Ana Blandiana: “Şair əzab çəkən insanların yanında olmağa borcludur” - Müsahibə

Ana Blandiana:  “Şair əzab çəkən insanların yanında olmağa borcludur” - Müsahibə
2 dekabr 2023
# 12:00

Kulis.az Jalə İsmayılın görkəmli rumın ədibi Ana Bladiana ilə müsahibəsini təqdim edir.

Hesabı ödəmək istəyimə gülə-gülə etiraz edir: “Siz kimin şəhərindəsiniz?”

Onun şəhərindəyik. Buxarestdə. Mənim uzunmüddətli Rumıniya səfərimin son günü, onun uzunmüddətli İtaliya səfərindən qayıtdığı gecənin sabahı “ayaqüstü” deyə biləcəyimiz bir söhbət. Kafenin və küçənin səs-küyünə fikir vermədən söhbətə başlayırıq. Bir neçə illik Rumıniya macərama onun XX əsrin 60-cı illərindən başlayan və bu gün də nəfəs almadan davam etdirdiyi ədəbiyyat yolundan nələrsə əlavə etməyə çalışıram. Vaxt az, həyat kitabı qalın. Bir az da həyəcan. Qarşımda görkəmli rumın şairi Ana Blandiana oturub axı.

– Ana xanım, çoxsaylı səyahətlərinizi, ədəbiyyat festivallarını, tərcümə edilmiş kitablarınızı əsas tutaraq, sizi “müasir rumın poeziyasının dünyada ən çox tanınan şairi” adlandıra bilərikmi?

– Mən nə deyim. Bunu başqaları deyə bilər.

– Sizin son şeirlər kitabınızı çox axtardım mağazalarda. Deyirdilər ki, bitib, gətirəcəklər. 60-cılar nəslindən olub, bu gün də “müasir şair” adlanmaq və gənc oxucular qazanmaq necə bir duyğudur?

– 60-cı illərdə Rumıniyada gənclər ədəbiyyat, sadəcə ədəbiyyat deyil, musiqi, rəssamlıq, kino və teatr vasitəsilə sosializm realizminə müqavimət göstərirdilər. Sizdə də sosializm realizmi vardı, deyilmi?

– Bəli, vardı.

– Bizim nəsil müharibədən əvvəlki ədəbi nəsillə əlaqə qura bilmişdi. Emineskudan sonra çox böyük sənətkarların daxil olduğu nəsildən gedir söhbət. Ədəbiyyat və rəssamlıqda. Gözəl dövr idi. Ona görə yox ki, azadlıq vardı. İndi əlbəttə azadlıq daha çoxdur. Mən indiki dövr azadlığını “tənbəl azadlıq” adlandırıram. İndi azadlıq normal görünür. Bəzən baş verənlərin çoxluğu axmaqlıq həddinə çata bilir. O vaxt yaratmaq üçün azadlıq vardı. Yaratmaq ehtirası vardı. Möcüzəvi bir atmosfer vardı yaratmaq üçün. İndiyə qədər də ən önəmli yaradıcı nəsil olaraq qalır. Artıq 50 ildən çoxdur. Bütün dünyada 60-cılar nəsli xüsusi seçilir.

– Yaxın keçmişdə dünya böyük bir pandemiyanı geridə qoydu. Siz necə yaşadınız o dövrü?

– İndi də utanıram deyəm ki, mən çox xoşbəxt idim. Mənim həyatım çox qarışıqdır. Hər iş sürətlə yerinə yetirilməlidir. Pandemiya yeganə dövr idi ki, kiminləsə görüşmək lazım deyildi, evdə otura bilərdim. Effektiv işlədim. Çox məhsuldar dövr oldu mənim üçün. Yazmaq üçün gözəl fürsət idi.

– Bir çox psixoloq, sosioloq deyirdi ki, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Amma sanki heç bir şey dəyişməyib. İnsanlar yenə həminki insanlardır.

– Hər şey eyni qalıb. İnsanlar da eynidir. “Bacı dünya” kitabımı yazdım pandemiya dövründə. Kitab keçdiyim həyat yolundan bəhs edir. Sanki səyahət kitabıdır. Orada pandemiya haqqında da bölmə var.

– Bakıya səfəriniz gözlənilir. Bizim şəhəri necə təsəvvür edirsiniz?

– Çox həyəcanlıyam. Səyahətdən öncə heç vaxt belə həyəcanlanmamışam. İlk növbədə fərqli bir mədəniyyətlə qarşılaşacağımı düşünürəm. Həyəcanlıyam həm də ona görə ki, keçmiş Sovet İttifaqı ölkəsidir. İndi azaddır, Putindən asılı deyil, müstəqildir. Tanış olmağı həyəcanla gözləyirəm.

– Sizcə, kommunizm Rumıniyanın mədəni həyatına necə təsir edib?

– Çox böyük təsiri olub. Akademiyada, məsələn, islahatlar aparıldı. Bəzi böyük adlar kommunizmi qəbul etdi, bəziləri ölkədən qovuldu, bəziləri həbsxanaya salındı, orada olanlardan bəziləri vəfat etdi. Siget Memorialında[1] akademiyadan olan qurbanlara həsr edilmiş üç divar var. Rumıniyanın mədəni sistemi dağıdıldı. Rejim qeyri-insanı, qeyri-mənəvi, qeyri-qanuni idi. Özünün bütün qanunları ilə. Hesab edirəm ki, mürəkkəb reallıqla üz-üzə qalmışdıq. Rejimin içində həll oluna bilməyən problemlər vardı.

– Öz şeirlərinizi hansı xarici dillərdə oxuya bilirsiniz? Təəssüratlarınız necədir?

– Fransız, ingilis və italyan dillərində. Əsərlərim 26 dilə tərcümə olunub. Yaxşı ki, başqa dillərdə başa düşmürəm. Başa düşdüyüm dillərə dair fikirlərim var. Məncə, məsələ tərcüməçi deyil, dildir. Roman dilləri, daha çox da italyan dili, çox işıqlıdır, kölgəsizdir. Rumın dilinə slav, türk və macar dillərinin təsiri var. Bu, şeirin dilini gözəllədirir. Hesab edirəm ki, fransız və italyan dillərində bəzi nüanslar itir. Bu mənada ingilis dili daha çox xoşuma gəlir. Bu dilin xarakteri belədir ki, müxtəlif ifadə, cümlə içində 20-30 mənası olan çoxlu söz var. Belə mühitdə şeir mənasını itirmir.

– Mənə görə, hər şeir yazıldığı dildə gözəldir. Orijinaldakı şeirin yaratdığı təəssürat tərcümədə nə qədər qoruna bilər?

– Şeir tərcüməçisi şair olmalıdır. Xoşbəxtəm ki, bir neçə dildə tərcüməçilərim şairlərdir. Mənaya daha çox yaxınlaşa bilirlər. Formanı, qafiyəni, ritmi daha yaxşı hiss edirlər. Rumınca qafiyəli şeirim çoxdur. İtalyancada qafiyəsiz tərcümə edilib və mənası heç də itməyib. İtalyanca oxuyanda mən şoka düşdüm, modern yanaşma idi. Amma rumınca daha musiqili səslənir. Şeirin aurasını hiss etmək lazımdır. Gözəl tərcümə nə deməkdir? Auranı, atmosferi verə bilmək vacibdir. Eynşteynin bir sözünü oxumuşdum: “İnsanlar iki yerə bölünür. Möcüzəyə inanmayanlar və hər şeyi möcüzə hesab edənlər”. Poeziya əsl qeyri-adi möcüzədir.

– İlham pərisi haqqında nə düşünürsünüz? O, harada yaşayır, nə vaxt gəlir, niyə gəlir?

– İlham pərisi tənhalıqda yaşayır… Həyatım boyu necə yazdığımı sizə deyə bilərəm. Həmişə qaçaqaçda yazmışam. İndi də ideyalarımı əvvəlcə dəftərçəmə qeyd edirəm. Gənclikdə, yəni 30 yaşıma qədər necə edirdim. Demək, bir ay yaşaya biləcəyimiz qədər məbləğ toplayandan sonra həyat yoldaşımla bərabər evdən çıxırdıq. Əsasən Sinaya şəhərinə gedirdik. Mədəniyyət Nazirliyinin Yazıçılar evi vardı, hotellərdən daha ucuzdu. Orada qalırdıq. Nahara qədər yazırdım. Sonra gündə bir dəfə gəzməyə çıxırdıq. Çox işləyər, az yeyərdim. Otağa qapanmaq, yazmaq, gəzmək – bu proses müqəddəslərin müəyyənləşdirilməsi kimi bir şeydi. Elə fikirləşirdim ki, yazmaq üçün mənim başqa şansım olmayacaq. Bəzən də başqa cür olur. Bu barədə bütün şairlər deyə bilərlər. Sanki nəsə kənardan diktə edilir. Mən sadəcə göndərilənləri kağıza yazıram. Deyilənləri yazıram və müəllif oluram.

– Sizcə, poeziya sadəcə ağrıkəsicidir, yoxsa birdəfəlik sağalda bilir?

– Sağaldırmı, xilas edirmi… İcazənizlə, bəzi maraqlı nümunələr haqda danışmaq istərdim. Rumıniya həbsxanalarında 10-12 il ərzində divarlara döyəcləməklə şeirlər yazılıb. Bu şeirlər üçün üç nəfər tələb olunurdu. Şeiri səsləndirən, onu yadında saxlayan və Morze əlifbası ilə başqalarına ötürən. Bu üsulla on minlərlə şeir yazılıb. Bu, bir müqavimət üsulu idi. Həm də siyasi müqavimət deyil, dəliliyə qarşı müqavimət. Həbsxanadan kim çıxsa ilk işi yadında qalan şeirləri kağıza köçürmək olurdu. Ruh sətirlərə çevirirdi yaşadıqlarını. Müəlliflər də məşhur şairlər deyildi. Hətta şeirlərin çoxunun müəllifi məlum deyil. Bu nümunədə poeziya xilaskar rolundadır. Azadlığın məhdudlaşdırıldığı yerdə insanları qoruyub saxlayan şeir olub. 60-cı illərdə insanlar şeir vasitəsilə azad olmağı öyrəndilər.

– Bu şeirlərin məzmunu nədir?

– Sevdiklərinə, atalarına, analarına, sevgililərinə yazılan şeirlər var. Allaha dualar… Çox qəribədir ki, siyasi səbəblərə görə həbs olunan insanların şeirləri siyasi deyil. Bu da normaldır. Onlar ölüm və həyat arasındakı yolda kəşf etmişdilər ki, siyasət axmaqlıqdır. Pandemiyaya qədər insanlar maddiyyatdan çox yorulmuşdular. Çox işləmək, çox qazanmaq, çox yemək. Mövcud olmaq bunların fövqündədir. Bundan sonra əşyaların mahiyyətini necə izah etmək olar?

– Bir şair üçün mükafatlar nə deməkdir? Məsələn, “Nobel” almaq son hədəf sayıla bilərmi?

– Son illər verilən “Nobel” mükafatlarının hamısı absurd qərar olub. Şair üçün mükafatların əhəmiyyəti yoxdur. Yeganə izahı ola bilər mükafatın. O da yaxşı yaşamaq üçün vasitə. Şairlərin qiymətini hələ Platon vermişdi, onları ideal dövlətdən qovmağa çağırırdı.

– Sizcə, şairin cəmiyyət qarşısında hansısa öhdəliyi varmı, yoxsa onun heç kimə borcu yoxdur?

– Əgər cəmiyyət yaxşıdırsa, düzgündürsə, belə bir yer də mövcud deyil, şairin heç bir öhdəliyi yoxdur. Amma şair görəndə ki, ətrafındakı insanlar əzab çəkir, onların yanında olmağa borcludur. Məsələn, varlı ailələrdə uşaqların valideyn, qardaş-bacı qarşısında öhdəliyi olmur. Kasıb ailələrdə isə valideynlərin qayğısına qalmaq, kiçikləri qorumaq, ailəyə yardım etmək öhdəliyi yaranır.

– Kimin fikri sizin üçün daha vacibdir, tənqidçilərin, yoxsa oxucuların?

– Əlbəttə, oxucuların fikri. Mənim üçün tənqidin əhəmiyyəti yoxdur. Yazmağa başladığın ilk illərdə hələ nə edəcəyini, nə olduğunu bilmədiyin vaxtlarda tənqidin istiqamət verməsi vacib ola bilər. Yazmağım mənim üçün əhəmiyyətlidir. Bəzən düşünürdüm ki, bir daha yaza bilməyəcəm. Çünki bilmirdim, onları oxuyan var, ya yox. Oxucuların yazdıqlarımı hiss etməsi mənim yazmağıma bir məna qatır.

– Hansı ölkədə oxucu daha çox xoşunuza gəlib?

– Genlərindəndir nədir, bilmirəm, Kolumbiya, Meksika oxucusu daha isti qarşılamışdı məni. Meksikada yüzlərlə insan kitab imzalatmaq üçün növbəyə düzülmüşdü. Eləcə də, İspaniya, İtaliya, Fransa. İspaniyada çıxan hər kitabımda yaradıcılıq xronikamı yazırlar. Xatırlayıram, çox həyəcanlandırmışdı məni. İspanca ilk nəşr olunan kitabım fantastik hekayələrim olub. Kitab haqqında məlumat verdikdən sonra axırda belə yazmışdılar: “Ana Blandiananı tanımadan öncə necə yaşamışıq?”

– Ona qədər, onunla, ondan sonra… Cənab Romulus Rusanla bağlı həyatınızın bu dövrlərini necə qiymətləndirirsiniz?

– Ondan sonra deməzdim… İnanıram ki, ruhumuz olduğu üçün ölümsüzük. Ölüm o qədər də əhəmiyyətli deyil. Bir-iki il keçir, görürsən ki, fiziki olmayan hər şey davam edir, yaşayır. Bütün ömrüm boyu o mənimçün keyfiyyətə nəzarət müfəttişi olub. O deyərdi yazdıqlarım necədir… O da nasirdi axı. Mən bir az diqqətsizəm yazıda. Vergülləri o qoyardı… O nəzarət yenə qalır. İndi də yazanda düşünürəm ki, o nə deyərdi. Təxmin edirəm onun fikrini. Mənim 18 yaşım olanda evlənmişdik. O, ömrüm boyu mənimlə olacaq. Biz hər şeyi birlikdə etmişik. Düşüncəmiz, əməlimiz eyni idi. Siyasi görüşümüz eyni idi…. Siget Memorialını yaratmağa birgə qərar vermişdik. Vətəndaş Akademiyası Fondunu[2] Əsas təşkilatçı o idi. O da mənimlə bərabər qurbanlar vermişdi. Onun haqqında mənim barəmdə olan qədər çox danışmırdılar. Amma o öldükdə qəbiristanlıqda minlərlə adam vardı. Yüzlərlə məqalə yazıldı onun haqqında. Hamı onun necə insan olduğunu bilirdi. Ölmüş yazıçılar haqda adətən çox yazmırlar, amma onun haqqında çox yazdılar. Bu, Allahın mükafatı idi.

– Qadın poeziyası – kişi poeziyası. Bu bölgüyə inanırsınızmı?

– Belə bir bölgü yoxdur, ola bilməz.

– Qadınların başqa cür hiss etdiyinə inanmırsınız?

– …Ümumiyyətlə, mən feminizm haqqıda danışmağı sevmirəm. Feminizm qadınları kişilərə qarşı qoyan paradoksal nəzəriyyəyə çevrilib. Düzdür, qadın daha həssas ola bilər. Rumıniyanın çox önəmli qadın şairləri var. İlyana Malançioyu, Qabriela Melinesku, indi Ruksandra Çeseryanu və başqaları. Çox yaxşı yazan qadın şairlər var, olublar. İnana bilmərik ki, ona görə yaxşı yazırlar ki, onlar qadındırlar. Ona görə yaxşı yazırlar ki, şairdirlər. Sarışın və qaraşın insanları necə ayırmaq olarsa, poeziyanı da elə ayırmaq olar. Mavigözlülərlə qaragözlüləri ayıra bilmərik ki, kim yaxşıdır? Poeziya ayrı-seçkiliyin fövqündə bir hadisədir.

– Necə düşünürsünüz, dünya sizi necə xatırlayacaq? Sizin xəyal etdiyiniz kimi olacaqmı hər şey?

– …Heç bilmirəm. Öncə gərək bilək ki, dünya necə bir dünya olacaq. Hesab edirəm ki, Avropa bir az daha əhəmiyyətli olacaq. Hər şey dağılmayacaq. Avropa öz mədəniyyəti vasitəsilə əhəmiyyəli olmalıdır. İnsan haqlarını qorumalıdır. Avropa indi dünyanın hər yerindən qaçqınlar qəbul edir. Əhalinin milli tərkibi dəyişir. Bu şərtlərdə necə bir mədəniyyət mühiti olacaq, bilmirəm. İnsan haqları sahəsinə gəlincə, düşünürəm ki, Avropa yox olsa, insan haqları da yox olacaq. Hər şey dəyişir. Gələcək necə olacaq, bilmirəm.

– Sonuncu dəfə sizi kim Otilia Valeria deyə çağırıb?

– Heç vaxt heç kim. Pasportda adım belə gedir. Xaç suyuna çəkilərkən bu ad verilib. Otilia anamın, Valeria anamın anasının adıdır. Dostlarım Doyna deyirlər. Evdə də elə deyirdilər. Hamıya deyirəm ki, mən Doynayam. İlk şeirlərimi yazanda Ana Blandiana təxəllüsünü götürdüm, anamın kəndinin adıdır Blandiana. Hamı da yavaş-yavaş bu ada öyrəşdi.

Söhbətləşdi: Jalə İsmayıl

1. Siget Kommunizm Qurbanları və Müqavimət Memorialı, 1993-cü ildə siyasi həbsxana kimi tanınan keçmiş Siget həbsxanasının binasında yaradılıb.

2. İnsan haqları ilə məşğul olan qeyri-hökumət təşkilatı

# 933 dəfə oxunub

Oxşar xəbərlər

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

16:00 27 fevral 2024
Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

12:00 26 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

10:00 24 fevral 2024
Stress, tənhalıq, özünəqəsd...

Stress, tənhalıq, özünəqəsd...

21:00 23 fevral 2024
"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

14:00 23 fevral 2024
# # #