Amerikan tərzi rep deyən tüfeyli oğlan! - Ulucay Akif yazır...

Ulucay Akif, Paster

Ulucay Akif, Paster

26 may 2023
# 13:39

Kulis.az Ulucay Akifin "İşini bilənlər" adlı yeni yazısını təqdim edir.

Ölkədə işinin peşəkarı olan adamlar barmaqsayı qədərdir. Çox azdır işinin haqqını verən adamlar ölkəmizdə.

Sənətin fərqli sahələri var. Hamısı gözümüzün qabağındadır.

Adicə Müslüm Maqomayevin ötən il Bulvarda qoyulan heykəlini gözümün qarşısına gətirirəm. Biabırçılıqdır!

Elə Müslüm Maqomayev olar?

Biz Maqomayevi səsinin və görkəminin əzəməti ilə tanımışıq, sevmişik. O heykəldə isə əzəmətdən əsər-əlamət yoxdur.

Onu hazırlayan heykəltəraş özü qıraqdan işinə baxmayıbmı? Baxandan sonra utanmayıbmı? Yaxşı, Müslüm Maqomayevdən utanmayıb, bəs özündən, sənətindən də utanmayıbmı?

Sırf o heykəli görməməkdən ötrü bir ildən çoxdur Bulvara getmirəm.

Ayıbdır. Vallah, ayıbdır!

Ya da Yaşar Nurinin qəbirüstü büstü... O büstdəki adam kimdir, bilmirəm, amma əminəm ki, Yaşar Nuri deyil. O büstdəki Yaşar Nuridən başqa hamıya oxşayır.

Dərd odur ki, bu heykəltəraşlar gördükləri “işə” görə yaxşı da pul alırlar, dövlət pul ayırır. Amma ortaya qoyulan iş fiasko olur.

Hələ utanmadılar həmin heykəlinin açılışına Maqomayevin yoldaşı ilə Prezident İlham Əliyevi də çağırdılar.

Ya bəstəkar Nailə Mirməmmədlinin bir-iki gün əvvəl təqdim olunan barelyefi haqqında nə deməli?

Nə bilim...

Hə...

Yazıçı, heykəltəraş, bəstəkar, rəssam, müğənni, rəqqas, meyxanaçı, reper...

Ölkədə gördüyü işin haqqını verən adamlar tək-tükdür. Sənətin fərqli sahələrindən tutmuş, ən adi peşələrə kimi.

Onlardan biri də Pərvizdir. Paster ləqəbi ilə tanınan reperimizi deyirəm.

“Amerikan boy”, amma əslən talış olan Paster.

Tərziylə, üslubuyla tamam fərqli cığır açdı bu oğlan.

Nə Hüseyn Dərya, nə Uran, nə Qaraqan tərzini kopyalamadı.

“Çirkin” albomundakı son trekləri üzərində də xeyli işlədiyi hiss olunur.

Tək Paster yox, ümumiyyətlə, son dövr reperlərimiz bu musiqi janrını tamam yeni mərhələyə qaldırmağı bacardılar.

Hətta bu gün rep meyxananı da geridə qoymağı bacarıb. Meyxana da, rep də musiqili söz sənətidir. Bəli. Mən meyxananı da sənət olaraq qəbul edirəm. Söz varsa, deməli, sənətdir. Hə, meyxananı və repi sənət səviyyəsində saxlamağı, sənət səviyyəsində deməyi isə yazının əvvəlində dediyim işinin peşəkarları olan adamlar bacarır.

Bir zamanlar meyxana böyük kütlələrin təfəkkürünə təsir edirdisə, yavaş-yavaş rep həmin funksiyanı öz üzərinə götürür. Xüsusən də, gənclərin, yeni nəslin təfəkkürünə çox güclü təsir edir rep.

Mən əminliklə deyə bilərəm ki, bu gün vətənpərvərlik kimi ən önəmli duyğu da gənclərə şeirlə, ədəbiyyatla yox, replə ötürülür.

Dəyirman qrupunun “Ya Qarabağ, ya ölüm!” treki milyonlarla gənci vətənpərvər ruhda yetişdirdi. Həmçinin reper Okaberin (Orxan Mustafazadə) trekləriylə də vətənpərvərləşən gənclərin sayı çoxdur.

İkinci Qarabağ Müharibəsinə rəqs edə-edə yollanan gənclərin əksəriyyəti Xəlil Rza Ulutürkün, ya Bəxtiyar Vahabzadənin şeirləriylə yox, məhz bu reperlərin trekləriylə köklənmişdi o ruha.

Pasterin “YAŞMA” treki də bu qəbildəndir.

Amerikan tərzi rep deyən bu tüfeyli oğlanın gördüyü iş kiçik şey deyil.

Düşünürəm ki, tək buna görə reperlərimizə çox şey borcluyuq.

EPİ ləqəbli reper Əkbərin son battle-da (rep deyişməsi) dediyi bu iki misra da gənc dinləyici kütləsini coşdurur, vətənpərvər ruhu aşılayır:

“Tap bir göydələn, ev al,
Döyüşdə basırdıq g*tlərə pedal!
Atamın, anamın, nəslimin fəxriyəm mən
Evimdə dörd dənə medal!”

EPİ müharibə iştirakçısıdır, qazidir və onun bu sözləri nə qədər jarqonla ifadə olunsa da, necə böyük enerji ötürür gənclərə.

Meyxanada da, repdə də jarqon ifadələr, söyüşlər ola bilər, çünki hər ikisi də anderqraund sənət növüdür. Əsas məsələ ötürdüyü emosiya, duyğu və mesajdır.

Rep gənclərə enerji ötürür. Daha üsyankar, daha çılğın yetişmələrinə səbəb olur. Gənclər belə də olmalıdırlar. Muğama qulaq asmamalıdılar, ağlaşma ruhunda yetişməməlidirlər. Enerjili, üsyankar və çılğın olmalıdılar.

Tək təmənnim odur ki, bu enerjinin içinə intellekt də yükləsin reperlərimiz. Meyxanaçılar bunu edə bilmədilər, ona görə də dinləyiciləri ağılca böyüdükcə, meyxanadan uzaqlaşdılar. Reperlər də öz kütlələrini itirmək istəmirlərsə, buna diqqət eləməlidirlər.

Sadəcə oppandıran, rəqs etdirən, çırtma çaldıran hər şey, mahiyyətində intellekt yoxdursa, mesaj ötürə bilmirsə, məhvə məhkum olur. Mən belə düşünürəm.

Pasteri və işini layiqincə görən bütün reperlərimizi təbrik edirəm. Bu işi bacarırsınız, özü də çox əla bacarırsınız!

Yazımın sonuna Pasterin axırıncı albomundan olan “Zəngəzur” trekinin klipini yerləşdirirəm.

# 2596 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Nobel mükafatına layiq görülən Han Kanq kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Han Kanq kimdir? - DOSYE

15:54 10 oktyabr 2024
"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

09:00 9 oktyabr 2024
O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri

O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri

15:10 8 oktyabr 2024
Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

10:30 8 oktyabr 2024
Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

15:03 7 oktyabr 2024
Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

11:49 6 oktyabr 2024
# # #