Cərimə zərbəsi - hekayə

Cərimə zərbəsi - hekayə
18 avqust 2017
# 14:31

Salman Alıoğlu

Bir qohum nübar tut arağı çəkmişdi. Mənə də iki şüşə verdi və daha çox minnətə oxşayan tərzdə bildirdi ki, arağı süddən də keçirmişəm. Yəni elə-belə araq deyil, ha?! Bərk-bərkdə tapşırdı ki, dərman zad kimi istifadə elə, day birdəfəyə tuluğuna tökmə. Arvadıyın boğazı gələndə bir yemək qaşığı bundan tök ver içsin, özüyün qarnın ağrıyanda bir əlli qram ötür içəri, o dəqiqə xırıp kəsəcək. Xülasə, xeyli məsləhət verəndən sonra çıxıb getdi.

Ertəsi gün, sübh tezdən darvazamız aramsız şəkildə döyüldü. Qaranəfəs özümü darvazaya çatdırana qədər ürəyimdə Allaha yalvardım ki, kaş xeyir xəbər olsun.

Darvazanı açanda gördüm ki, çox yaxın bir tanışım qapının ağzındakı ağaca söykənib. Məni görən kimi həyəcanlı halda tez dedi:

- Ə, tez geyin, gedəcək yerimiz var.

Hövsələmi basıb dedim ki, ə, xeyirdimi?!

Tələsik cavab verdi ki, ə, şərə lənət, tez tərpən, gün qalxmamış yola düşək.

Tanışıma dedim ki, bu saat əynimi dəyişib gəlirəm.

O isə tez dedi ki, ə, lazım deyil, yaxına gedirik, ancaq...

Dalağım sancdı ki, o mütləq araq da götür deyəcək. Elə də oldu. - Ə, bir şüşə tut arağı götür, bəlkə yolda çörək yedik. Arağı da elə şəstlə dedi ki, elə bil öz əli ilə gətirmişdi.

Tanışım ağacın dibindən bir zənbil götürərək məni qabağına qatdı. Bir şüşə tut arağı qoltuğumda qaranəfəs gedirdik. Tanışım tez-tez deyirdi: gün qızmamış gərək ora çataq.

Kəndin qırağındakı söyüdlüyə çatanda dayandı. Arxın qırağında göy çəmənlikdə oturub cibindən dörd yerə qatlanmış bir qəzet çıxartdı və onu səliqə ilə sığallayıb yerə sərdi. Zənbildən iki dənə Əfətli xiyarı çıxardıb arxın dumduru suyunda yuyaraq qılıcına doğradı. Pendiri, reyhanı, göy soğanı, soyutma kartofu, yumurtanı süfrəyə qoyandan sonra acıqlı səslə dedi: - ə, gözünü niyə döyürsən, arağı suya qoy dayna, bir az soyusun... Şüşəni suya qoydum.

Zənbildən soyutma beçəni çıxaran tanışım məni müəllim şagirdi danlayan kimi danlamağa başladı:

- Ə, canına qulaq as, dünya beş günlükdü, bu qəzet, yazı-pozu başınızı xarab eləyib. Yadında yaxşı saxla, yeyib içən adamdan heç kəsə pislik gələ bilməz.

Sonra sudan şüşəni çıxarıb iki plastmas stəkanın yanına qoyaraq dedi:

- Bu stəkanları əsgərlikdən gətirmişəm.

Tanışım əsgərlikdən təxminən 30 il bundan əvvəl gəlmişdi. O bir də acıqlı səslə dedi:

- Ə, otur dayna, balıq udmusan?!

Oturdum və ayrı çıxış yolu olmadığı üçün əlimi tut arağına uzadanda tanışım tapança kimi açıldı.

- Ə, dəymə, özüm süzəjəm, sənin əlin adamı tez kefləndirir.

Arağı süzüb dedi: gəl, bu badələri özümüzün sağlığına vuraq.

Pəh-pəhlə ağzını silib arağı tərifləməyə başladı: - Ə, bu baldı, ə, bu ceyran südüdü, ə, bunnan dünyada yoxdu. Kaş Qarabulağın suyuyla çəkiləydi. Gör onda necə olardı?!

Beçəni parçalayıb iki yerə bölən kimi, ikincini süzdü. Stəkanı əlinə alıb dedi: - gül olaq, bülbül olaq, qəfəsdə olmayaq.

Üçüncü stəkanı içəri ötürəndən sonra tanışım ağzını elə ləzzətlə sildi ki, elə bil, zalım oğlu bal yemişdi. Sonra qəflətən elə ortalığa dedi:

- Amerika heç düz eləmir.

Əvvəl elə bildim ki, tanışım keflənib deyə belə danışır. O isə daha ciddi şəkildə bayaq dediyi sözlərə əlavə etdi:

- Amerika bizim kənddəki kürük Əvəzə oxşayır, yalan danışmaqda tən gələrlər. Bizə dost deyir, pulu, silah-sursatı isə ermənilərə verir. Onnara etibar yoxdu?!

Yekə, qara əllərini butulkanın belinə dolayaraq stəkanlara araq süzə-süzə yenə də ortalığa söz atdı:

- Araq çatmıyajax!

Və gözlərini mənə zilləyib bir an susandan sonra yalvarıcı şəkildə dedi:

- Gör nə deyirəm, hələ çolpadan da, soyutma yumurtadan da, kartofdan da qalıb, əlimizdəkini vuraq, get evdən o biri şüşəni də gətir. Ürəyim yaman açılıb, sənə bir sirr açajam. Ölüm-itim dünyasıdı, qəfildən yıxılıb ölərəm, heç olmasa o sirri sənə deyim. Sonra da omaxşıyıb kövrəldi, hətta gözündən yaş da töküldü. Tanışımın bu hala düşməyi sözün düzü, məni ikinci şüşənin dalınca getməyə möhkəm vadar etdi. Tələsik və qaçaraq (yəni cəld)məcburi köçkün kimi məskunlaşdığımız evə sarı götürüldüm.

Geri qayıdanda baxıb gördüm ki, tanışım gömgöy otun üstünə uzanaraq zümzümə edir:

- Vəfasızsan,ay canı yanmış...

İkinci şüşənin ağzını açan kimi tanışım arxda çimişən qaz-ördək balalarına məhəbbətlə baxaraq dedi:

- Uşaq vaxtı, bax kəndimizdəki belə bir arxın qırağında - deyərək susdu.

Maraq məni dinc buraxmadı və tez dedim ki, ə, sözünü de dayna,oxu atıb, yayını niyə gizlədirsən?! Tanışım bir qədər də müəmmalı şəkildə dedi:

- Ə, səbrin olsun, deyəjəm dayna,götür bunu da vuraq. Bunu da nakam məhəbbət yaşamış adamların sağlığına… İçəndən sonra tanışım dərindən bir ah çəkərək kövrək səslə dedi:

- İmran, bizim dədə-baba bulaqlarımızdan yoxuydu, vallah-billah, dünyada yoxuydu. Sonra da əlavə etdi:

- O həmsədrlərdi, nədi, onlar da iyirmi beş ildi ki, gəlib gedirlər, bəyanat verirlər, di gəl ki, ermənilərin heç vecinə də döyül. Dədə babadan görmüşük ki, donuzu darıdan çıxarmaq üçün onun güngörməzinə elə vurmalısan ki, cığıldayıb qaçsın. Gör sənə nə deyirəm, bu Qarabağ məsələsinin bir yolluq qurtarması üçün bilirsən nə lazımdı?!

İmran, atamın o qəriblikdə qalan ruhu haqqı, bu saat yüz həştad oğlanla o torpaqları geri qaytararam. Əgər qaytara bilməsəm, o Qazançılı (qonşu erməni kəndini nəzərdə tuturdu) Daniyelin oğluyam.

Arxın suyu ilə yaxşıca yuyunan tanışım yanını yerə qoyan kimi yanıqlı səslə - ey gidi dünya, bu arxın qırağında o qədər... deyərək yenə ani olaraq susdu və nə isəni də elə dedi ki, elə bil böyük bir sirr ürəyini deşir.

Sonra stəkanlara araq süzərək dedi ki, Qarabağın kilidi, açarı urusun əlindədir, onu urusun ovcundan çıxarmaq üçün heç kəs bizə kömək etmir.

Bu dəfə tanışım arağı qurtum-qurtum içdi və stəkanı yerə qoyan kimi əlini yaxınlıqdakı şuma tərəf uzadıb hönkürtü ilə ağlamağa başladı. Onun kədər dolu ağlamağı arxın suyuna qarışaraq axıb gedirdi.

Toxtayandan sonra dedi ki, hər dəfə şum görəndə işğaldakı kəndimiz yadıma düşür. Ə, mən kişi döyüləm, sən öl, babam hüllükçü Qaranın ruhu haqqı, bizdən kişi olmaz. Bunu yadında saxla.

Tanışım deyəsən əməlli- başlı dəmlənmişdi, artıq cinnən seytanı qarışdırırdı.

Bir siqaret yandırıb pülüyəndən sonra dedi ki, inişil Bakıya dostumun oğlunun toyuna getmişdim. Orda məclisi aparan bir tamada varıydı, zalım oğlu yaman çox şer deyirdi. Barmaqlarını alnına döyərək - ə, onun adı nəyidi, ay Allah, adı dilimin ujundadı ey, özüdə Füzulidəndi.

Birdən sevincək qışqırdı: Süleyman Qaradağlı. Ə, kişinin oğlu dəryadı ey, ilahi, nə qədər şeir bilir. Bilmirsən, o şerləri özü yazıb?! Deyirəm, bu badələri də içək şairlərin sağlığına, onnar kişi adamdılar, Qarabağa aid yaxşı şerlər yazıblar.

Sonra bir-iki ağız zümzümə edəndən sonra yenə kövrələn tanışım - bu arxın qırağında o qədər - deyərək susdu.

Az qala çığırtı ilə ondan soruşdum ki, ə, bu arxın qırağında neyləmisən axı? Niyə dillənmirsən?

O isə hələ də susurdu, gözləri harasa uzaqlara zillənmişdi Tanışım birdən gülməyə başladı. Sonra qəflətən kövrəldi, bir qədər keçəndən sonra isə ağlamağa başladı. Gülə-gülə ağlayırdı. Bir qədər susandan sonar tanışım yenidən danışmağa başladı:

- Doğulub boya-başa çatdığım Əliağalı kəndi rayon (Ağdam) mərkəzindən 25 km aralıda yerləşirdi. İki dağın arasında, Xaçınçayın sahilində yerləşən kəndimiz cənnəti xatırladırdı. Çayda farel balığından tutmuş göydə uçan turac, qırqovula, çöldə qaçan dovşandan canavara qədər hər canlıya rast gəlmək mümkün idi. Kəndimizin klubu lap yuxarıda, bizim evin yaxınlığındaydı. Klubun müdiri Kamal adında arıq, çəlimsiz bir kişiydi və kənddə hamı ona kəllə Kamal deyirdi. Söz altında qalmayan, hazırcavab, baməzə olduğuna görə bu ləqəbi qazanmışdı. Kənddə ayrı-ayrı vaxtlarda üç nəfər eşşəkdən yıxılmışdı. Yaxşı deyiblər ki, atdan yıxılana heç nə olmur, eşşəkdən yıxılan isə mütləq zədə alır. Həmin o, üç nəfərin də qolu sınmış və sınıqçının naşılığı ucbatından onların qolu əyri bitmiş, dirsəklərində fır yarandığına görə onları əsgərliyə aparmamışdılar.

Bir gün kəllə Kamal camaatın gur olduğu dükanın qabağında həmin o üç nəfərə deyir ki, siz çox vicdansız, qədirbilməz adamsınız.

Bu sözlərdən çox pərt olan həmin üç nəfərdən biri Kamala deyir ki, bizim vicdansız olduğumuzu hardan bilirsən, sözünə niyə sərhəd qoymursan?

Kəllə Kamal həmin oğlana deyir ki, sizi şikəst edib əsgərlikdən saxladan eşşəyi niyə unutmusunuz? Sizin yerinizə hər kim olsa, gündə gedib o gözəl eşşəyin üzündən öpər, ona təşəkkür edər. Ancaq siz bunu etmirsiniz, ona görə də eşşək sizdən bərk küsüb.

Babalı deyənlərin boynuna, kəllə Kamalın bu sözündən sonra o üç nəfərdən biri gedib örüşdə həmin eşşəyi tapır və boynuna sarılaraq onun üz-gözündən doyunca öpür. Yerdə qalan iki nəfər isə qoduxluq edərək onları əsgərlikdən saxlatdıran eşşəyin üzündən öpmür. Elə o vaxtdan da kəllə Kamal onları görəndə həmişə deyirmiş: - Ə, qoduqlar, niyə gedib o atanızın üzündə öpmürsünüz?!

Bir stəkanda içəri ötürəndən sonra tanışım dedi:

- Bir gün də qonşumuz İspən kişi arvadı ilə Bakı şəhərinə gedir. Söz vaxtına çəkər, elə yay vaxtıymış. Avtobusdan düşürlər, bərk sussadıqları üçün su avtomatının qarşısına gəlirlər. Həmin su avtomatları yaşlı nəslin yaxşı yadında olar.

Nə isə, İspən kişi bir üç qəpikliyi gizlincə avtomata salan kimi əllərini qaldırıb başlayır su avtomatına yalvarmağa: - sənin başına dolanım, ay avtomat, kənddən gəlmişik, sussunnan ciyərimiz yanır, qavağında ölüm, məni naümid eləmə, mənə bir stəkan su ver, Allah özü köməyin olsun.

Bu vaxt avtomatdan su tökülür və stəkan dolan kimi İspən kişi suyu başına çəkir. Bayaqdan bu mənzərəyə baxan İspənin arvadı deyir ki, ay kişi, sən Allah ona yenə yalvar, mənə də su versin.

İspən kişi ciddi görkəm alaraq arvadına deyir ki, ay səy, day o məni tanıdı, gərək özün yalvarasan.

Arvad bərk sussadığı üçün gəlir avtomatın qabağına və deyir:

- Sənə qurban olum, qavağında ölüm, mən İspənin arvadıyam, uzaq yol gəlmişik, o sudan bir stəkan da mənə ver.

Arvad baxır ki, avtomat su vermədi, bərk dilxor olur və İspənə deyir ki, ay kişi, bu ciyəri yanmış mənə su vermədi axı?!

İspən arvadına deyir ki, ay səy, əllərini qaldır yuxarı, gözlərini yum və başla yalvarmağa. Arvad onun dediyi kimi edir və başlayır bərkdən yalvarmağa. Bu zaman İspən kişi yenə gizlin avtomata qəpik salır və arvadının son yalvarışında avtomatdan su tökülür. Arvad suyu içəndən sonra deyir:

- Su verməyinə verdi, yazığım bu camaata gəlir, gərək su içmək üçün hər gün bu qudurmuşa yalvaralar...

Arağı su kimi başına çəkəndən sonra tanışım yanıqlı səslə dedi ki,ölürəm a dağlar, ağlayanım yoxdu, qara paltarlı qadınım yoxdu,ayağımın altında torpağım yoxdu, qibləm, qibləgahım yoxdu, beşiyim, gorum, kəfənim yoxdu.

Qəflətən asqıraq onu tutdu və dalbadal bir neçə dəfə asqırandan sonra ağız-burnundan axıb gələn heliyi pencəyinin qolu ilə silib dedi: - qardaş canı, bax, bu arxın qırağında o qədər...

Sözünün dalını yenə demədi. Və doğrudan da məni maraq bürüdü ki,görəsən o bu arxın qırağında neyləyib?! O isə içib boşaltdığımız boş şüşəni saz kimi sinəsinə basaraq oxumağa başladı:

Sev məni,ay sev məni,
Faytona mindir məni,
Apar eşqin bağçasına
Doyunca güldür məni.

Tanışım qəflətən oxumağını kəsərək dedi:

- Gör sənə nə deyirəm, bizim kənddən azdan-çoxdan oxumuş adam sən çıxmısan. Düzdü,siyasi savadın mənimkinə çatmaz,sən elə bilirsən ki,iki vur iki dörd eləyir, yox, güclülər üçün neçə istəslər...Onnar, səni, məni qarışqa kimi əzərlər, heç uf da deməzlər.

Bunu deyəndən sonra stəkanın dibində qalmış arağı ovcuna tökərək burnunun qabağına, qulaqlarının dibinə sürtə-sürtə sözünə davam etdi:

- Biz Qarabağ müharibəsində uduzmuşuq. Düzdümü?! Torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Səf demirəm ki?! Burası mənə aydındır, ancaq ha fikirləşirəm, bu suala cavab tapa bilmirəm. Sual belədir: - uduzduğumuz halda, bu qədər milli qəhrəman bizim haramıza yaraşır?!

Sözün düzü bu sual məni bərk tutdu. Cavab tapa bilmədim. Özümü elə göstərdim ki, guya sualın cavabını tapmağa çalışıram. Bu zaman tanışım dərindən bir ah çəkərək - eh, o qədər bu arxın qırağında, bu göy çəmənlikdə - deyərək susdu.

Yekə, qara əllərini kürəyimə vuraraq -gej-tez qələbə çalajıyıq, qəm yemə, qadan alım, ay dədə, - dedi.

Sonra çox qəmgin halda-bu arxın qırağında o qədər qaz-ördək otarmışam. Kəndimizdə bir qız varıydı, onu da bax bu arxın qırağında öpmüşəm-deyəndən sonra tanışım ağlamağa başladı...

# 930 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyalı yutuber saxlanıldı

Rusiyalı yutuber saxlanıldı

18:40 4 mart 2024
“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olundu

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olundu

18:20 4 mart 2024
“Qərbi Azərbaycan folkloru”  toplusunun I və II cildləri çapdan çıxdı

“Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri çapdan çıxdı

18:00 4 mart 2024
Teatr Xadimləri İttifaqında “Baxış - 4”  festivalının açılışı olub

Teatr Xadimləri İttifaqında “Baxış - 4” festivalının açılışı olub

17:30 4 mart 2024
Tatar mətbəxi  festivalı keçirildi

Tatar mətbəxi festivalı keçirildi

17:00 4 mart 2024
Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq

Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq

16:30 4 mart 2024
# # #