sayıqlayır, ağlayırdı.

Şenliyin bircə dərdi var idi. Bircə böyük dərdi. Bir oğula qıymayıb bir şenlik atmışdı hamı. İndi həmən oğul dərdə, gözdağına çevrilmişdi.
...Əhəd bəyə gəlib dedilər ki, Uğur dərə aşağı qışqıra-qışqıra qaçır. Bir istədi atlanıb izinə düşsün. Məsləhət elədilər ki, lazım deyil.
– Bəlkə, dərdi verən dərmanını belə göndərib.

O gündən sonra Uğurun dərə aşağı, dərə yuxarı qaçmağı başladı.
– Qoymayın, dalıma düşüb məni vurmaq istəyirlər!...

Bir axşam Uğur sakitcə oturub atasına baxırdı. Yazıq atası oğlunun bu dincliyindən vahiməyə düşmüşdü. Birdən uşağın apaydın səsini eşitdi. Bu səsdə əvvəlki Uğurun səmimiyyəti, məhəbbəti vardı.
– Baba, deyəsən sizi çox incidirəm.
Uşağın gözlərindəki məşum parıltı da yoxa çıxmışdı. Əhəd bəyin üstünə gün düşdü. Ürəyindən yük götürüldü.
– İncitmirsən, malım, payım.
– Anama de, su qoyub ayağımı, başımı yusun.

Ata tələsik özünü o biri dəyəyə verdi. O saat qulplu qazanlar asıldı. Xalaları qabırğaları sananan Uğuru çimdirdilər. Onlar da uşağın canından qara-qorxunun uçduğunu fikirləşib sevindilər. Uşaq pal-paltarını dəyişməmiş, bir-iki qoçun qurban kəsilib dəyələrə paylanmağı bir oldu. Suğra ana tər-təmiz olmuş, gözü, üzü durulmuş balasını duz kimi yalayıb ağlayırdı. Uğurun sarı çiçək ətri verən saçlarına onun göz yaşları tökülürdü.
– Ana, ürəyinə ağrı oldum, deyəsən.

Ana yaşlı gözlərini onun saçları ilə qurulayıb, yumşaq əllərilə ağzını yummaq istəyirdi. Qorxusundan hamı içində şükür elədi. Uğuru dəyəyə gətirdilər. Rahatca yuxuya getdi. Başının üstündən nə Əhəd bəy, nə Suğra, nə xalaları, nə də kəndin dərdini talalarda oxuyan qardaşı Oğuz çəkilə bildi. Onlar əvvəlki vaxtlarındakı kimi rahat-rahat yatan, bütün məsumluğu, istiqanlılığı təzədən özünə qayıtmış Uğura baxıb doymaq bilmirdilər.
Dəyənin içinə yağış yağırdı...

Səhərə yaxın dərindən nəfəs alıb hərə öz yatağına çəkildi. Bircə Əhəd bəy dəyədə qalıb əvvəlki yerini tutdu. Köhnə vaxtlardakı kimi bu dəfə o, başını qoyan kimi yuxuya getdi. Nə müddətdən sonra səksəkəsiz, əzabsız bir yuxu yatdı.

Əhəd bəy gözünü açanda Uğuru yatağında görmədi. Tezcə çiyinə bir şey atıb, ayağını eşiyə qoydu. Günəşli bir yaz günü idi. Təbiət bütün qüvvəsini toplayıb misilsiz gözəllik yaratmışdı. Yorğusunu, ağrısını yuxuya tökmüş Əhəd bəy nə edəcəyini bilmədi. Bircə onu fikirləşdi ki, yəqin Uğur gəzməyə çıxıb. Geriyə qayıdıb dörd tərəfə adam salmağa hazırlaşdı. Bir azdan gəlib Əhəd bəyə dedilər:
– Ulus çayının üstdəki palıd ağacından...
Bir vaxt Cahad bəyə deyəndə ki, Əhəd bəyin oğlu Uğurun əlində tüfəng açılıb, arxasını özü-özünə söyləmişdi:
– Cahad bəyin oğlu Alaya dəyib.

İndi də Əhəd bəy bunun arxasını ürəyindən keçirdi:
...Əhəd bəyin oğlu Uğur özünü asıb.

Bu da beləcə dodaqdan dodağa əks-səda verdi.

Bu dağ da Alayınkından geri qalmadı. Bunun ağlaşmasında da yolunan saç, cırılan üz, deyilən ağı tük ürpətdi, qəlb sızlatdı. Amma dəfni axşamüstünə saldı Əhəd bəy. Heç kəs bilmədi niyə səhəri İsagöyün bir biçənəyində mal sövdələşən Cahad bəyə gəlib belə söylədilər:
– Bu gecə Əhəd oğlu Uğuru gətirib Alayın böyründə torpağa tapşırıblar.

Elə bil dağ basdılar Cahad bəyə. Elə bil od içində qovruldu. Bircə onu dedi yana-yana:
– Bayquşun payını verib qurtardıq.
...Cahad bəy qəbiristanlığa gəldi. Şenliyin ağsaqqal-qarasaqqalı ilə, hamı qubarını götürmüşdü, Bəkir dədə də sazını.
Cahad bəy yaxınlaşıb təzə qəbri qucaqladı.
– Torpağa nakam gələn Uğur balam, vay.

Üzünü, gözünü qəbrə sürtüb ağlamağa başladı Cahad bəy.
– Yazıq balalarım, bəxtinizə bayquş uladı. O bayquşu göydə vura bilmədim əli-ayağı güməşən mən köpəyoğlu.
Onun bu kəlmələrini başa düşməsə də gözündən yaş əyirirdi hamı...
– Sizin toyunuzu çaldıra bilmədik...
Sonra ayağa durub Bəkir dədəyə baxdı. Saz köynəkdən çıxdı, nakam gənclərin nakam havaları qatarlandı.


***

Uğurun ili çıxdı. Qoşa baş daşı ucaldı iki nakamın torpağından.

Cahad bəyin simarıcı Əhəd bəyin köçünə çatdı.
– Yara qaysaqlanıb. Ensinlər köhnə yurda.

Həmin gün çiçəyi çırtladı Əslinin. Həmin gün son dəfə dağlara hay saldı Oğuz.

Köç köhnə yurda, Musagöyə çatanda onları Bəkir dədə qarşıladı. Hamıyla qucaqlaşdı, güldü, ağladı. Sonra şenliyə döndülər.

O yaz Qaşıqardan axan sellər kəndi ağzına alıb yurdlarının çoxunu uçurmuşdu. Sel o qədər daş gətirib yığmışdı ki, qoyun-quzudan yetim qalmış həyətlərə, iri çay daşlarına baxlb mat-məəttəl qalanlara belə dedi Bəkir dədə:
– Şenliyi Musagöy qoyub getdiniz. Daşgələn aldınız. Daşgələn olub indi bura. Dəyməyin, əl vurmayın, baxtımıza yağan daşlardı bunlar. Bizim şenlikdə də doludu. Dəyməyib kəndin adını dəyişdik. Daşgələndə təzədən həyat cücərdi. İtlər hürüşdü, qoyunlar mələşdi. Günlərin bir günü ağsaqqalı-qarasaqqalı yığdı Əhəd bəy.
– Çox murazımız gözümüzdə qalmışdı. Deyirəm... xeyir işlərə başlayaq, toy çaldıraq, uçuraq, qaçıraq qəmi, möhnəti. Hazırlaşın elçi gedək Cahad bəyin qapısına.

Elçi dəstəsini uşaqlar görüb qaçışdılar. Cahad bəyə bu xəbəri uşaqların ağzından qoparan böyüklər verdi. Heç kəsin gözləmədiyi bu işə mat-məəttəl qaldı qarılar, gəlinlər. Hamısının gözü Cahad bəyin ağzında qaldı. O da dedi:
– Elçi Allahdandı. Alaqapıları açın.

Bir azdan elçiliyə gələnlər səssizcə içəri doluşduıar. Keçib qabaqcadan hazırlanan yerdə qatarlaşıb oturdular. Onların qabağına hələ heç kəs çıxmırdı.

Bircə uşaqlar maraqla baxır, qaçıb gizlənirdilər.

Xeyli vaxt beləcə gözlədilər. Əhəd bəyin üzünün damarları səyriyirdi. O birilərin ürəklərinin döyüntüləri eşidilirdi. Hamı fikirləşirdi: Cahad bəyin acığı, kini yuyulub getməyibmi görəsən? Nəhayət, qızın dayısı gəlib elçibaşının qarşısında əyləşdi. Hamı bir az yüngülləşən kimi oldu. Sonra yavaş-yavaş dayının böyrünə düzüldülər. Bir xeyli susandan sonra qızın dayısı soruşdu:
– Nə uğura gəldiniz?
Qarşısındakı dinmədi. Bu söz üç dəfə deyilməli idi. Nəhayət, üçüncü dəfə soruşdu.
– Nə uğura gəldiniz?
– Diləyimizi diləməyə. Gəldik, tanrının əmri, bu adamların şahidliyi ilə Cahad bəyin qızı Əslini, Əhəd bəyin oğlu Oğuza diləyək atasının razılığı ilə.

Bu sözlər də üç dəfə deyildi. İndi ən həyəcanlı dəqiqələr çatmışdı. Demək olar ki, söz Cahad bəyin idi.

Dayı dilləndi:
– Biz də tanrının əmri, bu adamların şahidliyi ilə Cahad bəyin qızı Əslini Əhəd bəyin oğlu Oğuza veririk atasının razılığı ilə.

Hamı bu sözə bəndmiş. O saat atılıb qabağındakını qucaqlamağa, öpüb ağlamağa başladı.

Bəkir dədə saz çalır, söz deyir, camaat ağlaşır, ağlaşırdı...

# 3083 dəfə oxunub

Oxşar xəbərlər

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

15:00 1 mart 2024
O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

16:00 27 fevral 2024
Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

12:00 26 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

10:00 24 fevral 2024
Stress, tənhalıq, özünəqəsd...

Stress, tənhalıq, özünəqəsd...

21:00 23 fevral 2024
# # #