Gecə taksilərinin daimi müştərisi.... - REPORTAJ

Gecə taksilərinin  daimi müştərisi.... - REPORTAJ
5 may 2011
# 20:00
Bakının qaranlığa qərq olmuş yarı işıqlı, yarı qaranlıq küçələrində gecə həyatının daimi qonaqlarından olan taksi sürücüləri ilə söhbətləşmək üçün “İsr Plaza” mehmanxanasının yaxınlığındakı “taksilərdən ibarət uzun kortejə” yaxınlaşıb, reportaj üçün könüllü müsahib axtardığımı demişdim ki, mənə daha irəli getməyi məsləhət gördülər.

Əlimdəki diktafonu görüb həyəcanlanan sürücülər öz aralarında məsləhətləşib məni bu reportajın qəhrəmanı olacaq insanın yanına apardılar. Nəsibov Malik adlı sıradan taksi sürücüsü elə də bahalı olmayan avtomobilindən düşüb fikrimi ona bildirdikdən sonra etiraz etmədən razılaşdı, səmimi şəkildə maşınına dəvət edib danışmağa başladı. Amma fotosunun çəkilməsinə razılıq vermədi.

Demək olar ki, bu il müstəqilliyinin 20 illiyini qutlayacaq məmləkətimizlə Malikin taksi sürücüsü kimi iş stajı “həmyaşıddır”. Sovet İttifaqının dağılması, müəssisələrin bağlanması onun da həyatına təsirsiz ötüşməyib:

Həbsxanadan gecəyə

- Mühəndis kimi çalışmışam, həbsxanada kolon rəisi işləmişəm, bir az adama ar gəlirdi, evə tərəf gedəndə taksinin üstündəki şahmatı çıxarırdım. Bir az çəkinirdim, utanırdım qonşulardan. Həm də ilk vaxtlar darıxdırıcı olurdu, müştəri-filan gözləmək baxımından. Daha sonra məcburiyyətdən bu iş də doğmalaşdı. İndi artıq işə çıxmayanda darıxıram”. Niyə məhz gecə çalışmağa üstünlük verdiyini soruşuram. Cavabı elə düşündüyüm kimi olur: “Gündüz tıxacların dərdindən daha çox gecə həyatına üstünlük verirəm. Yəni sakitçilik olur. Maşını sürmək daha rahat olur”.

- Dünyada, eləcə də ölkəmizdə, ələlxüsus da gecə çalışan taksi sürücülərinə qarşı hücumlar adiləşib. Siz də nə zamansa belə bir hücumun qurbanı olmusunuz, ya da olmaq ehtimalı ilə qarşı-qarşıya qalmısınız?

- Bir dəfə o fikirdə olan müştəriləri aparmışam, iki nəfər idilər. Düşüb qaçdılar. Onlar qaçdıqdan sonra arxaya boylananda torbada dolanıqlı telefon şunuru gördüm. Yəqin ki, məqsədləri şunurla məni boğmaq idi. Pıçıldaşırdılar, mən sezdim bunu. Həm də həyəcanlı idilər. Ola bilsin sonradan fikirlərindən daşındılar.

Əcnəbilər hər şeyi bilirlər

Müsahibə zamanı ətrafda, yaxınlığımızda əcnəbilər, xarici qonaqlar tez-tez gözümüzə sataşırlar. Növbəti sualımın onurğa sütununu əcnəbilər oluşduracağından şəhərimizdə qonaq olan, o qədər də buralara yaxşı bələd olmayan insanları aldatmaq, əlavə pul qoparmaq üçün Malik haçansa “plan” qurubmu deyə müraciət edirəm. Özünəxas bir əda və soyuqqanlılıqla cavabı belə olur:

“Yox, yox elə hərəkətlər mənlik deyil. Xaricilər onsuz da qaldıqları mehmanxanalardan informasiya alırlar. Qiyməti və küçəni bizdən yaxşı bilirlər( gülür ). Girişdəki “security”lərdən də bilgi alırlar. Özləri çatan kimi qiyməti deyirlər. Çatan kimi “fayv manat Həyat?” deyirlər, mənim də cavabım “no problem” olur”. Bizim yerli müştərilərin gəlmələrə nisbətdə daha ürəyiaçıqlığı barədə sualımın cavabında da zənnim məni aldatmır: “Bizim insanlar daha ürəyiaçıq olur. Əcnəbilərin boğazına çatı sal xeyri yoxdu. 5 dedilər elə 5 də verirlər. Buradan gedirlər köhnə dəyirman tərəfə, 1 saat da qalsam, 3 saat da qalsam xeyri yoxdur”.

Bu “əcnəbi mövzusu” Malikin ürəyincə oldu desəm heç də yanılmaram. Qəzəbli şəkildə, giley edə-edə özlərini dünyaya “mədəniyyət istehsalçısı” kimi sırıyanların etdikləri etikaya sığmayan hərəkətlərdən danışanda hətta bir anlıq əsəbləri də gərildi. Gecə taksi sürücüsü işləyəsən, özü də gecə klublarının ətrafında dayanasan, amma fahişəliklə məşğul olan qadınlar müştərin olmaya.

- Şərqdə yaşayan, hər atdığı addımı adət-ənənələrlə, mənəvi-əxlaqi prinsiplərlə uzlaşdıran, həm də müsəlman olan bir kişi üçün əxlaqsızlıq edən qadını avtomobilində daşımaq çətin olmur ki? Yoxsa sırf bir peşəkar kimi hərəkət etməyə üstünlük verib işinizi görürsünüz?

- Gecə işləyən taksi sürücüsünün demək olar ki, daimi müştərisi elə “bar qızları” olur da. Gecə taksilərindən kimsə desə ki, mən daşımıram, aparmıram, elə müştərilərim olmur, əlbəttə ki, yalan deyir. Mənim üçün elə də fərqi yoxdur. Maşınımı sürüb, pulumu alıram.

- Hər halda kişisiniz. Heç olubmu ki, onlarla ünsiyyətə girib, əlaqədə olmağa cəhd edəsiniz?

- Mənim onlarla olan münasibətimin həddi var - onlar mənim üçün sırf müştəridirlər. Pərdə saxlayıram. Arxada əyləşirlər, heç güzgüdən belə üzlərinə baxmıram. Onlar öz işini görür, mən də öz işimi...

İşini sevdiyini bildirən Malik işinin artıq spesifikasını belə özü üçün saf-çürük edib: ”İşimi bir qədər asan iş hesab edirəm. Özün özünün müdirisən, heç kimdən asılı deyilsən. 3-5 manat işləyəcəyəm, qane etmədi, xoşuma gəlmədi çıxıb gedəcəyəm evimə. Bu sarıdan əl verir, sərbəstliyi daha yaxındır mənim xasiyyətimə”.

Dərhal diqqətinə çatdırıram ki, məşğul olduğu peşə elə də asan peşə deyil. Fiziki yorğunluq, müştərinin kaprizi, üstəgəl cürbəcür insanlarla ünsiyyət... Hər halda insanı bezdirə də bilər. Onun taksi kimi fəaliyyətdən nə vaxtsa bezə biləcəyini soruşmaq istəyirəm ki, cavabı ilə məni qabaqlayır:

Ailə azadlığı ləğv edir

“Əvvəl mən bir ailə gəzdirirdim. Ailə gəzdirəndə sərbəstliyin itir. Mütəmadi uşağı məktəbə aparmalısan, müəllim yanına aparmalısan, yoldaşını bazara, salona aparmalısan. Həmin insanların başlayırsan kaprizləri ilə oynamağa, nazını çəkməyə. Baxırsan ərkəyün uşaqdı, söz deyə bilmirsən. Bir dəfə yoldaşı girib yarmarkaya, deyirəm uşağı saat 1-də müəllim yanından götürəcəm deyir ki, hə, hə yaxşı. Saat ikidir hələ çıxmayıb. Uşağı da oradan zəng edib deyir ki, “papama deyəcəm səni rədd eləsin”. Anası ilə birlikdə gedib uşağı götürmüşük, indi uşaq arxadan üstümə elə qışqırır ki, gəl-görəsən. Anasına deyirəm uşağınızı başa salın, durub deyir evdə məşğul olacağam. Ondan sonra səhər gəlib bu işin mənlik olmadığını deyib işdən çıxdım”.

Cavablarına, səmimiyyətinə görə Malikə minnətdarlığımı bildirib, müsahibə boyu danışdığımız əcnəbilərin, fahişələrin məskəni olan barların yerləşdiyi küçələrdən keçə-keçə Benjamin Disraelinin fikrini beynimdə təkrarlayırdım: “Mənasız yaşamaq üçün həyat çox qısadır”. Əsas olan isə odur ki, mənasız həyatı mənalı şəkildə yaşayasan. Lap taksi sürücüsü Malik kimi...


Fərid MİRZƏYEV
# 1176 dəfə oxunub

Oxşar xəbərlər

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

09:00 19 iyul 2024
"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

14:58 17 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

11:58 15 iyul 2024
Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi

09:00 13 iyul 2024
"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
#
#
# # #