#

"Ad günü Allahın adını öpmək günüdür" - Vaqif Bayatlı Odər ilə telefon söhbəti

"Ad günü Allahın adını öpmək günüdür" - Vaqif Bayatlı Odər ilə telefon söhbəti
1 oktyabr 2024
# 12:44

Bu gün Vaqif Bayatlı Odərin 76 yaşı tamam olur.

Kulis.az Ulucay Akifin şairlə telefon söhbətini təqdim edir.

Min ildi, milyon ildi
Göylərdə ayaqyalın
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah,
Hər gün sənin göyünə
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, ancaq sevgin var
bütün kainat boyu
qanrılan, qanı daman
qollarımın gözündə,
bəs nədən əzab gəzir
qolumu dəlib keçən
mismarların üzündə?!

Bu gün min ildi, milyon ildi göylərdə ayaqyalın Allaha sarı qaçan Vaqif Bayatlı Odərin yer üzündəki 76-cı yaşı tamam olur.

Vaqif Bayatlı Odər adını eşidəndə adamın içi də, çölü də sevgiylə dolub-daşır. Onun adını eşidəndə ağla gələn sözlər var: sevgi, eşq, Allah, günəş, işıq… Onun adı yaddaş lüğətimizdəki ən gözəl sözlərlə yanaşı dayanır, səsləşir, qafiyələnir, sevişir.

Vaqif Bayatlının doğum günü olduğunu öyrənəndə sevindim. Elə bildim ki, öz doğum günümdür. Gözəl olan hər kim, hər nə varsa onların doğum günüdür bu gün.

Və indiyə kimi heç vaxt etmədiyim bir şeyi etmək qərarına gəlib, Vaqif Bayatlıya zəng vurdum. Onunla indiyə kimi nə rastlaşmışıq bu yerin üstündə, bu göyün altında, nə də zəngləşmişik, səsləşmişik.

Zəng edirəm və əlimdəki telefonun necə möcüzəvi ixtira olduğunun fərqinə varıram ilk dəfə. Yüzlərlə, minlərlə, milyonlarla kilometr məsafəyə uçurur səsimizi, eşitmək istədiyimiz səsi bizə gətirir bir anın içində bu ovuc boyda cihaz.

Dəstəyi götürürlər. Səsimi arıtlayıb sevinc dolu həyəcanımı cilovlamağa çalışıram:

– Vaqif müəllim, salam! Gününüz aydın olsun! Necəsiniz?

– Salam! İyi günlər, sabahlar... Necəsən?

– Yaxşı olun! Akif Səmədin oğludur sizinlə danışan. – Heç öz adımı deməyə ehtiyac duymuram. Nədənsə istəyirəm ki, ona məhz Akif Səmədin oğlunun zəng elədiyini bilsin.

– Hə, tanıdım, oğlum. Allah ruhunu şad eləsin! Çox gözəl şair idi. Mənim çox istədiyim şairlərdən biri idi. Nə vaxt rəhmətə gedib o?

Sualını elə verir ki, zaman və məkandan çoxdan qopduğunu hiss edirəm.

– 2004-cü ildə. İyirmi il keçib… – son cümləni özümə pıçıldayıram.

– Həə… Allah rəhmət eləsin! Ümid eləyirəm ki, sən də dədən kimi çox talantlı adamsan.

– Mən də ümid eləyirəm ona. Sizin kefiniz-əhvalınız necədir?

– Mən də çalışıram ki, yaxşı olum. Sən zəng elədin, daha da yaxşı oldum.

– Atamla bağlı müsahibənizdə (“Azərbaycan” jurnalı, 2005-ci il – U.A.) dediklərinizi də oxumuşam. Onu müdafiə eləmişdiniz Qurultay söhbətlərindən sonra. Bir yazımda da istifadə eləmişdim o sözlərinizi. Çox gözəl, çox ürəkdən danışmışdınız.

– Çox sağ ol! Mənim Akif Səmədə şair kimi də, insan kimi də böyük hörmətim var idi.

– Təşəkkür edirəm! Vaqif müəllim, sizi təbrik eləyirəm, bu gün doğum gününüzdü. Ömrünüz uzun, bərəkətli olsun!

– Çox sağ ol!

– İstədim ki, ad günü ilə bağlı sizinlə qısa da olsa, söhbət edək. 76 yaş... 76 il... Ad günü sizin üçün nə ifadə eləyir?

– Ad günü Allahın günüdür, Allaha təşəkkür günüdür. Onun məni dünyaya bəxş elədiyi gündür. Buna görə, Ona təşəkkür eləyirəm. Ad günü Allahın adını öpmək günüdür.

– Necə qeyd edirsiniz ad günlərinizi?

– Ad günümü, demək olar ki, heç vaxt qeyd eləmirəm. Hərdən sənin kimi dostlar yada salır, sağ olsunlar, onlarla qeyd eləyirik.

– Bu gün həmin günlərdən olacaq, yoxsa xüsusi nəsə planlamısınız?

– Heç bir planım yoxdur. Elə ən böyük təbriki sən elədin. Akif Səmədin oğlunun təbriki mənim üçün ən böyük hədiyyədir.

– Çox sağ olun! Səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

– Belə də… Uzanıram, qalxa bilmirəm heç, başım hərlənir.

– Çıxıb gəzirsiniz heç?

– Ancaq evin yanında gəzə bilirəm.

– Yaradıcılığınız necədir? Yazırsınız?

– Hə… Mən daim yazıram. Daim deyəndə ki, gecə-gündüz yox. Baxır da… Elə olur ki, heç bir həftə nəsə yazmıram.

– Deyirlər ki, şairlik gənclik dövründə – otuz-otuz beş yaşlarında – vidalaşır adamla. Amma siz hələ də o ruhu saxlamısınız, gözəl şeirlər yazırsınız. Buna necə bacarmısınız?

– Buna Akif Səməd kimi gözəl şairlərin, sənin kimi gözəl oxucuların varlığına görə nail olmuşam.

– Bəs yeni yaşınızdan nə arzularınız var?

– Arzum budur ki, türk dünyası bütün sahələrdə qalib olsun. Azərbaycan başda olmaqla, Türkiyə başda olmaqla türk dünyası həmişə qalib olsun!

– Doğum gününüz həm də qələbəmizin yazıldığı günlərə təsadüf eləyir. Dörd il əvvəl müharibə günlərinə, indi isə qələbə dövrünə. Bu hadisələr sizdə hansı hisslər yaradır?

– Qarabağ “böyük bağ”, həm də böyük insanlıq deməkdir. İstəyirəm ki, təkcə qarabağlıların, azərbaycanlıların yox, bütün türk dünyasının arzuları yerinə yetsin. Allah onları daim ucaltsın!

– Siz oxucuları daim intizarda saxlayan şairsiniz. Müsahibələriniz az olur, efirlərə, ümumiyyətlə, çıxmırsınız. Oxuculara, sizi sevənlərə, dostlara nə sözünüz var?

– Onlara bir sözüm var: vətənizimizi, el-obamızı, türkü, dünyanı sevin! Onlar üçün də bütün varlığınızla çalışın.

Elə də uzun olmayan söhbətimizə nöqtə yox, vergül qoyub sağollaşırıq. Şairin məni sevindirən işıqlı, fərəhli səsinin mənlə sağollaşan kimi göylərə qalxdığını açıq-aydın duyuram.

# 1552 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
# # #