Xatirələrinlə sevişirəm gecələr... – Tural Turandan yeni şeirlər...

Tural Turan, şair

Tural Turan, şair

25 yanvar 2022
# 17:20

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

İndi

İndi xatirələrinlə sevişirəm gecələr,
İndi göz yaşlarımı qucaqlayıb yatıram.
Yuxularımın xonçalı tabutusan indi,
Hər gecə başdaşı qoyuram gülüşlərinə.
Hər gecə alın yazımı
önümə qoyub satıram,
Ayağımın ucundan keçənlərə,
Göydən 10 qəpiklik işıq atır Günəş...
Hər gecə ayrılığımızın nigah günüdür,
Hər gecə tanrı özü kəsir kəbinimizi!
Bağışla, özünü kölgəndən çox sevirəm indi,
Çünki orada nə üzün var, nə də gülüşlərin...

23 yanvar, 2022.

Qəlpə döyüntüsü

...Pəncərələr həbs edər bütün ayrılıqları,
yollar əfv eyləyər, açıb buraxar...
Gözlər ömürlük "yatar" bulaq başında,
Ümidlərin ayaqları burxular...
Döyüşdən çəkmələr qayıdar,
Hörmələr, tikmələr qayıdar...
Savaşdan adam qayıtmaz, ay qız...
Döyüşdən,
bir ömür döndərmək üçün döyüşdüyün
Gözləri zəhərli, dili zəhərli,
Döymüş ya döyülmüş
bir döyüşçü qayıdar...
Döyüşdən əvvəlki adam qayıtmaz...
Hamı yarımçıq qayıdar,
Bir kimsə tam qayıtmaz.
Qayıtmaz, atam, qayıtmaz...
...Ölənlər canın qoyub qayıdar,
Dönənlər hər şeyini...
İndi hər dönənin baxışlarında,
Bir qəlpə döyünür, mərmi döyünür...
O qayıtdı - üç ay, beş ay döyüşdü,
Bir ömür siz döyüşün indi onunla;
Yaddaşıyla döyüşün, baxışıyla döyüşün...
Savaşdan gətirdiyi
ilməsiylə döyüşün, naxışıyla döyüşün.
Bir imzayla müharibə bitmir deyir bu dönüş...
Hətta qalib ölkəni də yıxıb döyür bu dönüş...

15 yaşlı Vətən

15 yaşlı Vətən ölür bir nikahda,
15 yaşın boynu vurulur
bir nişan üzüyündə...
15 yaşında işğal edilir
bir uşağın bədəni...
Bir üzüyün çevrəsində
dilini udmuş ömür yorulur.
Tanrı da düşür uşaqların gözündən...
Bəs kimdir xoşbəxtlik axtaran bu günahda?...
O... O... O...
Övladını öyrənmədiyi hərflərə
qurban kəsən bir ata...
O... O... O...
Qızından öz gəncliyinin
və
gəlinciyinin heyfini çıxan ana!...
O... O... O...
Tanrısına alın yazısı yazan "cəmiyyət"!
Daha bəsdir!
Bütün erkən nikahları
əbədilik buraxın,
buraxın ehtiyata...
Daha bəsdir!
Qurtarın işğallardan
evinizdəki Vətəni!

İlahi

İlahi, ovcumu yumuram sənə,
İlahi, duamın başını bağla.
İlahi, bu gecə doğuldum yenə,
İlahi, yuxumun huşunu bağla.

Mən öz qorxusuna vurulan adam,
Mən öz nəfəsini asan qatiləm.
Mən öz günahında durulan adam,
Mən öz günahından küsən qatiləm...

Mən qanlı üzündə gülüş böyüdən,
Can verən kölgənin məzar daşıyam.
Mən dar ağacında öpüş böyüdən,
Son nəfəs əlində tumar daşıyam.

İlahi, ovcumu yumuram sənə,
Üşüməsin deyə körpəcə duam...
İlahi, özün yağ yağış yerinə,
Yağ ki, kirli andı yenidən yuyam...

Mən öz günahından kiçik adamam,
Bu böyük yazını kim yazıb mənə?!
Mən uşaq əlində evcik adamam,
Tanrının özü də uduzub mənə...

5 dekabr, 2021.

# 5703 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər