Sünbül zəmisindən qovulan qarğaların ahı - Cavid Qasımovun yeni şeirləri

Sünbül zəmisindən qovulan qarğaların ahı - Cavid Qasımovun yeni şeirləri
11 oktyabr 2024
# 16:46

Kulis.az Cavid Qasımovun yeni şeirlərini təqdim edir.

Yağışın daşdırdığı gölməçələrin
Pıçıltıları uzun çəkir.
Dünən gecə eşitdim,
Gileylənirdilər,
Orta yaşlı kişinin ayağının altını islatmasından sonra
Üzlərinə söyülmələrindən.

Gileylənirdilər,
Ölkənin yoxsulluğunu nümayiş etdirən
Kənd yollarından.

Gölməçə - göyün güzgüsü,
Kasıblığın ölçüsü,
Təbəqə bölgüsüdür.

Dərinliyi olmadığından
Dayaz adamlardan seçilmir bulanıqlığı.
Dəniz olmaq arzusundan başqa içində heç nə yoxdur.
Qorxuludur,
Bir arzudan ötrü quruyub yoxa çıxmaq.
Gəldiyin yerə yoxa çıxa-çıxa
Lal-dinməz baxmaq.

Yağışın saldığı gölməçələrin
Yanından ötəndə əksinə baxma,
Yumub qulaqlarını,
Sürətini artır addımlarının.

İnsanın ilk öncə eşitmək qüsuru olur,
Sonra danışmaq...


***

Dəniz əkinə yararlı sayılmadığından
Qan tökülmür üstündə,

Ağaran saçlarında qayıqları sərxoş,
Gəmiləri ağır-ağır gəzdirər.
Qayıqları çevirər,
Gəmiləri batırar
Müharibədən ötrü ovcunu açanda.

Batmaq gözəldir
Limana məğlub qayıtmaqdan...

Gəmisənsə
Gözlərini qırpmadan
Təkgözlü mayaka sonuncu dəfə bax.
Şükür,
Şükür,
Təkcə gözlərimizə qırış düşmür
Dünyanın hər səmtə əsən küləyindən.

***

Yayın əvvəlində
Sünbül zəmisindən qovulan qarğaların ahı tutdu müqəvvanı.

Dərin yuxuya getdi
İnsan köynəyi altında
Dadını bilmədiyi sünbüllərin ortasında.

Şikayətlənmədi əynindəki
Bir dəst paltarından,
Yayın istisindən,
Qışın qarından,
Yerə mismarlanan ayaqlarından,
Qollarını açıb,
Kimsə tərəfindən qucaqlanmadığından.

Canındakı ağac olmaq qorxusundan,
Kölgəsini də hürküdər
Sonuncu qarğanın arxasıyca.

Ətrafına dən-dən səpilmiş insanların içində təksənsə,
Hürkütdüyün qarğaların arxasıyca baxıb
Dərindən ah çək,
Hardasa sənin geyimində biri
Yatdığı sünbül zəmisində oyanıb
Səsinə səs verəcək...

***

Qladiatorun duası

İçimizdəki çərpələng azadlığına
Fikir vermə, İlahi.
İpimizi möhkəm tut.

Dünən çərpələnglər gördüm
Göylərə yüksəldikcə
Lənət oxuyurdular
Azadlıqlarını qoruyan ipə!

Onlar hardan bilsinlər ki,
Edama sürükləyir azad olmaq istəyi
Bütün çərpələngləri?

Bizi çərpələng azadlığımızdan qoru, İlahi,
Çərpələng azadlığımızdan.

# 3000 dəfə oxunub

Oxşar xəbərlər

Onların yoxluğu düşdü araya... - Günün şeiri

Onların yoxluğu düşdü araya... - Günün şeiri

12:10 1 may 2026
Dünyada tək bircə qalan şəkildi... - Günün şeiri

Dünyada tək bircə qalan şəkildi... - Günün şeiri

11:30 1 may 2026
"Qoy bura tökdüyün zibil, ölənlərinin ehsanı olsun!" - Həmid Herisçinin yeni şeirləri

"Qoy bura tökdüyün zibil, ölənlərinin ehsanı olsun!" - Həmid Herisçinin yeni şeirləri

13:58 30 aprel 2026
Vaxtaşırı geri dön, ey sevimli şəhvətim! - Məşhur yunan şairdən şeirlər

Vaxtaşırı geri dön, ey sevimli şəhvətim! - Məşhur yunan şairdən şeirlər

14:30 29 aprel 2026
Dostum, ötəridir hər şey dünyada... - Şellinin şeirləri Firidun Ağazadənin tərcüməsində

Dostum, ötəridir hər şey dünyada... - Şellinin şeirləri Firidun Ağazadənin tərcüməsində

11:30 28 aprel 2026
Tərsa balası - Məhəmmədhüseyn Şəhriyar

Tərsa balası - Məhəmmədhüseyn Şəhriyar

11:23 28 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər