Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
2 aprel 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən yeddinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

I hissə

II hissə

III hissə

IV hissə

V hissə

VI hissə

Yeddinci hissə

Atam həddindən artıq çox içdiyi, ayaq üstə güclə dayandığı günlərin birində evə gəlib babamın şəklini axtarmağa başladı. Evimiz təmir olunanda atam həmin şəkli divardan açıb anama vermişdi. Təmirdən sonra onu yeridən asmaq heç kimin ağlına gəlməmişdi. Atamın gecənin bir aləmi babamın şəklini xatırlaması yaxşı əlamət deyildi. Anam arxa otağa keçdi, babamın ağ parçaya bükülmüş şəklini gətirib atama verdi. Atam şəkli alan kimi anamın başına çırpdı. Şüşə qırıqları bizim qışqırığımıza qarışıb ətrafa səpələndi. Xoşbəxtlikdən anama heç nə olmamışdı.

Həmin günün səhəri anam bizi də götürüb atası evinə getdi. Atam bizi qaytarmaq üçün kəndə gəldi. Babam onu qapıdan qovdu. Küskünlüyümüz bir həftə sürdü.

Atam ayılanda imam övladına dönürdü. Evdə səssiz-səssiz gəzişir, atasından qalma “Quran” vərəqlərini gətirib and içirdi: “Dədəmin “Quran”ı haqqı, içkiyə toba deyirəm!”

Atam “Quran”a and içdisə, azı bir il içkiyə yaxın düşməyəcəkdi. Ancaq mən həmişə gecələri yerimə girəndə atamın əvəzinə Allahdan üzr istəyər, onu bağışlaması üçün yalvarardım. Xəyalımdakı Allah kişi idi nədənsə. Başında Leninin papağını xatırladan papaq, əynində qara pencək vardı.

Atam rus dili müəllimi işləyən ortancıl dayımla da bərk içərdi. Gah rayonun kənarındakı qoz bağında, gah da bizim evdə... Mənim ən çox qorxduğum, həm də ən çox istədiyim bu dayım idi. Yay tətilinin böyük bir hissəsini onlarda, onun uşaqları ilə birgə keçirərdim. Qızı Günellə bütün günü bir yerdə olardıq. Bibim və dayım işdə olduğundan onların evi bizim ixtiyarımızda idi. Bibimin paltarlarını və ayaqqabılarını geyinib gəzirdim. Onun çox qəşəng, nazik-uzun dabanlı tufliləri vardı. O, tufliləri geyinib yaş torpaq üstündə gəzər, torpaqda açılan dördkünc deşiklərə baxıb ləzzət alardım. Bu məndə adət halını aldı. Hara gedirdimsə, evimizə kim gəlirdisə, mütləq tuflilərini geyinib gəzirdim. Ən böyük arzum ayaqlarımın tezliklə yekəlməsi idi.

Dayımgilin Güllər adlı qonşusu vardı, tum qovurub satmaqla pul qazanardı. Əri müharibədən qayıtmamış, bircə oğlu 20 yaşında kanala düşüb boğulmuşdu. Lakin, bütün bunlar bizim vecimizə deyildi. Güllər qarını incitməkdən həzz alırdıq. Gah həyətinə girib paltarlarını oğurlayar, gah “setka” qapısını simlə bağlayırdıq. Bir gün Günel yerdən qaramtıl ağac çiçəklərini toplayıb çay qutusunun içinə doldurdu və aparıb Güllər arvada verdik. Yalandan dedik ki, evdən pay göndəriblər. Güllər arvad ciblərimizi tumla doldurdu. Çölə çıxanda sevincimizin həddi-hüdudu yox idi. Evə gəlib çıxanda gözlərimizə inanmadıq: bibim işdən günün günorta çağı gəlmişdi.

Çatan kimi hərəmizə bir qapaz ilişdirdi. Sonra dayım gəldi. Sən demə o da bayaqdan bizi axtarırmış. Onlar bizi arxa otağa salıb qapıları, pəncərələri bağladılar. Dayım dəhlizə çıxıb pərdənin arxasından çölə baxırdı. Bir neçə dəfə möhkəm atəş səsi eşitdik, ardınca rus dilində danışıqlar eşidildi. İmkan tapıb pəncərənin pərdəsini araladım. ...Və gözlərimə inanmadım: çəpər boyu rus əsgərləri düzülmüşdü. Dayım çölə çıxıb onlarla söhbət edəndə biz toxtadıq. Onlar rayonda asayişi qorumağa gəlmişdilər. Axşam atamla evə qayıdanda, rus əsgərlərinin bizim məhəllənin aşağısındakı stadionda qərargah yaratdığını gördüm.

Rayonda ruslar çox az idi. Bir qadın vardı, xəstəxanada tibb bacısı işləyirdi. Köhnə ruslardan idi. Zövqlə geyinər, yaşına uyğun bəzənərdi. Mən ona tamaşa eləməkdən doymurdum. Bəzən onun keçəcəyi küçədə ləngiyirdim ki, salam verim. O vaxtı rusca “zdrastvuyte” sözündən başqa heç nə bilmirdim. O, gülümsəyərək salamımı alırdı. Müharibə başlayandan sonra onu bir daha görmədim.

Əsgərlərin timsalında mən ilk dəfə idi ki, çoxlu rus görürdüm. Mavi gözlü rus əsgərləri hər addımda qarşımıza çıxırdı. Yolboyu düzülən rusları görəndə onlara oğrun-oğrun baxırdım. Aralarında yaraşıqlı oğlanlar çox idi. Bir dəfə atam onların biri ilə nə barədəsə söhbət edəndə, mən atamın əlindən tutub oğrun-oğrun həmin mavi gözlü əsgərə baxmağa başladım. O, çox gənc idi. Mənim ona baxdığımı görüb, o da baxmağa başladı. Ya bəlkə də mənə belə gəlmişdi.

Qardaşım tez-tez evdə bişən xörəklərdən, mürəbbədən, kompotdan əsgərlərə aparırdı. Bir neçəsi ilə dostlaşmışdı da! Yura adlı bir əsgər çıxıb vətəninə gedəndə qardaşım düz bir həftə onun xiffətini çəkdi.

Onların gedişinə ən çox qapı qonşumuz sürücü Əlibala sevinmişdi. Rusları görən gözü yox idi. Ruslar gedəndə o, siqaretinə dərin qullab vurub dedi: “İt uşağı, axır ki, cəhənnəm oldular!”

Əlibala cənub bölgəsindən bizim rayona köçmüşdü. Arvadı onların rayonuna mühəndis kimi işləməyə gələn rus kişisinə qoşulub qaçmışdı. Qadının məhəbbəti o qədər güclü olub ki, 4 yaşlı qızını belə atıb. Əlibala qızını yanına salıb yaşadığı rayondan çıxmışdı. O, gəzə-gəzə gəlib Fizuli rayonuna çıxmışdı. Orda, bazarda pomidor-xiyar satan bir qadının saqqızını oğurlayıb bizim rayona gətirmişdi.

Əlibala da, onun ikinci arvadı da zəhmətkeş idi. Kişi il uzunu sürdüyü yük maşını ilə rayonlara mal daşıyır, arvadı Əntiqə xala isə bacardığı bütün təsərrüfat işlərini görür, həm də evə göz-qulaq olurdu. Əlibalanın qızı adətən ev işlərini görür, analığı isə bostanda tərəvəz becərər, həyətində toyuq cücə, ördək, qaz saxlayardı.

90-cı illərin əvvəllərində toxunma jaketlər, papaqlar, şərflər dəb idi. O ərəfədə Əntiqə xala özünə iki mil, bir az da yun sap alıb paltar toxumağa başladı. Tezliklə məhəllənin bütün arvadlarının, uşaqlarının əynində Əntiqə xalanın toxuduğu geyimlər göründü.

Onlar nə qədər zəhmət çəksələr, əlləşib-vuruşsalar da yenə kasıb dolanırdılar. Daşdan yumşaq nə tapsalar yeyirdilər. Evlərində kələm qovurmasından tutmuş, soğan tutmasına qədər hər şey hazırlanırdı. Di gəl, ailə doymaq bilmirdi. Məhəllədə ən tez sovulan bostan onlarınkı idi. Əlibala dayının ikinci qadınından olan balaca qızı mənim yaxın dostum idi. Adı Azadə olsa da, hamı ona Çubu deyirdi.

Çubu qara, arıq, uzun qız idi. Yaşca və boyca məndən xeyli böyük idi. Əntiqə xala bizi dostluq etməyə qoymurdu. Çünki, o, istəyirdi ki, qızı öz tay-tuşları ilə oturub-dursun. Amma Çubu mənimlə oynamağı sevirdi. Biz işlərimiz qurtaran kimi onların evinin qarşısındakı trubanın üstündə oturub taxta gəlinciklərimizi ayaqqabı qutularına qoyub yatırardıq. Onun gəlinciyi mənimkindən həmişə gözəl və səliqəli olurdu. Çubu acan kimi məni evizimə göndərərdi. Evə gəlib həyətimizdəki meyvə-tərəvəzdən yığıb gətirərdim. O vaxt Çubu mənimlə daha mehriban olurdu.

Mən bilirdim ki, onlar kasıbdır, ona görə evimizdən daha çox şey gətirmək istəyirdim. Həm də Çubunu çox istəyirdim. Çubu o qədər iştahlı idi ki, məəttəl qalırdım. O, baş soğanı soyub alma kimi xartaxart yeyirdi. Mən isə ömrümdə soğan yeməmişdim. Xörəkdə bişən soğanları belə həmişə seçib boşqabımın altına yığırdım. Anam deyinirdi.

Çubugilin evləri də get-gəlli, qonaq-qaralı idi. Anam işdən gələndə məni və balaca bacımı götürüb onlara keçərdi. Bu, mənim üçün əsl bayram olurdu. Analar söhbətə başlayanda biz rahatca oturub oynayırdıq. Yadıma gəlir, “Rabina i Zaura” teleserialı təzə-təzə yayımlananda yığışıb onlarda bu seriala baxardıq. Hərdən elə olurdu ki, Çubu məndən küsürdü. O zaman anamın ətəyindən yapışardım ki, məni Çubu ilə barışdırsın. Anam əl çəkmədiyimi görüb onlara gedərdi. Çubu üzdə mənimlə barışsa da, yenə küs saxlayardı. Bir-iki gün sonra özü mənimlə barışardı.

Həyətimizdə elə bir ağac yox idi ki, onun başına çıxmayım. Atam bu hərəkətimə çox əsəbiləşirdi. Çünki, mən ağaca çıxırdım, amma qayıdıb düşə bilmirdim və atamı köməyə çağırırdım. Həyətimizdə bir sarı gilas ağacı vardı. Ən çox çıxdığım ağac idi. Çünki, gilası çox sevirdim. Hər yay o ağacın meyvəsini təkbaşına yeyib qurtarardım. Ağacın başına dəfələrlə çıxsam da, düşməyi öyrənə bilməmişdim. Bir dəfə yenə atamı yuxuya verib ağacın başına çıxdım. Xeyli yeyib doydum və qəfil iki dəfə möhkəmdən asqırdım. Qonşumuz Həqqət xala məni səsləyib soruşdu ki, “cüt asqıran sən idimmi? Dedim, hə. Qayıtdı ki, uşaq Gəncədən sağ-salamat gəlsə sənə 10 manat verəcəm”. 10 manat uşağa görə böyük pul idi. Həqqət xalanın oğlu hərbçi idi, ona görə belə deyirdi.

Gilasdan yeyib köpmüşdüm. Üstəlik, qarnım ağrıyırdı. Nə qədər səsləsəm də atam hay vermədi. Xeyli sakitcə oturdum, bildiyim mahnıları oxudum, şeirləri dedim. Yorulanda yenə atamı çağırmağa başladım. Atam bu dəfə məni eşidib gilas ağacının yanına gəldi və dedi: “Səni ağacdan düşürtməyəcəm! Anan gələnə qədər orda qalacaqsan!” Dediyi kimi də elədi. Pomidor şitillərinin ləkinə axan su cığırının yönünü bellə dəyişib getdi. Atamın tərsliyinə bələd idim. Bilirdim ki, məni xeyli ağacın başında saxlayacaq.

Ağacın ən iri budağına söykənib Robin Qudu xatırlamağa başladım. Bircə arzum vardı: “Robin Qud” filmindəki aktyoru axtarıb tapım. Bu fantastik arzumdan çox adamın xəbəri vardı. Əlaltdan Robinin İngiltərədə yaşadığını öyrənmişdim. Qonşumuz Bədəl həkimin qızı Aynur da bu hərəkətimə gülüb lağ edərdi. O, çox realist qız idi. Həyatında xəyallara yer yox idi. Mən isə gilas ağacının başında oturub xəyalən Robinin yaşadığı ölkəyə gedəcək qədər xəyalpərəst idim.

Birdən ətrafımda qırmızı, göy işıqlar yanıb sönməyə başladı. İşıqların ardınca möhkəm gurultu səsi gəldi. Qorxudan nə baş verdiyini anlaya bilmirdim. Başımı qaldıranda göy üzündə bir-birinin ardınca şütüyən işıqlar gördüm: rayon atəşə tutulmuşdu! Uzaqdan qışqırıq və ağlaşma səsləri gəlirdi. Qəfildən qüvvətli və iri əllər məni qucağına alıb torpağın üstünə qoydu. Atamın qabarlı əlləri əlimdən tutub dartmağa başladı. Bacım, qardaşım da bizə qoşulub həyət qapısına tərəf qaçdılar. Yol uzunu hamı qaçırdı. Heç kim hara qaçdığını bilmirdi. Camaat qafanlı Əlövsət dayıgilin həyətinə doluşdu. Biz də həyətə, ordan isə Əlövsət dayıgilin zirzəmisinə girdik.

O gündən sakitlik pozuldu. Bəzən günlərlə atışma olur, bir-iki gün ara verib yenidən başlayırdı. Bəzən rayon dayanmadan “Qrad”, top atəşinə tutulurdu. Atışma gündüz olanda qaçmaq, daldalanmaq rahat olurdu. Elə ki, gecələr atırdılar, vəziyyət çətinləşirdi. Rayonda işıqları söndürürdülər. Gecələr yuxulu-yuxulu yerimizdən qalxıb qaranlıqda hara gəldi qaçırdıq. Çox vaxt heç yerə qaça bilmirdik, həyətdəki hamamdaca oturur, atışma bitəndə evə qayıdırdıq.

Bizim evin yaxınlığındakı dağın ətəyində təzə yurd salınmışdı. Burda daha çox kəndlərdən gələn ailələr ev tikirdilər. Həmin yerə “Təzə oba” deyirdik. Orda bir qayda olaraq ya təzə ailələr ev tikirdi, ya da yaşlı adamlar. Biz sonralar rayon atəşə tutulan vaxt həmin təzə yurda qaçırdıq. Çünki, orda qazma evlər çox idi. Bəzən saatlarla qazma evlərdə oturub atışmanın bitməsini gözləyirdik. Atışma bir həftədən çox davam edəndə atamgil bizi bir-iki həftəlik Bakıda yaşayan qohumlarımızgilə göndərirdi. Rayona qayıdanda özümüzü bir az naza qoyurduq. Guya iki həftənin içində dönüb şəhər uşağı olmuşduq.

Hücumlar çoxaldıqca, top, “Qırad” mərmisi düşən evlər gözümüzün qabağında yanıb külə döndükcə hər şey bizim üçün adiləşməyə başladı. Artıq öyrəncəli olmuşduq. Hücum var idisə, qaçmaq lazım idi. Hər şey o qədər sürətlə baş verirdi ki, hadisələri ayırd etməyə uşaq ağlımın gücü çatmırdı. Rayon qısa vaxtda boşalmağa başladı. Həmişəki kimi əvvəlcə varlılar qaçmağa başladılar. Kimlərin ki, bir balaca imkanı vardı, onların ilk işi Bakıda, lap bəd ayaqda, başqa rayonlardan ev alıb, evlərindəki əşyaları gecəylə daşımaq idi. Rayonda stabillik pozulmuş, çayxanalar, insanların çoxluq təşkil etdiyi yerlər seyrəlmişdi. Bizim rayonda məşhur bir çinar ağacı vardı. Gah yüz yaşı, gah iki yüz yaşı olduğunu deyirdilər. Çox nəhəng ağac idi. Həmin çinarın altında milis idarəsi tikilmişdi. Ağacın kötüyünün altında isə sərin kəhriz vardı. Rayonumuzun işğalının ildönümündə tez-tez həmin kəhriz düşən videomateriallar nümayiş olunur.

O, videomaterialların çoxunu Şəhriyar kişinin oğlu Fuad çəkmişdi. Şəhriyar bizim rayonun say-seçmə ağsaqqallarından idi. Çox nurani insan idi. Şəhriyar kişinin böyük nəvəsi Qumru qardaşımla oxuyurdu. İkinci nəvəsi Rita məndən bir yaş balaca idi. Mənim Ritadan o qədər də xoşum gəlmirdi. Çünki, məktəbdə keçirilən yeni il şənliklərində Qar qız olurdu həmişə. Onu qar kimi ağ paltarda görmək mənim üçün çox dəhşətli idi. Müharibə başlayanda Şəhriyar kişi Ritanın adını dəyişib Mərcan qoydu.

# 2592 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
# # #