Anar: "Bu etiraf böyüklüyün və əsl cəsarətin örnəyidir"

Anar:  "Bu etiraf böyüklüyün və əsl cəsarətin örnəyidir"
6 fevral 2024
# 13:52

Kulis.az Xalq yazıçısı Anarın Sabir Rüstəmxanlı ilə Məmməd İsmayılın söhbəti barədə təəssürat yazısını təqdim edir.

Görkəmli şair, nasir, publisist, etibarlı dostum Sabir Rüstəmxanlı bu günlərdə mənə telefon etdi. Bilir ki, mən sosial şəbəkələrə girmirəm. Odur ki, Məmməd İsmayılla maraqlı söhbətimiz olub - dedi - sizə gətirsinlər, baxın.

Xahiş etdim, gətirdilər, baxdım və çox məmnun qaldım. Söhbət əsnasında Məmməd bəzi məsələlərdə düz hərəkət etmədiyini etiraf edir. Mənə də, Məmmədə də səmimi münasibət bəsləməyən aravuranlar tapılacaq ki, bu etirafı zəiflik, təslimçilik kimi qələmə verməyə çalışacaqlar. Amma mənim qəti fikrimcə, bu etiraf ilk növbədə böyüklüyün və əsl cəsarətin örnəyidir.

Hər bir insan haçansa, hardasa yanıla bilər. İllər keçdikcə, həyat özü bir çox həqiqətləri təsdiq edirsə yanıldığını dərk etmək asan iş deyil, bunu səmimi etiraf etmək isə daha da çətindir. Böyük ürək tələb edən işdir.

İlk gənclik illərimizdən Məmməd İsmayılla həmişə yaxşı münasibətlərimiz olub. Mən onu nəslimizin ən istedadlı şairlərindən biri kimi qiymətləndirmişəm və qiymətləndirirəm. Haqqında səmimi yazı da yazmışam. O da vaxtilə mənim haqqımda Türkiyə mətbuatında xoş bir yazı yazmışdı. Çoxları ondan üz döndərəndə Yazıçılar Birliyində yubileyini keçirdik. Odur ki, onu İstabuldan məxsusi dəvət etdiyimiz Qurultayda çıxışı mənimçün gözlənilməz oldu. Ən acınacaqlı isə o idi ki, çıxışındakı tənqidi fikirlər (obyektiv tənqiddən kim inciyər?) real faktlara yox, ara söhbətlərinə, dedi-qodulara əsaslanırdı. Kiminsə ya kimlərinsə fitvasını da istisna etmirəm. Nə isə… Keçənə güzəşt deyərlər. Doğrusu, bilmirəm, bu mənim üstün ya zəif cəhətimdir - heç kəsə kin saxlamağı bacarmıram. M.İsmayılın çıxışından sonra konkret yanlış faktları təkzib etsək də, heç vaxt Yazıçılar Birliyinin mətbu orqanlarında Məmmədin əleyinə bir kəlmə söz yazılmadı. Əksinə gen-bol çap olunur, təriflənir.

Türkiyədə ümumi dostumuz İmdat Əfşardan Məmmədin xəstələndiyini eşidəndə çox təəssüfləndim.

Sabirlə söhbətini oxuyandan sonra isə zəng edib fikrimi bildirmək istədim. Təəssüf ki bu günlərdə telefonu qapalı qalır. Odur ki, sözlərimi qəzet vasitəsilə çatdırmalı oluram.

Mənimlə münasibətlərindən başqa Sabirlə söhbətində Məmmədin dövlətimizin siyasətini düzgün qiymətləndirməsi tarixi baxımdan daha da önəmlidir. Təkrar edirəm, hər bir insan nədəsə, haçansa, bəzən də təsir altına düşərək səmimi şəkildə yanıla bilər. Amma həyat hamıya elə amansız dərs verir ki, faktları elə dəqiq qarşıya çıxarır ki, hər kəs öz vicdanı qarşısında cavab verməli olur. "Həqiqət beləymiş, mən düşündüyüm kimi deyilmiş" qənaətinə gəlir.

İndi hamıya gün kimi aydındır ki, XX əsr Azərbaycan tarixinin ən böyük faktı 1918-ci ildə müstəqil Cümhuriyyətimizin elan edilməsiydisə çağdaş tariximizin ən möhtəşəm hadisəsi 44 günlük savaşda qələbəmiz və 23 saatlıq antiterror əməliyyatıdır. Əgər 44 günlük savaş torpaqlarımızın işğaldan qurtarmasıyla nəticələndisə, 23 saatlıq əməliyyat iki yüz ildən bəri qövr eləyən problemi bir dəfəlik həll etdi. Məmmədi də, məni də, bütün namuslu, yurdsevər həmvətənlərimizi də sevindirən bu zəfərlər Heydər Əliyev - İlham Əliyev siyasi yolunun düzgün istiqamətiylə təmin olundu. Məmnunam ki, indi bu barədə Məmmədlə mövqeyimiz eynidir.

Bu məktubu bitirərkən Məmməd İsmayıla Tanrıdan şəfa diləyir və yeni yaradıcılıq uğurları arzulayıram.

1 fevral 2024

# 2852 dəfə oxunub

Oxşar xəbərlər

"Alman romantizminin son cəngavəri"  adlandırılan yazıçı

"Alman romantizminin son cəngavəri" adlandırılan yazıçı

18:18 26 noyabr 2025
Macar modernist poeziyasının siması - Ona niyə alim-şair deyirdilər?

Macar modernist poeziyasının siması - Ona niyə alim-şair deyirdilər?

17:23 26 noyabr 2025
İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

14:00 26 noyabr 2025
"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

14:00 25 noyabr 2025
Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

14:40 22 noyabr 2025
"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

12:00 22 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər