Xeyir və Şərin inanca çevrilməsi haqqında

Xeyir və Şərin inanca çevrilməsi haqqında
7 fevral 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "Xeyir və Şərin inanca çevrilməsi haqqında" adlı yeni yazısını təqdim edir.

İnsanlıq tarixi oddan qabaq, ona milyon illər sonra da təsir edəcək vacib bir nəsnəni kəşf etmişdi: Dini. Qorxu inancı, inanc dini yaratmışdı. Təsadüfən, ya da gələcəyin zəruriyyətindən. Əlbəttə, dini düşüncə tərzinin təməlində mifologiyanın iki ana sütunu olan Xeyir və Şər dayanırdı. Bəs ilk insanlar Xeyir və Şəri necə tanımışdılar?

İlk insan mağarasına girən, onu talan edən, öldürən heyvan Şər idi. Belə qəbul edilirdi. Skandinav mifologiyasında ova getmək Şərin ordusuna qarşı hücuma keçməklə eyni tutulurdu. Türklərin qədim mifoloji sistemi şamanizmdə isə ov müqəddəs hesab edilirdi. Çünki ovun hansı nəticə verməsi bütün qəbilənin gələcəyinə təsir göstərirdi. Şər, yəni yırtıcı heyvanlar, ya qəbilənin bütün kişilərini parçalayacaq, ya da əksinə, qəbilənin "müqəddəs ordusu" - ovçular Şəri mağaraya qənimət olaraq gətirəcəklər.

Xeyirdən əvvəl insanlar Şərlə tanış olmuşdular. Onları bu yırtıcının əlindən qurtaracaq təbii bir qüvvə yox idi. Qədim, lap qədim insanlar üçün soyuq da, şaxta da, yırtıcı heyvanlar və bitkilər də, təbii fəlakətlər də Şərin təcəllası idi. Elə ki onlar odu kəşf etdilər, elə ki soyuq mağaraları qızındı, elə ki yırtıcılar ocaqdan qorxub onlara hücum etmədi, bişmiş ətin qoxusu, dadı insanları tənbəlləşdirməyə başladı, Xeyir anlayışı meydana çıxdı. İnsanları təbii Şər qüvvələrin əlindən alacaq təbii Xeyir qüvvə onları tapmışdı.

Xeyir və Şərin təbii mübarizəsi mifoloji mətnləri yaratdı. Ağıllı insan dünyanı, burada olmağının səbəblərini, gəldiyi və gedəcəyi ünvanı axtarmağa başlayanda hekayələr qurdu. Yer kürəsinin dörd bir yanında minlərcə müxtəlif yaradılış hekayələri danışılırdı. İndi həmin mətnlərə baxanda, əslində, hamısının eyni şeyi danışdığını görürük. Əlbəttə, bütün mifologiyalar Babil və Maya mifologiyasının deformativ hallarıdır. Müqəddəs torpaqlar adlandırılır həmin ilk mifoloji mətnlərin yarandığı yerlər. Qüds, Mesopotomiya, Afrikanın üfüqsüz, sarı torpaqları və Latın Amerikasının mistik Maya coğrafiyası.

Mifologiyaların dinlərə necə çevrilməsini görmək üçün yenidən Xeyir və Şərin ibtidai mübarizəsinə baxmaq lazımdır. Yuxarıda qeyd etdiyim kimi, homosapiens odu kəşf etdikdən sonra Xeyir anlayışını da kəşf etmiş oldu. Xeyiri qoruyanlar, yəni odu mühafizə edənlər ova getmirdi. İlk vaxtlar bu xüsusi tapşırıq qadınlara həvalə edildi. Onlar odu qoruyur, onu müxtəlif məqsədlər üçün bölür, hücuma keçən Şər qüvvələrə qarşı daha yaxşı istifadə edirdi. Bu xüsusi dərəcəli insanlar tarixin sonrakı səhifələrində kahinlər adlandırıldı. İlk kahinlər qadınlar idi. Buna görədir ki, magiyaya daha yaxşı hakim olan cins də elə bu günün özündə qadınlardır. Kahinlər qəbilə başçılarından sonra ən yüksək statusun daşıyıcıları idi. Ölən kəsləri onlar dəfn edirdi, doğulan kəslərin qədərini onlar deyirdi, inanc və qorxu müstəvisi üzərində nə var idisə, məhz onlar müzakirə edir və yekdil qərar verirdi. Həmin kahinləri növbəti səhifələrdə peyğəmbərlər adlandıracağıq. Məncə, Quranda bəhs edilən yüz iyirmi dörd min peyğəmbərin sayının bu qədər fantastik olmasının səbəbi qədim kahinlərin də bu statusda qiymətləndirilməsidir. Müqəddəs kitablardakı beş səmavi peyğəmbər isə seçilmiş kahinlərdir. Onlardan, sadəcə, birinin gerçək həyatını bilirik: sonuncu peyğəmbər Məhəmmədin.

Üç səmavi dindən başqa kiçik, lakin hələ də adətləri və ənənələri, ritualları yaşayan xırda dinlər də meydana gəlmişdi. Tarix onların hər birini Musanın, İsanın və Məhəmmədin qarşısında məğlub etsə də, izlərini günümüzə qədər gətirib çıxardı. Ölkəmizdə İslama uduzmuş həmin xırda dinlərdən birinin - Zərdüştlüyün (Atəşpərəstliyin) ritualları, tabuları, ənənələri, kəlamları hələ də yaşayır. Məsələn, biz hələ də zərdüştlər kimi işığa, ocağa and içirik, hələ də manilər kimi yolun haqqına güvənirik və hələ də əcdadlarımız şamanlar kimi "göy haqqı", "torpaq haqqı" axtarırıq. Bu qədər müxtəlifliyin səbəbi isə yaşadığımız coğrafiyanın dini düşüncə tərzinə hegemonluq etməsidir. Bu gün bu coğrafiyanın iqtisadi, siyasi və mədəni qarışıqlığının səbəbi də təkcə fontan vuran neft quyuları, kömür yataqları deyil. Qərbin altşüurunda hələ də Səlib yürüşlərinin yarımçıq intiqam hissi yatır. İsa Yaxın Şərqdən Avropaya dini, Məhəmməd isə bütün dünyaya sonuncu əxlaq kodekslərini daşımışdı (İsa və Məhəmmədin inandığı, təlqin etdiyi din eynidir, şübhəsiz).

Bütün peyğəmbərlərin ölümündən sonra yaymaq istədikləri dinlər parçalandı, xırdalandı. Həm məzmun, həm inanclı kəslərin sayı cəhətdən. Xristianlıq (bu, İsaya tapınmağın yaratdığı modern bütləşdirmə idi, din deyildi) ortodokslara, katoliklərə, pravoslavlara, protestantlara və bunlar kimi onlarla yeni qayda-qanun sisteminə bölündü. İslam şiəlik və sünnilik məzhəbinə, həmin məzhəblər də yüzlərlə müxtəlif təriqətlərə ayrıldı. Dinlərin bu qədər aktiv parçalanmasında, sadəcə, dini düşüncə tərzinin müxtəlifliyi səbəb göstərilə bilməz. Həm də təriqətlərin və toplumların mövcud olduğu coğrafiyaların iqtisadi və sosial, siyasi və mədəni münasibətlərindən də təsirlənirdi.

Əbəs yerə bu gün müqəddəs kitabların mətnləri ilə mifologiya müqayisə edilmir. Mifoloji qəhrəmanların birəbir müqəddəs kitablara transformasiyası, hekayələrin birəbir eyniliyi və ən əsası, təhkiyənin oxşarlığı yuxarıda sadaladığımız ardıcıllığın təsadüfi olmadığına inandırır bizi. Lakin belə bir sual var: Mifologiyamı dini unutdurmuşdu, yoxsa dinmi mifologiyanı? Yumurta-toyuq məsəli. Tarix insanlıq tarixinin sirrini tam aça bilmədiyi üçün inancın da tarixi beləcə məchul qalır. Bütün hallarda razılaşmalıyıq ki, əgər mütləq həqiqət varsa, o tamamilə rasional deyildir.

# 2852 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 18 mart 2026
Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

10:40 18 mart 2026
Bu verilişlər efirdən yığışdırılır - SƏBƏB

Bu verilişlər efirdən yığışdırılır - SƏBƏB

00:07 18 mart 2026
Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

18:30 17 mart 2026
Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

17:27 17 mart 2026
 Yazıçı Vilyam Gibson:  "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

16:00 17 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər