Heyf, gizli qalan hislərimizdən - ŞEİRLƏR

Heyf, gizli qalan hislərimizdən - <span style="color:red;">ŞEİRLƏR
3 may 2016
# 16:43

Bu yaxınlarda Ülkər Hüseynlinin “İtirdiyim ünvana məktub” şeirlər kitabı çap olunub. Kitaba şairin müxtəlif illərdə yazdığı şeirlər daxil edilib.

Ülkər Hüseynlinin şeir, hekayə, tərcümə və məqalələri dövrü mətbuatda, “Məhsəti” şairlər məclisinin almanaxında dərc olunub. Bundan əvvəl şairin “Mən şeir yazmıram ki...” adlı kitabı çıxıb.

Ülkər Hüseynlinin “İtirdiyim ünvana məktub” kitabından şeirləri təqdim edirik.

Ülkər Hüseynli

HEYİF

Heyf, gizli qalan hislərimizdən

Nə sən dilə gəldin, nə mən anlatdım.

Heyf, susduğumuz sözlərimizdən,

Nə sən getmə dedin, nə mən qayıtdım.

Heyf, həsrət yeli saraldıb-solan,

O xoşbəxt, qayğısız üzlərimizə,

Ömür yollarının dolanbacında,

Qoşa dolanmayan izlərimizə.

Əfsus, sevdalanmış bir cüt göz olub,

Dənizə, ulduza, gülə baxmadıq.

Bir simurq quşunun qanadları tək,

Birgə pərvazlanıb ərşə qalxmadıq.

Məhrəm tellərinə sığal çəkməyən

İstisi soyumuş əllərə heyf.

Qısa bir ömürdə sevgisiz ötən

O hədər xərclənən illərə heyf.

Adımız dillərdə dastan olmadı,

Fədakar olmadıq eşqin yolunda.

Yetim uşaq kimi yiyəsiz qalıb,

Məsum hislərimiz bitdi sonunda.

SUALLAR

Ürəklər gülməyirsə, gözlər gülə bilərmi?

Niyyətlər xoş deyilsə, dildən bal süzülərmi?

Qəlbdə iman olmasa, bəndə insan olarmı?

Allah izn verməsə, müşkül asan olarmı?

İllər, aylar ötməsə, insan dolarmı yaşa?

Yaranışdan yoxdursa, ağıl gələrmi başa?

Damarında olmasa, qeyrət alınarmı heç?

Anlamazın biriylə ülfət qurularmı heç?

Mərhəmət tanımayan sevgi nədir bilərmi?

Nəfsinə hakim olan şeytana yenilərmi?

Ruhu zəngin kimsələr dünyaya tapınarmı?

Həqiqətə gedənlər yolundan sapınarmı?

Riyakarlıq bilməyən bürünərmi min dona?

Hökm Allahdan gəlməsə, ömür yetərmi sona?

ZAMANI GÖRMƏK OLAR

Zamanı harada görmək olar?

Divarların ovulub tökülmüş suvağındamı?

İllərin səliqə ilə düzülmüş qalağındamı?

Getdikcə yorğunlaşan insan baxışlarında,

Yoxsa, həlqələri hər il bir-bir artan

Ağac koğuşlarında.

Böyüdükcə ömür möhlətinin,

Kiçikliyini anlayanda.

Edib-etmədiklərinə görə

Özünü danlayanda.

Tanışların azalan sıralarında,

Qəlbinin günbəgün artan yaralarında.

Bəlkə dən düşmüş saçlara ilişib zaman,

Ya da boylanır fotolardakı insan simalarından.

# 5879 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər