Darıxanda qaçır, girir qoynuma - Elvin Paşanın şeirləri

Elvin Paşa

Elvin Paşa

25 iyun 2023
# 13:05

Kulis.az Elvin Paşanın şeirlərini təqdim edir.

***

Qayıdıb gedənlər gəlsə,
Belə olmaz gələn səfər.
Qulağıma gələn səsə
Qaçıram ki sən deyilsən!

Qürurun kimə xoş olur?
Allah, bu adam daş olur.
Harda yaralı quş olur
Uçuram ki sən deyilsən!

Həsrət əl-ayağımı qapır.
Harda itdim, hardan tapım?
Hərdən bir döyülür qapım,
Açıram ki sən deyilsən!

Gün keçdi

Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı, uzaqlaş.
Ən çətin iş mənə düşdü, bilirsən,
Bircə dəfə inad etmə, razılaş.

Səsin itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də "adam kimi" dil bilir,
darıxanda qaçır, girir qoynuma...

İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də çətin adamam,
Bilirdim ki, buz olmaqdı vərdişim...

Bax, üzümün gülüşünün memarı,
dön mənə bax,
itir-batır üzümdəki əl işin,
Bir gün hər şey sona çatır ömürtək.
Yoxa çıxır nəhayətdə yox olur,
Sevgi elə zəhrimardı, bilirsən.
Bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur....

***

Saçlarına qurban olum
Saçlarını ağartma
Əllərinə qurban olum
Duaları unutma

Gözlərinə qurban olum
Ha tərəfə baxırsan?
Dillərinə qurban olum
Bilirsən ki gələrəm
Hansı yoldan çağırsan...

Ürəyinə qurban olum
Dərmanını içirsən?
Baxışına qurban olum
Nəyin dərdin çəkirsən?

Gülüşünə qurban olum
Necə gözəl gülüşdü
Ayağına qurban olum
Həyatımı dəyişdi...

Həyatına qurban olum
Çox oynama ocaqla
Qollarına qurban olum
Məni görsən qucaqla

Allahına qurban olum
Aramızı qatırlar
Hərdən sən də qurban ol
Hərdən məni xatırla...


Məni elə sev ki

Məni elə qoru ki,
bu gün də, sabah da
zövq almağa bir bənd şeirin olsun.
Məni elə sev ki,
bir fincan çayı da gətirməyə
bir ömür həvəsin olsun...

Məni elə sev ki,
gözlərim gözlərindən
asılı qalsın
unutsun ətrafın cazibəsini.
Məni elə sev ki,
dünyanın səsindən, küyündən ayıra bilsin
pas atmış qulağım,
incə səsini

Məni elə sev ki,
ən çətin işimiz küsülü qalmaq,
ən asan işimiz barışmaq olsun
Məni elə sev ki,
sükutum səs küylü dalaşmaq olsun

Məni elə sev ki,
yad ocaqlar soyutsun məni,
başqa qapılar tanış gəlməsin.
Məni elə sev ki,
Məcnun olduğuma inanım hər gün
özgə Leylilərə gözüm dəyməsin


Sözlərdəki mən

Sevgi - elə həsrətdi, öyrəşin
Doğmalıq - bir qarını yox, bir fikri bölüşməkdi
Sükut - danışmaq haqqı verməkdi, vicdana
Barışıq - arxasınca su atmaqdı, keçmişin
Dərd - çevrilməkdi, insana
Arzu - yaşaya bilməməkdi
Ümid - gözünə baxmaqdı, qaçanların
Unutmaq - ən təbii haqqımızdı, gəlməməkdi
Nifrət - ayağını torpağa bərk sığmağıdı qaçanların
Eşq - ürəyini bişirməkdi, yanmayan ocaqda
İnsan - altı milyard növdə ölə bilməkdi
Ölüm - heç kimin olmadığı yerdə gözləməkdi, dayanacaqda


"Həyy"dən gəlib "Hu"ya gedirdim

Yolda bir dostumu görüb dedim ki:
- darıxıram,
dedi:
- biz buralı deyilik…

…Sonra bir daş parçası gördüm,
məzarlıqdan binaya baxıb "kaş" deyirdi.

…Sonra havanın tutulduğunu,
göylərin buludların üstünə çəmkirdiyini,
yağışın başladığını gördüm.
…Sonra bir sərçənin
ümidlə qaranquşa yuva tikdiyini,
qovulmuş işçi arının
çiçəkdən üzr istədiyini gördüm son nəfəsdə.
…mənim də bir tutuquşum var
azadlıqdan başqa bütün sözləri deyə bilir qəfəsdə
…Sonra bir göyərçinin səmada uçduğunu gördüm,
sahibinə gedib qayıtmağı öyrətmək üçün.

…Sonra bir itin islana-islana
dişiynən məscidin darvazasını örtüb hürdüyünü gördüm:
"Ey insan, ey insan"
…Sonra yuvası tapdalanmış qarışqanın
asta səslə qışqırdığını gördüm:
"Süleyman! Süleyman!"

…Sonra evə girdim asta-asta,
addım-addım.
Qəfəsdən tutuquşunun səsi gəldi
Səhər oğluma öyrətdiklərimi təkrarlayırdı:
"Buna da şükür! Buna da şükür!"


Almafobiya

Bəlkə də, dünya
Həvvanın Adəmə
verdiyi almadı...
Bəlkə, aldanmaq
elə sevilməkdi,
qovulmaqdı bir adı...
Bu nə arzu tutmaqdı?
Sənə qədər məsafəni
addım-addım sayıram.
Yorulanda əlimi
ürəyimin üstə yox,
Sənin yarandığın
qabırğama qoyuram!
Vallah,
indi almafobiya bürüyüb canımı.
Kaş əl uzatmazdım almaya
Gəl qayıdaq...
Yerimiz bura deyil
Biz Allahın gözündən düşdük dünyaya.

Nigaran

Görəsən nə bişirir?
İndi görən nə yeyir?
Kimə baxıb danışır?
Ürəyində nə deyir?

Nə bəhanə gətirir,
yeməyi çiy bişəndə?
Düşündüyü mənəmmi
qaşıq yerə düşəndə?

Bəlkə əlindən düşüb
stola duz dağılır.
Mən yoxam, nə ürəyi
nə stəkan qırılır

Gecələri diksinib
yuxudan oyanırmı?
"Hər şey yaxşı olacaq"
Hələ də inanırmı?

Necə yatır, oyanır?
Döyürmü gün üzünə?
Neçə yuxu danışıb
bu vaxtacan özünə?


Bağışla, çox uzatdım

Daha adicə sözdü, daha adi xəbərdi
"O darıxır, hardasan?"
Bircə mən deyiləm ki, gör indi nə qədərdi
özünü səndən asan.
Gör nə qədər ümidlər, nə qədər ip asılır
yenə daş ürəyindən.
Gör nə qədər yatanı azan səsi oyatmır,
Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır
Allahın ətəyindən.
Hərə bircə ev tikir xatirə kərpicindən,
Və bir gün ölü çıxır, o daxmanın içindən.
Lap istəsən and içim, bir az sənin canınçün,
bir az mənim canımçün.
"Darıxıram, əzizim" bunu ki, gizlətmirəm.
Bir də deyim biləsən, mən sənin olmadığın
yuxuya da getmirəm.
Səni də istəyirəm, sən yaşayan evi də,
O balaca qızı da, içimdəki divi də.
Gəzdiyin dəhlizi də sevirəm addım-addım
Bağışla, çox danışdım, bağışla, çox uzatdım
Ağrılarım səngiyib
bircə darıxmağım var.

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi

Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi

09:00 28 noyabr 2023
Hindular türkdürmü? - Sunay Akının "Qız qülləsindəki Hindu" kitabından

Hindular türkdürmü? - Sunay Akının "Qız qülləsindəki Hindu" kitabından

10:00 26 noyabr 2023
Namus - Qafar Rüstəmovun hekayəsi

Namus - Qafar Rüstəmovun hekayəsi

12:00 25 noyabr 2023
Bir əlində avtomat vardı, birində qələm - Şair qəlbli diktatorlar

Bir əlində avtomat vardı, birində qələm - Şair qəlbli diktatorlar

17:00 24 noyabr 2023
"Bir şairi öldürdülər bir şəhərin ortasında..." - Rafiq Tağı haqqında

"Bir şairi öldürdülər bir şəhərin ortasında..." - Rafiq Tağı haqqında

14:00 23 noyabr 2023
Homoseksual jurnalistə görə daş-qalaq edilən prokuror - Hər şey haqqında heç nə

Homoseksual jurnalistə görə daş-qalaq edilən prokuror - Hər şey haqqında heç nə

12:00 23 noyabr 2023
#
#
# # #