Uşaqsan, a kişi? - Samir Mirzə

Uşaqsan, a kişi? - Samir Mirzə
2 aprel 2025
# 13:00

Kulis.az Samir Mirzənin yeni yazısını təqdim edir.

Körpə qalan böyüklər, tumarlanma vaxtınız bitib.

Körpələrin necə böyüdüyünü gördükdə həyatın fəlsəfəsinə vara bilirsən.
Dilsiz-ağızsızdırlar, nəsə istədiklərini ancaq ağlamaqla bildirirlər: acanda, ağrıyanda yalnız şirin səsləri ilə mesaj verirlər. Nəzarətsiz buraxsan, canlarından ola bilərlər, heç var olduqlarını da qanmırlar.

Zaman keçir, dirsəklənməyə başlayırlar, harasa dəyib ağrını kəşf edirlər, ardınca ayaqlanırlar, yenə də başlarını ora-bura vura-vura “cızza”nı da öyrənirlər.

Ən yaramaz işlər görməyə çalışırlar, sonunu bilmədən, həyatlarını elə risklərə atırlar ki, az qala canlarından olsunlar, amma nə risk qanırlar, nə həyat, nə ölüm... Allah balaları qorusun.

İlllər keçsə də, bir çoxları körpəlikdən çıxa bilmir...

Dil açır, yeyin gəzir, lakin yenə də körpətək “inqə” deyib nəsə istəyirlər. Uşaq kimi yanaşırlar hər şeyə. Nəyinsə fərqinə vara bilmirlər. Gözləyirlər ki, kimsə nazları ilə oynasın. Yaramazlıq edirlər, başını sığallayıb onu “ay bala, sən axı ağıllı uşaqsan, belə eləmə” deyə oxşayan axtarırlar.
Amma unudurlar ki, əvvəl etdikləri şüursuz idi, məsum idilər, başına dolanırdılar, nəinki bağışlanırdılar, heç günah etmək kimi seçimləri yox idi. Sadəcə, edirdilər. Böyüyürük, amma nədənsə əqlimiz bəzilərində körpətək qalır.

Görəsən, harada səhvlər edirlər ki, insan ya böyüdükcə kiçilir, ya da heç böyümür? Axı körpələrin adı üstündədir, kiçikdirlər, həm mənəvi, həm fiziki olaraq hansısa iddiada bulunmaq tutumunda da deyillər. Sümüyü bərkidikdən, beyni işlədikdən sonra isə elə iddialardan, elə istəklərdən çıxış edirlər ki, dönüb deyirsən ki, “uşaqsan, a kişi? Sən hələ böyüməmisən?”

İndi elə böyüklər var ki, düşünürlər ki, kiminsə haqqına girsələr, hər oyundan çıxsalar, körpəlikdə olduğu kimi “a bucu-bucu” edib onları bağışlayacaq, qucaqlayıb burnundan öpəcəklər. Gülməli səslənsə də, doğrudan da, yekə-yekə adamların hərəkətləri, davranışları bunu deməyə əsas verir.

Ayə, dirsəklənib kiməsə söykənənlər, “inqə” çığırtısı ilə ayaqüstə qalmağı özlərinə fəxarət bilən kiçiklər özlərini böyük sayırlar. Kaş bilələr ki, həyat onların nazı ilə oynamayacaq, nəinki həyat ətrafı da, ondan kiçik olan böyümüşlər də. Qucağına sığındığı kəslər də həmin balaca, miskin qalmışları bir gün yerə atacaq.

Qucaq açanları da bir yerə qədər aldada bilərsən. Bir dəfə keçəcəklər, iki dəfə körpə kimi başını tumarlayacaqlar, davamlı olduqda isə artıq böyüdüyünü görüb, fırıldağını, nankorluğunu, yaxud da dələduzluğunu anlayacaqlar.

“Başı daşdan-daşa dəysin, ağlı yerinə gələcək” məsəli çox yerində deyilib, bunu valideyn olduqdan sonra dərk edə bilirsən.

Övladımıza nə qədər şirniyyat yemə desək də, ağrını, acını hiss etdikdə, həkim gördükdə özü dedi ki, “qoymayın, şirniyyat yeyim”. Hətta hələ körpə olduğunu bir daha sübut etdi “qoymayın” deməklə.

Bəli, bəzi insanlar var ki, məhz o qədər kiçik qalıblar ki, “qoymayın!”, “məni boş buraxmayın!”, “mən düzələn deyiləm!” deyirlər... Həyatdır, ya düzəldəcək, ya da düzələnə qədər başına döyəcək...

# 2180 dəfə oxunub

Oxşar xəbərlər

"Bu dünya nərdivandır..."  - Xalq şairi Nəriman Həsənzadə ilə  son vida

"Bu dünya nərdivandır..." - Xalq şairi Nəriman Həsənzadə ilə son vida

15:00 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

12:50 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

11:35 2 avqust 2026
Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

15:10 1 avqust 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

14:35 1 avqust 2026
"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

13:40 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər