Fransız sevgili azəri xanıma “atdı”

Fransız sevgili azəri xanıma “atdı”
24 iyun 2011
# 13:58
XXI əsrin Şahbaz bəyi Rüstəm İbrahimbəyovun təqdimatında

Kino - rejissorun hadisəyə individual baxışıdır, yozumudur, fikirlərinin ekran həllidir.

Ssenaristi olduğu filmlər festivallarda dəyərləndirilsə də, rejissor Rüstəm İbrahimbəyovun “Kabusun gözüylə” filminin art-housa heç bir dəxli yoxdur.

Hətta bəzilərinin iddia etdiyi kimi, film sosial proje də deyil.

Sadəcə, Azərbaycan haqda informativ xarakterli mozaik filmdir. Ona görə “mozaik və informativ” deyirəm ki, filmdə Azərbaycanı səciyyələndirən cəhətlər qısa bilgi kimi, çiy şəkildə ortaya atılır: milli mətbəxdən - düşbərə, kabab, badımcan kababı, ölkənin gözəl təbiətini göstərən Şamaxı mənzərələri, qonaqpərvərlik, milli musiqi...

Rejissor bizim dünyəvi xalq olduğumuzu göstərməyi də unutmayıb, əksinə, bu, elə onun əsas məqsədidir: heyvansevrəliyimiz, qadın hüququları, səslənən caz kompozisiyaları, canım sizə desin, özgə millətlərə və mədəniyyətlərə tolerantlıq, Bakının beylənmiləl atmosferi (yəhudi obrazı, qəhrəmanların eyni zamanda, rusca və azərbaycanca, hətta fransızca danışması) yer alıb.

Qısası, filmin ötürdüyü mesaj belədir: bilirsiz, biz, azərbaycanlılar teatrdan da, ədəbiyyatdan da xəbərdarıq, mühafizəkar adətlərimizə baxmayaraq, liberallığımız da, müasirlyimiz də var, avropalaşmağa can atırıq, hətta qadınlarımız maşın da sürür.

Hər şey var, amma... ortada kino sənəti yoxdur.

Rusiyanın “Nika” mükafatını alan film – hərçənd daha çox Azərbaycan ziyalısının Rusiya mədəniyyətində itirilmiş mövqeyinin bərpasına cəhd kimi görünür. Və həm də Sovet İttifaqı dağılandan sonra qafqazlılara aqressiyası daha da artan rusların sıravi azərbaycanlı obrazına münasibətini dəyişmək məqsədi güdür.

Rüstəm İbrahimbəyovun səmimiyyətinə doğrudan da inanıram. Hərçənd ondan fərqli olaraq, bir azərbaycanlı kimi rusların bizim haqda düşüncələri vecimə də deyil.

Keçən dəfə yazdığım kimi, rus xalqının dünyada imici ilə bağlı özünün ciddi problemləri var. Amma nəzərə alsaq ki, filmin Avropada da təqdimatı keçirilib, o zaman mədəniyyətimizi, azərbaycanlı ruhunu bu qədər primitiv, bəsit təqdim etmək lazım deyildi.

Əvəzində sənədli film çəkmək daha effektli olardı.
Ya da dəyərli bədii film yaratmaqla müasir dünya kinematoqrafiyasına daxil olmağımız daha vacib idi. Axı, R.İbrahimbəyov buna iddialı adamdır.

…Filmin əsas xətti budur ki, aktrisa Tamilla (Mələk Abbaszadə) fransız aktyoruna vurulur. Amma ərli qadın üçün həlledici qərar qəbul etmək çətindir. Filmin bir yeri mənə “Dərviş Parisi partladır”ı xatırlatdı. Fransız Rişar (Rişar Martin) Tamillanı Fransaya aparmağa hazırlaşır. Amma cəsarətlisizlyi üzündən bəhanə gətirərək təcili işinin olduğunu deyərək aradan çıxır. Zavallı Tamilla da Şahbaz bəy kimi pərt vəziyyətə düşür. Hərçənd film “happy end”lə sonuclanır.

*****

Film bir daha təsdiqlədi ki, bizim kinematoqrafiyanın ciddi ssenari problemi var. Rejissorlar da yaxşı film çəkmək üçün adətən, ssenari yoxluğunu bəhanə gətirirlər.

Keçən əsrin əvvəllərindən başlayaraq ortalarına, hətta bu günə qədər kino üçün ciddi xammal olacaq ədəbi nümunələr var. Yetər ki, ordakı ideayalardan, motivlərdən istifadə oluna bilsin. Təkcə Cəfər Cabbarlının hekayələri kino üçün istifadə olunmamış xammaldır.

Yaxınlarda Türkiyənin tanınmış rejissorlarından biri Zeki Demirkubuzun “Kıskanmak” dramını izlədim. Film Türkiyənin o qədər də tanınmayan Nahid Sirri Örik adlı yazıçının eyniadlı romanı əsasında çəkilib. Rejissor 1946-cı ildə yazlmış romandan bir xətti əsas götürərək ortaya sanballı film çıxarıb.

Nəticə: bizim rejissorlar, arada vaxt tapıb Azərbaycan ədəbiyyatını oxusunlar.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

13:10 8 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər