"Aqil Abbas camaatın anasını ağladırdı..." - Qulu Ağsəs

"Aqil Abbas camaatın anasını ağladırdı..." - Qulu Ağsəs
1 aprel 2024
# 10:32

Bu gün yazıçı, millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbasın 71 yaşı tamam olur.
Kulis.az yazıçını təbrik edir və Qulu Ağsəsin onun haqqında “Aqil Abbas - 70: Qarabağın başqa adı...” yazısını təqdim edir.

Aqil Abbası quqlda axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya... hə, bir az bu uyğun gəlir.

İşğal günləri, bir də 1 aprel - Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə.

Kolanı Məhəmməd kişinin oğlu.

Ağdam cayıllarının dostu.

Universitet tələbəsi.

Məmməd Arazın kürəkəni.

Bir neçə kitab müəllifi.

"Ədalət"in sahibi.

Yox, Ədalətin sahibi o deyil.

Aqil Abbasınkı:

qəzetdi,

dəftərdi,

qələmdi,

davadı,

torpaqdı,

yazıdı,

man...dat deyil.

Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. "Zakuska"sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar.

Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı:

– Aqil müəl...

– Mən müəlliməm, ə?

– Aqil bəy...

– Bəyin də... sənin də!

– Aqil qardaş...

– Adın nədi, başına dönüm?

Aldığı cavabdan sonra öz anası ağladı...

İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas.

Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu.

Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün... axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin... Dedi və getdi... Baxdım, "aboy" cırılıb, istədim, xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə... barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın...

...Hərdən dünyanın üzündən

öpmək istəyirəm.

Görürəm, basırıqdı -

dünyanın üzünə tüpürürlər.

Mənsə növbəyə girmək istəmirəm.

Hərdən də dünyanın üzünə

tüpürmək istəyirəm.

Görürəm, qırğındı -

dünyanın üzündən öpürlər.

Dedim axı, növbədən zəhləm gedir.

Gərək dünyanın:

üzündən öpməyi də,

üzünə tüpürməyi də

bacarasan!

Aqil Abbas kimi...

# 2365 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər