Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri
19 aprel 2024
# 17:00

Bu gün şair Habil Rzanur Mustafayevin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

Gülüşlər uşaqların,
Dualar, anaların dilində müqəddəsləşir.
Ən uzun yollar atanın alnındakı qırışlarla kəsişir.
Ən bahalı ərzağı kasıblar alır,
Ən zəngin mineral göz yaşı olur.
Ən əlverişsiz alver –
doğulanda aldığın nəfəsi öləndə geri vermək.
Ən dadlı nemət – sədaqət ağacından bir öpüş dərmək.
Ən böyük günah peşmanlıq,
Ən zərərli dostluq düşmanlıqdı.
Ən ağrılı ayrılıq güllənin lüləni tərk etməyi,
Ən pis təkamül – insanların bunu dərk etməyi.
Ən güvənilir dayaq – bir qocanın əsası,
"Uzun sözün qısası"
Ən dəhşətli ixtira – abort masası...

***

Biz ki, heç yağışda islanmamışıq.
Külək sovurmayıb,
Qar üşütməyib.
Fəsillər ötməyib,
İllər ötməyib.
Heç hələ, pencəyim,
Pambıq tarlası, ağappaq çiynini üşüyən görüb,
Ərk edib bir kərə üstün ötrməyib.

Hara ayrılıq, başımız çatmır?!
Bizim, ayrılığa haqqımız çatır,
Bizim, ayrılığa yaşımız çatmır!

***

O gün görürəm ki,
Bir şinşila bir adamın cızılmış dərisini sarıyır.
Adam da utanır...
O gün görürəm ki,
Yetimlər evi boş qaldığından zarıyır.
O gün görürəm ki,
Qızılgül kolları qəfildən insanlara atəş açıb,
Adamlar qəlpə-qəlpə ləçəklərə boyanıb.
O gün görürəm ki,
insanlıq insanlardan tez oyanıb,
Bütün savaşlar dayanıb.
O gün görürəm ki,
Atom “yox, parçalanmıram!” – deyir.
O gün görürəm ki,
Mərmi “lülədən ayrılmıram” deyə üsyan edir.
O gün görürəm ki,
Neft quyularından ağ göyərçinlər çıxır.
Hərəsi dimdiyində bir düyü Afrikaya uçur.
O gün görürəm ki,
Bir budda müsəlman uşaqlara "uşaq bişirib yeyən" divin nağılını danışır.
Onları qorxutmamağa çalışır.
O gün görürəm ki,
Uşaqlar tarix dərsində
səngərdən-səngərə atılan ilk "sülh mesajı"nı müzakirə edir.
O gün görürəm ki,
Bir terrorçu insanların sıx olduğu meydanda,
ilk yeni il fişəngini havaya uçurur.
O gün görürəm ki,
Hitlerin gizlədilmiş büstü
47 milyon parçaya bölünüb dünyadan üzr istəyir.
O gün görürəm ki,
Tankların üstünə "AMBULANS" yazılıb.
O gün görürəm ki,
Sonuncu şəhid məzarı qazılıb.
O gün görürəm ki,
Xəritələrdə sərhədlər silinib.
O gün görürəm ki,
Müəllim yeni ev tapşırığı verib:
Səhifə 2017, tapşırıq -
"Tanrı necə 7 milyarda bölünüb?..”

***

İflic adamın göz yaşları qədər çarəsizəm,
Nə əllər kömək edir
Nə də çiyinlər..
Payız axşamüstüsü,
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək, yaşayanlara qalib gəlməkdir deyir içimdəki qoca.
Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də..
Gözəl sevməsən sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı..,
Bu gün ovum qanlıdır: ovçu rahatlığı..,
Mən nə olmaq istəyirəm?
Tək qalmaq istəyirəm...

***

Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram..
.. anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız.
Sən ey barmaqları misralı əcəl!
Sən ey üz-gözümün qırışlarına..
.. İlişib yıxılan nazəndə gözəl...,
Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb..
.. azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb düşər,
sallanar, yellənər qulaqlarında.
Misal gətirərəm, Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı ay Çiyninəmim
"Bir günah sənindir, bir günah mənim"
Mən də bəxtiyaram.
Sən də bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günah sız.
Sən ey barmaqları misralı əcəl..
Sən ey ovucları ətir qoxan qız..

***

Birdən hamı yığıldı məsumlar ölkəsinə
Böyük-böyük adamlar keçmişin "bəlkə"-sinə
Körpə-körpə uşaqlar Allahın kölgəsinə.
Kaş görə bilərdiniz,
nətəhər məğlub oldu nəriltili tank səsi Qaratoyuq nəğməsinə
Dualar sevincindən atılıb düşürdülər.
Deyəsən ilk dəfəydi ünvana yetişirdilər.
Kaş görə bilərdiniz
Afrikalı uşaqların gözündən buğda boyda sevincdən yaş axırdı..
Qara buludlar gəlir, ildırımlar çaxırdı.
Kaş görə bilərdiniz
doğulmamış körpələr nələr danışırdılar
Hamısın deyirdilər, doğulmamış yaşamaq nə təhər də ağırdı.
Eşidənlər albinoz, autizim mələklər, tanrıcıqlar doğurdu.

# 593 dəfə oxunub

Oxşar xəbərlər

Nə zamansa bu nişanda bir atam vardı... - Əli Kərim

Nə zamansa bu nişanda bir atam vardı... - Əli Kərim

16:00 30 aprel 2024
Bu yaz heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

Bu yaz heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

12:00 30 aprel 2024
Yuxu ölümün məşqidir -  Harivanş Ray Baççanın şeirləri

Yuxu ölümün məşqidir - Harivanş Ray Baççanın şeirləri

17:00 26 aprel 2024
Sən narın yağış kimi... - Günün şeiri

Sən narın yağış kimi... - Günün şeiri

16:00 24 aprel 2024
İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

16:30 22 aprel 2024
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

15:00 21 aprel 2024
# # #