Yaşamaq ən yüksək istək olduğu halda şəhidlik niyə müqəddəs sayılır?

Yaşamaq ən yüksək istək olduğu halda şəhidlik niyə müqəddəs sayılır?
13 sentyabr 2021
# 18:45

Kulis.az sosioloq Sahib Altayın " Şəhidliyin sosial mahiyyəti" yazısını təqdim edir.

Mətn müəllifin rəsmidir. Məkan və zaman anlayışı bütün proseslərin mərkəzində dayanan əsas amillərdəndir. Zamanımızın ölçüsü ömür, məkanımızın göstərici Yer Kürəsidir.

Düşünürəm hər mətn öz mövzusuna uyğun məkanda və zamanda yazılmalıdır, elə deyilmi? Oxucudan gizlətməyəcəm; mənim hal-hazırda bir şəhidin otağında, onun yazı masasında dirsəklənib, fikrə getməyim heç də təsadüf deyil.

Beynimdəki qarışıq fikirləri saf-çürük edib, dikəlirəm. Divardakı şəkildən mənə boylanan qəhrəmanın gözlərinə baxıb, sual edirəm: “Şəhidlik nədir?”

Bilmədiklərimiz haqqında oxuyub, əldə etdiyimiz bilik yarımçıqdır. Tam bilik üçün o halı yaşamaq zərurətdir. Mən hələlik öz biliklərimin və ağlımın hüdudlarında bu suala cavab axtaracam. Yaşayan yəqin öz cavabını axırda verəcək.

“Şəhid” kəlməsi ərəb dilində “şəhəda”, aramicə/süryanicə “səhda” kökündən gələn bir termindir. “Şahid olan”, “şahidlik edən” anlamlarını özündə əks etdirir. Şəhid - yüksək amal, əqidə, haqq uğrunda döyüşüb, həlak olan şəxslərə deyilir.

Bu termin əsasən İslama bağlansa da, İslamdan öncəki dinlərdə də fərqli sözlərlə ifadə olunan bir sosial statusdur. Ortaya çıxdığı dövrlərdən etibarən müxtəlif inanclar və dinlər qəbilələrin, toplumların əsas sosial dəyərinə çevrilib. Dinlər elə tərkib etibarilə sosial qaydalar toplusudur. Hədəfi insanı tərbiyələndirmək və idarə etməkdir.

Dinlərin yüksək sosial statusa malik olması, toplumların din xaricində formalaşdırdığı adət-ənənəni, kültürü də özünə tabe edib, zaman-zaman milli dəyərə çevrilmə prosesini reallaşdırdı. Hansı dinin tarixinə və əhatə etdiyi qaydalara fikir versək, ilk öncə yalnız özünün doğru olduğu iddiasıyla çıxış etdiyini görərik. Bu doğruluq iddiası nəticəsində insanlar özlərini doğru yolun yolçuları hesab etmiş, bu yolda hər cür fədakarlıq etmişlər.

İnsan təbiətdəki ən eqoist canlıdır. Bütün canlıların həyatda ən böyük məqsədi var olmaq, həyatda qalmaqdır. İnsan həm də həyatı dərk edəcək formal şüura, mədəniyyət yaratmaq qabiliyyətinə malik olduğu üçün bu məqsəd onda daha geniş sosial fəaliyyət çərçivəsində özünü göstərir.

Yaşamı boyunca yaşadığı mənfi və müsbət hər şeyi qəbul edən insanın ta qədim zamanlardan bugünə kimi qəbul etmədiyi yeganə bir şey var - ölüm, yox olmaq.

Dinlərin əsas prinsiplərindən sayılan “axirət” (ölmdən sonra yaşamaq) inancı ölümü qəbul etməyən insan eqosunu təsəlli etmək üçün irəli sürülmüş alternativ metoddur. Hələ əski zamanların totemizm, bütpərəstlik və s. əski inancları dövründə vəfat edən adamın qəbrinin yanında onun əşyalarının dəfn olunmasını müasir arxeologiya elmi bizə sübut edir. Bu ənənəni meydana gətirən səbəb təbii ki, vəfat edən şəxsin başqa bir dünyada yaşadığı inancı idi.

Tarixin müəyyən dövrlərindən etibarən ortaya çıxan səmavi dinlər əvvəlki dinlərin əhatə etdiyi sosial qanunları həm say, həm də tərkib baxımından inkişaf etdirib, sistemləşdirdi. Əski dinlərin ehtiva etdiyi axirət inancını isə əsas dəyərə çevirdi. Dinin insanlara əmr, hökm, qadağa şəklində ifadə etdiyi davranış qaydalarına əməl edən şəxslərin vəfat etdikdən sonra Cənnətə (əbədi rahatlıq, kef-keyfiyyət, yaşıllıq, qızıl qəsrlərin. Suyu şərab olan çayların və saysız hurilərin-cənət qadınlarının bəxşiş olunduğu yer), bu hökmlərə riayət etməyənlərin isə Cəhənnəmə (əbədi odda yanmaq, ağlagəlməz cəzaların, işgəncələrin verildiyi yer) düşəcəyini buyurdu.

Səmavi dinlərin bu anlayışların qarşısına qoyduğu “əbədi” kəlməsi isə insanın bu dünyada əbədi yaşamaq arzusunun qarşılığıdır. Axirət prinsipinə görə, bir gün bu dünya dağılacaq, “qiyamət günü” adlanan həmin gün insanların yaşamı boyu gözlə görmədiyi Allah böyük bir hesab meydanı təşkil edib, hər kəsi bir-bir öz hüzurunda sorğu-sual edib, onları əbədi cənnət və ya cəhənnəm sakini olaraq təyin edəcək.

Dinlərin axirətlə yanaşı öz varlığını qorumaq və inkişaf etdirmək üçün irəli sürdüyü prinsiplərdən biri də “şəhidlik”dir.

Yeni dinlərin meydana gəlməsi ilə, əski dini inanclara sahib qəbilələrin, toplumların buna qarşı çıxması, sonrakı dövrlərdə böyük müharibələrə, qanlı savaşlara səbəb oldu. Din özündə ehtiva etdiyi doğruluq iddiası ilə öz tərəfdarlarına bu yolda fədakarlıq etməyi əmr edir. Və bu doğru yolda vuruşub, həlak olan şəxsə “şəhid” statusu verir. İddiasına əsasən ən yüksək dəyər, ən yüksək amal, ən doğru yoldur. Və bu əqidə uğrunda həlak olanlar doğru yolun fədailəridir.

Onların digər üstünlüyü isə qiyamət günü sorğu-sualsız cənnətə gedəcəkləri buyruğudur. Həm uğrunda həlak olduğu əqidə tərəfdarları tərəfindən hörmətlə anılan, həm də axirətdə cənnətlə sığortalanmış şəhidlik prinsipi yaşamın və ölümün zirvəsi hesab olunur. Şəhidliyin bir üstünlüyü də “var olmaq” arzusu ilə bağlıdır.

İnsanların həyatda əbədi qalmaq üçün müxtəlif vasitələr axtarmağına, yaşamın insan təfəkküründə ən yüksək istək olduğuna rəğmən şəhidlər bir əqidə, sosial dəyər uğrunda asanlıqla canlarından keçirlər. Çoxluğu öz canını, varlığını, həyatını qorumaq maraqlandırdığı halda, kimlərinsə o çoxluğun dəyərləri uğrunda həlak olması, o şəxsləri minlərin, milyonların toplumsal eqosunu qoruyan şəxs kimi zirvələrə ucaldır.

Bu dəyər qədim İudaizmdə-yəhudilikdə ibranicədən götürülmüş “Kiddus ha-Şəms” terminində özünü əks etdirir. Yəhudilik əqidəsi uğrunda döyüşüb, həlak olanlar bu adla adlandırılır və müqəddəs hesab edilir.

Xristianlıqda şəhidlik İsa peyğəmbərdən başlayır. Bu əqidəyə görə, bəşər tarixinin ən yüksək zirvəsi İsadır və o, insanlıq uğrunda özünü fəda etmiş, əvəzedilməz qəhrəmandır. Şəhidlik statusu xristian qaynaqlarında əski yunan və latıncadan götürülmüş “martydom” sözü ilə ifadə olunur. İsadan sonra onun yolunun davamçıları İsa ruhunun daşıyıcılarıdır, bu yolda həlak olanlar isə “marty” adlanır.

Müsəlman Şərqində meydana gələn “şəhidlik” anlayışının mənbəyi İslamdır. Digər dinlər kimi, onun da əsas iddiası doğruluqdur. İslama görə, özündən əvvəlki bütün səmavi dinlər insanlar tərəfindən dəyişdirilib, özü isə Allah tərəfindən göndərilən sonuncu səmavi dindir; İslam üçün coğrafiya məhdudiyyəti yoxdur, o, bütün bəşəriyyətə göndərilib. İslamın yayıldığı hər yer müsəlmanın vətənidir. Quran müsəlman toplumunun vətəndaş hüququ, dövlət qanunvericiliyi, əxlaqı, həm də mədəniyyəti və ictimai-sosial dəyəridir.

İslam, ona qarşı çıxan, tərəfdarlarına, təbliğinə açıq şəkildə etiraz edib savaş açanlara qarşı savaşmağı əmr edir. Bu yolda döyüşüb, sağ qalan kəs “qazi”, həlak olan şəxs “şəhid”dir.

İslamın şəhidlik institutundakı fərqlərdən biri də insan vəhşiliyini yumşaltmaq, təcavüz hadisələrini aradan qaldırmaq üçün müharibələrdə geniş istifadə edilən spirtli içkiləri və başqa uyuşdurucu vasitələri qadağan etməsidir. Bunun qarşılığında əsir götürülmüş qadınları İslamı qəbul etdikləri halda, döyüşçülərə halal buyurur, həlak olanlara (şəhidlərə) isə bu dünyada qadağan etdiyi içki və gözəlliyi müqayisəyə gəlməyəcək qadınlarla (hurilər) bərabər sorğu-sualsız cənnətdəki ən yüksək məqamı vəd edir.

No description available.

Şəhidlik İslam əqidəsində peyğəmbərlikdən sonra ən yüksək mövqe hesab edilir və onların digər insanlardan fərqli olaraq heç zaman ölmədiyi vurğulanır:

Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (Bəqərə Surəsi 154).

İslam nəzəriyyəçiliyində şəhidlik statusu şəxsidən ictimaiyə yönəlir. Çərçivəsi genişləndirilərək, təkcə toplumsal dəyər uğrunda deyil, şəxsi mülkiyyətə - cana, mala, namusa müdaxilə edildiyi əsnada həlak olan şəxs şəhid hesab edilir. Və başqa bir məqam: İslamı qəbul etməyib, istənilən əqidə uğrunda həlak olan şəxslər şəhid hesab edilmir. İslamın bütün davranışlarında başlıca şərt müsəlman olmaqdır. Bu dinə görə şəhid olmaq üçün də öncə müsəlman olmaq lazımdır.

7-8-ci əsrlərdə türk toplumlarının müsəlmanlaşması, xüsusilə bu dinin şəhidlik statusu əski türk kültürünə kifayət qədər təsirlər bağışladı. İslamdan öncə də türklərdə Tenqriçilik – təkallahlılıq və axirət inancı mövcud idi. Ancaq bütün inanclara rəğmən türk toplumlarında “yurd, el, oba, vətən” anlayışları üst mövqedə dayanırdı. Bir türk üçün onun yurdu, vətəni inanc və əqidə qədər müqəddəs dəyərdir. Yurdun, vətənin uğrunda döyüşmək isə səmavi dinlərin şəhidlik statusuyla bərabər statusda idi. Və türk obalarının qadınlı-kişili ərləri bu yolda döyüşmək uğrunda bir-birlə yarışa girir, bu döyüşlərdə həlak olan şəxslər xüsusi rəğbətlə anılır, əski türk dastanlarında, daş kitabələrdə həmin igidlərin adları öyülərək yaşadılırdı.

Bəs vətən nədir? Üzərində gəzib, suyundan içib, havasından udub, torpağında müxtəlif növ bitkilər əkib, ərzaq ehtiyatımızı ödədiyimiz, sadəcə bioloji varlığımızı sürdürdüyümüz torpaqmı? Unutmamalıyıq ki, “yuva” anlayışı digər canlılar, heyvanlar və quşlar üçün də keçərlidir. Onlar yuvanı anlayış olaraq dərk etməsə də, instinktiv olaraq qurub, mühafizəsini çəkirlər. Yuvaya hər hansı bir yırtıcı heyvan və ya quş tərəfindən basqın olduqda, ona qarşı öz güclərini nümayiş etdirib, yuvanı və içərisindəki balaları mühafizə edirlər.

Əgər sırf bioloji yöndən yanaşsaq, bəli, vətən də insanın yuva qurub, nəsil artırdığı yerdir. Ancaq varlığımız biologiyayla sərhədlənmədiyi üçün vətən ayrı-ayrı fərdlərin yuva qurduğu yer olmaqdan daha çox bütün fərdlərdən təşkil olunmuş toplumun yaratdığı mədəniyyətin yuvasıdır.

Bir quş necə bir-bir çöp daşıyaraq özünə yuva qurursa, bir toplum da mədəni elementləri bir-bir üst-üstə qoyub, illərin, əsrlərin yekununda mədəniyyət meydana gətirir. Bu adət-ənənə, kültür, mədəniyyət də o toplumun sosial varlığının göstəricisinə, ümummilli dəyərinə çevrilir və toplumsal eqonu, milli qüruru təşkil edir. Fərdlər ölsə də, həyat səhnəsindən yoxa çıxsa da, toplumlar öz yaratdıqları mədəniyyətin sayəsində min illər ərzində həyatda qala bilirlər.

Müstəmləkəçilik öz təsiri altına aldığı torpaqla yanaşı onun üzərindəki bütün dəyərləri təhlükə altında qoyur. Bu vaxt işğal olunan toplumun toplumsal eqosu əskilir, milli qüruru əzilir. Və sonra illərlə bəslənən düşmənçilik, qisas hissi illər əvvəl əzilmiş milli eqonun bərpası üçün vacib olan təbii akta çevrilir. Bu yolda mübarizə aparanlar, həlak olanlar isə əzilmiş milli qürurun xilasediciləridir.

Şəhidliyin başqa bir alternativi də “qəhrəmanlıq” anlayışıdır. Dinlərin hökm və qadağalarının xaricində də hər toplum üçün onun milli qüruru uğrunda fədakarlıq edən şəxs qəhrəmandır, müqəddəsdir.

Hansısa nahiyəsi yaralı olan orqanizm, hansısa hissəsi işləməyən mexanizm öz fəaliyyətini tam yerinə yetirə bilmədiyi kimi, torpağının bir hissəsi işğal olunan vətən də müstəmləkə müddətində yarımçıq qalır.

Təsadüfi deyil ki, elmi cəhətdən də mədəniyyətin inkişafında coğrafiya və ərazi bütövlüyü əsas amillərdən hesab olunur. Şəhidlər varlığın bütün fəlsəfi anlamlarında müqəddəs missiyanın daşıyıcılarıdır.

Ancaq mənim düşüncəmdə qəhrəmanlıq təkcə savaş meydanında deyil, həm də sülh dövründə özünü büruzə verməlidir. Bir toplum, uğrunda əli silah tutan qəhrəmanlar yetişdirdiyi kimi, əli qələm tutan qəhrəmanlar da yetişdirməyi bacarmalıdır. Çünki insanlar kimi, mədəniyyətlər də daim bir-birilə savaşır. Bu savaşda mədəni element yaratmaq gücünə, zəkasına sahib incəsənət nümayəndələri, elm adamları həm milli, həm də bəşəri qürurun mühafizəçiləri olaraq, varlığı inkar edilməz qəhrəmanlardır.

Belə bir məşhur ifadə var: “Bir nəfəri öldürən şəxs cinayətkar, onlarla adamı öldürən şəxs qəhrəman adlanır”.

Məsələ çoxlu adam öldürmək deyil, aid olduğun çoxluğun milli mənafeyini qorumaqdır. Yəni şəhidliyin, qəhrəmanlığın mahiyyəti, onun ictimai-sosial dəyər uğrunda reallaşan fədakarlıq aktı olmasındadır.

Məsələn, biz azərbaycanlılar torpağı işğalda olan xalq olaraq ötən 28 illik atəşkəs dövründə ən çox nədən narahat olurduq? Düşmənin hansı davranışları bizim qürurumuza toxunurdu? Təbii ki, ilk öncə birinci Qarabağ savaşında qadınlarımıza və uşaqlarımıza təcavüz edilməsi və bundan dolayı illərlə içimizdə kök salmış qisas hissi. Daha sonra bizə məxsus qəbirüstü abidələrin, tarixi qədimliyimizi, sosial varlığımızı, inancımızı və milli mədəniyyətimizi əks etdirən dini və mədəniyyət abidələrimizin dağıdılması, içərisində mal-qara bağlanıb, aşağılanması...

Bir ölkənin ərazi bütövlüyü milli qürur məsələsidir. Bu yolda canını, qanını, malını, zəkasını, gücünü, cəsarətini əsirgəməyən, hətta cüzi zəhməti olan insanlar illər öncə əzilmiş milli qürurumuzun xilasediciləridir. Şəhidlər isə onlara bir dəfə verilmiş yaşam şansını bu yolda fəda etdikləri üçün milli şüurun daha üstün zirvələrində olan qəhrəmanlardır.

Sözümü ikinci Qarabağ savaşında könüllü iştirak edib, həlak olmuş şəhid Teymur Rəsulovun məşhur fikri ilə bitirirəm:

“Şəhidlik bütün ölüm səbəblərindən üstün, yeganə əbədi yaşamaq yoludur...”.

# 3452 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #