Tablo - Yeni hekayə

Tablo - Yeni hekayə
30 iyul 2022
# 14:00

Kulis.az Tural Diridağlının "Tablo" hekayəsini təqdim edir.

Şarl de Qoll hava limanının ikinci mərtəbəsindəki iri lövhədə Parisdən Fransanın, eləcə də dünyanın müxtəlif şəhərlərinə təyin olunan reyslərin vaxtı, uçuş referansları əks olunmuşdu. Uçuş tablosundakı rəqəmlər, şəhərlərin adları təxminən bir dəqiqəlik intervalla dəyişir, növbəti üç saat ərzindəki reyslər üçün hava limanına gələn sərnişinlərə mütəmadi məlumat verirdi.

Bütün bu məlumatlar hava limanının D terminalının ikinci mərtəbəsində, düz ortada qoyulan iri, qara tablonun üzərində sarı elektron hərflərlə əks olunurdu. Tablodakı yazıların sarı rəngdə olmasına Fuad ilk dəfə idi fikir verirdi. Hər il bir neçə dəfə Şarl de Qoll hava limanından istifadə etməyinə baxmayaraq, Fuadın özünə də qəribə gəldi ki, D terminalının düz ortasına qoyulan belə böyük tablo indiyə qədər onun diqqətini heç vaxt cəlb eləməyib.

Fuad bundan əvvəl bir neçə dəfə Şarl de Qoll hava limanının qonağı olmuşdu. Hər dəfə öz ölkəsinə, ya da oxuduğu şəhərə - Tuluzaya gedəndə biletini elə alırdı ki, Parisdə bir gün də olsa qala bilsin; Avropanın mədəniyyət paytaxtındakı muzeylərə, onun məşhur küçələrinə gedib həm tarixi biliklərini, həm də sevdiyi fransız yazıçılarının Paris haqqında yazdıqlarını xatırlaya-xatırlaya bütün günü şəhərdə gəzsin. Təhsil aldığı Tuluza şəhəri isə İspaniya ilə sərhəddən iki-üç saatlıq məsafədə yerləşirdi.

Fransanın cənubunda yerləşən bu şəhər əhalisinin sayına görə Paris, Lyon və Marseldən sonra ölkədə dördüncü böyük şəhər sayılırdı. Ölkəsində çoxları Tuluza barədə məlumatlı olmasa da, Fuad bilirdi ki, İkinci dünya müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının qəhrəmanlarından biri, həmyerlisi partizan Əhmədiyyə Cəbrayılov məhz Tuluza şəhəri yaxınlığındakı həbs düşərgəsində əsir saxlanılmışdı, sonra da birtəhər oradan qaçmağı bacarmışdı. Amma Fuadı Tuluzaya bağlayan təkcə tarix deyildi. Bura həm də onun xaricdə əldə etdiyi ilk tələbəlik xatirələrinin izlərini daşıyan şəhər idi.

Magistr təhsili isə artıq bitmişdi. Fuad vətəninə qayıtmalıydı. Veş-vüşünü yığıb buralardan birdəfəlik ayrılmaq isə Fuad üçün elə də asan deyildi. Öyrəşdiyi bu şəhəri tərk eləməyin yaratdığı qəhəri boğa bilmək üçün Fuad fikir-zikrini ona verməyə çalışırdı ki, öz ölkəsinə qayıdıb xalqına xidmət edən layiqli hüquqşünas olacaq, normal məvacib alıb perspektivli karyera həyatını qurmağa başlayacaq. Sözün açığı, ailəsi üçün də bir az darıxmışdı. Xülasə, bu cavan oğlan iki il yaşadığı Fransanı tərk elədiyi üçün özünü bir qədər məyus hiss eləsə də bütün diqqətini gələcəyə, həyatın hələ bilinməyən, amma onu gözləyən xoş sürprizlərinə hazırlamağa çalışırdı. Gələcək onu həyəcanlandırırdı. Axı onun iyirmi beş yaşı yenicə, iyul ayının sonralarında tamam olmuşdu!

Əlavə xərc çıxmasın deyə Tuluzadan Parisə olan bütün yolu avtobusla gələn Fuad hazırlaşırdı ki, üç saatdan sonra Parisdən İstanbula, oradan da doğulub, boya-başa çatdığı Bakıya qayıtsın.

Terminalın ikinci mərtəbəsindəki bu iri, qara uçuş tablosuna gözünü zilləyən Fuad birdən ayıldı ki, bayaqdan tablonun qarşısında dayanıb ona baxsa da, fikri başqa yerdədir. Nə qədər çalışsa da, bayaqdan nə fikirləşdiyini, zehninin onu hara apardığını xatırlaya bilmədi.

Tablonun qarşısında vurnuxan Fuad fikirləşdi ki, siqaret çəkmək, bir az da vaxt öldürmək üçün hava limanının bir küncündə, açıq havada bir yer tapsın, özü də elə yer olsun ki, uzaqdan Parisi bir az müşahidə eləyə bilsin. Onsuz da Tuluzadan birbaşa hava limanına gəldiyi üçün nə şəhərin mərkəz hissələrində gəzə, nə də bir yerdə əyləşib kofe ilə sevdiyi kişmişli çörəkdən (pain aux raisins) dada bilmişdi. Bəxtindən Şarl de Qoll hava limanı şəhərdən əməlli-başlı uzaqda yerləşirdi. Amma buna da şükür! Heç olmasa, uçuşdan öncə pasport yoxlamasından keçməmiş siqaret çəkə-çəkə Parisi uzaqdan seyr edə biləcək.

Avqust ayının əvvəli olsa da Parisdə hava pis deyildi. Əslində Bakıda doğulub böyüyən bu qafqazlı gənc üçün avqustun bu cırhacır vaxtı buludlu-günəşli hava ideal sayıla bilməzdi. Amma adətən buludlu-yağışlı olan Paris üçün bu da qənimət idi.

Fuadın heç ağlına da gəlməzdi ki, siqaret üçün açıq havada balaca bir yer tapmaq bu böyüklükdəki hava limanı üçün belə çətin olar. Çamadanları qıraqda bir yerə qoyub getmək də olmurdu; bu şəhərə hər yerdən min cürə insan gəlir; necə əmin olasan ki, biri gəlib çamadanını götürüb aradan itməyəcək? Gəl indi bu boyda yerdə polis şöbəsi axtar, fransızca dərdini izah elə. Əslində Fuad fransızca pis danışmırdı ; Tuluzada magistr təhsili üçün qaldığı iki il ona orta səviyyəyə yaxın fransızca öyrənməyə kömək edə bilmişdi. Amma, yayın cırhacırında özünə heçnədən problem yaratmaq nəyə lazım?

Fuadın bəxti onda gətirdi ki, yanından keçən orta yaşlı fransız ondan nə köməyə ehtiyac olduğunu soruşdu. Yəqin ki, fransız vurnuxduğunu sezib ona yardım əlini uzatmaq qərarına gəlmişdi. Fuad ona yaxınlaşan fransıza dərdini izah edəndən sonra bu orta yaşlı, üzündə hələ tam codlaşmamış saqqal olan, qarayanız, tünd göy rəngli cins ilə bozumtul köynək, üzərindən də qara kostyum jaketi geyinmiş “Müsyö” dedi ki, elə o da siqaret çəkmək üçün yuxarı – üçüncü mərtəbəyə qalxır, istəyirsə onunla gəlsin. Özü də yuxarıdakı yer açıq havadadır. “Müsyö”nün təklifi Fuadın ürəyincə oldu.

Fransız bəy hətta qollarını çırmalayıb Fuadın bir çamadanını da - özü də daha böyük və ağır olanını - özü ilə üçüncü mərtəbəyə qaldırmağa girişdi. Onlar lifti gözləmədilər. Deyəsən bəyin də ciyəri siqaret üçün yaman yanırdı. Yoxsa bu fransıza yayın istisində nə düşüb ki, bu qədər pilləkəni qalxıb, özü də tanımadığı birinin ağır çamadanını daşıyaraq D terminalının üçüncü mərtəbəsinə çıxsın?
“Müsyö” ilə Fuad biraz gərnəşib açılışandan sonra ciblərindən siqaretlərini çıxarıb damaqlarına dürtdülər. Fuad həmişə fikir verirdi ki, əksər insanlar çox vaxt siqareti avtomatik olaraq dodaqlarının tən ortasına qoyur. Elə iri, qara tablonun Şarl de Qoll hava limanındakı terminalın düz ortasına qoyulduğu kimi.

Siqaretdən qülləm ala-ala Müsyö söhbətə başladı:

- Siz hara gedirsiniz?

- İstanbula.

- Aha, lap yaxşı. Deməli, Türkiyədənsiniz?

- Yox, oradan da başqa yerə gedəcəyəm.

- Hə, lap yaxşı. Bəs burada, Parisdə nə işlə məşğulsunuz?

- Parisdə yaşamıram. Tələbəyəm, Tuluzada təhsil alıram. Hüquq üzrə magistr təhsili. Amma artıq təhsilim bitib.

“Müsyö”nün gözləri bir az bərəldi. Fuad həmişə ona da fikir verirdi ki, kiməsə hüquq üzrə təhsil aldığını deyəndə müsahiblərinin gözləri azca da olsa, bərəlir. Amma hələ cavab tapa bilmirdi ki, bu bərəlmə təəccübdəndir, yoxsa hüquq təhsili aldığını qiymətləndirmək jesti idi.

- Lap yaxşı. Nə gözəl! Bəs özünüz fransız deyilsiniz deyəsən?

- Yox, fransız deyiləm. Azərbaycandanam.

Fuad ənənəsinə davam edərək Azərbaycan haqqında giriş nitqinə başladı:

- Bəlkə, bu ölkə barədə eşitmisiniz. Rusiyanın yanında, Gürcüstan, Türkiyə ilə sərhəddə, Xəzər dənizinin sahilindəki kiçik Qafqaz ölkəsi....?

“Müsyö” Fuadın sözünü yarıda saxlayıb müdaxilə eləyir :

- Hə, hə, deyəsən əvvəl Sovet Birliyinin tərkibində idi.

- Aha, bəli. 91-dən sonra müstəqil olmuşuq.

Bəzən əhvalı, enerjisi olanda Fuad öz giriş nitqində Cümhuriyyət tarixi, coğrafi baxımdan Avropa və Asiya arasında olsa da, ölkəsinin siyasi, iqtisadi sistem, mədəni və dini tolerantlıq baxımdan daha çox Qərb sivilizasiyasına yaxın olduğu barədə bir-iki kəlmə deyərdi. Amma indi bunun üçün enerjisi yox idi. Bütün gecəni Tuluzadan Parisə avtobus ilə yol gəlmişdi. Ürəyində istəyirdi ki, “Müsyö” ilə şablon tanışlıq söhbətini qurtarıb, Parisə baxsın, onun havasını içinə çəkib biraz dincəlsin. Birdən aradakı sakitlikdən başa düşdü ki, ənənəvi tanışlıq diskussiyasına uyğun olaraq o da sual verməlidir ki, bəs “Müsyö” haradandır (aksentindən onsuz da fransız olduğuna şübhə yox idi), əgər fransızdırsa, onda Fransanın harasındandır, nə işlə məşğul olur filan.

Axırda da olduqları məkanın məntiqinə uyğun olaraq “Bəs siz hara gedirsiniz” sualını verib cavabını alsın, sonra da sağollaşıb, bir-birilərinə gözəl gün arzulayıb ayrılsınlar. Fuad dilləndi:

- Bəs siz? Siz fransızsınız deyəsən, yox?

- Aha, fransızam.

- Harasındansınız Fransanın?

- Bretan bölgəsindənəm (Fransızca “ La Bretagne”). Fransanın şimal-qərbində yerləşir.

“Müsyö” Bretan haqqında öz giriş nitqinə başlayacaqdı ki, bu dəfə Fuad müdaxilə elədi,

- Hə, tanıyıram Bretan bölgəsini. Tuluzadakı dostlarımdan biri məhz oradan idi. Həmin dostum Tuluzada muzeydə işləyirdi. Onların işi bir az qəribə idi.

Deməli, bir şirkət ölü heyvan dərilərini və skeletlərini – məsələn, zürafə, canavar dərisi və kəlləsini muzeyə dondurulmuş şəkildə gətirir, onlar isə bu skeletlərin əsasında onlardan heykəl düzəldirlər. Bu əslində ənənəvi anlamda nə heykəl kimi heykəldir, nə də canlı heyvan. İkisinin qarışığından yaradılmış incəsənət. Amma açığı mən baş aça bilmirdim ki, bu incəsənət nəyə xidmət edir.

Müsyö gözünü Fuada zilləyib diqqətlə qulaq asırdı. Elə bil nəyisə anlamağa çalışırdı, ya da nə barədəsə düşünürdü. Fuad isə davam edirdi,

- Əgər kimsə heyvanat aləmini kəşf etmək istəyirsə, buyurub zooparka gedə bilər. Tuluzanın özündə də zoopark var. Yox əgər heykəltəraşlıq və ya rəssamlıq ilə bağlı həvəskardırsa, Tuluzada hər həftə muzeylərdə maraqlı sərgilər olur. Bu sərgilərin qiyməti isə elə də baha deyil. Amma ölmüş heyvan skeletindən və dərisindən heykəl düzəltmək mənə bir az qəribə gəlir. Elə həmin dostum da mənə deyirdi ki, bizim işimiz bəlkə də Tuluzadakı ən qəribə işdir.

Fuad birdən ayıldı ki, bütün bunlar barədə zəvzəmək ona lazım deyil; heyvanların hüququ barədə müzakirə aparmaq bu dəqiqə istədiyi axırıncı istədiyi şey idi, özü də Şarl de Qoll hava limanının D terminalının üçüncü mərtəbəsində. Deyəsən elə “Müsyö” də bunun həvəskarı deyildi. Söhbəti bağlamaq üçün Fuad elə özü başladığı mövzunu bağlayıb həm özünü, həm də “Müsyö”nü heyvanların hüququ barədə yersiz müzakirədən xilas elədi:

- Nəysə, bu qəribə dostumun sayəsində sizin region barədə biraz öyrənmişəm. Bretan bölgəsinin çox maraqlı tarixi var. Özü də əla yerdə yerləşir. Yəqin ki, tez-tez gedirsiniz oralara. Atlantik okeanın sahilində olmağı kim istəməzki.

- Hə düzdür. Çox gözəl yerlərdir. Orada olmamısınızsa, bir gün mütləq getməlisiniz.

“Müsyö” bunları deyə-deyə cibindən ikinci siqareti götürüb yandırdı. Amma danışmağa davam elədi:

- İndi də elə Bretan regionuna gedirəm. Atamın yanına. Xərçəng xəstəliyi var. Son günlərində onun yanında olmaq istəyirəm.
Bunu eşidəndən sonra Fuadın təəccübdən gözləri bərəldi. Açığı bunu eşitməyi gözləmirdi. “Müsyö” isə ciyərinə çəkdiyi tüstünü buludlu-günəşli Paris havasına buraxa-buraxa, səsində, üz cizgilərində azacıq da olsa dəyişiklik hiss olunmadan sakit tərzdə danışmağa davam edirdi. Fuad özünü məcbur hiss elədi ki, heç olmasa “Sizin üçün üzgünəm” desin, amma, “Müsyö”nün təmkinli, hər şeyi qəbullanmış duruşu Fuadı heyrətləndirmişdi, bilmirdi nə desin ki, pis çıxmasın. Bircə pıçıldıya bildi:

- Sizin üçün üzgünəm…

- Yox, üzülməyə dəyməz. Həyat onsuzda hər kəsi bir gün aparır. Fərqi nədir bu boğaz xərçəngi olsun və ya maşın qəzası. Mən özüm elə bu hava limanında taksi sürücüsü işləyirəm. İstənilən hal məni də həyat apara bilər. Özü də heç xəbərim olmadan.

- Hə düzdür… Amma istənilən halda insan…

- Yox, məncə bunun heç bir hala dəxli yoxdur,

“Müsyö” Fuadın sözünü ağzında qoyub davam elədi,

- Onsuz da, hər kəs bir gün öləcək. Bu həqiqət hər kəsə aydındır. Əgər belədirsə onda üzgün olmağın nə mənası var. Axı üzgün olmaq nə rəhmətə gedəcək yaxınını nə də özünü həyatın bu həqiqətindən xilas eləmir?

- Hə, düzdür.. Fuad “Müsyö”nün soyuq düşüncə tərzindən təsirlənə-təsirlənə dedi. Ürəyində fikirləşdi ki, bu soyuq yox lap buz kimi düşüncə tərzidir. Axı insan nələr yaşamalıdır ki, bu qorxunc həqiqəti belə rahat qəbul edə bilsin!

“Müsyö” yenidən dilləndi:

- Mənim qardaşım da keçən ay rəhmətə getdi. Hələ onun “gediş”inə öyrəşməmiş indi ailə olaraq bacım və anam ilə atamın yaxında… Fuad özü də bilmədən birdən yenə,

- Çox üzgünəm.. dedi.

Bu dəfə “Müsyö” heç bir söz demədi. Başını sallayıb “rəhmət diləklərini qəbul elədim” deyirmiş kimi yuxarı qaldırdı. Sonra da siqaretindən sonuncu tüstünü alıb havaya buraxdı. Fuad donmuş halda ona baxırdı. Onun yaxınlarını itirməsini bu qədər sakit, soyuqqanlı qəbul eləməsi Fuada güclü təsir etmişdi. Bəlkə də “Müsyö” sadəcə qıraqdan belə görünürdü, onun qəlbində fırtanalar əsir, tufanlar qopurdu. Biz bunu heç vaxt bilə bilməyəcəyik.
“Müsyö” siqaretin kötüyünü yerə atıb əlini Fuada uzatdı. Onunla sağollaşıb “Sizə İstanbulda gözəl istirahətlər” dedi, sonra da uzaqlaşdı.

Fuad da siqaretini bitirib aşağıya, ikinci mərtəbəyə düşdü. İri, qara tablonun qarşısında dayanıb adları bir dəqiqə interval ilə dəyişilən şəhər adlarına, uçuş vaxtlarına, reyslərin nömrələrinə baxdı. Sarı hərflər qara tablonun içində oynaşırdı. O gözünü tabloya zilləsə də, özü də hiss eləmədən deyəsən fikri başqa yerdə idi.

Görəsən bu an nə fikirləşirdi? Bəlkə, o fikirləşirdi görən tablodakı müxtəlif şəhərlərə uçan minlərlə sərnişindən hansının həyatı “Müsyö”nünkindən daha çətindir? Ya da bu sərnişinlərin arasında həyatın qaça bilməyəcəyimiz, qorxunc görünən qanunlarına özünü “Müsyö” qədər hazır hiss edən neçə insan var? Bəlkə də, Fuad “Müsyö”nü çoxdan unudub öz gələcəyi barədə fikrə dalmışdı, və ya heç nə fikirləşmirdi, sadəcə tabloda gedəcəyi şəhərin adını axtarırdı...


# 1704 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
#
#
# # #