Ər-arvadın sado-mazoxist münasibətləri - Təhrif olunmuş tarix

Ər-arvadın sado-mazoxist münasibətləri - Təhrif olunmuş tarix
7 dekabr 2023
# 15:00

Kulis.az Orxan Adıgözəlin "Ana uşağı Napoleon" adlı yazısını təqdim edir.

Dünən "Napoleon" bədii filmini izlədim. Xoşuma gəlmədi, hətta dadsız yemək kimi ürəyimi də vurdu.
Demə, rejissor Ridli Skottun Napoleondan zəhləsi gedirmiş. Bu, şəxsi qənaətimdir. Elə olmasaydı, o cür tarixi şəxsiyyəti öz 150 dəqiqəlik filmində karikatura çevirməzdi.

Ridli Skott özü ingilisdir. İngilislərlə fransızların uzun illər çəkən nifaqı, çəkişməsi rejissorun millətçi əməyini təzahür etdirir. Qərəzli saya bilərsiniz, vecimə də deyil. Fikrimdə də haqlıyam. Napoleondan, onun tarixi və psixoloji tərəflərindən xəbərsiz birinə film maraqlı gələ bilər, ancaq şəxsən mənə maraqlı gəlmədi. Elə bil millətçi erməni rejissor Məhəmməd Əmin Rəsulzadə haqda film çəkib.

Kinoda tarixi təhriflər də dizboyudur. Film başlayanda Mariya Antuanettanı edam edərkən, Napoleon da meydanda olur. Halbuki, həmin tarixdə Bonapart Korsikadaydı. O, Jozefiniya ilə 1794-cü ilin yayında kef məclisində yox, 1795-ci ilin payızında tanış olub. Tarixi vacib məqamlar primitiv və səthi görünən anturajın hesabına əriyib, yox olur.
Filmdəki bədii elementlər - geyimlər, mebellər, saqqal düzümü, digər rekvizitlər tarixi mənbələrdəki kimi deyil.

Çox az sayda olan siyasi dialoqlar uyğunsuz, süni görünür. Tarixi hadisələrin təkamülü isə montajın kəsik-küsüyü hesabına qabarıq olub. Hadisələrin yola verirmiş kimi tez-bazar üstündən keçilməsi aydın sezilir. Xaotik döyüş səhnələri ordunun gücünü, Napoleonun dahi strategliyini heç cür göstərə bilmir. Keyfiyyətli qrafika sırf estetika yaradır. Bu isə ancaq gözəl görüntüdən başqa şey deyil. Fikrimcə, bu dağıdıcı gözəllik, sırf avstriyalılarla döyüşdə gölə atılan toplarla bağlı batan əsgərlərin hesabına yaranmışdı. Onu da yersiz çox uzatdılar.

Rejissor "güc"ü, aksenti verib Napoleonla arvadı Jozefinanın münasibətlərinə. Orada da böyük sərkərdəni qadın qarşısında aciz göstərməyə çalışıb. Ər-arvadın sado-mazoxist münasibətlərinin fonunda, süni şəkildə psixoanalitik fənddən istifadə edərək, Napoleonun anası ilə nahamar əlaqəsi hesabına arvadı önündə mazoxist mövqeyə gəlməyi belə qıdıqlayıcı təsir oyadır. Filmdə cinsi mənada kompleks yaşayan, yataqda və qarşı cinslə münasibətlərdə özünə arxayın olmayan kişi görürük. Ridli Skott Bonapartı "ana uşağına" çevirib.

İntim səhnələrdə, itlə oynayanda, düşmən qalasını ələ keçirəndə, top atılanda belə, Napoleon qorxmuş, karıxmış balaca uşaq kimi görünür.

Baş rolun ifaçısı Xoakin Feniks nə qədər xarizmatik olsa da, Napoleon rolunun öhdəsindən gələ bilmədi. Feniks nə yaşına, nə görünüşünə, nə də ən vacib olan aktyor temperamentinə görə Bonaparta bənzəməyib. Onun yuxu gətirən nitqi, əsəbi gülüşü, çaşqın və fağır üz ifadəsi neçə-neçə tarixi oçerkdə vurğulanan Napaleonun fəallığı, enerjisi, soyuqqanlı və ambisiya yağan baxışları, aktyor kimi Feniksin oradakı tövrləri ilə uyğun gəlməyib. Bonapart eleqant, qıvraq, dərin, kəskin baxışları olan, şahlara layiq təbəssümü ilə seçilən fiqurlardan olub.

Aktyor filmboyu susanda ya danışarkən, elə bilirdim, onun "Joker" və "Her" filmlərində canlandırdığı məzlum, çəkingən ifasını görürəm. Bəli, Xoakin Feniks həmin obrazları əla canladırıb, ancaq Napoleonun enerjisini, davranışlarını nümayiş etdirmək onun başı üçün deyildi. Rejissor o boyda sərkərdəni hər fürsətdə ağladır, nevrotik gülüşlər yaşadır və adamayovuşmaz göstərir. Tənbəl, depressiv, ağlamağa hazır üz ifadəsi Napaleon Bonapartın obrazına uyğun deyil. Feniksin rolu alınmayıb, vəssalam!

Jozefina da vulqar, hər fürsətdə Napoleonu "sındıran", onu qula çevirən qadın kimi göstərilir. Aristokratiya, nəcib, mədəni davranışlar heç adam arasında da gözə dəymir. Rejissor Jozefinanın kultlaşdırıb, hətta ovaxtkı Avropanın həlledici, mühüm vasitəçisinə çevirib. Bəli, Napaleon Jozefinanı sevirdi, ona aşiq idi, ancaq Misirdəki əməliyyatı yarımçıq qoyub, qısqanclığa görə Fransaya qayıtmır. Hərbi-siyasi gərginlik və böhran olmasaydı, Napaleon Avropaya elə qaça-qaça qayıtmağı düşünmürdü. Konsul vəzifəsinə gəlməyi də arvadını heyran etməyə hesablanmamışdı. Kinoda deyildiyi kimi "sənsiz qala bilmirəm, Jozefina" və Elbanı sırf ona görə tərk etməyi də uydurmadı. Ona qədər Jozefina artıq bir il olardı ki, ölmüşdü. Ridli Skott isə Jozefinanın ömrünü uzadır. Niyə? Tarixi epoxaya ucuz romantikanı sırımaq üçün.

Napoleonun sui-qəsdlərdə yayınması, ingilislərlə mübarizədəki uğurlu siyasi gedişləri lazımınca göstərilməsə də, Çar Rusiyasına hücum zamanı müvəffəqiyyətsizliyi gözə soxulur.

Ridli Skott ingilislərin acığını fransızlardan film vasitəsi ilə çıxıb. Mədəni sfera cəhətdən bacarıb da. Belə. İzləmək-izləməmək sizə qalıb.

# 1382 dəfə oxunub

Müəllifin son yazıları

# # #