Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”

Vüsalə Mahirqızı:  “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
4 mart 2025
# 14:50

“Bu gün danışdığımız önəmli mövzu - daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz. Amma bu peşənin təmsilçisi olaraq, təəssüflənərək, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməyə çətinlik çəkirəm”.

Bunu APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Bakıda keçirilən "Stratcom Public Forumu" çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı paneldəki çıxışında deyib.

Faktlara və hadisəyə yanaşmada ikili standartlar

Vüsalə Mahirqızı qeyd edib ki, bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır:

“Bir dəfə Qərb ölkələrinin səfirlərindən biri mənə Azərbaycan mediasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ədalətli və obyektiv mövqe ortaya qoyduğunu, hər iki tərəfin mövqeyinə yer verdiyini, bunu diqqətlə izlədiklərini və təşəkkür etdiyini bildirdi. O zaman da bildirdim ki, medianın funksiyası budur, medianın işi münaqişə tərəflərindən birinin mövqeyini işıqlandırmaq, digərini isə ofsaydda saxlamaq deyil. Bu, yalnız münaqişə tərəfi olan ölkənin mediası üçün başa düşülən ola bilər”.

Vüsalə Mahirqızı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya mediasının, konkret olaraq beynəlxalq media anlayışı ilə işləyənlərin iflası oldu: “Bu mövqe eynilə sosial mediaya da aid edildi. Hətta sosial mediada əks mövqeni paylaşanlar ban edilirdi və proses indi də davam edir”.

Baş direktor xatırladıb ki, əgər burda medianın yanaşmasında söhbət işğalçıya münasibətdən gedirdisə, o zaman başqa örnəklərdə daha fərqli yanaşmalar müşahidə edilib: “Rusiya-Ukrayna müharibəsində işğalçı tərəf Rusiyadır. Bu, doğrudur. Ermənistan-Azərbaycan münaqişəsində də işğalçı tərəf Ermənistan idi. Amma biz burda nəyi müşahidə edirdik, yeri gəlmişkən, hələ də bu yanaşma davam edir. Ermənistana beynəlxalq media daha çox yer verir, faktları Ermənistanın xeyrinə daha çox saxtalaşdırır, nəinki Azərbaycanın haqlı mövqeyinə. Axı Ermənistan da işğalçıdır. Demək ki, yanaşma işğal, beynəlxalq hüququn pozulması deyil, bu mediaların birbaşa və ya dolayısı ilə bağlı olduqları ölkələrin maraqlarıdır”.

Yerli informasiya mənbələrinin rolu və həqiqətə yaxınlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” tezisini xatırladan Vüsalə Mahirqızı vurğulayıb ki, bu elə beynəlxalq mediaya da aiddir: “Dünya güclərinin öz qüdrətlərini orduları, silah sənayeləri, iqtisadi inkişafları, təhsil sistemləri ilə yanaşı və günün reallığında daha çox media ilə göstərirlər. Bu gün ədalətli dünya üçün informasiya monopoliyasının da dağılmasına ehtiyac var. Dünya informasiya məkanı 5-6 beynəlxalq informasiya yayıcısının məlumatları ilə idarə olunmamalıdır. Dünya ölkələri bir-birindən informasiyanı yerli informasiya mənbələri vasitəsilə almalıdırlar. Məsələn, Azərbaycan və Türkiyə mediaları bu iki ölkədə olan məlumatları nəyə görə, üçüncü ölkənin informasiya agentliyi və ya televiziyası vasitəsilə almalıdır? Əlbəttə, bu məqamdan bizim çox ciddi diqqət etməli olduğumuz məsələ budur: üçüncü ölkənin informasiya vasitəsi həmin məlumatı nə qədər manipulyativ təqdim edəcək? Sual budur”.

Türkiyə-Azərbaycan Ortaq Media Platformasının önəmi

Vüsalə Mahirqızı bildirib ki, bu cür informasiya manipulyasiyalarının qarşısını almaq üçün Azərbaycan və Türkiyə prezidentlərinin iradəsi ilə qurulmuş Türkiyə - Azərbaycan Ortaq Media Platformasının fəaliyyəti çox vacibdir: “Bu platforma iki ölkənin cəmiyyətinin bir-birindən doğru xəbər alması, informasiya manipulyasiyalarına yol verilməməsi üçün çalışır. Fikrimcə, bu fəaliyyət daha da genişləndirilməlidir. Gələcəkdə iki ölkənin mediasının qarşılıqlı olaraq Türkiyə və Azərbaycan ekspertlərinə yer verməsi, daha əhatəli proqramlar və xəbərlər hazırlamasına, cəmiyyətlərimizin bir-birini daha dərindən tanıması üçün çalışmaları artırmasına ehtiyac var”.

Türk və islam ölkələri üçün yeni media reallığı

Vüsalə Mahirqızı deyib ki, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının əhatə dairəsinin genişləndirilməsi, türk dövlətlərinin ortaq media platformasının inkişafı da qarşıda dayanan məsələlərdəndir: “Biz dünyanın daha çox informasiya ilə idarə edildiyi çağda özümüzü və ulusumuzu informasiya manipulyasiyalarından qorumaq məcburiyyətindəyik. Sosial şəbəkələr, hər gün artan yazılımlar, süni zəkanın inkişafı hər nə qədər bunu çətinləşdirsə də, identifikliyi qorumağın yolu həm də informasiya təhlükəsizliyini təmin etməkdən keçir. Fikrimcə, eynilə içində olduğumuz coğrafiyanı nəzərə alaraq, gələcəkdə İslam ölkələri arasında da ortaq media platformasının inkişafına ehtiyac var. Bu platformalar bizim cəmiyyətlərimizə daha ədalətli, obyektiv və manipulyasiyadan kənar xəbər təqdim etməyimizə kömək edər”.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

14:00 30 may 2026
"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

13:00 30 may 2026
"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

12:10 30 may 2026
"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər