Dinlə beyin yuyanlar

Dinlə beyin yuyanlar
13 iyul 2023
# 09:00

Kulis.az Rəvan Cavidin "İslama atılan böhtan: Endoktrinasiya və ya beyinyuma mərasimləri" adlı yazısını təqdim edir.

“Sufun sirləri”ndən dördüncü yazı

Qəzali: “Xəstəyə su da acı dadar”

“Pavlov təcrübəsi” haqqında hamımızın məlumatı var. İtlər üzərində keçirilən təcrübədə vərdiş və reflekslərimizin necə idarə olunması haqqında məlumatlar və teoremlər toplanmışdı. İvan Pavlov bu təcrübəsinə görə 1904 –cü ildə Nobel mükafatına layiq görülmüşdü.
Sufilərsə bu həqiqətdən təxminən, səkkiz yüz il öncə agah idilər.
“Plasebo effekti” haqqında da eşitmişik. Qısası, bir adamı inandırsan ki, ovucundakı dərman səni sağaldacaq, o dərmanın heç bir təsiri olmasa da, həmin adam sağalacaq. Qəzali yuxarıdakı misranı bu effektin kəşfindən səkkiz əsr əvvəl yazmışdı.

İnancla insanları xəstələndirir və ya əksinə, sağaldırdılar. İnancın diqtəsi ilə insanları gah müharibələrə, gah da nizama dəvət edirdilər. İman gücü ilə insanları trans vəziyyətlərə salır, onları həm keçmişə, həm də gələcəyə aparırdılar (Şamanlar indi də bu cür ayinləri həyata keçirirlər).

İslam məzhəblərə parçalandıqdan sonra, supergüclərin “dəstəyi” ilə terror qruplaşmaları yarandıqdan sonra (“Haşhaşilər” istisna) inanc və ya daha dəqiq desək, din pərdəsi arxasında bu cür ayinlərin keçirilməsi yenidən aktivləşdi.
Tibbdə bu halın adı endoktrinasiyadır. Beyinin müəyyən məlumatlarla sərhədlənməsi və alternativlərə qapadılması. Yəni, beyinyuma. Müxtəsər, bildiyiniz hər şeyi silib kodlayır, bir növ, bilgilərimizi məqsədli şəkildə əvəz edirlər. Beyin kənardan gələn heç bir informasiyanı müsbət qəbul etmir. Müəyyən müddət sonra isə əksarqumentlərə qarşı şablonları təkrarlamağa başlayır. Bu təkrarlanma prosesi zamanla aqressiyaya çevrilir.

Təkcə dini müstəvidə yox, hazırda dünyanın ən böyük əks-kəşfiyyat dairələrində və gizli servislərdə də bu təlim-tədris proqramından istifadə edilir.

“Xalxın uşağının beynini yudular” ifadəsi məhz burdan gəlir. Dünyada islamofobiyanın geniş yayıldığı mərkəzlərdə endoktrinasiya sadəcə bu dinlə əlaqələndirilir. Əslində isə...

Əslində, televiziyalar, sosial şəbəkələr, avanqard sənət və cərəyanlar endoktrinasiyanın rəqəmsal və leqallaşdırılmış halıdır. Reklam, brend və postmodern era bu işi daha əyləncəli və “cinayət yerində iz buraxmadan” həll edir. Yeni dünyanın endoktrinasiv ənənələri isə “Səlib yürüşləri”ndən başlayır. Yekə-yekə qəsrlərin içində beyinyuma ayinlərinin keçirildiyi hücrələr olub.

Bəs İslam və təsəvvüf endoktrinasiyanı etiraf edirmi?
Sufilər bu ayinlərin keçirilməsini vacib şərtlərdən hesab edir.
Sufilikdə endoktrinasiya Xeyirin tərəfindədir. Vəd olunan yolun girişindəki “kol-kosları” bu üsulla təmizləyirlər. Bədəni və ruhu xüsusi ayinlərlə yolçuluğa hazırlayırlar. Endoktrinasiya təsəvvüfün birinci və ikinci mərhələsində istifadə olunan ən geniş ayinlərdən biridir. Günümüzün şərtlərindən fərqli olaraq sufilər bunu nəfsin və idrakın zərərli informasiyalara qapadılmasında və təmizlənməsində istifadə edirlər. Xüsusi bir tapşırıq vermədən. Əlbəttə, endoktrinasiv xarakter sorğulamayan, mühakimə etməyən xarakterdir. Yəni müsbət atmosfer qara buludlarla örtülür.
Dörd böyük təriqətin – Çiştilərin, Qədirilərin, Suhreverdilərin və Nəqşibəndlərin təbliğatı birbaşa beyinyuma ayinləri vasitəsilə aparılır, ancaq dərviş kultunda bu ayinlərin məqsədi ayrıdır.

Dinin vərdiş və refleksləri sonradan qazanılandır. Sonradan qazanılan vərdişlərin idarə olunması isə mütləqdir. Dini kimlik milli kimlikdən fərqli olaraq genetik xarakter daşımadığı üçün onun keçmişini, gələcəyini asanlıqla müəyyən və idarə etmək olur. Bu idarə üsullarında isə xarici fikirlərin əsassızlığının isbatı, yaxud gərəksizliyi vacibdir. Yəni mürşid bütün əks fikirlərin doğru olmadığını rahatlıqla isbatlayan kəsdir.
Sufiliyin digər endoktrinsiya tədrislərindən fərqi isə məqsədin müqəddəsliyidir. Təsəvvüfə görə, dərvişin bircə missiyası var – Ona varmaq.

# 1678 dəfə oxunub

Müəllifin son yazıları

# # #