Bubu və qatar - Alpay Azərin hekayəsi

Bubu və qatar - Alpay Azərin hekayəsi
10 fevral 2024
# 10:00

Kulis.az Alpay Azərin "Bubu və qatar" hekayəsini təqdim edir.

Oğlum Abdullaha

Qol saatıma baxıram, 19:11-dir, Bakı-Tbilisi qatarı 21:30-da çıxır. Hələ vaxta çox var, iş yerimdən çıxıb aramla 28 mola tərəf addımlayıram. Bir yerdə dayanmağı xoşlamayan dörd yaşlı oğlum Bubu (Abdullah) çox güman ki, indi anasının əlindən tutub içəri dartaraq deyir: “Tez ol, gedək pitsa yeyək”. Addımlarımı yeyinlədirəm, beş-altı dəqiqəyə 28 mola çatıram, bir yerdə içəri girib eskalatorla üçüncü mərtəbəyə qalxırıq. Madoda oturan kimi yoldaşımla mən Bubuya qoşuluruq: Marqarit pitsası sifariş veririk.

Yüngülvarı həyəcanla sevinc hisslərim bir-birinə qarışıb, oğlum “Tomas və dostları” cizgi filmində gördüyü qatarı ilk dəfə vağzalda real görəcək. Bilirəm ki, sevinəcək, bu hissi artıq indidən onunla bir yerdə yaşayıram. Görən, qatar fitindən vahiməyə düşməyəcək?

Bir az qorxaq uşaqdı, işığı yansa belə, adam olmayan otağa tək getmir.

Pitsa gələnə qədər vaxt öldürmək lazımdı, əvvəlcə yoldaşımla küləkli havadan gileylənirik. 19:55-dir, pitsanı hələ də gətirməyiblər,

Bubu telefonumda futbol oynayır. Qatarın yola düşməyinə bir saatdan çox vaxt var, üstəlik, beş-on addımlıq yoldu, amma bu dəfəki səbirsizliyimin səbəbi pitsanın gəlib çıxmaması, daha doğrusu, ac olmağımdır.
– İyirmi dəyqə keçib uje, – yanımda dayanan ofisianta qol saatımı göstərirəm.
– Uje yox, artıq, – Bubu gözünü telefondan çəkib dillənir, bu aralar atamdan təmiz dil dərsi alır.
Hamımız gülürük. Qəfil ciddi sifət alıb əlimlə içərini göstərərək ofisianta deyirəm:
– Burda çox adam yoxdu, bəhanə gətirəsən ki, sifariş çoxdu, çatdırammırıq. Başa düşmürəm, sizin işçilər bayaqdan nəylə məşğuldu?

Ofisiant məyus-məyus boynunu büküb deyir, məllim, haqlısız, günahkarıq, ən qısa vaxtda pitsanın hazır olacağına söz verir, sürətli addımlarla mətbəxə tərəf gedir.
– Sən yəni o qədər acsan ki, o yazığı camaatın yanında danlıyırsan? Özün də oruc tutan adamsan, on dəyqə aclığa dözmək elə çətindi? – yoldaşım səsini qaldırır.
– Ay qız, on dəyqə nədi? İyirmi dəyqədən çoxdu burdayıq. Ofisanta advokatlıq eləməyin lazım deyil! Orucu da bura qatma! İşi vaxtında görməlidilər, vəssalam.
Axırı, pitsamız gəlib çıxır, ofisiant dönə-dönə üzr istəyir. İlk tikənin dadını hiss edən kimi hirsim yox olur. Qol saatıma baxıram.
– Hələ vaxta var, – yoldaşım reaksiya verir. – Budu buradı, taksiylə getməyəcəyik ki.

Bakı-Tbilisi qatarının yola düşməsinə qırx dəqiqə var, piyada, uzağı, on dəqiqəlik yoldur, amma bir az narahatam, birdən gecikərik. Pitsanı tələsik yediyimi görən yoldaşım narazı-narazı başını bulayır.

Hə, onu deyim, beş-altı yaşımdan bu yana hər dəfə qatara minəndə inanılmaz bir rahatlıq dolur içimə, sanki başqa bir dünyaya ayaq basıram, o biri tərəfdən, qatar bu dünyanın cənnətidir mənimçün. Vağzalda qatarı görərkən həyəcan qarışıq həzdən tutmuş, perronda var-gəl etməkdən, vaqonun tutacaqlarından tutub dəmir pilləkənlərə ayaqlarımı basana qədər keçirdiyim hisslərin analoqu yoxdu. Bu hisslər illərdir içimdədir, arada həmin ləzzəti yaşamaqçün o səhnəni təsəvvürümdə təkrar-təkrar canlandırıram. Uşaq vaxtı vaqonun hər pilləkəninə ayağımı qoyanda, sanki hansısa hündürlüyü fəth edirdim. Girəcəkdə çönüb son dəfə perrona baxanda, Bakıyla vidalaşmağın həzin kədəri içimə dolurdu, dəhliz boyu sürətlə addımlayaraq biletə uyğun kupeni tapıb “Mən tapdım” həvəsiylə tez içəri girib oturaraq pəncərədən aşağı, perrondakı adamlara baxa-baxa onlardan hündürdə olmaqla özümü növbəti dəfə lider kimi hiss edirdim. Kupe məni, doğmaları, yadları oyaq, ya yuxuda yırğalaya-yırğala uzaqlara aparan bir otaq, beşik (böyüklərçün) idi. Bunları yadıma sala-sala, qırx beş yaşımda hələ də beş yaşlı uşağa çevrilməyimə sevinirəm. Yırğalamaq demişkən, tələbə olanda yay tətilinə Moskvadan Sankt-Peterburqa, oradan Bakıya üç sutka gələndən sonra, bir neçə gün evdə yatarkən, yuxuda yırğalana-yırğalana harasa gedirdim. Bu hiss mənə necə ləzzət etmişdisə, səbirsizliklə gecəni gözləyirdim ki, tez yerimə girib yuxuya gedim.

İkinci, ya üçüncü sinifdə oxuyanda, bir dəfə rəhmətlik Məçi (Məhluqə) nənəmə dedim ki, böyüyəndə pravadnik (qatar bələdçisi) olacam. Mənə acıqlandı: “Nə? Dədən elmlər namizədidi, şairdi, pravadnik nədi”. İndinin özündə işlədiyim yerdən və dəmiryolu idarəsindən icazə ala bilsəm, məmnuniyyətlə iki ay qatarda bələdçi işləyərdim...
Artıq dəmiryolu vağzalının birinci platformasında dayanıb oğlumla vaqonlara baxırıq. Yaxınlaşan elektrovozu göstərib deyirəm:
– Bax, Bubu, bu, gəlib qatarı aparacaq.
– Həə? Necə aparacaq?
– Dartacaq, – əllərimi daraqlayıb dartmaq işarəsini göstərirəm.

Elektrovoz dayanıb fısıldayır. Oğlum bu səsdən diksinir, əlimdən bərk-bərk yapışıb mənə qısılır. İki cavan oğlan vaqonları elektrovoza birləşdirir. Bubu gözlərini onlardan çəkmir. Keçirik elektrovozun ön tərəfinə, relsləri göstərib izah edirəm ki, qatar bunların üstüylə gedəcək.
– Necə bunnarın üstüylə gedəcək?
– Bax, bu parovozdu, – nədənsə, elektrovoza biz belə deyirik, – qatarı dartacaq, təkərlər də fırlanacaq, – əllərimi təkərlərə tərəf uzadıb onların hərəkət etməsini göstərirəm, – qatar da o dəmir relslərin üstüylə taq-taq-taq-taq gedəcək.

Səbirsizliklə elektrovozun fit çalmağını gözləyirəm ki, Bubunun reaksiyasını görüm. Maşinistə yaxınlaşıb heç olmasa, bir dəfə fit düyməsini basmağı xahiş etmək ağlımdan keçir, bir səbəb, ya bəhanəylə xahişimə əhəmiyyət verməyəcəyinə əmin oluram deyə, tez vaz keçirəm bu fikrimdən.

Sonra bir-bir vaqonları oğluma göstərib deyirəm, bu, birinci vaqondu, bu ikincidi, bu üçüncüdü. Beşinci vaqondan sonra oğlum etiraz edir: “Ay ata, sən demə, qoy özüm deyim”. Beləcə, oğlum qalan vaqonların hamısını sayır, qayıdıb səkkizinci vaqonun qarşısında dayanırıq. Bubu vaqonun girişində dayanıb əllərində bayraq tutan ağköynəkli bələdçi qadınları göstərib soruşur ki, o xalalar kimdi?
– O xalalar, qatardakı adamlara yorğan-döşək verəcək ki, yatsınlar. Həm də adamlara yatmamışdan əvvəl çay verəcəklər.
– Şirin çay?
– Şirin də, acı da.
– Uşaxlara da çay verəcəklər?
– Hə.
– Bəs uşaxlar çay içsələr, çişləri gəlsə neyniyəcəklər? Orda qarşok var?
– Var, Bubu, var.

Qol saatıma baxıram, Bakı-Tbilisi qatarının yola düşməsinə on beş dəqiqə var. Uşaqlıq vaxtımdan sevdiyim, relslərin arasından gələn doğma mazut və qətranın qarışıq iysini tapmaqçün ətrafı qoxulayıram. İndi təmizlik işlərinə fikir verirlər deyə, o qoxu daha yoxdu. Bu vaxt yaşlı kişi əlindəki yekə fənəri vaqonların təkərlərinə tərəf tuşlayıb onların keyfiyyətini yoxlayır. Yadıma düşür ki, uşaq vaxtı qatarın yarım saat dayandığı stansiyalarda maraqla pəncərədən bu cür ustalara baxırdım. O, vaqonun altına girəndə, məni qorxu bürüyürdü, öz-özümə “Tez çıx, tez çıx” deyirdim, elə bilirdim, indi qatar tərpənib bu adamın üstündən keçəcək, bədəni, başı relsə yapışacaq. Usta isə çıxıb tənbəl addımlarıyla başqa vaqonlara tərəf gedib, onların altına girərək təkərlərini yoxlamağa davam edirdi. Mənsə heyrətlənirdim: “Aa necə də qorxmur?”
Bubunu “vaqonların həkiminə” tərəf aparıram.
– Baax, Bubu, əmi əlində fənərlə qatarın təkərlərini yoxlayır.
– Əmi niyə yoxluyur təkərləri?
– Yoxluyur ki, xarab olsa düzəltsin.
– Niyə xarab olur ki?
– Qatar çox gedir, ona görə xarab olur.
– Niyə çox gedir qatar?
– Bubu, bezdirdin məni. Bura bax, – yoldaşıma deyirəm, – sən axırıncı dəfə haçan qatara minmisən?
– Rayon işğal olunanda. Təsəvvür elə, avqustda bilet alıb getdim Cəbrayıla...
– Bir dəyqə... Sən iyunda semestr imtahanları vermişdinsə, iyunun axırı niyə getmədin rayona? Ən azından iyulda gedə bilərdin.
– Əslində, elə iyunun axırı getmək planımdaydı, amma hər dəfə evə zəng eliyəndə, papam deyirdi, nəbadə gələsən ha, rayonda vəziyyət çox pisdi, ermənilər hər gün şəhərə qrad atır. Avqustda ara bir az sakitləşdi deyə, qatara bilet aldıq, dayımla getdik rayona, ikicə gün qaldıq orda. Qradla başladılar rayonu vurmağa, qonşumuz, beş uşaq anası həyətdə paltar sərəndə öldü. Atamın dostunun iki qolu qırıldı. Nə isə, axşam qatara mindik ki, qayıdaq Bakıya, İmişlidə dayandırdılar qatarı, Bakıya buraxmadılar. Bir gün qatarın içində qaldıq, sonra mindik maşına, gəldik bura. Təsəvvür elə, o vaqonlarda illərlə qalanlar oldu, o vaqonlardan gəlin köçürdülər, gəlin gətirdilər ora.
– Yəni deyirsən doxsan üçdən bu yana qatara minməmisən? – soruşuram.
– Yox.
– Uy daa. Necə dözmüsən buna? – sualımda səmimiyəm, hərçənd, az sonra bu sualı verməyim özümə də qəribə gəlir.
– Sən özün axırıncı dəfə nə vaxt qatara minmisən? – yoldaşım qəribə nəzərlərlə mənə baxıb soruşur.
– İki il əvvəl. Gəncəyə hüzrə gedəndə.

Bələdçi qadın perronda dayanan sərnişinləri qatara minməyə tələsdirir. Qəfil qoltuqlarından tutaraq Bubunu qaldırıb pilləkənlərə qoymaq istəyirəm. Bələdçi qadın əlini uzadır kömək etsin, oğlum ayaqlarını qatlayır, pilləkənlərə qoymur, qışqırır: “Ata, neyniyirsən?! Özün min, sonra mən”. Gülə-gülə onu yerə qoyuram. Az sonra qatar tərpənir, Bubuya deyirəm:
– Bax, qatar gedir. Gəl əl eliyək.
– Hə, gedir, – mənim kimi hərəkət edən vaqonlara əl etməyə başlayır.
– Sən də əl elə, – yoldaşıma deyirəm.

Hər üçümüz əl edirik qatara.
– Bubu, baax, təkərlər tərpənir.
– Hə, tərpənir.
– Bubu, əl elə. Niyə dayandın?
– İstəmirəm, ata.
– Olmaz, Bubu, axıra qədər əl eləmək lazımdı.

Oğlum könülsüz əl etməyə başlayır, sonra hər üçümüz yavaş-yavaş sürətini artıran qatar boyunca gedirik. Bələdçilərdən bir-ikisi çox güman, Bubuya görə bizə əl edir, bəzilərisə görməməzliyə vurur bizi. Bubu qəfil bir-iki addım atıb qatara tərəf götürülür. Anası “Hara gedirsən?!” qışqıraraq tez cumub qolundan tutur. Qatar sürətini artırır, bizdən xeyli uzaqlaşır və sonda yaşıl nöqtəyə dönür. Çönüb oğluma deyirəm:
– Sabah da bura gələrik həə, Bubu?
– Həə, ata. Sabah da gələrik, – oğlum sevincək dillənir.

Qəfil 2000-ci ilin iyulunda Sankt-Peterburqun Moskva dəmiryolu vağzalında dostum Vüqarla uzun illər yataqxana yoldaşımız olmuş yunan əsilli Arturu Kursk şəhərinə yola salmağımız yadıma düşür. Aramızda illərin doğma adamından ayrılma ovqatı var, bir-birimizə “Mütləq görüşəcəyik, əlaqədə olarıq” deyirik, amma deyəsən, hamımız eyni şeyi fikirləşirik: nə görüşəcəyik, nə də məktub, ya telefonla əlaqə saxlayacağıq. Nəhayət, əl verib qucaqlaşırıq, Artur öz vaqonuna minir və qatar tərpənir. Beşinci kursu təzəcə bitirib aspiranturaya girməyə hazırlaşan mən qəfil başlayıram hərəkət edən qatar boyunca gedə-gedə vaqonların pəncərələrindən baxan adamlara dişlərimi ağardıb (səy təbəssüm) əl etməyə, “Proşşaayte!” (Əlvidaa!) deməyə. Adamların bəziləri mənə əl edir, bəzilərisə təəccüblə mənə baxır, Vüqar qəşş edib gülür. “Ayə, sən səysən?” – “Bəli səyəm. Sən də mənə qoşul, olaq cüt səy,” – deyib həmin qaydada tanımadığım adamlarla vidalaşmağa davam edirəm.

İllər sonra bu səhnəni xatırlayıb anlayıram ki, həmin hərəkətimin əsasında tək şitlik ehtirasımı öldürmək yox, həm də məhrəm saydığım qatarın özünü yola salmaq istəyi var idi. Uzaqlaşan qatar mənimçün sanki uzaqlaşan adam idi, sadəcə, bu hiss şüuraltımda gizlənmişdi deyə, onu dərk edəmmirdim.

Sankt-Peterburqdan Bakıya qayıdandan sonra gecələr yola düşən Bakı-Qazax qatarına, ordakı sərnişinlərə xəyalən əl etməkçün bir neçə dəfə vağzala getdim. Çox istəyirdim, tanış-dostdan kimsə qarşıma çıxıb “Hara gedirsən?” sualını versin, mənsə ciddi-ciddi əlimlə birinci yolu göstərərək Bakı-Qazax qatarını yola salıram” deyəm. O, “Necə? Kimi yola salırsan?” sualını verəndə, “Kimi yox? Elə qatarın özünü” deyərək, qəribə-qəribə mənə baxan adamın “Bunun başı işləmir” fikirləşməyini istəyirdim. Təəssüf ki, o günlər qarşıma tanış-biliş çıxmadı, mənə qalansa uzaqlaşan qatarın ruhumun bir hissəsini, xatirələrimi özüylə aparması olurdu.

Bir həftə sonra mən, yoldaşım və Bubu Bakı-Tbilisi qatarının kupesindəyik, yola düşməyimizə on dəqiqə var. Pəncərə tərəfdə oturub çölə baxan Bubunun heyrətli baxışlarını diqqətlə izləyirəm. O baxışlar uşaq olanda qatarda keçirdiyim hissləri özümə qaytarır. Kupedə çatışmayan qatar şəkilli kağıza bükülmüş qənd və dəmir altlıqlı stəkandakı çaydır.

Mənimçün indi qatarın silkələnərək tərpənməsindən, tərpənişdən öncəki ilk “tss” səsindən, yavaş-yavaş hərəkət edən qatarın səssizliyindən həzz almaq həm də Bubuya çevrilmək deməkdir. Çox istəyirəm, qatar tərpənənə qədər atalı-balalı bu anlardan doyunca həzz alaq.
– Sənə qatarın tərpənməsini gözləmək ləzzət eliyir? – yoldaşımdan soruşuram.
– Nə? Başa düşmədim.
Məncə, başa düşdü, sadəcə istəmədi, kupedəki yad adamlar bizə bir təhər baxsınlar.
– Heeç, – deyib əlimi yelləyirəm.

Yanımızdakılar olmasa, “Romantikan zəifləyib, qocalırsan” deyərdim. Üç dəqiqə qalıb qatarın tərpənməsinə. Bubu gözünü pəncərədən çəkib kupedəki yeniyetmə oğlanın “Adın nədi?”, “Neçə yaşın var?”, “Bağçaya gedirsən?” suallarına cavab verir. Mənsə narahatam, Bubu ilk dəfə hiss edəcəyi tərpəniş anını əsla qaçırmamalıdır (elə bil, imtahan verir.), yolun, perronun arxada qalacağını görməlidir. Tez-tez qol saatıma baxıram, artıq iki dəqiqə qalıb yola düşməyimizə, yeniyetmə, oğluma “Qaqaş, şeir deyə bilərsən?” sualını verəndə, hövsələdən çıxıram, oğlumun cavab verməsinə imkan vermirəm:
– Bubu, pəncərədən çölə baax... Adamlara baax. Yadında, o gün biz orda dayanıb – barmağımla platformanı göstərirəm, – qatar gedəndə, xalalara əl edirdik?
– Həə, yadımdadı. Ata, xala bizə yorğan-döşək verəcək?
– Sən mənə baxma, çölə bax. Hə, xala bir azdan bizə yorğan-döşək verəcək.
– Mənə qarşok verəcəklər?
Hamımız gülüşürük, qatar yerindən tərpənir.
– Çölə bax, Bubu, biz gedirik.

Qırpmağa qoymadığım sol gözümlə oğluma, sağla perrona baxıram, – çəpgözlüyüm burda işə yarayr, – həyəcan içindəyəm. Bircə heç kim oğlumu danışdırmaya, şeir dedirtməyə, oğlan onu söhbətə tutsa, barmağımı dodağımın üstünə qoyub işarə edəcəm sussun, inciməyini vecimə almayacam, mənə indi Bubunun son dərəcə heyrətlənməyi o dövrü təkrar yaşamağımçün lazımdır. Mənə elə gəlir, Bubu da mənim uşaqlıq vaxtlarımdakı kimi yekə, yaşıl qutunun içində uzaqlara getdiyini hiss edir və ona beş yaşlı Alpay baxışlarıyla baxan mən dillənirəm:
– Qəşəng gedirik hə, Bubu?
– Həə, ata, qəşəng gedirik. Baax, qatar yavaşcadan tərpənir ki, biz yıxılmayaq.
– Düzdü, Bubu, düzdü.

Oğlumu götürüb tez dəhlizə, o biri pəncərəyə tərəf gedirəm.
– Bax, Bubu, o biri qatar dayanıb, – barmağımla üzbəüz dayanmış Bakı-Qazax qatarını göstərirəm.
– Həə, dayanıb. O qatar da gedəcək?
– Gedəcək, – qıraqdan qoca və tənbəl görünən bu qatar sanki heç vaxt yerindən tərpənməyəcək və bircə il sonra Covid 19 pandemiyası səbəbindən qatarlar iki il hərəkətsiz qalacaq.

Artıq qatarımız taqqataraqla gedir. Bubuyla anası şirin yuxudadı. Qatar bir müddət sonra stansiya olmayan yerdə dayanır. Yerimdə oturub pəncərədən zülmət qaranlığa baxıram, qurbağaların bir-birinə qarışan səsləri aləmi götürüb, bataqlığın, ya da gölün yanındayıq. Arada qurbağalardan biri daha gur səslə quruldayır.

Qəfil bir hadisə yadıma düşür. Yay tətilidi, beşinci, ya altıncı sinfə keçmişəm. Anamın rəfiqəsi Lilya xala, məndən üç-dörd yaş kiçik oğlu Vitaliklə bizdədilər. Mən iki-üç saat sonra onlarla bir yerdə vağzala gedib, Bakı-Kirovabad (indiki Gəncə) qatarına minəcəm.

Mən, Vitalik və məndən iki yaş kiçik qardaşım Turxan hansısa oyun oynayırıq. Bir-birinə qarışan səslərimiz, hay-küyümüz, hoppanıb düşməyimiz, Vitaliklə onunla yaşıd olan qardaşım arasında olan mübahisələr qırıq-qırıq yadıma düşür.

Bir müddət sonra qəhər boğazımdan tutub heç cürə əl çəkmir məndən, səbəb qardaşımı Bakıda qoyub getməyimdi. Gözlərim dolmasın, hönkürməyim deyə, tez-tez dərindən nəfəs alıram. Mənə elə gəlir, Turxan Bakıda tək qalsa, yazıq uşağa dönəcək, darıxacaq, sanki yetim qalacaq. Onun qatara minib mənimlə rayona getməməsi faciə kimi gəlir mənə. Vitaliksə elə bil, mənim acığıma şitlik edir, qardaşımı cırnadır, cırnatdıqca boğazımda böyüyən qəhər, içimdə yığılan qəzəb məni boğur, sıxır. Qonaqdı deyə, qardaşımla bunu yola veririk, kaprizlərinə dözürük, Turxan Vitalikin atmacalarına reaksiya vermir, buna görə gözümün qabağında bir az da yazıqlaşır, yetimləşir. Birdən boğazımdakı qəhər şarı partlayır, hönkürməyə başlayıram. Anamla rəfiqəsi çaşqın halda bizə yaxınlaşır.
– Sənə nə oldu? – anam hər şeyi başa düşən baxışlarıyla mənə baxır.

Hıçqıra-hıçqıra barmağımı Vitalikə tərəf uzadıb deyirəm ki, hamısını eliyən budu. Lilya xala oğlunun üstünə qışqırır:
– Vitalik! Şto tı natvoril, a?! Kak tebe ne stıdno! (Vitalik! Nə hoqqa çıxartmısan, hə?! Ayıb olsun sənə!)

Turxan heyrətlə mənə baxır, Vitalik özünü müdafiə edir, anası yenə üstünə qışqıranda, anam rəfiqəsinə rusca deyir ki, uşağı danlama, mənə işarə edərək əlavə edir: “Yol üstündədi, ona görə belə eliyir, narahat olma, keçib gedəcək”.

Lilya xala və oğluyla kupeyə girəndə rahatlanıram. Dostum, doğmam qatar məni aparmağa başlayanda, rahat oluram, elə bil, nə zaman var, nə məkan, nə Lilya xala yanımdadı, nə də oğlu. Qatar yerindən tərpənən kimi, qəhərli-hönkürtülü ovqatım Bakıda qalır. Məni yırğalayan, taqqataqqaq səsiylə layla deyən yaşıl beşiyin içindən çölə baxıram...

Uşaq vaxtı anam və qardaşımla “Moskva” univermağına gedəndə, üçüncü mərtəbədə, oyuncaqlar satılan şöbədə, dəmiryolunun üstündəki elektrovozlu, yeddi-səkkiz vaqonlu oyuncaq qatara (üstəlik, yaşıl rəngli) baxa-baxa azarımı öldürürdüm. Anam həmin mərtəbədə başqa mallara baxanda, mən xəyalən o qatarın içinə girib Xanlara, Mığrıya gedirdim. Bilə-bilə ki, o qatarı almağa imkanımız yoxdu, qardaşımı qızışdırırdım ki, anam gəlib bizi götürəndə ona desin: “Baax, gör necə qəşəng qatardı. Ana gələndə de ki, bizə bu qatarı alsın”. Anam yaxınlaşan kimi, Turxan onun ətəyindən tutub qatara tərəf dartır: “Ana, bunu bizə al. Ana, bunu bizə al”.

Təyyarə bizə faniliyi xatırladır, qatar əksinə, bunu unutdurur, təyyarə sürətlə start götürüb göyə uçmağa başlayanda, yerə enəndə biz həyəcanlanırıq, inanclılar sağ-salamat evlərinə çatmalarıçün Fatihə, Fələq, Nəs surələrini oxuyur, Allaha dualar edirlər. Qatar yerindən tərpənəndə əksinə, içimizə rahatlıq dolur, bəziləri həmin ayələri, duaları oxumağı unudur, lazım olan stansiyaya çatanda isə qəribə darıxma hissiylə üzləşirlər.

Bir az da qatar yerindən tərpənməmiş qonşu kupenin qapısını kimsə bağlayarkən çıxan küt “tupp” səsindən danışım. Mənə görə, bu səs “Boyat zaman” hekayəmdə (https://edebiyyatqazeti.az/news/diger/9901-boyat-zaman) əsas obraz olan göy qənddanın qapağını qaldıran an çıxan cingilitili əks-səda ilə müqayisədə qısamüddətli, hardasa kasad olsa belə cəlbedicidir. Qonşu kupenin qapısı bağlanarkən, bir də, sərnişinlər yükləri alt, ya üst saxlanclara yerləşdirərkən çıxan həmin səs qatarın az sonra tərpənəcəyini xatırladır deyə, yola düşənə qədər o səs gözləmə hissimizə ayrıca ləzzət qatır. Bu səsin ecazını qatar gecə, zülmət qaranlıqda, qulaqbatırıcı sükutun olduğu yiyəsiz məkanda dayananda, daha dərindən hiss etmək olur. O vaxt mənə elə gəlirdi ki, həmin səs mənim, bir də, gecəyarısı dəhlizboyu ora-bura gedən qoca bələdçi kişinin ən məhrəm doğmasıdır. Sonra fit səsi, silkələnərək yerindən tərpənən qatar, – bütün bunlar sonda harmoniya yaradırdı.

İndi getdiyimiz Bakı-Tbilisi qatarında dəhlizdən qaranlığa baxarkən, vahiməli və cazibəli səslərin gəldiyi vaqonların arasındakı tambur yadıma düşür. Beş-altı yaşım olar, Bakı-Noraşen (indiki Şərur) qatarında kupedən çıxıb tualetlə yanaşı olan balaca dəhlizə keçirəm. Tamburun qapısı bağlı olsa da, ordan gələn taq-taraq səsləri məni öz vahiməli cazibəsinə salır. Qorxuyla, qorxunu yenmək istədiyim bir vəziyyətdəyəm. O səsləri eşitməkçün, silkələnmədən dəli kimi özünü ora-bura vuran döşəmə dəmirlərinin bir-birindən aralanıb birləşməsindən əmələ gələn deşiklərdən relslərin arasıyla sürətlə qaçan şpallara, otlara baxmaqçün bir neçə dəfə qapını açıb ora baxıram, qorxu cazibəni üstələyəndə tez qapını örtürəm. Elə bilirəm, Məçi nənəmin, artıq üzdən tanıdığım bələdçimizin olmadığı o biri vaqon yad yerdir, ora keçmək istəsəm, tamburdakı deşiklərdən birindən yerə düşə bilərəm, qatar üstümdən keçər, ən dəhşətlisi, nənəm, atam, anam məni heç vaxt tapa bilməz. Xəyalən o deşiyə hoppanıram, ölmürəm, şpallara dəymədən bir anda ruh olub sürətlə vaqonu dələrək göyə uçuram, qoy doğmalar məni axtarsınlar, mənsə uça-uça yuxarıdan onlara baxım.

Nəhayət, cavan bir oğlan qapını açıb tambura girir, siqaret yandırır. Ürkə-ürkə ona baxıram, onun taqqataq səslərdən qorxmamağına heyrətlənirəm. Məni yanına çağırır, qəfil atamın “Tanımadığın adamla heç yerə getmə” tapşırığı yadıma düşür, amma içəri keçməsəm, oğlan məni ürəyində qorxaq sayacaq. Ayaqlarımı asta-asta yerə basıb tambura daxil oluram, səslər daha gur səslənir, qulağımı deşir. Cavan oğlan tez-tez yerdə yaranan deşiklərə baxdığımı görüb deyir: “Qorxma, ora düşməzsən”. Bu sözlər mənə ruh verir, ayaqlarımı bərk-bərk pərçimlədiyim tamburun döşəməsinin yellənməsi nəticəsində qorxum hardasa otuz faizə düşür, ləzzət yetmiş faizə qalxır, adrenalin məsələsi, nəhayət, bu anlar qorxuya qalib gəlməyimlə fəxr edirəm içimdə.

Qayıdaq Bakı-Tbilisi qatarındakı yolçuluğumuza. Hələ də qurbağalar məskəninin yanındayıq, artıq qurqur səslərindən bezirəm. Nədənsə, mənə elə gəlir, maşinist və köməkçisi yuxuya getdiyinə görə biz yola düşmürük, hər ikisini söyürəm. Az sonra qatar yerindən tərpənir, bir anın içində mən yenə zamansızlaşıram, həm uşaq oluram, həm də böyük. Qəfil dörddə, ya beşdə oxuyanda, Yevlax stansiyasında baş verənlər yadıma düşür.

Keçən əsrin 80-ci illərin əvvəlləridi, yenə Bakı-Kirovabad qatarındayam, gecə saat ikidi, ya üçdü, məndən başqa hamı yatıb. Sevdiyim üst yerdə üzü üstə uzanıb pəncərədən stansiyaya baxıram.

Qəfil çöldə iki nəfər öz aralarında səsgücləndiricilərlə danışmağa başlayır. Diqqətlə platformanın hər tərəfinə baxıram, heç kimin əlində mikrafon, meqafon yoxdur. Belə başa düşürəm ki, onlar vağzalın əks tərəflərində, hərəsi öz maşınında oturmuş yüksək rütbəli milislərdir (o vaxtın polisləri). Əminəm ki, onlardan biri bığlıdır. Aralarında gedən şirin söhbət təxminən bu cür yadımda qalıb: biri soruşur “Necəsən?”, o biri də cavab verir ki, əlayam, sözlər əks səda verir: Necəsən? Necəsən? Necəsən? Əlayam, Əlayam, Əlayam. Nələrisə xatırlayırlar, kiminsə haqqında danışırlar. o deyir, bu deyir, bu deyir, o deyir, səsgücləndiricilərin sayəsində əks-səda verən, elə bilirəm, göyəcən gedib çatan sözlər, qəhqəhəli gülüşlər (ən çox bığlı milis gülür.) bir-birinə qarışır, sanki şüşə kimi çiliklənib havaya səpələnir, yerə düşəndə qar dənəcikləri kimi yox olur. Sözlər, səslər, o vaxta qədər gördüyüm ciddi milislərin bu qədər sadə olmaları məni heyrətləndirir, yad adamların bu cür söhbət edə-edə sevinməyindən ləzzət alıram. İstəyirəm, qatarımız ləngisin, mən doyunca bunların söhbətinə qulaq asım.

Qatar yerindən tərpənir, milislərsə hələ də öz aralarında şirin-şirin danışırlar. Uzaqlaşan sözləri eşitməkçün başımı pəncərəyə yaxınlaşdırıb qulaqlarımı şəkləyirəm, sanki vacib bir şeyi qaçıra bilərəm. Qatar qəddarcasına sürətini artırdıqca, səslərə çevrilən sözlər daha da uzaqlaşır, sonda işıqlı nöqtəyə dönən Yevlax stansiyası səslərlə bir yerdə yox olur... Bu yaxınlarda həmin hadisəni istefada olan polis polkovniki Mahmud Hacıyevə danışanda, dedi ki, milislər vağzaldakı sərnişinlərin rahatlığına mane olduqlarıçün qanun pozuntusuna yol veribmişlər və buna görə onlara inzibati cəza düşürmüş.

O vaxt smart telefon olsaydı, tez videokamerasıyla vağzalı çəkərdim ki, səslər yazılsın. İndi, 2023-cü ildə gedərdim Yevlağa və o adamları tapsaydım, çəkdiyimi köçürərdim onların telefonlarına, sonra bir yerdə vağzala baxa-baxa o söhbəti eşidib gülərdik, kövrələrdik, sonda yenə gülərdik.

Pandemiyadan sonra gecə qatarlarını deyəsən, ləğv etmək qərarına gəliblər. İndi sürətli, modern qatarlar səhərlər, günortalar Bakıdan Gəncəyə, Qəbələyə, Ağstafaya yola düşür və çox güman, istifadədən çıxarılan yaşıl qatarları tez, ya gec metaləritmə zavoduna göndərəcəklər. Amma bir vaqonu vağzalda muzey kimi saxlayacaqlar və mən qocalıb əldən düşənə qədər vəfalı sərnişin kimi arada axşamlar bilet alıb o vaqona daxil olacam, içəri keçib kupelərdən birində oturacam, pəncərədən çölə baxacam, gözlərimi yumub bədənimi yırğalaya-yırğalaya xəyalən yola düşəcəm, sonra özümlə götürdüyüm termosdan dəmir altlıqlı stəkana çay süzüb bərk qəndlə içəcəm. Lap axırda üst yerə çıxaraq qarnı üstə uzanıb bir müddət işıqlı paltformaya baxacam, sonra yenə gözlərimi yumaraq Yevlax stansiyasındakı milislərin dialoqunu öz içimdə səsləndirəcəm. “Necəsən? Necəsən? Necəsən?” – “Yaxşıyam. Yaxşıyam. Yaxşıyam”...

Bubunun qatarın tərpənməsinə reaksiyası: https://www.youtube.com/shorts/vs19mb6tlug

Bubu qatarda kef edir: https://www.youtube.com/shorts/-3MLRJubxpA


19 yanvar 2019, – 29 may 2023
əlavələrlə 24 noyabr – 29 dekabr, 2023

Bakı

# 1482 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
# # #