Çılğın, davakar, alkoqolik - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

25 noyabr 2021
# 09:40

Kulis.az Vüsal Bağırlının "Number One - Maradona" yazısını təqdim edir.

“Anam həmişə deyirdi ki, dünyanın ən yaxşısı mənəm. Onun sözlərini yerə salmaq günah olardı”.
(Dieqo Armando Maradona)

Futbola marağım lap uşaqlığımdan başlayır. Təxminən beş ya altı yaşlarımdan. Yadıma düşür, gecələr pultsuz, kanalları kəlbətinlə çevrilən, dalğa qarışanda antena ilə deyil, üstünə vurulan yumruqla göstərən ağ-qara televizorumuz önündə əyləşmiş atam, çarpayıda dərin yuxuya getmiş məni bərkdən səsləyərdi. Yanına çağırardı.

“Yatma, dur ayağa, tək darıxıram, gəl birlikdə baxaq” deyərdi.

Çar-naçar, yuxuma haram qatıb, isti çarpayıdan qalxar, gərnəşə-əsnəyə gəlib atamın yanında oturardum. Qəribə bir oyunu izləyərdim. Şortik-köynək geymiş kişilər, lətifədə deyildiyi kimi, "nədrisə onu diri tuturlar" marağıyla girdə topun ardınca qaçırdılar.
Oyun qaydalarıni bilmirdim. Anlayışım olmadığından sualları yağış kimi yağdırırdım.

“Aut, künc zərbəsi, penal nədir. Oyunçu qol vuranda niyə dəli kimi qışqırır? Oyundan kənar vəziyyət necə olur? Niyə futbolu yalnız ayaqla oynayırlar?”

O, bezsə də bunu biruzə vermirdi, hər sualı səbirlə, təmkinlə izah edirdi. Başa salırdı.

Beləcə, get-gedə əsl futbol azarkeşinə çevrilirirdim: qızğın, çılğın və emosional.

Maraqla baxdığım ilk böyük yarış isə Meksikadadaki dünya çempionatı oldu.
Mexico 86.

Həmin çempionatda kimlər yox idi, hansı adları ilk olaraq tanıyıb, uşaq yaddaşıma həkk etmədim? Platini, Ziko, həkim Sokrates, Bekkenbauer, Rumeniqqe, Lineker, Şifo, Belanov, Zavarov, Altobelli, Pfaff, Şumaxer, Dasayev.

Lakin onlar üzüyün sadəcə bir halqasını təşkil edirdilər. Həmin çempionatın brilyant qaşı, gözqamaşdıran bəzəyi isə şübhəsiz o, idi.

Təkrarolunmaz və əfsanəvi Dieqo Armando Maradona.
Balacaboy, tösmərək, təşər oğlan.
O, heç nədən möcüzə yaratmağı bacarırdı, əsl futbol sehrbazı idi. Meydanda inanılmaz işlər görür, fintlər edir, driblinqlər göstərirdi. Gah qapıya sərrast zərbələr endirir, gah oyundaşlarına iti, dəqiq ötürmələr verir, gah da rahat bir şəkildə bütün rəqib oyunçuları qapıçı qarışıq aldadıb keçirdi.

Müdafiəçilər onu saxlamağın, qarşısını almağın, durdurmağın yollarını arayırdılar.

Amma, çifayda.

Maradona çılğın, davakar xarakteri, alkoqola və kokainə olan aşırı sevgisi, solçu baxışları, bəzən artan çəkisi ilə hamını cəzb edir, tilsimləyib sehrə salır, özünə qarşı sonsuz rəğbət hissi yaradırdı.

“Bapbalaca boyu, dam dolusu toyu” ilə rəqibin - kim olur olsun - “Çin səddi” müdafiəsini bir anda çaş-baş salır, göz qırpımında yarıb keçirdi.

Sürəti, meydandakı situasiyanı görüb qiymətləndirmə bacarığı, topla rəftarı, zərgər dəqiqliyi ötürmələri onu əfsanəyə çevirmişdi.
O, hərtərəfli, universal bacarıqlı idmançı sanki, futbol üçün yaranmış canlı məxluq idi.

O, həm virtuoz idi, həm dirijor, həm bombardir idi, həm də pleymeyker.

Bədənin demək olar istənilən yeriylə, ayağıyla, başıyla, sinəsi ilə, hətta əliylə belə qol vururdu.

Dünya futbolu indiyə qədər bir çox güclü, ustad, mahir futbolçular (Pele, Ronaldinyo, Ronaldo, Ronaldu, Messi, Zidan, Platini və s.) yetişdirib və hər bir azarkeş də öz sevdiyi oyunçunu ən yaxşı hesab edir. Digərlərindən fərqləndirir.

Lakin mənim üçün dünya futbol tarixinin gəlib-keçmiş “number one”i, ən yaxşı futbolçusu şübhəsiz ki, Dieqo Armando Maradonadır.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #