Kulis.az Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevin APA-ya müsahibəsini təqdim edir.
– Vilayət müəllim, hazırda Bosniya və Herseqovinada səfirsiniz. Ümumilikdə isə, 2004-cü ildən də səfir kimi fəaliyyətdəsiniz. Maraqlıdır, səfir həyatı sizi yormur ki?
– Təsəvvür edin ki, yormur. Gələn ilin iyununda səfir fəaliyyətimin 20 ili tamam olur. Amma ilk vaxtlardakı kimi yenə də işə, rəsmi görüşlərə, qəbullara eyni həvəslə gedirəm. Çünki diplomatik həyat da sularına iki dəfə girmək mümkün olmayan çayı xatırladır. Ona görə ki, burada da sular daim axır, dəyişir. Hətta özü ilə birlikdə yeni ab-hava gətirir. Mütəmadi olaraq yeni insanlarla görüşüb təmas qurursan. Seçkilərdən sonra müxalifəti iqtidarda, yaxud iqtidarı müxalifətdə görürsən. Münasibətləri yenidən qurmalı olursan. Amma daim ölkəni və xalqını təmsil etməyin qürurunu yaşayırsan...
– Aydındır. Bəs Bosniya və Herseqovinada Azərbaycanı səfirlikdən başqa təmsil edən varmı? Yəni, məsələn, hansısa tanınmış bir iş adamı olsun, tələbə, yaxud sənətçi olsun – bu kimi…
– Yox, ölkəmizi təmsil edən yeganə qurum yalnız səfirlikdir. Bir də “AzVirt” adlı Azərbaycan şirkəti yol tikintisi sahəsində çalışır. Tələbələrimiz azdır, 3-4 nəfərdir. Amma tarixən maraqlı əlaqələrimiz olub. Boşnak tarixçilərindən biri mənə danışırdı ki, Osmanlı imperiyası XVI əsrdə fəth etdiyi ərazilərin etnik tərkibini dəyişmək üçün bura Naxçıvandan, İğdırdan, Qarsdan azərbaycanlı əhali köçürüb. Aradan keçən yüzilliklər ərzində soydaşlarımız yeni vətənlərində dillərini unutsalar da, bəzi toy və yas adətlərini, milli musiqini, mətbəxi, geyim elementlərini yaşada biliblər. Düşünürəm ki, bu azərbaycanlı nəsillərini tapıb onların bir asossiasiyasını yaratmaq yaxşı olardı. Əslində, müasir azərbaycanlılar da bir Avropa xalqı kimi bosniyalılara daha böyük maraq göstərə və əməkdaşlıq qura bilərlər. Çünki mental cəhətdən bizə yaxındırlar, eyni dini paylaşırıq, ölkəmizə böyük maraq və məhəbbətlə yanaşırlar. Hətta deyərdim ki, xüsusi təbliğata, tanıtmağa da ehtiyac yoxdur. Çünki uşaqdan tutmuş böyüyə qədər hamı Azərbaycanı tanıyır, özlərinə Türkiyə qədər dost və qardaş ölkə sayır.
– Yaxşı bəs siz özünüz Azərbaycanı bir Avropa ölkəsində tanıtmaq üçün nələr edirsiniz və etmisiniz?
– Bu lap müstəntiq sualına oxşadı ki... Əlimdən gələni etmişəm. Olduğum hər ölkədə vəzifəmi vicdanla yerinə yetirməyə çalışıram. Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə qətiyyət və prinsipiallıq göstərirəm. Mətbuatda ardıcıl çıxış edirəm. Polşada, sonra isə Macarıstanda işlədiyim dövrdə həmin ölkələrin dilində nağıl və dastanlarımızı, klassik və müasir yazıçılarımızın əsərlərini, Azərbaycanın tarixinə, təbii sərvətlərinə, iqtisadiyyatına, turistik imkanlarına dair onlarla kitablar çap etdirmişik. Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dostluğu xalqların dostluğudur” adlı silsilə konfranslar keçirirdik. Hər iki ölkədə milli musiqi konsertləri, kino günləri təşkil edirdik. Tələbələrimizin Varşava və Budapeştin ali məktəblərində təhsil almalarına yardımçı olurduq. Aydın məsələdir ki, bütün işlərimizi sadalamağa ehtiyac görmürəm. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, fəaliyyətim tək öz dövlətimizdə deyil, səfir kimi çalışdığım ölkələrdə də yüksək qiymətləndirilib. Polşa Respublikasının “Xidmətlərə görə” ordeninin Komandor dərəcəsinə, Macarıstanın eyniadlı ordeninin isə Zabit və Komandor dərəcələrinə layiq görülmüşəm.
– Vilayət müəllim, özünüzün Avropaya, bilavasitə Bosniya və Herseqovinaya uyğunlaşma prosesiniz necə oldu? Bir çətinlik yaranmadı ki?
– Yox, heç bir çətinlik yaranmadı. Qay Yuli Sezar demişkən: “Veni. Vidi. Vici”. Yəni “Gəldim. Gördüm. Qələbə qazandım”. Doğrudur, mənim variantımda məşhur Roma sərkərdəsinin sözləri bir qədər fərqli səslənə bilərdi. Çünki heç kəsin üzərində qələbə çalmamışam. Sadəcə deyə bilərəm ki, “Gəldim. Gördüm. Sevdim”. Şərait bir qədər mürəkkəb olsa da, Bosniya və Herseqovinada xalqlarımızı və ölkələrimizi yaxınlaşdırmaq, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirmək baxımından geniş imkanlar mövcuddur. Çətinliyə gəldikdə isə, o, həmişə hər yerdə mövcuddur. Amma hər bir çətinliyi dəf etmək, ona qalib gəlmək yolları da var. Sadəcə, müəyyən təcrübəyə malik olmaq və daha çox işləmək lazımdır. Mental çətinliklər yoxdur. Amma işin təşkili ilə bağlı çətinliklərimiz oldu. Səfirlik binasının təmiri bir ilə yaxın davam etdi. Avadanlıq alınması, kollektivin formalaşdırılması da xeyli vaxt apardı. İndi bu mərhələ arxada qalıb, normal iş şəraitimiz var və işləyirik.
– Oraya uyğunlaşma prosesinizdən danışmışkən, Azərbaycan və Bosniya və Herseqovina arasında fərqli və oxşar cəhətlər hansılardır? Sizin bir müşahidəçi kimi rəyiniz maraqlıdır.
– Oxşar cəhətlər daha çox yaxın tarixi keçmişlə bağlıdır. Keçmiş SSRİ kimi keçmiş Yuqoslaviya Federasiyası da xalqların zorla bir araya gətirildiyi qurama dövlət idi. Ona görə də hər ikisinin süqut prosesi dağıntı və insan faciələri ilə müşayiət olundu. Cənubi Qafqazda biz, Qərbi Balkanda isə Bosniya zərbələrin ən ağırına məruz qaldı. 1988-1994-cü illərdə Azərbaycan, 1992-1995-ci illərdə Bosniya separatçılığa qarşı mübarizə apardı. Şükürlər olsun ki, xalqımızın iradəsi, ordumuzun gücü sayəsində Azərbaycan bu ağır günləri arxada qoydu. Avropada qələbəmizə ən çox sevinənlərin boşnaklar olduğunu desəm, yəqin ki, yanlışlığa yol vermərəm. Çünki ölkəmiz indi separatçılığa qarşı uğurlu mübarizə örnəyinə çevrilib. Digər bir oxşar cəhət dini eyniyyətdir. Mental bənzərliklər də az deyil. 500 illik Osmanlı hakimiyyəti və din eyniliyi boşnakları türk dünyasına ən yaxın xalqlardan birinə çevirib. Son zamanlarda isə ərəb ölkələri və İran Avropanın gözəl guşəsindəki bu islam oazisində nüfuz sahibi olmağa çalışırlar.
Azərbaycandan fərqli olaraq, Bosniya çox mürəkkəb inzibati bölgüyə və idarəçilik sisteminə malikdir. İki entitetdən (Boşnak-Xorvat Federasiyası və Serbiya Respublikası) ibarət ölkədə müstəqil idarəçilik statusuna malik Brçko dairəsi də mövcuddur. Boşnak-Xorvat Federasiyası 10 kantona bölünüb. Hər kantonun öz qanunverici və icraedici orqanı var. Baxırsan ki, kiçik bir ölkədə yüzlərlə nazir, neçə baş nazir var. Bosniyanın təbiəti çox gözəldir, bizdən fərqli olaraq bu dağlıq ölkə bol və təmiz su ehtiyatına malikdir. Böyük şəhərlərdən kənarda ekoloji tarazlıq qorunur. Və təbii ki, tarixi inkişaf yollarımız da tamamilə fərqlidir.
– Aydındır. Yaxın zamanlarda Azərbaycan və Bosniya və Herseqovina arasında yüksək səviyyəli görüş və səfərlər nəzərdə tutulubmu?
– Cari ilin mart-aprel aylarında Bosniya və Herseqovina və Azərbaycanın dövlət başçıları müvafiq surətdə Bakıda və Sarayevoda olublar. Belə yüksək səviyyəli səfərlər zamanı bir neçə ili əhatə edən əməkdaşlıq planı nəzərdən keçirilərək razılaşdırılır. Ona görə də əminliklə deyə bilərəm ki, yaxınlarda heç bir yüksək səviyyəli görüş, yaxud səfər nəzərdə tutulmayıb. Amma onu da istisna etmirəm ki, hər hansı beynəlxalq tədbirdə Azərbaycan Prezidenti və xarici işlər naziri Bosniya və Herseqovinadan olan həmkarı ilə işçi qaydada görüşə bilər.
– Qeyd etdiyiniz kimi, bu ilin aprel ayında Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri baş tutmuşdu. Bu səfərin nəticəsi və ümumiyyətlə Bosniya ilə Azərbaycan arasındakı əlaqələr barəsində fikirlərinizi bölüşərdiniz...
– Haqqında bəhs etdiyimiz səfərin ən mühüm nəticəsi “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması oldu. Prezident İlham Əliyev mətbuat nümayəndələri qarşısında verdiyi bəyanatda Azərbaycanla Bosniya və Herseqovina arasındakı mümkün əməkdaşlıq və qarşılıqlı əlaqələrin geniş mənzərəsini yaratdı. Enerji, kənd təsərrüfatı, turizm və müalicə turizmi, müdafiə sənayesi, yol tikintisi, hava nəqliyyatı, tarixi abidələrin bərpası, eləcə də maraq doğuran sahələrə investisiya qoyuluşu və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bir sözlə, yaxın illərin siyasi və iqtisadi əməkdaşlığının zəngin yol xəritəsi cızıldı. İndi əsas məsələ niyyətlərin gerçəyə çevrilməsidir. Siyasi iradə və əməkdaşlıq istəyi olandan sonra bu o qədər də çətin məsələ deyil.
– Vilayət müəllim, bayaq özünüzün də qeyd etdiyiniz kimi, Azərbaycan və Bosniya xalqlarının oxşar tarixi keçmişi var. Bosniya özü də müharibədən çıxmış, hərb və müharibə anlayışının fəsadlarını yaşamış ölkədir. Srebrennitsa qətliamı, bizdə isə Xocalı soyqırımı. Bu iki faciəyə sizin ümumiləşdirilmiş münasibətiniz necədir?
– Srebrennitsa qətliamı XX əsrin ən qanlı faciələrindən biridir. Boşnak soyqırımının təşkilatçısı, “serb qəssabı” kimi tanınan general Ratko Mladiç müsahibələrinin birində demişdi ki, məsələ 30 min, yaxud 50 min boşnakı öldürmək deyil, söhbət onların kökünü kəsməkdən gedir. Ona görə də Srebrennitsada bir neçə gün ərzində istisnasız surətdə kişi cinsindən olan 10 yaşından 65 yaşına qədər 8 min nəfərdən çox insanı məhv etmişdilər. Oxşar əməlləri Qarabağda törədən bədnam Robert Koçaryan da daha irəli gedərək Strasburqda, Avropa Şurası Parlament Assambleyasının tribunasından ermənilərlə azərbaycanlıların bir yerdə yaşamalarının qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdü. Bununla da, əslində, artıq həyata keçirdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmağa çalışmışdı. Biz Xocalı soyqırımı kimi Srebrennitsa soyqırımını da lənətləyirik. Dünyanın istənilən guşəsində soyqırımına qarşıyıq. Sarayevo şəhərinin mərkəzində Azərbaycan-Bosniya dostluq parkı var. Parkın mərkəzi hissəsində iki qadın heykəli ucalır. Onlardan biri boşnak, digəri isə azərbaycanlı anaların simvoludur. Bu çox səciyyəvi abidədir. Həm də yalnız xalqlarımızın üzləşdiyi faciəni deyil, onların mübarizə əzmini və iradəsini də ifadə edən abidədir. Yeri gəlmişkən, Bosniya müsəlmanlarının məruz qaldığı dəhşətli soyqırımı dünya miqyasında tanıtmaqda “Srebrennitsa anaları” cəmiyyətinin böyük xidməti var. Onlar hətta ABŞ-nin keçmiş prezidenti Bill Klintonu da Srebrennitsaya gətirə biliblər. Boşnaklar aralarında Ratko Mladiç, Radovan Karaciç kimi “rəhbərlərin” də olduğu 150 nəfərə yaxın müharibə canisinin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal vasitəsilə həbsinə və cəzalandırılmasına müvəffəq olublar. Artıq Xocalı soyqırımının icraçıları da ərazi bütünlüyünü təmin etmiş ölkəmizdə haqq-ədalət divanına çəkilirlər. Ümidvarıq ki, növbə Koçaryan, Sarkisyan kimi iri “balıqlara” da çatacaq.
– Sizin Ramil Səfərovun ekstradisiyası ilə bağlı silsilə məqalələriniz mətbuatda çap olundu. Ardından isə kitab şəklində nəşr edildi. Sualım budur ki, sırf bu mövzuda açıqlamadığınız hansısa detal varmı? Ola bilərmi ki, heç olmasa, bu müsahibə xətrinə gizli saxladığınız və kitaba salmadığınız həmin detallara toxunasınız.
– Məxfilik şəraitində həyata keçirilən ekstradisiyada dövlət sirri təşkil edən heç nə yox idi. Sadəcə iki dost ölkənin rəhbərləri – Prezident İlham Əliyevlə Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar. Burada isə cəzasının bir hissəsini çəkdiyinə görə, dövlət başçısının sərəncamı ilə əfv edildi. Bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi. Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm.
Deyəsən, kitabda yazmamışam. Ekstradisiya başa çatandan bir müddət sonra Heydər Əliyev Fondu xalqımızın dost macar xalqına minnətdarlıq hisslərinin ifadəsi olaraq Budapeştin XII rayonunda gözdən əlil uşaqlar üçün məktəb-yataqxana binası tikdi. Səfirliyimiz isə məktəb-yataqxanaya hamiliyi öz üzərimizə götürdü. Həmin ənənə bu gün də davam etməkdədir.
– İndi də sizin Azərbaycanın xarici işlər naziri kimi fəaliyyətiniz barədə danışaq. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri haqqında nə deyə bilərsiniz?
– İki əsrin qovşağındakı mürəkkəb şəraitdə dövlət başçısının qarşısında biri-birindən çətin vəzifələr dayanırdı. Amma buna baxmayaraq, həmişə və hər yerdə Heydər Əliyev üçün bir nömrəli məsələ Qarabağ münaqişəsinin həlli idi. Bəzən mənə elə gəlirdi ki, o Qarabağ dərdini fiziki bir əzab kimi, ağır xəstəlik kimi yaşayır. Eyni zamanda, heç vaxt ruhdan düşmürdü, işğal altındakı torpaqlarımızın mütləq azad ediləcəyinə olan inamını bir an da olsun, itirmirdi. Mərhum Heydər Əliyevi Ermənistan rəhbərliyi ilə ikitərəfli danışıqlarda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları – Corc Buş, Vladimir Putin, Jak Şirakla görüşlərdə, BMT, Avropa Şurası, ATƏT çərçivəsində keçirilən müzakirə və danışıqlarda, məşhur Ki-Vest sammitində yaxından müşahidə etmək imkanına malik olmuşam. Söhbət Azərbaycanın mənafeyindən, ölkəmizin suverenlik və ərazi bütövlüyündən, erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasından gedəndə o, heç bir avtoritet tanımırdı. Haqlı bildiyi mövqeyin arxasında qətiyyətlə dayanırdı. Həm də bunu yüksək mədəniyyət və taktla, yalnız tarixi faktlara və sənədlərə, məntiqin təkzibolunmaz dəlillərinə əsaslanaraq edirdi. Özünə iddialı, təşəxxüslü qalib görkəmi verməyə çalışsa da, Koçaryanın Heydər Əliyevin tutarlı mühakimələri qarşısında köməksiz vəziyyətə düşdüyü aydın hiss olunurdu.
– Məlumdur ki, Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası ilə çıxış edənlər var – ABŞ, Aİ, Rusiya və digərləri. Həmçinin, uzun illər boyu Minsk qrupu həmsədrlərinin də fəaliyyətini də buraya əlavə edə bilərik. Hansı ki uğurlu olmadı. Sizin məhz nazir olduğunuz dövrdə bu fəaliyyətə münasibətiniz maraqlıdır.
– Düzünü bilmək istəsəniz, mən ATƏT-in Minsk qrupunun üzərindən yerli-dibli xətt çəkmək fikrinin tərəfdarı deyiləm. O zaman da belə mövqedə olmamışdım. Heydər Əliyev qrupun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə həmişə tənqidi yanaşırdı. Lakin istər Bakıda, istərsə də xarici səfələrdə olarkən onlarla görüşürdü, fikir mübadiləsi aparırdı, təkliflərini və qeydlərini çatdırırdı. Yaxşı başa düşürdük ki, ABŞ, Rusiya və Fransa nümayəndələri bizim problemimizi həll etməkdən daha çox öz ölkələrinin maraqlarını güdür, hətta mümkün yollarla Ermənistana kömək etməyə çalışırlar. Amma xəbis niyyətinə və nisbi fəaliyyətsizliyinə baxmayaraq, həmin dövrdə Minsk qrupu müəyyən dərəcədə bizə lazım idi. Çünki bu qrup vasitəsilə Qarabağ məsələsini daim dünya siyasətinin gündəmində saxlaya bilirdik. Əlbəttə, Azərbaycan Prezidenti günün birində Minsk qrupu üzvlərini qəbul etməyə bilərdi. Danışıqlar qurtaran yerdə isə toplar işə düşməli, müharibə başlamalıdır. Çünki biz heç vaxt torpaqlarımızın bir qarışını da düşmənə güzəştə getmək fikrində olmamışdıq. Lakin 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində ölkəmiz hələ iri miqyaslı müharibəyə hazır deyildi. Neft müqavilələri yenicə işə düşmüşdü. İqtisadiyyat tədricən möhkəmlənir, ordu quruculuğu sahəsində ciddi addımlar atılırdı. Başqa sözlə desəm, Azərbaycan Minsk qrupu vasitəsi ilə münaqişənin dinc yolla həlli barəsində danışıqlar apararaq nə vaxtsa mütləq baş verəcək müharibəyə hazırlaşırdı. Bu baxımdan o dövrdə qrup bizim üçün əlverişli çətir idi. Prezident İlham Əliyev də səmərəsizliyini bildiyi halda 14 ilə yaxın müddət ərzində Minsk qrupu ilə saysız-hesabsız müzakirələr apardı, həmsədrlərin ümumi sözlərini, boş vədlərini dinlədi. Amma həm də Azərbaycanı qələbəyə aparan müzəffər ordu qurdu, həqiqi diplomatiya qrossmeysteri kimi beynlxalq müstəvidə ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Tarixi zəfər qazanılandan sonra isə Minsk qrupuna çox nəzakətli şəkildə qapını göstərdi.
– Ulu Öndər Heydər Əliyev barəsində kitab yazmısınız və ümumilikdə, onun haqqında bir xeyli məqalə müəllifisiniz. Bu yöndə istəyərdim ki, onunla bağlı xatirələrinizi bölüşəsiniz. Məsələn, sizin İrana səfərlə bağlı maraqlı bir yazınızı oxumuşdum.
– Xatirələrimin əksər qismini kitabda oxucularla bölüşmüşəm. Amma birini də sizə deyərəm. Heydər Əliyev güclü yumor hissi və qeyri-adi hazırcavablığı ilə seçilirdi. Sözü yerində, məqamında deməyi bacarırdı. 2000-ci ilin martında Aşqabadda ilk dəfə Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə Xəzər sammiti keçirilirdi. Sammitə ev sahibliyi edən türkmən prezidenti Saparmurad Türkmənbaşı özünü “dress kod”dan tutmuş davranış qaydalarına qədər qeyri-adekvat aparırdı. Heydər Əliyevə “sən” deyə müraciət edirdi. Xəzər dənizinin hüquqi statusu məsələsində Azərbaycanın mövqeyinə tam zidd mövqeni dəstəkləyirdi. Necə deyərlər, yetənə yetir, yetməyənə bir daş atırdı. Sonuncu gün sammitə gələn dövlət başçılarına öz Axaltəkə atlarını göstərmək istəyirdi. Amma Nazarbayev sammit bitən kimi Astanaya uçmuşdu. İran Prezidenti Məhəmməd Xatəmi də təcili geri qayıtmalı olduğunu deyib boyun qaçırmışdı. Putin isə şərt qoymuşdu ki, əgər Heydər Əliyev getsə, mən də gedərəm. Ona görə də dövlət başçımızı dilə tutub razı salmağa Türkmənbaşı özü gəlmişdi. Amma, təbii ki, Heydər Əliyev dünənki münasibəti unutmamışdı. Türkmən həmkarını sona qədər dinləyəndən sonra gülə-gülə belə cavab verdi:
– Sapar Atayeviç, mən burada sənin özünlə dil tapa bilmirəm, gedib orada atlarınla nədən danışacağam?
Pərt olmuş Türkmənbaşı heç bir söz demədən geri qayıtdı.
– Bir az da sizin yaradıcı tərəfiniz, fəaliyyətiniz barədə danışaq. Vilayət müəllim, tərcümə etmək istədiyiniz, lakin vaxt darlığından çevirmədiyiniz hansı dünya çaplı əsərlər varmı?
– Var. Məsələn, müasir Nigeriya yazıçısı, Nobel mükafatı laureatı Vole Şoyinkanın pyeslərini, yaxud Portuqaliya yazıçısı, Nobel mükafatı laureatı Joze Saramaqonun romanlarını məmnuniyyətlə dilimizə çevirərdim. Çexovun və Kuprinin hekayələri də bu qəbildəndir. Bütünlükdə isə, oxumalı və tərcümə etməli çox şeylər var. Ara-sıra çox sevdiyim Çexovdan tərcümələr edirəm. Yəqin ki, nə vaxtsa kitab şəklində çıxacaq.
– İş rejiminiz necədir? Yaradıcılıqla səfirlik harada kəsişir və yaxud harada bir-birinə mane olur?
– İş rejimimin heç bir qeyri-adiliyi yoxdur. Məmur kimi iş günləri hər gün səhər saat 9:30-dan axşam 17-yə qədər səfirlikdə oluram. Amma səfir işi bununla bitmir. Həftədə bir-iki dəfə, – Bəzən isə daha çox! – müxtəlif ölkələrin milli bayramlarına, şam yeməklərinə, konsertlərə, sərgilərə və s. tədbirlərə getmək lazım gəlir. Yəqin, məşhur riyaziyyatçı, qeyri-Evklid həndəsəsinin banisi Nikolay Lobaçevskinin adını eşitmisiniz. O, Kazan universitetinin həm rektoru, həm də kitabxana müdiri idi. Müəyyən qəribəliklərdən xali olmayan Lobaçevski rektor kimi sənədlərə özünün ikinci, kitabxana müdiri kimi isə üçüncü mərtəbədəki kabinetində tanış olub imza atırdı. Yəni işləri biri-birinə qarışdırmırdı. Mən də iş saatlarında məqalə, yaxud kitab yazmaqla, tərcümə ilə məşğul olmuram. Buna yalnız işdən sonrakı saatlarda, istirahət, yaxud bayram günlərində vaxt ayırıram. Başqa sözlə desək, yaradıcı fəaliyyətlə səfirlik işi bir-biri ilə kəsişmir, – əgər XİN-ə ünvanlanan rəsmi məktubları yaradıcı iş hesab etməsək, – eləcə də heç bir halda biri digərinə mane olmur.
– Bir neçə il bundan əvvəl ailənizdə böyük faciə yaşandı. Və qızınızın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müəyyən işlər görüldü. Gələcəkdə bununla bağlı hansı işlər görmək fikrindəsiniz?
– Biz faciəvi şəkildə həlak olan Humayın xatirəsinə “Huma quşu. Təhsilə yardım Fondu”nu yaratdıq. Fondun əsas kapitalını Humayın 7 il ərzində beynəlxalq təşkilatlarda işləyərkən aldığı və Avropa ölkələrindən birinin bankındakı şəxsi hesabında toplanan maaşından ibarət vəsait təşkil edir. Təbii ki, biz o pulları yalnız nəcib, xeyirxah işə sərf edə bilərdik. Belə bir sahə isə aztəminatlı ailələrdən çıxmış uşaqların yüksək səviyyətə təhsili ola bilərdi. Fondun işləri ilə xanımım məşğul olur. İndi xarici ölkələrdə təhsil alan bir neçə istedadlı gəncin təhsilini maliyyələşdiririk. Başqa bir layihə isə müharibə qaziləri üçün 6 aylıq informasiya texnologiyası (İT) kurslarının təşkilidir. Artıq həmin kursların ilk buraxılışı olub. Bu il noyabrın 16-da, Humayın ad günü ərəfəsində Fond ADA Universiteti ilə birlikdə bir illik fəaliyyətinin yekunları barəsində böyük bir tədbir keçirdi. Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə Ağdam rayonunun bu qurumun ayırdığı maliyyə vəsaiti ilə əsaslı şəkildə bərpa edilmiş məktəblərin birində Humay Quliyeva adına kitabxana yaradılıb. Şəxsi kitabxanamdan ora min ədəddən çox kitab hədiyyə etdim. Humay orta təhsilini Bakı Avropa liseyində alıb. Qızımızın əsasən müxtəlif xarici dillərdə kitablardan olan kitabxanasını isə ilk məzunlarından biri olduğu həmin liseyə bağışlamaq istəyirik. Təhsil sahəsindəki xeyriyyəçiliyi isə həyatımız boyu davam etdirmək niyyətindəyik. Çünki bu həm də Humayın yaşamasıdır.
– Vilayət müəllim, Azərbaycanda elmin hazırkı durumuna dair fikirlərinizlə müsahibəni yekunlaşdıraq. Gənc yazarlar çox tənqid olunur, bəs gənc alimlər? AMEA-nın fəaliyyəti ümumiyyətlə sizi qane edirmi?
– Azərbaycan elminin hazırkı durumunu, habelə alma-materim saydığım AMEA-nın fəaliyyətini qiymətləndirmək üçün gərək müxtəlif elm sahələri ilə bağlı görülən işlərdən, çapdan çıxan əsərlərdən, edilən kəşflərdən, yazılan dissertasiyalardan xəbərdar olasan. Mən isə bütün bu işlərlə bağlı səhih məlumata malik deyiləm. Ona görə də elmimizin indiki vəziyyətini, yaxud AMEA-nın fəaliyyətini görməzə-bilməzə tərifləməyim, yaxud tənqid etməyim qeyri-ciddi hərəkət olardı. Alimlərimizin məişət qayğılarına, maddi imkansızlıqlarına bələd olduğumdan “Əvvəlcə daha çox şey vermək, sonra tələb etmək!” prinsipini daha ədalətli sayıram. Humanitar sahədəki işlərdən müəyyən qədər xəbərim var. Bilirəm ki, son illərdə Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tarixi kimi çoxcildliklər çap edilib. Təbii ki, bu işi görən alimlərin elmi hünərini təqdir edirəm. Tənqidə gəldikdə isə ondan qorxmaq lazım deyil. Haqlı tənqid yalnız işə kömək edir. Həm də insanı daxilən səfərbər edərək uğura aparır. Bu baxımdan yalnız gənc şairlərin, gənc alimlərin deyil, hər birimizin fitnədən, qərəzdən uzaq olan, daha çox iş görməyə, zəhmətə və fəaliyyətə səsləyən tənqidə ehtiyacımız var.
Foto - İlkin Nəbiyev