Vyanada Nizami Gəncəvinin kitab-albomu təqdim edildi

Vyanada Nizami Gəncəvinin kitab-albomu təqdim edildi
18 dekabr 2021
# 10:55

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun təqdimatı, sərginin açılışı və muğam konserti keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Leyla Qasımova qonaqlara başa vurmaqda olduğumuz ildə Azərbaycan və dünyanın bir çox ölkələrində dahi şairin yubileyinə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Mədəniyyət Mərkəzinin hazırladığı silsilə tədbirlər çərçivəsində rəssam Şəhla Abbasovanın hazırladığı “Yeddi gözəl“ batika sərgisinin açılışı olub və tanınmış şərqşünas alim Mixael Hess Nizaminin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib.

L.Qasımova növbəti tədbirin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə əməkdaşlıq çərçivəsində hazırlandığını diqqətə çatdırıb və bildirib ki, Vyanada Nizami Gəncəvi mövzusunda kitabın təqdimatı özünəməxsus məna daşıyır. Çünki dahi Nizaminin “Xəmsə“sinin nadir əlyazmalarından biri Avstriya Milli Kitabxanasının Əlyazmalar Fondunda qorunur və 2008-ci ildə Azərbaycan dövlətinin maddi dəstəyi ilə restavrasiya olunub.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxışında yeni çapdan çıxmış kitab-albomdakı hər bir təsvirin öz tarixinin olduğunu vurğulayıb. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb. O, həmçinin bildirib ki, “Nizami Gəncəvi İli“ndə Azərbaycanın hüdudlarından kənarda Nizami mövzusunda ilk tədbir keçirən qurumlar arasında TÜRKSOY öndə dayanıb. Eyni zamanda, TÜRKSOY il ərzində Türkiyədə və digər ölkələrdə Nizami Gəncəviyə həsr olunmuş simpozium, konfrans və sərgilər təşkil edib.

Bildirilib ki, Nizami Gəncəvinin əsərləri təkcə Azərbaycan və türk ölkələrinin ədəbiyyatına təsir göstərməyib, onun yaradıcılığı dünyanın müxtəlif ölkələrinin söz-sənət adamları üçün ilham mənbəyi olub. Qeyd edilib ki, təqdim edilən “Nizamini oxuyaq” kitab-albomunda türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır. Eyni zamanda, Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgidə bu günlərdə miniatürlərlə yanaşı 100 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami Gəncəvi mövzunda əsərləri nümayiş olunur.

Düsen Kaseinov sonda söyləyib ki, Nizami Gəncəvinin zəngin irsinin tanıdılması mühüm əhəmiyyət daşıyır və TÜRKSOY təşkilatı da bu şərəfli missiyaya öz töhfəsini verir.

Sonra D. Kaseinov və L. Qasımova “Nizamini oxuyaq” art-albomunu qonaqlara təqdim etdilər.

Təqdimatdan sonra Avstriyada yaşayan gənc musiqiçilər Amina Maşkeyeva (fortepiano) və Yerassıl Hkamit (skripka) Qara Qarayevin “Yeddi gözəl“ baletindən bir parça səsləndiriblər.

Daha sonra tədbir Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu “Qorqud” folklor ansamblının konserti ilə davam edib. Konsertdə N.Hüseynova və Çilənay Bədəlova tərəfindən Nizami Gəncəvinin qəzəlləri ilə yanaşı Azərbaycan muğam və təsnifləri, eləcə də xalq mahnıları ifa olunub. Nizami Gəncəvinin qəzəlləri tanınmış şərqşünas alim Mixael Hessin tərcüməsində onun özü tərəfindən səsləndirilib.

Konsertdən sonra TÜRKSOY tərəfindən bu layihənin ərsəyə gəlməsində iştirak etmiş bütün tərəfdaşlara xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edilib./azertag.az/

# 2885 dəfə oxunub

Oxşar xəbərlər

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

22:03 18 oktyabr 2026
Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

11:40 18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər