Günel başqa yolun o tayına keçdi

Günel başqa yolun o tayına keçdi
9 iyun 2024
# 14:23

Kulis.az Qismət Rüstəmovun mərhum yazıçı Günel Eminliyə ithaf etdiyi yazını təqdim edir.

Günel Eminlinin xatirəsinə...

Günellə qonşuyduq; onunla bağlı xatirələri yaddaşımda axtarışa verəndə bir neçə görüntünün təkrarlandığı gördüm: üzündəki zərif təbəssümlə yolun o biri başından əl edir ki, gözlə, o tərəfə keçirəm...

Məhlədəki xudmani marketin kassasında əlindəkiləri göstərib gülə-gülə deyir ki, guya dietaya başlayıram...

Fərəhli günlərdə onların həyətində voleybol oynayırıq, övladlarımız bizim uşaqlaşmağımıza sevinib yan-yörəmizdə atılıb-düşürlər...

Voleybol oynadığımız günlərdə kimin zərbəsindən topa kənara çıxsa, dalınca özü qaçırdı. Hiss edirdim ki, bunu həyətin sükutunu gülüşə qərq edən uşaqların sevincinə görə edir. Heç vaxt oyunun bitməsini istəmirdi, neçə saaatının, nə qədər ayının, ilinin, gününün qaldığını bilmədiyimiz ömrün fərəhli anını bir az da uzatmağa çalışırdı. Səadətdən heç yerə tələsmədiyi üçün topun dalınca tələsirdi.

Market kassasının qarşısında gülə-gülə öz iradəsindən gileylənsə də, aldıqlarından görünürdü ki, hər şey evdəkilərin sevincinə, gülüşünə, rahatlığına hesablanıb, məsələn, vanilli dondurma, kinder sürpriz, birdəfəlik istifadə üçün təraş bıçağı. Çünki bəzən çöldə cibindən alınmalı şeylərin siyahısını çıxarır, bir-bir hamının sifarişini gülə-gülə, səsli oxuyur, sonra başı yeyilmiş balaca karandaşla yerinə yetirilmiş missiyaların üstündən xətt çəkirdi.

Hər dəfə yolu biz tərəfə keçəndə salam-kəlamsız eyni cümləni deyirdi: Niyə bizə gəlmirsiz? Sonra əlavə edirdi: Yığışsanız, mütləq mənə də xəbər edin.

İndi, onsuz sətirdən sətirə keçirdiyimiz günlərin ildönümündə düşünürəm ki, Günel bu dəfə başqa bir yolun o tayına keçib, bu dəfə sirrini heç vaxt bilməyəcəyimiz bir səbəbdən öz doğum günündə öz adının üstündən xətt çəkib, bu dəfə dalınca tələsdiyi top Zərdüştün, Mövludun, Mahmudun olduğu yerə düşüb...

# 3246 dəfə oxunub

Oxşar xəbərlər

Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

11:30 5 dekabr 2025
G.M. - Qustav Mayrinkin hekayəsi

G.M. - Qustav Mayrinkin hekayəsi

10:30 4 dekabr 2025
Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 dekabr 2025
"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

14:00 1 dekabr 2025
Qartal təlimçisi - Luici Kapuananın hekayəsi

Qartal təlimçisi - Luici Kapuananın hekayəsi

12:00 29 noyabr 2025
Körpə - Günün hekayəsi

Körpə - Günün hekayəsi

10:30 28 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər