Yoldaşının cansız bədənini saatlarla buraxmadı, sarsıntı keçirib fotolarla söhbət etdi – “Bizim Cəbiş müəllim” filmindəki yataq səhnəsi niyə kəsildi? 

Yoldaşının cansız bədənini saatlarla buraxmadı, sarsıntı keçirib fotolarla söhbət etdi – “Bizim Cəbiş müəllim” filmindəki yataq səhnəsi niyə kəsildi? 
20 iyun 2022
# 12:00

Bu gün Xalq artisti Süleyman Ələsgərovun doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında 10 maraqlı faktı təqdim edir.


Süleyman Ağababa oğlu Ələsgərov Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib qəbul olunub və üç il də orada oxuyub.

***

Günlərin birində gələcəyin Xalq artisti Əliağa Ağayevlə rastlaşıb dostlaşması onu həkimlik sənətindən həmişəlik uzaqlaşdırıb, aktyorluq sənətinə gətirir. 1936-cı ilin martın 9-u Gənc Tamaşaçılar Teatrına gedir.

Aktyor iki dəfə ailə qurub. İlk dəfə tanış olub evləndiyi qadından bir qızı olub. Lakin qısa müddət keçəndən sonra onlar ayrılıblar. Ayrıldığı xanım isə gənc yaşlarında dünyasını dəyişib. Aktyorun qızını anası saxlayıb. Növbəti evliliyi isə bacısının rəfiqəsi ilə olub. Hər gün bacısı ilə tamaşalara gəlib baxan Leyla adlı qız aktyorun könlünə yatır. Ancaq qızın atası “mən qızımı aktyora vermərəm” deyib, elçilərə əliboş qaytarır. Qızının “həri”sini isə növbəti elçilərə verir. Leyla xanım anasının köməyi ilə Süleymana qoşulub qaçır. Bir müddət sonra Leylanın atası onların evlənməsinə razı olur. Süleyman Ələsgərov ömrünün sonuna kimi qayınatasının ən sevimli adamına çevrilir, ona oğulluq edir.

***

Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə filmlərdə çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda özünü ifa edir. Belə ki, o, həyatda da Cəbiş müəllim kimi sakit, sadə insan olub. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir. Adamlar onu küçədə görəndə “Cəbiş müəllim” deyib qışqırırlar. Aktyor isə bundan əsəbiləşib deyirmiş ki, axı mənim öz adım var. Öz adımla çağırın.

Aktyorun sözlərinə görə, filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasında razı deyilmiş. Süleyman Ələsgərov müsahibələrinin birində bu haqda deyir:

“Bir dəfə də olsun, demirdi ki, xoşum gələni oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra camaat da tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu”.

***

Aktyorun qızı Sevil Əhədovanın sözlərinə görə, anası olduqca qısqanc və hökmlü qadın olub. “Bizim Cəbiş müəllim” filmində Süleyman Ələsgərovla Şəfiqə Məmmədova yataq səhnəsinə çəkilməli idi. Aktyorun xanımı bunu biləndə bərk əsəbiləşir. Ya həmin səhnənin dəyişdirilməsini, ya da həmin səhnəyə çəkilməməsini tələb edir. Aktyor filmin rejissoruna bunu deyə bilmir, ancaq izah edir ki, bir müəllimin yataq səhnəsində görünməsi filmin ötürəcəyi mesaja xələl gətirə bilər. O, istədiyinə nail olur. Həmin səhnə çəkilmir.

Filmdə Süleyman Ələsgərov üzünü qırxan zaman arxadan Şəfiqə Məmmədovanın onu qucaqlaması da aktyorun xanımının xoşuna gəlməyib. O buna etiraz edərək deyib:

“Bu səhnəni başqası ilə əvəz etmək olmazdı?”

***

1985-ci ildə aktyorun çox sevdiyi xanımı infarkt keçirir. Aktyor beş il həyat yoldaşını xəstəxanalarda gəzdirir. Günlərin birində onlar ailəvi bir toy məclisinə gedirlər. Onlar toyda rəqs etdikləri yerdə Süleyman Ələsgərovun xanımının qəfildən vəziyyəti pisləşir və aktyorun qolları üzərində dünyasını dəyişir. Bu gözlənilməz hadisə aktyora böyük zərbə olur. Onu saatlarla sevdiyi qadının cansız bədənindən ayıra bilmirlər.

Həmin hadisədən sonra aktyor böyük depressiya yaşayır, özünə qapanır, heç kimlə kəlmə kəsmir. Xanımının şəklini böyüdüb evin divarından asır. Bəzən saatlarla şəkillə üz-üzə oturub söhbət edir. Şəklə baxaraq pianinoda xanımının sevdiyi mahnıları ifa edir. Sonralar aktyora yaşda ondan xeyli balaca olan xanımlar yaxınlaşır, onunla münasibət qurmaq istəyirlər. Lakin bu təkliflərin hamısını rədd edir. Onu yenidən həyata qaytaran yeni doğulan qız nəvəsi olur. Aktyor nəvəsinə Leyla adını verir. Yaxınlarına deyir ki, mənə elə gəlir, Leyla geri qayıtdı.

***

1998-ci ilin dekabr ayında o, xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-u, saat 9-un yarısında qızını yanına çağırıb deyir: “Ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm”. Gecəni narahat yatan Süleyman Ələsgərov dekabrın 10-da, səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir.

# 17454 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər