Yalançı poetizm, dolanbaclı təsvir, hər şeyi cütləşdirmək cəhdləri - Hekayə müzakirəsi

Yalançı poetizm, dolanbaclı təsvir, hər şeyi cütləşdirmək cəhdləri - Hekayə müzakirəsi
22 fevral 2023
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Aqşin Yeniseyin "İrsi əsən küləklər" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Rasim Qaraca

Fotoğraf açıklaması yok.

Xəstə yatağında, ölüm ayağında olan insanın hallüsinasiyaları, həyatla ölüm arasında gedib gəlmələr - ideya olaraq çox yaxşıdır, Oxuduqca yaxşı cümlələr və fraqmentlər insanı valeh edir. Hekayənin nöqsanı, əgər buna nöqsan demək olarsa, yazıçının həddən çox fəlsəfəçiliyə uymasıdır.

Bu cəhət ümumən, Aqşin yaradıcılığının uğursuz tərəfidir.

Mənim baxışıma görə yazıçının predmeti bədii material olmalıdır, bu sahədə Azərbaycanda az-çox ənənə var, fəsəfi mövzularda isə biz öz kontekstimizi hələ tapmamışıq və bunun bir ənənəsi də yoxdur. Buna görə də bizdə "filosofluq" alınmır, buna cəhd edəndə mütləq kimlərisə təqlid etmiş oluruq. Bu hekayədə də müəllifin guya böyük həqiqətlər dalınca gedib İsadan-Musadan, Nazaretydən bəhs etməsi, ərəbistan çöllərinə düşməsi məncə yanlış konsepsiyadır, yamaq kimi görünür, buna görə də oxucunu təsirləndirmir. Öz insanımızdan, öz gerçəklərimizdən yazmaq bu qədərmi çətindir?

Hekayədə bəyənmədiyim ifadələr:

- Məni gecikdiyim yerə aparırdılar (yalançı poetizm)
- Yaşlı bir qadın arıq bədənini qucağına aldığı qıza şalsayağı büküb oturub (dolanbaclı təsvir)
- Köhnəlmiş adrenalinimi yeniləyir (bəlkə, yatmış adrenalin?)
- İnamla ümidinin nikahı (hər şeyi cütləşməylə indeksləmək cəhdi)
- Müxtəlif istiqamətlərə gülümsəyirik (necə olur?)
- Özünü ikinəfərlik ilişkilərə qarşı saymazyana aparan lovğa tək-tüklər (anlaşılmır)
- Fotoaparat bir anda səssizliyin bakirəliyini pozur.(Əsəd Qaraqaplan estetikası)
- Onu qaraçı bir dilənçi verib mənə
- Tibbin qız qarımış bacısı
- Hər gün istismar olunmaqdan kotana dönmüş mərhəmət hissi (ülvi məsələlərdən kənd təsərrüfatı terminləriylə danışmaq)
- Uzunsov gavalıya oxşayan gözləri (Cavid Zeynallıda vardı belə ifadə: "Gözləri Selma Hayekin gözəri kimi kal gavalı rəngindəydi.")
- Ucudüyünlü klassik çomağıyla bir neçə tərs qoyunu vurub öldürür (klassik çomaq gülməli göründü - Şərif Ağayar estetikası)
- Mən öz can borcunu öz canı ilə ödəyən ilk insan olacağam (qəhrəmanların bu cür maksimalist tipajı hekayənin səviyyəsini qaldırmır təəssüf, əksinə azaldır)

İlham Əziz

Beşmərtəbəli binanın birinci mərtəbəsi - İlham Əzizdən yeni hekayə

Sürət çağında mətnin dinamikliyi vacib şərtdir. “İrsi əsən küləklər”ə baxanda bir az tərəddüd etdim. Uzun mətndi, müəllif də Aqşin…
Açığı fəlsəfi fikirlər indi məni çox da özünə çəkmir. Amma neynəmək olar, Aqşini oxumaq lazımdır. Ön yarğıyla başladığım mətnin ortalarında məni qəribə xoşbəxtlik yaxaladı.

Əvvəla onu deyim yanılmamışam mətn ağırdı, hazırlıq tələb edir. Başladınsa qopmaq olmur. Hekayənin ilk üç abzası şeirdi desəm yanılmaram. Hekayə reallıqla irrasionallığın, əfsunla yuxunun sərhədlərində sayrışır. İrəllilədikcə “rus matryojka”sı kimi bir-birinin içindən çıxan, sonradan görünməz xətlərlə muncuq kimi düzülüən sujet adamı valeh edir. Mifik, dini mətnlər qucaqlaşıb iç-içə ansabl yatadır. Bu mətn ana dilimizin rəngarəngliyini, akustikasının möhtəşəmliyini gün kimi apaydın ortaya qoyur. Bənzətmələr, təşbehlər ənənvi hekayəçiliyimizdən yer-göy qədər fərqlidi. Hekayədəki bənzətmə, təşbeh cümlə xatirinə, gözəllik xatirinə edilməyib, düşünmək, düşündürmək qayəsi daşıyır.

İradım da var. Mənə elə gəlir mətndəki “yuxudan ayıldım” “mistik” ibarələri artıqdır. Ədəbiyyat tamamilə yuxudur. Onu orda açıb ağartmaq izafi izahdır. Qoy bu sarmaşıq mətnin içində oxucu harda yuxu, harda reallıqdı özü qərar versin.

Hekayə mənə rəhmətlik Xuan Rulfonu xatırlatdı. Ruhu şad olsun. Bu bəlanı ədəbiyyata o urcah edib. Belə mətn yazan Aqşinin Allaha inanmadığını deməsi mənə zarafat kimi gəlir.

Yəqin, ədəbiyyatşünaslar daha ciddi təhlil edəcəklər. Mən hekayə haqqında sonda bir cümlə demək istəyirəm ki, bu mətni Makondadan beş dənə Ursula arvad lazımdı qoyub qabağına ağlaya...

Orxan Həsəni

Bir siyah beyaz 1 kişi, sakal, oturuyor ve iç mekan görseli olabilir

Aqşin Yeniseyin bu hekayəsi onun şeirlərindən qopan estetikanın davamıdır. Statlarla doymuş, dilin alt qatlarında gəzişən üslub nə qədər yorucu olsa da, zövqlü oxucular üçün ləzzət mənbəyidir. Belə nəsri sevirəm; müəllif daim ayıq və diqqətlidir, onun nəzərindən heç nə qaçmır, yeni ifadə vasitələri axtarmaq həvəsindədir. Yaxşı yazıçıların həmişə daxilən həvəskar olduğunu düşünürəm. Bəşəriyyətin inkişafı həvəskarların peşəkarlıq yolunda qət etdikləri məsafədir. Aşqinin şeirlərini çox sevirəm, bu hekayədə də onun nəsrinin şeirə necə uduzduğunu apaydın görmək olur. Ona uğurlar arzu edirəm. Həyat və ədəbiyyat gözəldir!

# 2356 dəfə oxunub

Oxşar xəbərlər

Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

16:00 14 iyul 2024
"Bitməyən berqmanomaniya" - Alpay Azər

"Bitməyən berqmanomaniya" - Alpay Azər

15:00 14 iyul 2024
"Qar tanrısı" - Mübariz Örənin hekayəsi

"Qar tanrısı" - Mübariz Örənin hekayəsi

12:00 13 iyul 2024
Vüqar Van:  "Darıxıram"

Vüqar Van: "Darıxıram"

12:00 12 iyul 2024
Köz - Qorxmaz Şıxalıoğlunun hekayəsi

Köz - Qorxmaz Şıxalıoğlunun hekayəsi

10:30 11 iyul 2024
İtlər hürəndə - Malik Atilayın yeni hekayəsi

İtlər hürəndə - Malik Atilayın yeni hekayəsi

15:30 10 iyul 2024
#
#
# # #