Rafiq Tağı cəsarəti

Rafiq Tağı, yazıçı

Rafiq Tağı, yazıçı

23 noyabr 2021
# 10:12

Kulis.az Nihat Pirin "Mən nə görmüşəm ki?" yazısını təqdim edir.

Rafiq Tağının ruhuna..

Mən Rafiq Tağını ölümündən sonra tanıyanlardanam. Söhbət gedir 2015-lərdən, 2016-lardan.

Hərdən buna görə özümü qınayıram və məncə, haqlıyam da. Rafiq Tağını gec tanımaq yazıçı üçün ola biləcək ən böyük qəbahətdir. Günahdır. Suçdur. Və bəzən də işgəncədir.

Hə, məhz işgəncə.

Bir dəfə dostumuz Rövşən Danyeri söhbət əsnasında Rafiq Tağını görüb-görməməyimlə bağlı sual vermişdi. Tutuldum, bir xeyli düşündüm-daşındım, hətta bir az cavab verməyə tərəddüd də elədim. Əvvəl “hə” demək istədim. Amma sonra... Amma sonra “Rafiq Tağı cəsarəti” düşdü yadıma, çəkindim. Mənim adıma yazıb-yaradanın ən ağır etirafını eləməyə məcbur qaldım və “Yox, görməmişəm” dedim.

Rövşənin cavabı isə daha dəhşətli idi: sən nə görmüsən ki?..

Doğrudan, mən nə görmüşəm ki?

“Rafiq Tağının mətnini” deyə bir cavabım var, əslində. Və bu mətn özüm üçün Rafiq Tağı portretini yaratmağa müəyyən mənada kömək edir. Olsun Fərqanə, olsun Qara Məcnun, olsun Parlaq quş...

Amma axı Rafiq Tağı təkcə mətndən ibarət deyildi. Rafiq Tağı həm də cəsarət idi, vicdan idi, görk idi. Hamının ağızdolusu danışdığı, hamının onu daha yaxşı təsvir eləməkdən ötrü dəridən-qabıqdan çıxdığı idi.

Doğrudan, mən nə görmüşəm ki?

“Rafiq Tağı ilə həmsöhbət olanları, dostlarını” kimi də bir cavabım var, əslində. Amma hər söhbətin sonunda, hər xatirənin yekununda üzümdəki və içimdəki Rafiq Tağı böyüklüyündəki təəssüf də var axı.

Doğrudan, mən nə görmüşəm ki?

O gün Rafiq Tağının bıçaqlandığı gün idi. Şərif Ağayardan od-alovlu və eyni dərəcədə səssiz-səmirsiz bir yazı oxudum. Yazırdı ki, səndən sonra hamımızın kürəyində bir bıçaq giziltisi, hamımızın arxasında təngnəfəs qaçan, ona çata bilməyən bir qatil hənirtisi, bir qatil vahiməsi var.

And olsun, Rafiq Tağı ağrısına ki, dediyi ağrını da, dediyi hənirtini də hiss elədim. Mən də kürəyimdən vurulmuş kimi oldum, mən də təqib olundum, mən də qovuldum və nəhayət, mən də Rafiq Tağını hiss elədim. Hamı kimi...

Amma bilirəm ki, yenə də gecikdim. Yenə də... Rafiq Tağını gec tanıdım. Yenə də...

Bir dəfə Rasim Qaraca demişdi ki, Rafiq Tağı ilə təmasda olan adamların həyatı iki mərhələdən ibarət olur; ondan əvvəlki və ondan sonrakı.

Və indi düşünürəm ki, mənim həyatım eləcə, qupquruca bir mərhələdən ibarətdir: Rafiq Tağıdan sonrakı.

Doğrudan, mən nə görmüşəm ki?..

# 6729 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər