Səs - Kəramət Böyükçölün yeni hekayəsi

Kəramət Böyükçöl, yazar

Kəramət Böyükçöl, yazar

8 dekabr 2022
# 15:00

Kulis.az Kəramət Böyükçölün "Səs" adlı yeni hekayəsini təqdim edir.

Səs

Bibimgilə nə vaxt gedirəm, əri Xanbala dayı köhnə qırıq bir radionun üstündə əlləşir. Özü də necə? Arı çiçəklərin üstünə daraşan kimi barmaqları, gözləri, hətta qulaqları ilə çökür radionun üstünə. Buna heç radio da demək olmaz, üst-üstə götürəndə topa bir dəmir yığıntısıdır.

Bir neçə il qabaq – bibim danışır – balaca gədə – nəvəsini deyir – onun itmiş antenasının yerinə ip bağlayıb küçədə sürüyür, başı qarışırdı. Bizim kişi kimdən eşitdi, kim nə dedi, bilmirəm, radionu uşağın əlindən aldı.

Xanbala dayı bibimin cehizlik, məsələn, qonaqlıq olsa, altı adamı yola verən stolunu qonaq otağından çıxarıb gətirib çardağın altına qoyub. Radionu da üstünə. Bibim nə qədər eləyib, saçını yolub, dizinə döyüb, xeyri olmayıb. Elə indinin özündə də stoldan söz düşəndə bibim mənə deyir:

– Bibin başına dolansın, bibin qadanı alsın, nə qədər elədim, ha özümü döydüm, nə xeyri? Dedim, a zalımın oğlu, bəlkə qudamız gələcək, bəlkə elə kirvəmiz gəldi, harda oturub çörək yeyəcəklər?

Stolun hər tərəfi qara mazut, böyrü-başı çəkic yeri, üstünün rəngi gedib, qalpaqları qopub, solidol yağı stolun ayaqlarına qədər axıb. Vaxtilə üstündə bəzəkli süfrələr olan stol qonşumuz şorgöz Ənvərin Qaz 51 maşınının işlənmiş motor yağı ilə bəzənib. Həmişə üstündə nehrə yağı olan stolun üstündə indi yağa bulaşmış kəlbətinlər, boltlar, qaykalar, çəkiclər, qırıq simlər bibimin çay və yemək servisləri kimi səpələnib. Bibim gör neçə ildir bu stolu qoruyub saxlayıb. Ata, anasından hədiyyə kimi silib təmizləyib, yaz ayları gələndə quyruq yağı ilə parıldadıb. Qızının elçiləri bu stolun ətrafında əyləşib.

Bəybalanın – nəvəsidir – ad günlərini bu stolda qeyd eləyiblər. İndi harda oturub çörək yesinlər? Bibim sanki mənim harda çörək yeyəcəyimi fikirləşib stolun halına bir daha kövrəldi.

– Görüm o qırıq radionu sənə verənin evi yıxılsın. Qudası gəlsin, çörək yeməyə stolu olmasın.

Xanbala dayı da bir kubik daşı dik qoyub, çayı da üstündə. Xoruz quyruğu. Hər qurtum alanda elə bil xoruz çıxıb daşın üstündə banlayır. Bu qurultu ordunun içindən gəlir. Qurtumu ağzında nətər hərləyib udursa, bibim səsini hamamdan eşidir. Bu onun işinin yaxşı getməyinə işarədir. Hərdən hər iki mazutlu əli ilə eyni anda həm şalvarını yuxarı çəkir, həm də burnunu. Hər iki prosesin eyni anda baş verməyi onu göstərir ki, bu işə çox böyük həvəslə girişib. Guya uzun illər Rostovda əsgərlikdə olanda radiozavodda işləyən bir rus qızı ilə tanış olub və qız da ona köhnə xarab radioları düzəltməyi öyrədib.

Könhə xarab radioya rus qızı da əlavə olunanda bibim lap cin-cin olurdu:

– Xalxın kişilər rəngli televizor alır ki, qudası gələndə yanaşı oturub Namiq Qaraçuxurluya baxsın. Bu da xarab radionu qurdalayır ki, danışacaq. Guya bizə deyəcək ki, sabahınız xeyir.

Bibim iki ilə Xanbala dayının başına ala elədi:

– Sənin sabahın qara gəlsin.

Bu dəfə Xanbala dözmədi:

– Xarab niyə olur ey, bir dəfə səsi çıxdı da.

Bibim:

– Çıxmadı, xırıldadı.

Sovet vaxtı, 70-ci illərdə çıxan kubik daşı boyda radiodur. Rayonda televizor təmir sexinin zibilliyindən tapıb gətirib. Radionun üst qapaqları yoxdur. İçinin elementləri stolun üstünə səpələnib. Hamısı da yağın içində. Xanbala dayı bibimin ütüsünün şnurunu kəsib bağlayıb radioya, yaxınlıqda elektrik yuvası olmadığndan, ucuna yenə bibimin tozsoranının şnurunu əlavə edib. Radionun antenasının yerinə uzun bir simi taxıb, onu da çıxardıb evin çardağının üstünə, ordan da keçirib qonşunun antenasına bağlayıb. Yenə radiodan səs çıxmır ki çıxmır. Amma arada tək-tük xırıltı gəlir. Elə Xanbala dayını ümidləndirən, ruhlandıran da bu xırıltıdır.

Xanbala dayının əlinə, barmaqlarına, üst-başına baxanda ağlamağım gəlir. Ancaq bibimin vecinə deyil. Dırnaqların arasına dolmuş mazut əslində, işgəncənin, ağır əməyin görüntüsüdür. Amma qarşıda xarab bir radiodan başqa heç nə yoxdur. Budurmu zəhmət və ya budurmu fəhləlik? Bibim deyir ki, Xanbala nöyüt iyi verir. Çünki radionun cihazlarını nöyütlə silir, pasını aparır.

Xanbala dayı bütün günü qulaqlarını radioya dirəyib, hər iki əli ilə də ora-burasını qurddalayır. Hərdən də sanki elə indilərdə eşidəcək səsin gəlişi şərəfinə şalvarını və burnunu eyni anda yuxarı çəkir. Radionun kalonkasına dirəməkdən qulaqları qızarıb, həm də mazuta batıb. Bir-iki dəfə qulağını tok gizildədib. Burnunun ucunda və üzündəki ləkələr gendən çağırır.

Bibim deyir ki, bir ara öz qulağından şübhələndi. Dedi, bəlkə kardır, eşitmir. Ona görə mənim də qulağımı aparıb radioya dirəyirdi ki, gör səs gəlir?

Deyirdim, yox, xırıltı var.

– İndə səs gələcək. Eşidəcəksən – Xanbala dayı deyirdi – xırıltı, xışıltı olan yerlərdə həmişə səs olur.

Xanbala dayı radiodan səs çıxarmaq üçün daha geniş yollar axtarıb. O iri kalonkalar tapıb gətirib. Onları evin çardağının kənarlarına bərkidib. Həyətdə ən azı dörd böyük kalonka uzaqdan aydınca görünür. Bibim deyir ki, kalonkaların bizə xeyri o oldu ki, onun qaraltısının qorxusundan quşlar bu il üzümə dəymədilər.

Səhərdən gəlmişəm, hələ də qulağını radiodan ayırmayıb. Bir əli ilə antenanı tərpədir, o bir ilə düyməciyini sağa-sola burur. Amma səs yoxdur. Onun cod, mazutlu barmaqları ac siçanlar kimi radionun elementlərinin üstündə elə sürətlə gəzişir ki, elə bil bu dəqiqə səsi tutacaqlar. Tuta bilməsələr də, qovub qapıda pusquda dayanan Xanbala dayının qulaqlarına salacaqlar. Ancaq xırıltıdan başqa heç nə yoxdur.

Xanbala dayının əlləri radionun üstündə birdən-birə titrəməyə başladı, sonra durduğu yerdə arxası üstə yıxıldı. Təzədən qalxıb eyni anda əlləri ilə şalvarını və burnunu çəkəndən sonra yenidən yıxıldı.

Tez bibimi çağırdım, o da qonşuları hayladı. Xanbala dayı danışa bilmirdi. Onu evin geniş zalında yerə uzatdılar. Ağzını açıb yumur, nəsə demək istəyirdi.

Bibim qulağını onun sinəsinə qoydu, nəfəsini içinə çəkib xeyli gözləyəndən sonra dedi:

– Xırıltı var, səs yoxdur.

Sonra ucadan hönkürdü:

– Xanbala, bəs deyirdin xırıltı olan yerdə səs olur? Bəs hanı səs? Səsimə səs ver, Xanbala!

# 7006 dəfə oxunub

Oxşar xəbərlər

Ağlım başımda yox, ayağımdaydı

Ağlım başımda yox, ayağımdaydı

10:49 26 yanvar 2023
Aramın arzusu - İlqar Rəsuldan yeni hekayə

Aramın arzusu - İlqar Rəsuldan yeni hekayə

14:20 25 yanvar 2023
Qafqazlı xoruzlar - Müşfiq Şükürlünün yeni hekayəsi

Qafqazlı xoruzlar - Müşfiq Şükürlünün yeni hekayəsi

09:00 24 yanvar 2023
Dəvələr, atlar, şarlar... - Rəvan Cavidin hekayəsi

Dəvələr, atlar, şarlar... - Rəvan Cavidin hekayəsi

15:00 19 yanvar 2023
O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi

17:00 18 yanvar 2023
Xatirələrin soyqırımı - Faiq Xudanlı yazır...

Xatirələrin soyqırımı - Faiq Xudanlı yazır...

10:25 18 yanvar 2023
# # #