“Allah, ölməmişəm, hələ diriyəm…” - Cəbrayıl Hüseyn

“Allah, ölməmişəm, hələ diriyəm…” - Cəbrayıl Hüseyn
28 mart 2024
# 15:30


Kulis.az Cəbrayıl Hüseynin yeni şeirlərini təqdim edir.

***

Mənə deyən gərəkdi,
Bu dünyada nə vardı?
Ürəyim parça-parça,
Ovuclarım qabardı...


Yaram üstə duzmuşam,
Düz kimi ucuzmuşam.
Həmişə uduzmuşam,
Ədalətsiz qumardı.


Seçilmir qışı, yazı,
Baldırqanı, yarpızı.
Pomidoru, qarpızı
Yetişməmiş qızardı.


Qəlbimi bir duyan yox,
Dərdlərimə həyan yox.
Bir nəfər oxuyan yox,
Elə hamı yazardı…


Bu xislət qanımızda,
Bəyimiz, xanımızda.
Rüşvət də canımızda
Sağalmaz bir azardı.


Hamı dini rütbədə,
Nəfsi, gözü müftədə.
Yer üzündə həftədə,
Bizdə hər gün bazardı.


Ruhum cismimdən doyur,
Ya gül olum, ya çayır.
Çürümək də olmayır,
Eh! Bu necə məzardı?!


***



Allah, ölməmişəm, hələ diriyəm,
Yerdə bəndələrin mən də biriyəm.
Özümün, sözümün komandiriyəm,
Dəli hisslərimə əmr verirəm.

Tale oyununda çox "cığallayıb",
Kimi tumarlayıb, kimi "çullayıb".
Pambığa döndərdim "daş sığallayıb",
Təsəlli verirəm, səbr verirəm.

Ağıram zamanın mizan gözündə,
Əyrimi, düzümü yazan gözündə.
Kirayə qaldığım bu yer üzündə
Kirayə əvəzi ömür verirəm.

Gülüm, küləkləri danışdırarsan,
Ruhunu ruhumla qovuşdurarsan.
İstəsən, üfürüb alışdırarsan,
Qəlbimi torpağa kömür verirəm…

***


Dönüb baxa bilmirəm

Bu durna qatarına.
Qayıdıb gələcəkmi
Növbəti baharına?

Bilmirəm, bu nə sirdi,
Ruhum məndə əsirdi.
Ömrüm Arazdı, Kürdü,
Düşmüşəm axarına.

Oxudum cilid-cilid,
Göyərmədi bir ümid.
Pas bağlamış bu kilid
Düşmədi açarına.

Çatmaz mənə hər atlı,
Dərdim mənə qanaddı.
Taleyim bir zər atdı,
Uduzdum qumarına.

Yeknəsəq bir mənzərə...
Hey uçurum, hey dərə.
Üz çevirdim Xəzərə,
Dirəndim hasarına.

Bu dünyada mən qərib,
Mələklərə tən qərib.
Məni Tanrı göndərib,
Döndərib yazarına!
Döndərib yazarına!

Dönüb baxa bilmirəm
Bu durna qatarına.
Qayıdıb gələcəkmi
Növbəti baharına?


***

Mənim övladlarım nənə görmədi,
Ölüm möhür vurdu yaşına, ana.
Bu dünya fırlanır başıma mənim,
Dolana bilmirəm başına, ana.

Xəyala dalıram, başım qarışır,
Bir dəli həsrətdən alnım qırışır,
Tər güllər, çiçəklər yaman yaraşır
Sənin kipriyinə, qaşına, ana.

Bu daşdan, torpaqdan qazandım, yedim,
Sənsiz bu çiçəklər, bu güllər yetim.
Gülümsər üzünü görə bilmədim,
Həsrətəm gözünün yaşına, ana.

Dünyaya gələndən ozanmışam mən,
Laylandan şairlik qazanmışam mən.
Ayağın altında uzanmışam mən,
Söykənib qəbrinin daşına, ana.

Cəbrayıl, dünyada möcüzələr var,
Kim səni anlayar, kim səni qınar?
Bir parça torpağa sığmaz analar,
Nə deyim bu saxta arşına, ana?!

***

Bu necə köynəkdir geydin əyninə,
İlməsi, düyməsi daşdır, ay ana?
Bu necə xonçadır aldın çiyninə,
Noğulu, şəkəri yaşdır, ay ana?

Sən yetim qoyduğun övladlarına,
Dünya əfsanədir, boşdur, ay ana!
Dünya əfsanədir, boşdur, ay ana!

# 2547 dəfə oxunub

Oxşar xəbərlər

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
Doğma musiqi - Ümmügülsüm

Doğma musiqi - Ümmügülsüm

13:45 3 aprel 2026
Soyuq Sibirdəki ağ qadını bilirəm - Əkbər Qoşalının şeirləri

Soyuq Sibirdəki ağ qadını bilirəm - Əkbər Qoşalının şeirləri

12:20 3 aprel 2026
Çarşab ilə yaxşı deyil qız gəzə - Cəfər Cabbarlı

Çarşab ilə yaxşı deyil qız gəzə - Cəfər Cabbarlı

11:45 3 aprel 2026
Yalnız arar səni vurğun gözlərim - Hüseyn Cavid

Yalnız arar səni vurğun gözlərim - Hüseyn Cavid

10:35 3 aprel 2026
Еy hеyf, səadət ki, bu yеrdən gеdəcəkdir - Molla Pənah Vaqif

Еy hеyf, səadət ki, bu yеrdən gеdəcəkdir - Molla Pənah Vaqif

17:00 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər