Dahinin uğursuz sevgiləri

Dahinin uğursuz sevgiləri
24 may 2013
# 07:30

Ən çox səni sevirəm deyirəm; amma məncə həqiqi sevgi bu deyil. Sən bir bıçaqsan, mən də dayanmadan o bıçaqla içimi deşirəm desəm, bəlkə də həqiqi sevgini izah eləmiş olaram...”

Eşq... Çoxumuzun içini deşən kəskin bıçaq. Yer üzündəki ilk sevgidən bu yana sevgi haqqında danışılan tragik hadisələr, kainata sığmayan bir qartopu kimi dayanmadan böyüməkdədir.

Sevgi bütünlüklə insanın özünü tamamlamasıdır. Halbuki, “Özümdən başqa heç bir əskiyim yoxdur” demişdi Kafka. O əskiyi tamamlamaq axtarışından başqa nə idi ki sevgi. İçimizdəki boşluğu doldurmaq, əskiklərimizi tamamlamaq, öz yalnızlığımızı bənzərimizin yalnızlığı ilə aradan qaldırmağa çalışmaq deyilsə, bəs nədir sevgi?

“Yarımçıq yaradılmışlarıq biz. Sevgi isə tamamlanmağa duyduğumuz dözülməz susuzluqdur. Öz erkək və ya qadın yarım olmadan tamamlana bilmərəm!”

Belə baxanda başqası ilə bir olmaq, bütövləşmə ritualıdır sevgi. Sevgili isə həm heç kimin bilmədiyi yer, kəşf edilməmiş qitə, həm də doğulduğumuz evdir.

Hamı həyatının bir dönəmində sevginin qurbanı olur. Sevgi həm görüş, həm də seçimdir. Qarşıdakı insanda özümüzü görmək istəyimiz, onunla tamamlanaraq kainata aid olduğumuz illüziyasıdır. Cənnətdən qovulmağımızın və ölümü gözləməyimizin dərin əzabına dayana bilməyin, kainatın sonsuz dərinliyinə dala bilməyin bir yoludur...

Halbuki, insan dayanmadan dəyişilir. Zaman üstümüzdən keçəndə eyni cür qala bilmirik. “Axtardığımı tapdım” dediyimiz anda yeni bir itki yaşayırıq. Əslində biz tamamlanmağı, bir yerdə olmağı istəyərkən içimizdə hiss edirik ki, heç bir tamamlanma bizi qaranlıq tunellərdən qorumayacaq. Bu bilgi ilə inqilabçı olub, ölümə sevgi ilə ayaq dirəyənlərimizlə yanaşı ölümün kəskin həqiqəti təslim olanlarımız da olacaqdı. Kafka bir az ikinci qrupa daxil idi. Özündəki əskikliyin mövcudluğunu, bunun həyat deyilən cəhənnəmdə ən azından özü üçün qəbuledilməz olduğunu bilən bir şəxs...

Sənətçilərin, filosofların, alimlərin ortaq dərdi kainatdakı mövcudluğumuzu mütləq və əvəzsiz bir toplumun içində görmək deyildimi? Kafka bütövlük hissini heç vaxt yaşamayacağını bilirdi. Kafka uğursuz aşiq idi. O ölümü sevgidən daha çox gözləyirdi. Əslində sevgi onun istədiyi amma bacara bilmədiyi bir iş idi.

Əlbəttə onun üçün çıxış yolu idi sevgi, ancaq bacara bilmədi çünki inancsız idi. Sevgi ilə xilasa inanmırdı, belə bir qurtuluşu arzu da etmirdi. Son nəfəsinə qədər Kafkanın yanında qadınlar olmuşdu. Ancaq Kafka həmişə bir quyunun dibində imiş kimi çabalayırdı. Təkcə Milena ilə yaşadığı sevgi bir başqa idi. Ancaq onda da quyudan çıxmağına lap az qalmış özünü yenidən qaranlığa itələdi. Qorxuya təslim olmuş bir ruh idi Kafka və ölməmişdən çox əvvəl ölüm onu ələ keçirmişdi.

Kafka həyatı əvvəlcədən uduzulmuş bir müharibə kimi qəbul etmişdi. Buna görə də bütün həyatı ölümə hiss etdiyi həsrətin üstünü ört-basdır etməklə keçdi. İnsanın tragik alın yazısıdır ölüm. Hansı sevgi ölümlə üzbəüz gələ bilmişdi?

Nitsşe “... insanın sevmək üçün mövcud olduğunu sübut etməsi lazımdır. Eşq bir bağlılıq olaraq mənliyin qorunması, hədəfə çatma və özünü tamamlama uğrunda ortaya qoyulan şiddətli bir arzudur.”

Özünü həmişə əskik görən və belə yaşayan Kafka son münasibətində, son nöqtədə bir az bunu qırmışdı. Bu xroniki ümidsizliyin əxlaqi, ideoloji və psixoloji səbəbləri əlbəttə vardır.

Tarixə sevgililəri, şəxsi həyatı ilə də damğasını vurmuş hadisələrdən biri olan Kafkanın Milena ilə yaşadığı, ya da yaşaya bilmədiyi sevgiyə baxmaq, onu başa düşmək üçün əvvəlcə ikisinə də şəxs olaraq ayrı-ayrı baxmaq lazım idi.

Praqa

Şair, məmləkətdən uzaq,

həsrətlərlə dəlmə-deşik,

Qədim Şəhərdə dayanmışdı,

meydanda, tək başına...

Qotik bir divar üstündə

Hanuş Ustanın saatı on ikini vururdu

Nazim Hikmət

Xüsusilə gecələri sanki qaranlıq bir cadugərin inşa etdiyi, çıxışsız qotik ruhlar ölkəsidir Praqa və xüsusilə Qədim Şəhər.

Bu kəndə Kafka “Pəncələri olan kiçik ana” deyərdi. Praqa ilə münasibəti kasıb və hüznlü iki adamın bir-birinə bağlılığı kimi idi. Nə bir arada ola bilirdilər, nə də ayrı.

19-cu əsrin 80-ci illərində Praqa son dərəcə kosmopolit şəhər idi. Müxtəlif xalqların, siyasi görüşlərin bir yerdə toplandığı Bohemya Habsburg imperatorluğunun bir parçası idi. Alman mədəniyyət və dilinin çexlər üzərində son dərəcə böyük bir üstünlüyü və təsiri vardı. Hamının təhqir etdiyi yəhudilər isə əhalinin təxminən 5 faizini təşkil edirdi.

1883-cü ildə doğulan Kafka isə Praqada almanca danışan yəhudi idi. Bütün bu qarmaqarışıqlığın içində adamın özünü tapması, özü kimi qala bilməyi çox çətin idi. Ona görə də Kafka üçün çox zaman qaçıb qurtulmaq istədiyi bir sevgiliyə bənzəyir Praqa. Avropalıların “Qızıl şəhər”, “Nağıl Şəhəri”, “Avropanın ürəyi”, “Şəhərlərin anası” adlandırdığı Praqa bütün ziddiyyətlərinə rəğmən indiki qədər cəlbedici şəhər idi.

Milenanın Kafkası

Deyirsən ki, axtardığın adam

Həmişə güclü olmalı, heç zəif olmamalı

Haqlı da olsan, haqsız da olsan

Səni həmişə müdafiə etməli, qorumalı

Bütün qapıları açmalı sənə

Amma mən o deyiləm canım

yox, yox, o mən deyiləm...

axtardığın mən deyiləm, canım

Kafka deyiləndə Milena yada düşmür, amma Milena deyilən kimi yada Kafka düşür. Halbuki, tarixə düşmüş sevginin səbəbkarı olmasından başqa bir qadın, bir intellektual, bir sevgili olaraq özünə məxsus gücü ilə, cəsarəti və tragik ölümü ilə tək başına da önəmli bir şəxsiyyətdir Milena.

“Sevmədən insan haqqında heç nə bilməzsən” demişdi bir gün dostuna.

“ ... O günə qədər görmədiyim canlı bir atəş idi o... Halbuki, elə incə, elə cəsur elə ağıllı idi ki! Hər şeyi də o qədər asan fəda edirdi ki! Ya da bəlkə də hər şeyi fədakarlığı sayəsində əldə etmişdi...”

Yaxın dostu Kax Broda belə demişdi Kafka. Doğrudan da Milena çox sədaqətli bir qadın idi. Həyata bağlılığı ilə seçilirdi. Bu xüsusiyyətləri həyatın ona həm hədiyyəsi, həm də cəzası idi.

Milena Kafkanın əsərlərini çex dilinə çevirmişdi. Məktublaşmaları və dostluqları belə başlamışdı. 1920-ci ildə məktublarla başlayan bu dostluq get-gedə məktub sevgisinə dönmüşdü. Kafkanın münasibətlərin kəsilməsi haqqında 1923-cü ildə verdiyi qərar qədər. Hər gün poçta bir ibadəti gerçəkləşdirirmiş kimi qaçan Milenaya bu qərar böyük zərbə oldu. Yenə hər gün poçta gedirdi.

Onlar tanış olanda Milena evli, Kafka nişanlı idi. Kafka məktublarında nişanlısına vəziyyəti açıqlamaq istəyirdi. Milena isə ərinə nə həqiqəti demək, nə də ondan ayrılmaq istəyirdi.

Milenaya məktub göndərən dünyanın ən çox sevən adamı idi.

“Ya bu dünya balacadır, ya da biz div kimiyik, hər nə isə, bizim onu bütünlüklə doldurduğumuz dəqiqdir. Milena, Milena, Milena... adından başqa heç nə yaza bilmirəm...Yazmalıyam amma! Milena, səni sevdiyimə görə yer üzünü də sevirəm demək!”

Belə hiss edirdi Kafka Milenanı. Hələ birlikdə keçirdikləri dörd gün... Bərabərlikdən, toxunuşlardan sonra Kafkanın unutduğu əksikliyi, qorxaqlığı, bacarıqsızlığı yenidən üzə çıxır və onun ruhunu ələ keçirir.

Dəlicəsinə bir qısqanclıq, görməyi arzulama, amma vüsalı, görüşü rədd etmək... Hər ikisi yorulmağa başlamışdı. Bu yorğunluq, bütün qorxu etiraflarına rəğmən Kafka münasibəti bitirməyə cəsarət edə bilmişdi. Qorxaqlıqdan və qaçışdan yaranan cəsarət idi bu.

Sevən ruhların məktublaşması Kafkanın istəyi ilə sona çatdı beləcə. Məktubların bu sevgini daşıya biləcəyinə inanmırdı Kafka. Milena daha çoxunu istəyən və buna layiq olan biri idi onun üçün. O isə Milenanın istəklərini qarşılaya bilməyəcək qədər yorğun, gücsüz və istəksiz idi. Sağlamlığının hər gün bir az da pisləşməsi bu ayrılığın ən önəmli səbəbi idi. Məktublaşmanın bitməsindən bir il sonra, 1924-cü ildə Kafka ölür. Milenanı və Avropanı isə pis günlər gözləyirdi...

“Milena...bilməlisən: Qarşındakını yalnız varlığınla qurtara bilərsən, başqa heç nəyin mənası yoxdur. ”

# 3809 dəfə oxunub

Müəllifin son yazıları

# # #