Zaman evinin dalı - Həmid Piriyev

Zaman evinin dalı - Həmid Piriyev
31 yanvar 2025
# 11:45

Kulis.az Həmid Piriyevin “Zaman evinin dalı haqqında sentimental yazı”sını təqdim edir.

Kəndimizdə iki qəbiristanlıq var. Biri pir qəbiristanlığıdı, biri də kənd qəbiristanlığı.

Pir qəbiristanlığı daha qədimdi. (Rəvayətlərə görə, kənd elə bu pirə görə salınıb. Amma bu, başqa söhbətin mövzusudu.)

Kənd qəbiristanlığına “Zaman evinin dalı” deyirlər. Əvvəllər elə bilirdim, bu, “zəmanə evinin dalı – o biri dünya” mənasındadır. Amma sonralar öyrəndim ki, əslində, bu qədər dərinə getməyə ehtiyac yoxdu, səbəb çox sadədi. Əvvəllər, hardasa yüz əlli-iki yüz il qabaq, heç kim qəbiristanlıq tərəfdə ev tikmirmiş, qorxurmuşlar, çəkinirmişlər. Axırda Zaman adlı birisi ürəklənib qəbiristanlığın yanında ev tikir. Qəbiristanlıq onun evinin dal tərəfinə düşdüyü üçün, kənd camaatı qəbiristanlığa “Zaman evinin dalı” deməyə başlayır. Bu qədər.

Qəbiristanlıq düz kəndin girəcəyində, stansiyanın yanındadı. Hər gün səhər işə gedənləri təzəli-köhnəli qəbirlər yola salır və hər gün axşam işdən qayıdandanları da eyni qəbirlər qarşılayır .

Lap uşaq olanda böyüklərdən hansıylasa – atamla, anamla, ya da qardaşlarımdan biriylə – bura gələndə alçaq hasarlı qəbiristanlığın balaca qapılarından birində dayanırdıq, böyüklərdən yanımdakı hansı idisə, qapıda Fatihə verirdi, mən Fatihənin sözlərini bilməsəm də, əllərimi qaldırıb gözləyirdim, axırda salavat çəkirdim.

Bir az böyüyəndən sonra mən də Fatihənin o vaxtlar mənasını bilmədiyim ərəbcə sözlərini əzbərlədim və hər dəfə bura gələndə, mən də qapıda dayanıb Fatihə oxudum. Ailəmiz dindar olmasa da, ailəmizdə heç kim namaz qılıb oruc tutmasa da (nənə-babam xaric, amma onlar ayrı yaşayırdılar), içimizdə dini ehkamlara hörmət və allah qorxusu var idi və mən də bu ruhda böyümüşdüm.

Amma hər halda, qəbiristanlıqdan qorxurdum. Hərdən çaşıb hansısa qəbrə barmağımla işarə edəndə tez barmağımı dişləyib ayağımın altına qoyurdum (mənasını hələ də bilmirəm bu inancın). Xüsusən, sərdabələr məni daha çox qorxudurdu. Sərdabələrin içini heç vaxt görməsəm də, böyüklərdən eşitmişdim ki, orda basdırılmayan meyitlərin sümükləri var.

Əmimgilin də evi qəbiristanlıq tərəfdədi. Çox vaxt qəbiristanlığın və stansiyanın yanında qoyun otaran əmim oğlunun yanına gəlirdim. O, qəbiristanlıqdan qorxmurdu, harasa gedəndə yolunu qısaltmaq üçün içindən də keçirdi.

Mən qorxurdum. Yəqin, yüz əlli-iki yüz il qabaq qəbiristanlıq tərəfdə ev tikməyə qorxan babalarımızın qorxusu qalmışdı hələ də canımda.

İndi isə qorxmuram. Böyüyə-böyüyə ölülərdən çox dirilərdən qorxmağın lazım olduğunu öyrəndim çünki (Koelyo üslublu cümlə üçün üzr istəyirəm).

...Hərdən, yuxudan kefsiz durduğum günlərdə yolumu bir az uzadıb qəbiristanlığın içiylə gəlirəm stansiyaya. Daha içəri girəndə Fatihə oxumuram, sadəcə salavat çəkib bütün ölülərə rəhmət diləyirəm. Qəribədi, qəbirlərin arasıyla gəzmək, başdaşılardakı şəkillərə baxmaq, tarixləri hesablayıb adamların neçə il yaşadığını hesablamaq məni sakitləşdirir, daha da qəribəsi, içimdə inam yaradır.

İnanıram ki, dünyaya əbəs gəlməmişik, əbəs yaşamırıq, hamımızın missiyası var və dünyanı gözəlləşdirmək öz əlimizdədi.

# 3306 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər